Narkotik qaçaqmalçılığı dedikdə ilk yada düşən ölkələrdən biri Meksika Birləşmiş Ştatlarıdır. Ölkə dünya ictimaiyyətində narkotik kartelləri, adam öldürmək, adam oğurluğu, qəsbkarlıq, rüşvətxorluq, oğurluq və silah qaçaqmalçılığı kimi cinayətlərlə tanınır.
Narkotik mafyası geniş şəkildə idarəetmə və siyasi qurğulara daxil olduğu üçün amerikalılar Meksika, Kolumbiya və Peru kimi ölkələri “Narko-demokratiya” adlandırırlar. Bu ölkələrdə kartellər “kölgə iqtidarlar” kimi xarakterizə edilir.
NARKOTİK KARTELLƏRİ ƏYALƏTLƏRİ ƏLƏ KEÇİRİB
31 əyalət və 1 federal bölgədən ibarət olan Meksikada, demək olar ki, hər əyalət narkotik kartellərinin əlindədir. Bir çox əyalətlərdə isə narkotik kartelləri arasında güclü rəqabət gedir.
Ölkədə təqribən 200.000 insan narkotik kartellərinin əmrində işləyir. Həmçinin Amerikadan silah qaçaqmalçılığı da edən bu kartellər ölkəyə dəhşət saçır. Meksika mafyasının digər ölkələrdəki mafyalardan fərqi zirehli texnikalara, vertolyotlara, ordunun bəzi generallarına, silahlı birliklərə sahib olmasıdır. Türkiyədəki separatçı terror təşkilatı olan PKK kimi bu kartellər də əyalətlərdə öz məhkəmələrini və vergi sistemlərini qurmuşlar. Dövlətin daxilində dövlət olmuşlar.
ABŞ, İngiltərə və Avropa ölkələrini də əhatə edən narkotik ticarəti ilə məşğul olan Sinola karteli ən böyük narkotik şəbəkələrindən biridir. Meksikanın 17 əyalətində fəaliyyət göstərən kartel təkcə 2008-2012 illər arasında Çihuahua əyalətinin ABŞ-la sərhəddəki Juarez şəhərini ələ keçirmək üçün 10.000 insan öldürmüşdür. Bu səbəbdən həmin şəhər “dünyanın cinayət paytaxtı” kimi xatırlanır. 11 əyalətdə fəaliyyət göstərən Zeta karteli isə 1999-cu ildə əsgərlərin öz rütbələrini tərk edərək narkotik işinə başlaması ilə qurulub. Kartel ABŞ hökuməti tərəfindən “Meksikadakı texnologiya baxımından ən inkişaf etmiş, təcrübəli və təhlükəli kartel” kimi xarakterizə edilir. Meksika bu cür böyük-kiçik onlarla cinayət şəbəkəsinin nəzarəti altındadır. Şüphəsiz ki, siyasətçilər, məhkəmə, media və əsgərlər də bu qüvvənin arxasında dayanıblar. İŞİD-in vəhşi şiddət metodu olan baş kəsmək dünya miqyasında böyük əks-səda yaratdığı halda, meksikalı narkotik kartellərinin qorxutmaq məqsədi ilə tətbiq etdikləri baş kəsmək, başın dərisini soymaq kimi qəddar fəaliyyətlərindən dünya ictimaiyyətində artıq bəhs edilmir.
Meksika 2014-cü ilin sentyabr ayında da 43 şagirdin qaçırılması və noyabr ayında öldürülməsi ilə dünya ictimaiyyətində geniş yer aldı. Guerrero əyalətinin İguala şəhəridən keçərkən fasilə verən şagirdlərin əvvəlcə saxlanılması, daha sonra əyalətin bələdiyyə başçısının həyat yoldaşı tərəfindən narkotik kartelinə təslim etdirilməsi iddiaları Meksika Baş Prokurorluğundan gəldi. İddianaməyə görə əyalətin “first lady”si hər ay müntəzəm şəkildə rüşvət verdiyi narkotik kartelindən ona etiraz etməyə gəldiyini zənn etdiyi şagirdlərə ibrət verilməsini istəyib. Nəticədə 43 şagird qətlə yetirilib. Ölkədə gəniş şəkildə etiraz aksiyaları yayıldıqda səlahiyyətli şəxslər əvvəlcə 22 polisi, sonra isə Bələdiyyə Başçısı Abarcanı saxlayıb.
Bu və bənzər hadisələr konqres və konstitusiyalara aid əyalət rəhbərliklərinin nəzarətetmədəki çətinliyini də göstərir. Əyalətlərdə səsvermə nəticəsində seçilən valilər 6 il müddətində vəzifədə qalır. Bu da narkotik kartellərinin lehinə olur. Dövlət qurumlarını ələ keçirən mafya üçün güclü rəhbərlərdən yararlanmaq əsas metodlardandır.
