Dino nağılında yeni saxta ara-növ cəhdi edən “Darvinist mediaya cavab”
ucgen

Dino nağılında yeni saxta ara-növ cəhdi edən “Darvinist mediaya cavab”

712

Keçdiyimiz günlərdə dünya mediasında yeni dinozavr növünün kəşf edildiyinə dair xəbərlər yer aldı. İlk anda elmi bir kəşf kimi görünsə də, bu mövzudakı məqalələrdə əsas məqsədin dinozavrların xəyali təkamülünə dəstək göstərmək olduğu açıq şəkildə görünürdü. Məhz həmin xəbərlərdəki “İtmiş halqa” tapıldığına dair iddialara bu yazımızda cavab veriləcək və təkamülçülərin xəyal güclərinin və saxta uydurmalarının bu yeni nümunəsi təhlil olunacaqdır.

Bu xəbərlərdə, ABŞ-ın PNAS (Milli Elmlər Akademiyası nəşriyyatı) elm jurnalında nəşr olunan bir tədqiqatdan bəhs edilir və Özbəkistanda at böyüklüyündə Tirannozavr fosilinin tapıldığı bildirilirdi. Bu fosilin nəhəng dinozavrlarla kiçik dinozavrlar arasındakı təkamül xarakterli dəyişikliyə guya şahidlik etdiyi irəli sürülürdü. Ehtimallarda o qədər irəli gedilmişdi ki, canlının kilosu və ölçüləri belə hesablanmış, necə eşitdiyindən tutmuş, ov ovlamaq qabiliyyətinə qədər spekulyasiyalar edilmişdi. Halbuki həqiqətlər bunlardan çox fərqli idi. Əldə fosil olaraq yalnız canlının beynini mühafizə etdiyi düşünülən 7 sm böyüklüyündə kiçik bir sümük vardı.

Darvinistlərin elmi-fantastikasının məhsulu quraşdırma-dinozavr

Qısacası, bu xəbərlərdə bircə ədəd kəllə sümüyü parçasından bütöv bir dinozavr təsvir edildi. Minlərlə hissədən ibarət olan nəhəng bir pazl düşünək. Parçaları diqqətlə bir-birinə uyğun şəkildə qoysanız tam təsviri əldə edə bilərsiniz. Bir-iki parça yoxdursa, bu təsvirin təsəvvür edilməsinə maneə olmaz. Ancaq əlinizdə yalnız və yalnız bircə parça vardırsa və siz də başqa digər bütün parçaları bu parçadan yola çıxaraq “təsəvvür” edirsinizsə, demək ki, ortada çox təəccüblü bir vəziyyət var. Yan tərəfdə gördüyünüz bircə ədəd sümük parçasından yola çıxaraq tamamilə xəyal gücünün məhsulu olan bir dinozavr ağzı, burnu, əlləri, qolları, ayaqları, quyruğu da daxil olmaqla bütün gövdəsi, boyu və kilosu, hətta lələklərinin olduğu belə uydurulmuşdur.

Yəni, burada “elmi dəlillərə əsaslanan” fosil bərpasından söhbət belə gedə bilməz, çünki bircə ədəd sümük parçasına istinadən çəkilən skelet tamamilə xəyal məhsuludur.

“Fərqli sümükləri gətir, sənin də fosilin olsun” məntiqi təkamülə bir fayda verməz

Məqalədəki iddianın əksinə tapılan sümük, yeni tapılmış fosil deyildi. Edinburq Universitetindən Stiven Brusatt (Stefen Brusatte) 2014-cü ildə Rusiyada bir muzeyi ziyarət etdiyi zaman bu sümüklə qarşılaşmışdı. Eyni bölgədə daha əvvəl tapılmış sümüklərdən istifadə etmək ümidi ilə fərqli qurumlarda dağınıq haldakı başqa sümük parçaları bir araya gətirildi. Bunlar müxtəlif vaxtlarda -1997 və 2006-cı illərdə çıxarılmış fosillər idi, yəni dağınıq haldakı 7-si onurğa sümüyü olmaqla, 15 ədəd əskik sümük parçası idi...

