Terror təşkilatları terror aktlarını təhlükəsizlik qüvvələrinə qarşı üstünlük əldə etmək üçün deyil, təbliğat məqsədi ilə edirlər. Məsələn, bir terror hadisəsində 5 nəfərin həyatını itirməsi o terror təşkilatına üstünlük qazandırmır. Ancaq media orqanlarında dəfələrlə gündəmə gətirilməsi ilə birlikdə bu hadisə cəmiyyət üzərində sanki dəfələrlə edilmiş təsiri yaradır.
Bu səbəbdən terrorçular, terror hadisələri mediada nə qədər çox yer alırsa, hədəflərinə o qədər çox yaxınlaşdıqlarını düşünürlər. Belə ki, İngiltərə keçmiş Baş naziri Marqaret Tetçer, "təbliğat terrorun oksigenidir" deyə ifadə etmişdir. (1)
Xarici siyasət üzrə ekspertlər araşdırmalarında medianın məlumatı təqdim edərkən iki mühüm vasitədən istifadə etdiyi nəticəsinə gəlmişdir. Bunlardan birincisi, bir məsələnin başqa məsələlərə nisbətən daha təsirli hala gətirilməsi üçün insanın zehnində aktivləşdirilməsi, yəni «priming»dir (hərəkətə gətirmək). (2)
Bu vasitədən istifadə edən bəzi media qurumları bəzi məsələləri kənarda qoyaraq, şişirdilmiş və tək tərəfli açıqlamalarla terror məsələsinə üstünlük verir, tamaşaçılarını və oxuyucularını istiqamətləndirməyə çalışırlar. «Priming»lə çox vaxt hakimiyyəti zəiflətmək üçün, "hökumət terrorizmlə mübarizə apara bilmir, ən əsas vəzifəsi olan təhlükəsizliyi təmin etməyi də bacarmır" kimi mesajları zehinlərə yerləşdirmək məqsədi güdür.
Priming üsulu bir ölkədə medianın da ən az təhlükəsizlik qüvvələri qədər önəmli rol oynadığını göstərmək baxımından əhəmiyyətlidir. Məsələn, bir terror təşkilatının ölkənin üç-dörd şəhərində terror hadisələri törətdiyini düşünək. Media orqanları bu hadisələri xəbərlərdə və ya alt yazılarda "ölkə müharibə meydanı kimidir" şəklində başlıqlarla verdikdə -bilərək, ya da bilməyərək- terrorçuların qorxutma istəyinə şərik olurlar. Bu vəziyyəti dəyişdirməyin yolu isə bütün media orqanlarının milli maraqları və bütün insanları qorumağı hər bir maraqdan üstün tutmalarıdır.
Medianın əlindəki digər vasitə isə çərçivəyə salma (framing) adlandırılır. Bu anlayış medianın məlumatı necə təqdim etməsi ilə bağlıdır. (3) Bir hadisənin necə təsvir ediləcəyi və veriləcəyi insanların mövzu ilə bağlı mövqelərinə təsir göstərir, davranışlarına istiqamət verir. Çərçivəyə salmanın mühüm bir hissəsi informasiyanın təqdimatında vizual materialların necə istifadə edildiyi ilə bağlıdır.
"Wall Street Journal"nın PKK haqqında bir nəşri çərçivəyə salma ilə bağlı veriləcək yaxşı nümunədir. Yayım təşkilatının internetdəki video səhifəsində bir qadın terrorçuya yer verilmişdir. (4) ABŞ tərəfindən terror təşkilatı kimi tanınmasına baxmayaraq, PKK-nın bir üzvü həmin videoda "azadlıq döyüşçüsü" kimi ucaldılır və qadın hüquqlarının müdafiəçisi kimi təqdim edilir. Üstəlik qadın terrorçu videoda "üç ayrı ölkədə 3 fərqli adla terror aktları törədən PKK üçün fəaliyyət göstərdiyini" açıq şəkildə dilə gətirir. Buna baxmayaraq, videodakı bütün mənzərələr, istifadə edilən üslub terrorçunun az qala qəhrəman halına gətirilməsi üzərində qurulmuşdur.