Bir tərəfdən, geniş səlahiyyətlərə sahib olan valilər, digər tərəfdən əyalətlərdə avtonom bələdiyyələr ölkədə problemlər yaradır. Məsələn, ölkənin cənubundakı Oaxaca əyaləti 1995-ci ildən bəri müəllim ittifaqlarının üsyanları ilə qarşı-qarşıyadır. Əyalətin 570 bələdiyyəsinin 418-i avtonom yaşayır. Bu vəziyyət əyalətlərdə xalqın özünüidarə istəyini ortaya çıxardığı üçün üsyanlar baş verir. 2006-cı ildə yeni valinin bölgəni turizmə yararlı hala gətirmək üçün qəddar siyasət yürütməsi üsyanları artırdı. Vali etiraz aksiyalarını qadağan etsə də, bu münasibət etirazları daha da artırdı.
Meksikanın problemli bölgələrindən biri də silahlı Zapatista Milli Qurtuluş Ordusunun yerləşdiyi ən yoxsul əyalət olan Çiapas əyalətidir. Əyalət müstəqillik istəmək gücünə sahib olmadığı üçün daha çox imtiyaz və muxtariyyət üçün mübarizə aparır. Belə ki, 1994-cü ildə qiyam başlatdı və bir çox bələdiyyələri işğal etdi. 1996-cı ildə Meksika Dövləti onlarla müqavilə imzaladı.
MEKSİKADA ŞİDDƏTİN QARŞISI ALINA BİLMİR
BBC-nin “Meksikada cinayət və şiddət” mövzusunda araştırmasına əsasən, təkcə 2013-cü ildə təxminən 123,470 adam oğurluğu faktı qeydə alınıb. Həmin araşdırmaya görə ölkədəki cinayət hadisələrinin 94%-i haqda istintaq işi açılmayıb. Rəsmi məlumatlara əsasən, 2006-cı ildən bəri 22,322 insan itkin düşüb. 2006-2012-ci illər arasında Prezident Kalderon tərəfindən başladılan narkotik kartellərinə qarşı mübarizədə ölən 70 min insan da bu rəqəmə əlavə edilməlidir. 10,7 milyon evin isə ən az bir üzvü cinayət hadisəsinin qurbanı olub.[1]
MEKSİKADA “İMPERİALİST PREZİDENT ÜSUL İDARƏÇİLİK SİSTEMİ” VAR
Meksikada ABŞ-dan daha geniş səlahiyyətlərə sahib olan prezident üsul idarəçiliyi mövcuddur. Baş nazir və prezident köməkçisi yoxdur. Səsvermə nəticəsində seçilən prezident 6 il müddətində vəzifəsindən kənarlaşdırıla bilmir. Birmərhələli seçki sistemində ən çox səs toplayan insanın prezident seçilməsi isə sistemin ən zəif cəhətlərindən biridir.
2012-ci ilin iyul ayında keçirilən seçkilərdə 38% səslə Enriki Pena Nieto qalib gəldi. Səslərin 62%-ni toplaya bilməsə də, 6 il müddətində idarəetmə yalnız Nietoda olacaq. Prezidentin nazirləri, konstitusiya məhkəməsinin hakimlərini, baş prokuroru, baş polis idarəsinin rəisini və komandirləri, səfirləri vəzifəyə təyin etmək səlahiyyətinə sahib olması vəziyyətin nə qədər dəhşətli olduğunu göstərir. Prezidentin səlahiyyətləri bununla məhdudlaşmır. Parlamentin qəbul etdiyi qanunlara, hətta büdcəyə veto qoya və parlamentə qanun layihəsi təqdim edə bilir. Meksika prezidenti Amerika prezidentlərinin sahib olmadığı parlamentə qanun layihəsi təqdim etmək səlahiyyətinə sahibdir. Həmçinin partiyasının deputatlarını və öz davamçısını, yəni prezidentliyə nəmizədi də seçə bilir. Beynəlxalq müqavilələri müzakirə edə bilir.
2006-cı ildə keçirilən seçkiləri Vaşinqton DC mərkəzli tədqiqat qurumu İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (Center for Economic and Policy Research) şübhəli adlandırmasına və xalqın 36%-nin hiləli olduğunu düşünməsinə baxmayaraq, 2012-ci il seçkilərində də bu nisbət çox dəyişməmişdir. Demək olar ki, hər seçkidə narkotikdən əldə edilən çirkli pulların kampaniyalarda istifadə edildiyinə dair qarşılıqlı ittihamlar irəli sürülür.