“Bu bir-biri ilə əlaqəsiz sümük parçaları ilə nə etmək olar ki?” -deməyin. Darvinistlərin hər zaman etdikləri kimi siz də fantaziyanızdan yüksək səviyyədə istifadə etsəniz yandakı şəkildəkinə oxşar, başından-quyruğuna qədər bütün vücudu ilə bir dinozavr rəsmi ortaya çıxara bilərsiniz. Bunu etməyinə edərsiniz, ancaq bu rəsm hazırlanarkən istifadə olunan sümük parçalarının bir-biri ilə əlaqələrinin olmadığını qulaqardına vurmağın və təbii olaraq, fantaziyanızdan daha güclü istifadə etməyin mütləq olduğunu yenidən xatırladaq.

Əslində, sümüklərin eyni fərdə aid olmadığı elə sözügedən məqalədə də etiraf edilmişdi:

Sümüklər, Özbəkistan Bissekti formasiyasında səthi izolə olunmuş (bir-birindən ayrı) nümunələr olaraq toplanmış, ayrı-ayrılıqda müxtəlif fərdlərə aiddir. Biz qətiyyətlə bu nümunələrin eyni canlı sinfinə aid olduğunu qəbul edirik.

Məqalədəki etiraflar bununla da məhdudlaşmırdı. Fərqli canlılara aid bu fosillər arasında belə qəribə bir əlaqənin qurula bilməsinin necə mümükün olduğuna dair gələ biləcək etirazlara, “Sonrakı kəşflər bunun səhv olduğunu göstərsə, T. euotica adı ancaq bir kəllə sümüyünə aid olacaq” - cavabı verilirdi.

Lələkli dino nağıllarını təlqinlərlə yenidən gündəmə gətirməkmi istəyirlər?

Bəs həqiqətlər belə olduğu halda və ortalıqda zorakı düzəldilmiş fosil varkən bu vəziyyət “elmi” olduğu iddia edilən bəzi nəşrlərə necə yol tapdı? Burada təəccüblü bir vəziyyət ortaya çıxır:

Kiçik bir fosildən başlayaraq yığılan dinozavr haqqında uydurma xəbərlər “PNAS” elmi jurnalında dərc olunarkən, digər tərəfdən tüklü məxluq şəkilləri və şüarlarla bəzədilərək “itmiş halqa tapıldı” başlığı ilə “National Geographic”, “New Scientist” və BBC-də eyni xəbərlər verildi. Elmi həqiqətlər təkamül fərziyyəsini diriltmək üçün yenə təhrif edilirdi.

Bəs belə bir ara-növ hekayəsi yaratmağa niyə ehtiyac duyulmuşdu?

Darvinistlərin xəyali təkamül ağacı öz-özlüyündə böyük əskikliklərlə doludur. Böyük və kiçik dinozavrlar arasında mövcudluğu iddia olunan pillələr çatışmır. Tirannozavr Yura dövrünün sonu (150 milyon il əvvəl) ilə Tabaşir dövrünün sonu (65 milyon il əvvəl) aralığında yaşayan ovçu dinozavr cinsidir.

Tirannozavrlar (T-rekslər) kiçik dinozavrlardır. Tabaşir dövründə yaşayanlar isə nəhəng ölçüdədirlər. Tirannozavrların nəhəng dinozavrların guya əcdadı olduğunu iddia edən təkamülçülər gərək aradakı boşluqları doldursunlar. Amma ikisinin arasında Orta Tabaşir dövrünə aid 20 milyon illik böyük boşluq var. Ehtiyaca uyğun olaraq quraşdırılan bir ara-növ bu boşluğu çox yaxşı doldura bilərdi. Buna görə 90-92 milyon yaşında olduğu güman edilən və Timurlengia euotica (Timurlengiya) adlanan yeni dinozavr düzəltdilər. Fosilin aid olduğu canlının tirannozavr kimi böyük beyinə və eşitmə qabiliyyətinə sahib olduğu halda, at boyda olduğu iddia edilmişdi.

Xəyal güclərindən istifadə edən darvinistlər təkamülün “quşlara çevrilən dinozavrlar” nağılı yarımçıq qalmasın deyə dinozavr şəklinə lələk əlavə etməyi də unutmamışdılar. Vəziyyət o qədər şişirdildi ki,”Nature” jurnalı lələkli dinozavr şəklini “təkamülün bariz sübutu” deyə dərc etməkdən çəkinmədi.

Təkcə kəllə sümüyünə istinad edərək canlının boyunun, çəkisinin, əllərinin və qollarının müəyyən edilməsi və canlının bütöv skeletinin qurulması darvinistlərin xəyal gücünün təzahürüdür. Halbuki, gəlinən bu cür nəticənin heç bir elmi dəyəri yoxdur.

Saxta Dino-fosil niyə darvinist hekayələrin itmiş halqası ola bilməz?

Ara-keçid növ canlıların olmaması təkamül fərziyyəsini çıxılmaz halda qoyan ən böyük dəlillərdən biridir. Belə ki, bunu dərk edən Çarlz Darvin də kitabında: “Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır... Onların keçmişdə yaşamış olduğuna dair dəlillər isə yalnız fosil qalıqları arasında ola bilər”. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179) -deyə ifadə etmişdi.

Darvin “Nəzəriyyənin çətinlikləri” (Difficulties on Theory) adlı hissədə isə belə yazmışdır:

Əgər həqiqətən növlər digər növlərdən yavaş dəyişikliklərlə törəyibsə, nə üçün saysız-hesabsız ara-keçid formaya rast gəlmirik? Nə üçün təbiət xaos şəklində deyil, tam şəkildə yerli-yerindədir? Saysız-hesabsız ara-keçid forma olmalıdır, bəs nə üçün yer üzünün çoxsaylı təbəqələrində onları tapmırıq? ... Nə üçün hər geoloji forma və hər təbəqə bu ara-keçid formalarla dolu deyil? Geoloji cəhətdən yaxşı dəyərləndirilmiş bir proses üzə çıxmır və bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.

(Charles Darwin, The Origin of Species, səhifə. 172, 280)

Darvin, nəzəriyyəsinin düşdüyü çıxılmaz vəziyyətin çox yaxşı fərqində idi, amma yenə də “tapılan fosillərin kifayət etmədiyi” kimi bir açıqlama irəli sürmüşdü. Hətta tapılan fosillər ətraflı şəkildə tədqiq edildikdə, itkin ara formaların mütləq olacağını iddia etmişdi. Təkamülçülər Darvinin bu iddiasına inanaraq, XIX əsrin ortasından bu yana dünyanın dörd bir tərəfində qızğın fosil araşdırmaları apararaq bu keçid formalarını axtardılar. Halbuki, böyük səylə axtarılan bu ara keçid formalarına heç vaxt rast gəlinmədi. Çünki Darvinin iddiasının əksinə FOSİL TAPINTILARI KİFAYƏT QƏDƏR İDİ. Aparılan qazıntı işlərində və araşdırmalarda əldə edilən bütün fosil tapıntıları, təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, nöqsansız və tam formada ortaya çıxdıqlarını göstərdi.

YARADILIŞ HƏQİQƏTİ QARŞISINDA NƏTİCƏSİZ QALAN NÖVBƏTİ DARVİNİST TƏŞƏBBÜS

Bura qədər verilən nümunələrdə açıq-aydın görünür ki, bir canlıya aid ara-növ olacaqsa, bir yox, bugünkü milyonlarla növü bir-birinə bağlayan milyardlarla ara-növ olmalıdır. Canlı həyatın tarixində daha əvvəl yaşamış növlərin bugünkündən 10, hətta 100 dəfə çox olduğu düşünülsə, trilyonlarla ara-növ olmalı və bunlara aid kvadrilyonlarla fosil nümunəsi torpaqda dolub-daşmalı idi. Təkamülçülərin bir neçə saxta ara-növlə ortaya çıxmaq cəhdləri çarəsizliklərini göstərir.

Elmdə fantaziyaya yer yoxdur. Elm dəlil və sübutlara əsaslanırsa, elmdir. Paleontologiya elminin də fantastik fosillərə ehtiyacı yoxdur. Fosil tapıntıları mövcud olan 600 milyon fosil nümunəsi ilə həyatın tarixini, onsuz da, əyani şəkildə açıqlayır. Daşlaşmış canlılar tam və əskiksiz quruluşları ilə “bizi Allah yaratdı” deyə hayqırırlar.

 

Mənbə:  

Stephen L. Brusatte, Alexander Averianov, Hans-Dieter Sues, Amy Muir, and Ian B. Butler, New tyrannosaur from the mid-Cretaceous of Uzbekistan clarifies evolution of giant body sizes and advanced senses in tyrant dinosaurs, PNAS 2016 ; March 14, 2016, doi:10.1073/pnas.1600140113

PAYLAŞIN
logo
logo
logo
logo
logo