Prezident üsul-idarə sistemi bütün dünya üçün təhlükədir
ucgen

Prezident üsul-idarə sistemi bütün dünya üçün təhlükədir

1562
"Hökumət yüz minlərlə işçisinə maaş verməyi dayandırıb ödənişsiz məzuniyyətə buraxdı".
 
"Dövlət qulluqçuları maaşlarını ödəyə bilməyəcək hala gəldilər".
 
"Səhiyyə İslahatı Qanununun ləğv edilməsini nəzərdə tutan layihə qəbul olunub".
 
"Federal hökumət fəaliyyətlərini geniş miqyasda dayandırdı".
 
Yuxarıdakı xəbərləri oxuyanda, bunların hər hansı bir inkişaf etməmiş ölkədə meydana gəldiyini düşünə bilərsiniz. Halbuki bütün bunlar super güc hesab olunan və öz idarəetmə forması ilə çox öyünən ABŞ-da baş verdi. 2013-cü ilin oktyabr ayında büdcə layihəsi Konqresdən keçmədiyinə görə dövlət sanki kilidləndi. Ödənişsiz qalan dövlət idarələrinin bir çoxu göstərdikləri xidmətləri dayandırmaq məcburiyyətində qaldı, işçilərin maaşlarını ödəmək mümkün olmadı. Bir çox işçi ödənişsiz məzuniyyətə göndərildi. Amerika böhrana girdi. Amerika 1995-96-cı illərdə də belə bir siyasi böhran yaşamış, hökumət yenə kəpənk bağladığını bildirmişdi.
 
ABŞ-da büdcə də daxil olmaqla bütün qanun layihələri Senat və Nümayəndələr Palatasından keçməlidir. Konqresdən keçməyən qanunlar qüvvəyə minmir. Bu prezident üsul-idarə sisteminin təminatı olaraq qəbul edilir. Prezident seçildikdən sonra yeni prezident seçkilərinədək vəzifədən kənarlaşdırılması mümkün deyil. Konqreslər də prezidentlərin vəzifələrindən sui-istifadə hallarına yol verməmələri üçün tarazlıq ünsürü olaraq nəzərdə tutulub. Prezident və parlament seçkiləri hökumətin bütün gücü əlinə keçirməsinə mane olmaq üçün tarazlıq mexanizmi olaraq fərqli zamanlarda həyata keçirilir. Amerikada prezident 4 ildən bir, senatorlar 6 ildən bir, Nümayəndələr Palatasının üzvləri isə 2 ildən bir seçilir. Prezident seçkilərindən sonra əgər hökumət və prezident zəifləyirsə, xalq dəstəyi də itirilmiş qəbul edilir və parlament seçkilərində müxaliflər səslərin çoxunu əldə edir. Bu da müxaliflərin sistemi kilidləməsinə səbəb olur. Qısası, PARLAMENT ÜSUL-İDARƏ SİSTEMİNDƏ ETİBARSIZLIQ SƏSİ VƏ DENONSASİYA VASİTƏSİLƏ DÖVLƏTİN KİLİDLƏNMƏSİNİN QARŞISI RAHATLIQLA ALINARKƏN, BU VƏZİYYƏT PREZİDENT ÜSUL-İDARƏ SİSTEMİNDƏ MÜMKÜN OLMUR!
 
Amerika əyalətlərin birləşməsindən ibarət bir dövlətdir. Bu müddət ərzində bir çox vətəndaş müharibəsi baş verdi. Fikir ayrılıqları ifrat həddə idi. Böyük-kiçik bütün hüquqların tam müdafiəsi üçün yaradılmış prezident üsul-idarə sistemi hazırda xalqın hüquqlarını kilidləyən bir sistemə çevrildi. Güclər ayrılığı üçün razılaşma və uzlaşma ilə orta məxrəcə gəlmək əvəzinə, kim daha güclü olarsa, onun haqlı olduğu bir sistem meydana gəlməyə başladı.
 
Bütün dünya tərəfindən nümunə götürülən və arzulanan Amerika demokratiyası artıq qarşıdurma meydanına çevrilib. Uzlaşma mədəniyyəti az qala tamamilə aradan qalxıb. Bu vəziyyət mövcud sistemin artıq nəzərdən keçirilməsinin vacibliyini ortaya qoyur. Prezident üsul-idarə sisteminin məqsədi siyasətin nizamlı şəkildə qurulması idi. Halbuki Amerikada nizam da alt-üst oldu. Qanunverici orqan büdcə layihəsini qəbul edə bilməyib sistemi alt-üst etdi. İqtisadiyyatdan ayrı olmalı olan siyasət, xəzinəni iflas etdirəcək dərəcədə dağıdıcı bir gücdən istifadə edəcək hala gəldi.
 