Hətta Meksikanın eks-prezidenti Karlos Salinasın dövründə (1988-1994) iqtidarın seçki kampaniyalarının maliyyə xərcini narkotik baronları öz öhdəsinə götürmüşdü. Meksika Baş prokurorluğu həmin dövrdə 30 milyard dollar çirkli pulun birja və özəlləşdirmə yolu ilə yuyulduğunu bildirir. Növbəti prezident Ernesto Zedillo 1996-ci ildə etdiyi açıqlamada “Hökumətin içərisindən bəzi insanlar narkotik qaçaqmalçılarının mənfəətinə xidmət etmiş ola bilər”, – deyə bildirib.
10-12 zəngin ailənin narkotik kartelləri içərisində olduğu və iqtisadiyyatı idarə etdiyi Meksikada güclü dəstək istəyən siyasətçilər də getdikcə bu sistemə daxil olur.
Seçkilərin bir mərhələli keçirilməsi və prezidentə çox geniş səlahiyyətlər verilməsi Meksikadakı mövcud sistemi “İmperialist prezident idarəçiliyi” nə çevirir.
İnsan Haqları İzləmə Təşkilatından (Human Rights Watch) Jose Miguel Vivanko Meksikada baş verən insan hüquqları pozuntularını “Ədalət sisteminin işləməməsi” kimi ifadə edir. Təşkilatın hesabatında ölkədəki “həllini tapmamış cinayətlər”in siyasi və ictimai həyata istiqamət verən “şiddət vasitəsi” kimi istifadə olunduğu bildirilir. Vivanko “Məhkəmə ləng işlədiyi üçün korrupsiya, zorakılıq və hədə-qorxuya açıq hala gəlir. Qanun pozuntularının üstü örtülür. İşgəncə və həllini tapmamış cinayətlər baş alıb gedir” kimi açıqlamaları ilə Meksikadakı vəziyyəti ümumiləşdirmişdir. Məhkəmə və təhlükəsizlik qüvvələrinin başında da prezidentin dayanması ‘qüvvələr ayrılığı’ yerinə, ‘qüvvələr birliyini’ meydana gətirir və ölkədəki prezident idarəçiliyi sistemini demokratik rejim olmaqdan çıxarır.
MEKSİKADA GƏLİRİN PAYLANMASINDAKI ƏDALƏTSİZLİK
Meksikada iqtisadi irəliləyişlərdən orta və üst təbəqə daha çox faydalanır. İxracatının üçdə ikisi Amerikanın payına düşür. Bura dünyada neft istehsalı üzrə yeddinci və neft ixracatı üzrə on birinci yeri tutur. Buna baxmayaraq, 1994-cü il böhranından sonra 1995-ci ildə özəl banklar iflas etmək həddinə çatmışdır. Amerika bu bankları xilas etməyin qarşılığında Meksikanın iqtisadi siyasətində veto gücü əldə etmişdir. Turizm və mis başda olmaqla təbii sərvətlər baxımından da zəngin ölkə olmasına baxmayaraq, Meksikada bir nəfərə düşən milli gəlir 14 min dollardır.
Narkotik kartellərinin çirkli pulu hesabına gəlirin paylanmasındakı bərabərsizlik daha da artır. Meksika kartellərinin təkcə Amerikaya olan illik jirovkasının 6,5 milyard dollar olduğu təxmin edilir. Amerikadakı narkotik bazarının 60%-ni Meksika təmin edir.
PREZİDENT ÜSUL İDARƏÇİLİYİ HƏLL YOLU DEYİL
Prezident üsul idarəçilik sistemi ilə idarə olunan Meksika, Argentina, Kolumbiya, Braziliya kimi ölkələr cinayətlə mübarizəni yalnız mafya ilə mübarizə kimi başa düşürlər. Nəticədə isə müvəffəqiyyət əldə edə bilmirlər. Ağcaqanadla mübarizə ancaq bataqlığın qurudulması ilə mümkündür. Bu da əvvəlcə cəmiyyətin maarifləndirilməsi, daha sonra isə narkotik mafyasının dünya miqyasındakı təşkilatlarına qarşı beynəlxalq mübarizə aparılması ilə baş tutacaqdır. Xalq bu mübarizədə rəhbərlərin arxasında olmalıdır. Sevgi siyasəti bu həmrəyliyi təmin edəcək yeganə yoldur.
Həmçinin ölkənin narko-demokratiya və ya imperialist prezident üsul idarəçiliyindən xilas olub daha yüksək səviyyəli demokratiyanı mənimsəməsi və plüralizmi əsas götürməsi cəmiyyətdəki əskikliklərin qarşısını alacaqdır. Cəmiyyyətdəki hər fikrin qanunverici və icraedici qüvvələr tərəfindən dəstəklənməsi ölkədə dincliyi təmin edəcəkdir. Əks təqdirdə, rəhbərlərə qarşı inamsızlığın uzun müddət aradan qaldırıla bilməməsi düşüncəsi cəmiyyəti narahat edəcəkdir.
[1] Meksika’da Suç ve Şiddet, BBC Türkçe, https://www.youtube.com/watch?v=OR15LaXe37E