Oxşar şəkildə mediada Nyu-York, Paris və ya Brüsseldəki partlayışlar qanlı terror hadisələri kimi çərçivələndikləri halda, İstanbuldakı partlayışlara isə əhəmiyyət verilməməsi terrorizmlə mübarizədə qeyri-səmimilik nümunələrindəndir. Qərbdə həyatını itirənlər dəyərli qəbul edilərkən, Şərqdə həyatını itirənlərin xəbər dəyərinin belə olmaması nə vicdana, nə ədalətə uyğundur. Üstəlik bu vicdansız mövqe, düşmənçiliyi qızışdıran faktor olaraq qarşımıza çıxır və cəmiyyətlər arası münasibətləri zədələyir.
Terror məsələsində qətiyyən ayrı-seçkilik edilə bilməz, harada olursa-olsun, terror aktı məqbul qəbul edilə bilməz. Mediadakı terrorizmlə bağlı xəbərlərin hamısının qərəzli olduğunu iddia etmək də şübhəsiz, ədalətli yanaşma deyil və bu məsələdə çox diqqətli olmaq lazımdır.
Media həssas olmalı, terrorla bağlı xəbərlərdə heç vaxt prioritetləri reytinq və rəqabət qayğısı olmamalıdır. Terror təşkilatlarını güclü və təsirli kimi göstərəcək eyham və görüntülərdən uzaq durmalı, əksinə, aksiyanın cəmiyyət içində təsirsiz qaldığı, hətta cəmiyyəti birliyə sövq etdiyi imici genişləndirilməlidir.
Burada əhəmiyyətli olan terrorizm xəbərlərində xalqı doğru məlumatlandırmaq, terrora qarşı şüur formalaşdırmaq və təmkinli mövqe nümayiş etdirməkdir. Haqsızlıqları aradan qaldırmağın yolu heç vaxt zorakılıq deyil. Qarşıdurma heç vaxt irəliləyiş gətirə bilməz. Qan tökərək heç vaxt nəticə almaq olmaz. Buna görə də medianın əsas məsuliyyəti zorakılığı həvəsləndirməkdən, bundan üstünlük əldə etməyə çalışmaqdan çəkinmək olmalıdır. Bunun yolu isə hər şeydən əvvəl "terrorun qaynağının daim ideoloji fəlsəfə olduğunu bilmək" və bunu hər imkanı istifadə edərək cəmiyyətə başa salmaqdır. Media terrorizmə qarşı təsirli mübarizə aparmaq istəyirsə, bunu terrorçunun ideologiyasının yanlışlığını izah edərək etməlidir.
Bir insan səhv də olsa "müəyyən məqsədə çatmaq" üçün ölməyi və öldürməyi gözə alırsa, bu, onun etdiyinin doğruluğuna "inanması" deməkdir. Bir insanın ideologiyası əgər onu insanları öldürməyə təşviq edirsə, bu ideologiyanın batil olduğu aydındır. Ancaq ideoloji olaraq hərəkət edən biri inandığı düşüncənin yanlışlığı özünə göstərilmədikcə, bu mövzuda elmi olaraq inandırılmadıqca getdiyi yoldan -sonunda ölüm belə olsa- qayıtmayacaq. Beləliklə, insanları terrora yönəldən batil inanc və ideologiyaların əsassızlığının geniş miqyaslı proqramlarla ortaya qoyulması çox vacibdir.
Məhz bu xüsus mediaya da mühüm bir məsuliyyət yükləyir. Media terrorçunun batil ideologiyasının yanlışlığını göstərməklə məsuldur. Bu tətbiq olunduqda və media terroristləri qatilə çevirən fəlsəfəni fikrən darmadağın edəcək xəbər üsulları istifadə etdikdə terrorun "oksigeni olmaq" təhlükəsindən də xilas olacaq.
http://mackenzieinstitute.com/terrorism-oxygen-publicity/
Dış Politika Analizi, Anadolu Üni. Yayınları, ISBN 978-975-06-1609-9, Eskişehir Ocak 2013, s. 76
http://faculty.buffalostate.edu/smithrd/PR/Framing.htm
http://www.wsj.com/video/in-pkk-kurdish-women-fight-alongside-men-/D316C7D7-229D-4388-9D39-24B18AA868B8.html
Adnan Oktarın «News Rescue» və «New Straits Times» da dərc edilən məqaləsi:
http://www.nst.com.my/news/2016/04/140763/media-can-starve-terrorism-oxygen