Əslində, bütün dünyada olduğu kimi, Amerikada da siyasətin bölünməsi və qütbləşməsi normaldır. Bu siyasətin təbiətində var. İqtidar və müxalifət arasında fikir ayrılıqlarının olması, tənqidlərin olması demokratiyanın zənginliyidir. Ancaq sözü gedən qütbləşmə ölkənin mənfəətləri məsələsində belə siyasətçiləri razılığa gətirmirsə, burada həyəcan siqnalı verilməyə başlayır. Xüsusilə Amerika prezident üsul-idarə sistemində parlamentin iki qolu bir mövzuda uzlaşmasa, gündəlikdəki bütün məsələlər təxirə salınır. Ölkə demokratik bir başçı tərəfindən idarə olunur, ancaq Konqresdə respublikaçılar əksəriyyət təşkil edir. Respublikaçıları da azlıq fraksiyası olan Çay Partiyası təsir edir. Çay Partiyası ölkə daxilində səslərin 10%-nə, Konqresin isə 20%-inə hakimdir. Bu sistem demokratik prezident nə desə qarşı çıxaraq siyasi sistemi kilidləyir.
 
Obamanın bu cümlələri ortaya çıxan bu qəribəliyi çox yaxşı yekunlaşdırır: "Kiçik bir siyasi qrup Amerikanı iflasa məcbur edirsə, ciddi problem yaşayırıq" http://www.amerikaninsesi.com/content/abd-hukumetinin-kapanmasi-ucuncu-gununde/1762154.html
 
Obamanın bu sözləri prezident üsul-idarə sisteminin yol açdığı vəziyyəti çox yaxşı izah edir: "Təəssüf ki, Konqres vəzifəsini yerinə yetirməyərək büdcəni qəbul etdirə bilmədi. Bunun nəticəsində büdcə qəbul edilənə qədər hökuməti bağlamaq məcburiyyətindəyik. Amma milli təhlükəsizlik qaydaları dəyişmədi və hər cür vəziyyətlərə hazır olmalıyıq".
 
Bu il də vəziyyət dəyişmədi. ABŞ Nümayəndələr Palatası mübahisəli büdcə layihəsini hökumətin rəsmi olaraq "bağlanmasına" yalnız 2,5 saat qalmış təsdiqlədi. Yəni 2014-cü ildə də hökumət kəpənk bağlayacaqdı, amma son dəqiqədə razılaşma əldə olunaraq bunun qarşısı alındı. Gələn il isə nə olacağı məlum deyil.
 
Amerikan siyasi ədəbiyyatında Konqresdə əksəriyyəti itirən prezidentə "topal ördək" deyilir. Noyabrda keçirilən seçkilərdə Konqresin həm Nümayəndələr Palatası, həm də Senatda demokratlar səs itirməyə davam etdi. Respublikaçılar üstünlüyü tam ələ keçirdi. Bu səbəbdən 2017-ci ilin yanvarına qədər vəzifəsini davam etdirəcək Obamanı çətin iki il gözləyir. Bu sistemdə israrla davam edilməsi nəticəsində isə Amerika xalqı zərərli çıxacaq. Son böhranda maddi itki 24 milyard dollar oldu. Xalqın siyasi təşkilatlara olan etibarı da azaldı.
 
Prezident üsul-idarə sistemini Amerikadan kopyalayıb tətbiq etməyə çalışan Latın Amerika ölkələri nümunəsi də ürək ağrıdan bir mənzərədir. Bu ölkələrdə güc balansını nəzərə almayan, sistem kilidlənməsin deyə sanki bir diktatorluğa çevrilən rejimlər mövcuddur. Eyni şəkildə MENA bölgəsində də diktatorluğa çevrilən və nəticəsində xalq qiyamları və vətəndaş müharibələri ilə devrilən prezident üsul-idarə sistemləri fəlakətin böyüklüyünü göstərir.
 
Nəticə etibarilə, prezident üsul-idarə sisteminin hər yerdə həyəcan siqnalı verdiyi görünür. Bu səbəbdən, bu sistemi bütün axsayan tərəfləri ilə birlikdə yenidən nəzərdən keçirmək ən ağıllı yoldur.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr