- Müdafiə sistemimiz olmasaydı, yaşaya bilərdikmi?
- Bu sistem bəzi funksiyalarını yerinə yetirməsəydi, həyatımız necə olardı?
İnsan bədənindəki ən mühüm sistemlərdən biri olan müdafiə sistemi çox əhəmiyyətli bir vəzifəni öhdəsinə götürmüşdür. İnsanın xəbərdar olub-olmamasından asılı olmayaraq, bu sistemin bütün elementləri bir ordu kimi onun bədənini mühafizə edir. Bakteriya, virus və buna bənzər istilaçılara qarşı bədəni müdafiə edən bu hüceyrələr qeyri-adi qabiliyyətlərə malikdirlər. Bu hüceyrələrin bədənimizin daxilində apardıqları mübarizə, göstərdikləri səy və fədakarlıq nümunələri bunları eşidən hər insanı heyrətləndirir.
Döyüşçüləri olan müdafiə mərkəzi: Sümük iliyi
Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atılanda radiasiyaya məruz qalan bir çox insan 10-15 gün ərzində ya daxili qanaxma, ya da yoluxucu xəstəliklər ucbatından ölürdülər. Bu insanlara nə olduğunu anlamaq üçün heyvanlar üzərində bir sıra təcrübələr aparıldı. Təcrübələr nəticəsində aşkar olundu ki, bədən tamamilə radiasiyaya məruz qalanda qan törəyir və müdafiə sisteminin bazası olan hüceyrələrin məhv olmasına səbəb olur. Bu da bədənin qısa müddətdə ölməsi deməkdir.
Bu mühüm hüceyrələrin zavodu sümük iliyidir. Lakin bir məqama da diqqət yetirmək lazımdır ki, bu fabrikdə bir-birindən çox fərqli məhsullar istehsal olunur. Çünki burada istehsal edilən bəzi hüceyrələr faqositoz istehsalında, bəzi hüceyrələr qanın laxtalanmasında, bəzi hüceyrələr isə bədənin qəbul etdiyi qidaların parçalanmasında mühüm rol oynayırlar. Bu hüceyrələrin funksiyaları kimi quruluşları da bir-birlərindən fərqlidir.
Maraqlıdır ki, ortaq bir məqsədə xidmət edən bir çox fərqli hüceyrə üçün bədənimizdə xüsusi bir istehsal sistemi mövcuddur.
Bu, təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Çünki təkamül nəzəriyyəsi çoxhüceyrəli orqanizmlərin təkhüceyrəli canlılardan təkamül keçirərək meydana gəldiyini iddia edir.
Bəs təsadüfən meydana gəlmiş hüceyrələr bir araya gəldikdən sonra necə olur ki, meydana gətirdikləri bu quruluşun içərisində yeni hüceyrələr inşa edən bir sistemi yoxdan var edə bilirlər?! Bunu kərpic anbarında meydana gələn partlayış nəticəsində havaya sovrulan minlərlə kərpicin özbaşına, üst-üstə düşərək yeni bir bina meydana gətirməsinə bənzətmək olar. Bundan əlavə, bu binada yeni kərpiclər inşa edən kiçik bir fabrikin meydana gəlməsi də vacibdir.
Daxilimizdəki “təhsil mərkəzi” - Timus
Timus bioloji baxımdan araşdırılanda, çox xüsusiyyəti olmayan adi bir orqan kimi görünür. Amma onun funksiyalarına nəzər saldıqda görürük ki, timus insan həyatı üçün çox mühüm funksiyalar yerinə yetirir. O, insan orqanizminin bütün həyatı boyu ehtiyac duyduğu məlumatları bir orqandan başqa orqana daşıyır. Timusda limfosit hüceyrələrinə bir növ təhsil verilir. Bəli, səhv oxumadınız. Timusda hüceyrələr təhsil alırlar.
Təhsil ancaq müəyyən bir zəkaya malik olan varlıqlara hər hansı məlumatın ötürülməsidir. Ancaq burada çox əhəmiyyətli bir məqama diqqət yetirmək lazımdır. Burada təhsili verən sadəcə bir ət parçası, yəni timusdur, təhsili alan isə kiçik hüceyrədir. Yəni hər ikisi də şüursuz varlıqlardır.
Timusdakı təhsilin nəticəsində limfosit hüceyrələri çox əhəmiyyətli məlumatları öyrənirlər. Bədəndəki hüceyrələrin antigenlərini necə tanımağı öyrənirlər. Bu bir mənada bədənə aid hüceyrələrin "şəxsiyyətinin" limfosit hüceyrələrinə öyrədilməsidir. Nəticədə hüceyrələr olduqca məlumatlanmış bir halda timusdan ayrılırlar.
Beləliklə, limfositlər bədəndə bu funksiyanı yerinə yetirərkən, şəxsiyyətlərini öyrəndikləri hüceyrələrə hücum etmirlər. Bundan kənarda qalan hər bir hüceyrəyə və xarici maddəyə isə hücum edir və onları məhv edirlər.
Timus, uzun illər, təkamülçü alimlər tərəfindən funksiyası olmayan orqan hesab edilmiş və təkamülün saxta dəlili olaraq istifadə edilmişdi. Halbuki, son illərdə bu orqanın müdafiə sistemimizin əsası olduğu sübut olunmuşdur. Bu hal aşkar olunduqdan sonra timusun funksiyasız bir orqan olduğunu irəli sürən təkamülçülər sonradan eyni orqan üçün tam əksinə olan bir nəzəriyyə irəli sürdülər. Timusun ilk vaxtlarda mövcud olmadığını, mərhələ-mərhələ təkamül keçirərək meydana gəldiyini irəli sürdülər. Timusun bir çox orqandan fərqli olaraq daha uzun bir təkamül prosesinin nəticəsində meydana gəldiyini müdafiə etdilər. Ancaq timus mövcud olmadan, ya da tam inkişaf etmədən T hüceyrələri düşməni necə tanımağı öyrənə bilməyəcək və müdafiə sistemi öz vəzifəsini yerinə yetirə bilməyəcəkdir. Müdafiə sistemi olmayan bir insan isə həyatını davam etdirə bilməz. Hal-hazırda sizin bu cümləni oxumağınız belə timusun uzun təkamül prosesi nəticəsində deyil, ilk insandan bəri qüsursuz və əskiksiz olaraq yaradıldığının bir dəlilidir.
Çoxfunksiyalı orqan: Dalaq
Müdafiə sistemimizin digər bir möcüzə elementi dalaqdır. Dalaq qırmızı və ağ hissə olmaqla iki hissədən ibarətdir. Ağ hissəsində istehsal olunan yeni limfositlər əvvəlcə qırmızı hissəyə köç edirlər və buradan da qan dövranına qoşulurlar. Tünd qırmızı rəngdə və mədənin yanında yerləşən bu orqanın etdiyi əməliyyatlar ətraflı şəkildə araşdırılanda heyrətamiz bir mənzərə qarşımıza çıxır. Onu qeyri-adi edən xüsusiyyət olduqca çətin və mürəkkəb olan funksiyalarıdır.
Dalağın hüceyrə istehsalı, faqositoz, qırmızı qan hüceyrəsini özündə saxlama və immunitet istehsalına kömək etmək kimi çox əhəmiyyətli, əhəmiyyətli olduğu qədər də çətin funksiyaları vardır. Şübhəsiz ki, dalaq da bütün digər orqanlarımız kimi, yalnızca bir ət parçasıdır. Qüsursuzca bütün işləri təşkil edərək, istirahət etmədən çalışır. Həqiqətən də dalaq insan doğulduğu andan etibarən onun üçün var-gücü ilə çalışır və Allah dilədiyi müddət ərzində vəzifəsinə fasiləsiz olaraq davam edir.
