Dünyanın hər hansı yerindəki bir məsələdən saniyələr ərzində xəbərimiz olur. Güclü və təsirli metodla – sosial media yolu ilə. Siyasətdən şou-biznesə, idman xəbərlərinə qədər hər sahədə sosial media vasitəsilə xəbər vermək, bir mövzuya diqqət çəkmək, gizli qalanı aşkar etmək mümkündür. Doğru şəkildə və yerində istifadə edildikdə sosial media cəmiyyəti yaxşı istiqamətdə hərəkətə keçirmək üçün mükəmməl vasitədir.
Əlbəttə, sosial mediadan nifrət, qəzəb, radikal fikirlər üçün istifadə edənlər də var. Lakin bu məqalənin mövzusu nifrət insanlarından çox vicdanı bir az da olsa hərəkətə gələn insanlardır. Sosial mediadan oyanma vəsiləsi kimi istifadə edən, ancaq qətiyyətli olmayanlar haqqındadır.
Xatırlayın, 2014-cü ilin aprel ayında Nigeriyada Boko Haram terror təşkilatı 200-dən çox qız uşağını qaçırmış, xüsusilə Mişel Obamanın da sahib çıxması ilə bu məsələ sosial medianın gündəminə çevrilmişdi. Bütün dünya ayağa qalxmış, siyasətçilər bu barədə danışmış, köşə yazıları bu mövzuda yazılmışdı. İnsanlar gecə-gündüz gənc qızların geri qaytarılması üçün səslərini sosial media yolu ilə eşitdirməyə çalışmışdılar. Aradan təxminən 3 ay keçdi, gənc qızların əlli dördünün qaçıb xilas olması haqqında sadəcə kiçik bir xəbər çıxdı. Qalan yüzlərlə gənc qız hələ də son dövrlərdə İŞİD-ə bağlı olduğunu açıqlayan Boko Haramın əlindədir. Səslər zəif çıxır. Nigeriyada isə heç nə dəyişməyib. Boko Haram daha çox insan qaçırmaqda, daha çox qan tökməkdə davam edir.
Keçən il Banqladeşdə edam edilən İslam icması lideri Əbdülqədir Mollanı da xatırlayın. Edamın ləğv edilməsi üçün sosial media təşkilatı dünya səviyyəsində səsvermə başlatmışdı. Bu qədər ciddi reaksiyaya görə edam təxirə salınmış, ancaq sosial mediada səslər zəiflədikdə cəsarətlənən hökumət nümayəndələri yaşlı adamı edam etmişdilər. Edamın üstündən zaman keçdi, sanki Banqladeşdə bu kirli sistem sona çatmış kimi hər kəs öz işi ilə məşğul oldu. Hal-hazırda hələ də həmin icmadan 14 nəfərin də edama məhkum edilməsi ilə heç kəs maraqlanmır. Çökmüş hüquq sisteminin içində yaşamaq hüququ olmayan insanlar digərləri kimi unudulub.
Müsəlmanlar küçələrdə diri-diri yandırılmağa başladıqda Mərkəzi Afrika Respublikası (MAR) sosial medianın ən çox bəhs etdiyi mövzu idi. İndi kimsənin bu məsələdən bəhs etməməsi sizi təəccübləndirməsin. 23-cü Afrika Zirvə toplantısında keçirilməyə çalışılan sülh görüşlərinə baxmayaraq, bu ayın əvvəlində 70 müsəlman da qətlə yetirilib və bir həftədə 14 min nəfər qonşu ölkələrə sığınmalı olub. Mərkəzi Afrika Respublikası sadəcə sosial mediada unudulub. Oradakı məzlumlar dəhşətli vətəndaş müharibəsinin içində yaşamağa davam edirlər.
Bəlkə də ən böyük faciənin baş verdiyi Suriyadakı ölümlər artıq sadəcə aylıq statistika kimi verilməyə başlanıb. Suriya məsələsində səsini eşitdirməyə və həll yolu axtarmağa çalışan qrupların sayı artıq çox azdır. Əsas mediada hərdən dağıntılar altından xilas edilən körpələr göstərilir, sosial mediada isə sadəcə aylıq statistikalar verilir. Ramazan ayının əvvəlindən etibarən təkcə Hələb şəhərinə 273 çəllək bombası atıldığından sizcə nə qədər adamın xəbəri var?
Bu faciəni illərdir yaşayan Arakan müsəlmanları kimi xalqların da vəziyyəti eynidir. 2011-ci ildə Myanmanın xunta rejiminin yarı mülki idarəçilik rejiminə keçməsi ilə Arakan müsəlmanlarının həqiqi vəziyyətini görmüşdük. Dünya 2012-ci ildəki qırğınlardan xəbərdar olmuş, arakanlılara edilən vəhşiliyə və soyqırımına təəccüb və dəhşətlə şahid olmuşdu. Əlbəttə, Arakanla bağlı sosial mediada xəbər verməyə çalışanlar var. Lakin bu cəhdlərə cavab verən, əzmlə o insanlara sahib çıxan böyük icmalar heç cür formalaşmır. Bu səbəbdən, o torpaqlarda vəziyyət dəyişməyib. Arakan müsəlmanları hələ də vətənsizdir, hüquqlarından məhrum və zülm altındadırlar. ASEAN-nın böyük Asiya ölkələri, müsəlman icması və super qüvvələr isə səssiz qalmaqda davam edirlər.
Bu siyahı sadaladıqlarımızla məhdudlaşmır. Nə İraqda, nə illərdir aclıqla, QİÇS və son dövrlərdə Ebola ilə mübarizə aparan Afrikada, nə də dron (pilotsuz təyyarə) hücumlarına məruz qalan Pakistan, Əfqanıstan və Yəməndə vəziyyət dəyişib. Dəyişən sadəcə sosial mediadakı insanların münasibətidir. Vəhşiliyə, zülmə, haqsızlığa münasibət sadəcə bir neçə saat və ya bir neçə gün olmamalıdır. Xüsusilə də zülm davam edərkən, hətta şiddətlənərkən.
“Mənim cəhdimlə nə olar?” -deyə düşünənlər yanılırlar. Dövlətlərin, hökumətlərin vicdan və ittifaqla hərəkətə keçmədiyi, həll yolu tapmadığı məsələlərdə xalqın səsi güclü çıxmalıdır. İttifaqla birləşən xalq NATO-nun, BMT-nin gücündən daha çox səs gətirən, daha təsirli qüvvə əmələ gətirə bilər. Susqunluq insanı – istəməsə də - zülmə ortaq edər. Çoxluğun səsi həm zülmlərin gizli qalmasının qarşısını alar, həm də dua olar. Lakin bu səs dünyadakı hər zülm üçün güclü çıxmalı və davamlı olmalıdır. İlk dəfə eşitdikdə bizə təsir edən mövzular zaman keçdikcə alışqanlığa çevrilməməlidir. Ancaq Mərkəzi Asiya və Afrikanı qan gölü, ölümləri də statistika kimi görən düşüncə tərzindən çıxdıqda, gedən hər candan məsul olduğumuzu hiss etdikdə hərəkətə keçə bilər, təsirli ola bilərik. Bu mövzuda səbirli, qətiyyətli olmalıyıq. Dünyaya yaydığımız səs bir gün sistemlərin dəyişməsinə yol açar. Bunun dua olduğunu heç kəs unutmamalıdır. Allah istəsə, mütləq olar.
Adnan Oktarın “Arab News” və “Bosnia Times”-da dərc olunan məqaləsi:
http://www.arabnews.com/news/604076
http://www.thebosniatimes.com/en/small-steps-make-big-difference/