Ürəyimizin bəzən sürətlə döyündüyünü hiss edirik. Uzun bir pilləkəni sürətlə çıxdıqda, qaçdıqda və ya həyəcanlandıqda ürək döyüntülərimizin artdığını, sonra ürəyin yenidən əvvəlki ritminə düşdüyünü hiss edirik. Ancaq bunun nə qədər böyük möcüzə olduğunu bir çoxumuz düşünmürük. Ürək döyüntülərinin sürəti bədənin içinə yerləşdirilmiş kompyuter sistemi tərəfindən nizamlanır.
Ürək döyüntüləri artdıqda orqanizm kifayət qədər oksigenlə təmin olunmazsa, hüceyrələr elektrik müvazinətini itirər və sürətlə nizamsız döyünməyə başlayarlar. Odur ki, ürəyin nizamlı ritmlə, müntəzəm döyünməsi çox vacibdir. Ürəyin işləməsini stabil sürətlə gedən maşına bənzədə bilərik. Ancaq vəziyyətdən asılı olaraq ürəyin tempi sürətləndirilməli və yavaşladılmalıdır. Bu da stabil sürətlə gedən maşının qaz pedalına basaraq sürətinin artırılması və ya əyləcə basaraq sürətinin azaldılmasına bənzəyir. Ürəyin ritmini azaldan əyləc pedalı “azan sinirləri”, ürəyin ritmini sürətləndirən qaz pedalı isə “simpatik sinirlər”dir. Əyləc pedalının (azan sinirlərin) hərəkətə gəlməsini təmin edən isə asetilxolin malekuludur.
Normal vəziyyətdə dəqiqədə 72 dəfə döyünən ürək güc sərf etdikdə, stress vəziyyətində, temperatur yüksəldikdə və buna bənzər hallarda artıq qana ehtiyac yarandığı üçün sino-atrial düyün (ürəyin döyünmə sürətini tənzimləyən hüceyrə qrupu) ürəyin sürətini artırır. Beləliklə, lazım olan qan vurulur. Simpatik sinirlər də damarları daraldaraq qan təzyiqini artırır. Bundan əlavə, böyrəküstü vəz adrenalin və noradrenalin hormonlarının ifraz olunmasını təmin edir. Bu hormonlar ürəyin sürətini artırır. Qalxanabənzər vəzdən ifraz olunan tiroksin hormonu isə maddələr mübadiləsini sürətləndirərək ürəyin fəaliyyətinə təsir edir və ürəyin sürəti dincəlmə vəziyyətinə nisbətən 5 dəfə artır.
Simpatik sinirlər avtomobildəki qaz pedalı kimi ürəyin fəaliyyətini sürətləndirir, parasimpatik sinir sistemi isə ürəyin fəaliyyətini yavaşladır. Parasimpatik sistem lazım gəldikdə ürək əzələlərinin yığılma qüvvəsini azaldaraq ürəyin ritmini dəqiqədə 40 dəfəyə qədər yavaşladır. Arteriyalardakı reseptorlar qan təzyiqinin artdığını hiss etdikdə asetilxolin molekulunun ifraz olunması üçün parasimpatik sinirlər vasitəsilə beyinə qıcıq göndərirlər. Beləliklə, qan damarları genişlənir, təzyiq aşağı düşür. Əgər təmiz qanı orqanizmə daşıyan damarlar lazım gəldikdə genişlənməsə idi, cırılıb parçalanardılar. Nəticədə də qan kəllə qutusuna dolar və beyinə kifayət qədər qan getmədiyi üçün insan iflic olardı.
Bir çox amilləri özündə birləşdirən bu sistem bizə uca Allah`ın elmini tanıdan nümunələrdən sadəcə biridir. Bir Quran ayəsində belə bildirilir:
… Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız? (Ənam surəsi, 80)