Başqa bir istehsal mərkəzi: limfa vəziləri
İnsan bədənində bütün bədənə yayılmış polis və jandarm kəşfiyyat təşkilatı mövcuddur. Bu sistemin içərisində növbətçi jandarmlar saxlayan, lazım olduğu anda yeni jandarmlar yaradan polis mərkəzlərinə də rast gəlmək mümkündür. Bu sistem limfa sistemi, jandarm, polis mərkəzi isə limfa vəziləridir. Sistemin jandarm qəhrəmanları limfosit hüceyrələridir. Limfa sistemi başlı-başına insan üçün yaradılmış bir möcüzədir.
Bu sistem bütün bədənə yayılmış limfa damarları, bu damarların müəyyən yerlərinə yerləşdirilmiş limfa vəziləri, limfa vəzilərinin yaratdığı və limfa damarlarında patrul vəzifəsini yerinə yetirən limfosit hüceyrələri və bu hüceyrələrin içərisində üzdüyü, limfa damarlarında gəzən limfa mayesindən meydana gəlir. Sistem belə işləyir: Bütün bədənə yayılan limfa damarlarının içərisindəki limfa mayesi, kapilyar limfa damarları ətrafında olan toxumalarla təmasda olur.
İstehsal mərhələsindən sonra növbə yeni əsgərləri "müharibənin" olduğu cəbhəyə sövq etməkdir. Yeni əsgərlər limfa vəzilərindən limfa mayesinin köməyi ilə limfa damarlarına keçirlər. Limfa damarlarından da qan dövranına keçən əsgərlər “müharibənin” olduğu bölgəyə çatırlar. Buna görə infeksiya olan bölgədəki limfa vəziləri əvvəlcə şişirlər. Bu, həmin bölgədəki limfosit istehsalının artdığını göstərir.
İndi isə bu sistemi ümumiləşdirək:
Bütün bədəni əhatə edən xüsusi bir nəqliyyat sistemi.
Bədənin bir çox bölgəsinə yerləşdirilmiş limfa vəzi - polis mərkəzləri.
Düşmən əsgərlərin kəşfiyyatının aparılması.
Bu kəşfiyyat istiqamətində əsgər istehsalı edilməsi.
Bu sistemin tək bir hissəsi belə əksik olsa, işləyə bilməz. Buna görə də onun müəyyən zaman ərzində mərhələ-mərhələ inkişaf edərək meydana gəlməsi qeyri-mümkündür. Məsələn, limfa vəziləri və limfositi mövcud olan, lakin limfa damarları yaradılmayan bir sistem fəaliyyət göstərə bilməz. Sistemin çalışması ancaq bütün işçilərin eyni anda mövcud olması ilə mümkündür.
Rəbbimiz öz yaratması ilə bağlı bir ayədə belə buyurur:
"Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də!" ("Həcc" surəsi, 73)
Badamcıq vəziləri
Badamcıqlar boğazda limfositlərin toplandığı və ağızda ilk maneəni meydana gətirən kiçik quruluşlardır. Limfa mayesi badamcıqların içərisində olan limfa damarlarından boyun və çənə altı düyünlərinə doğru axır. Bu anda limfa damarlarının divarlarından limfositlər axır. Bədənə daxil olan mikroblar burdan ifraz edilən limfositlər tərəfindən təmizlənirlər.
Aydındır ki, kainatdakı hər şey kimi insan həyatı da üstün güc və ağıl sahibi olan Allah’ın nəzarəti altındadır. Bəşər övladının hələ bu sistemlərin necə çalışdığını bilməməsi mövzunun insanın qavraya biləcəyindən daha üstün bir ağılın əsəri olduğunun dəlilidir. Bütün bu sistemləri yaradan sonsuz güc sahibi Rəbbimizdir.
Quranda buna bənzər bütün sualların cavabı 1400 il əvvəl verilmişdir. Aləmlərin Rəbbi olan Uca Allah, kainatdakı hər şeyə olduğu kimi, bədənimizə və onu meydana gətirən trilyonlarca hüceyrəyə də boyun əydirmişdir:
"Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allah’dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır." ("Əraf" surəsi, 54)