Müasir dövrümüzdə bəzi müsəlmanların dinimizi xurafatlara əsaslanan bir anlayışla yaşadıqlarına görə İslam ölkələri dünyada müasirlik və keyfiyyətdən uzaq cəmiyyətlər olaraq tanınırlar. İslam ölkələri içində İslam dinindəki əsl keyfiyyəti və müasirliyi ən gözəl şəkildə dərk edən ölkə isə Türkiyədir. Türkiyənin İslam dünyasının parıldayan ulduzu olmasının və «müasir mədəniyyətlər» arasında yer almasının ən mühüm səbəblərindən biri Atatürkün inqilablarıdır. Hər kəsin dərsliklərdən öyrəndiyi inqilabların hikmətini uşaqlıq dövründə qavramaq əlbəttə ki, mümkün deyildi. Ancaq dövrümüzdə İslam ölkələrinin yaşadığı siyasi problemlər və radikalizmin Türkiyədə elə də hiss edilməməsinin və Atatürk inqilablarının özü ilə gətirdiyi faydaları açıq şəkildə ortaya qoydu.
Ölkəmiz İslam ölkələri içində ən demokratik, rahat və dinc ölkədir. Əgər Cümhuriyyətin elanı ilə Atatürkün demokratiya anlayışı Türkiyəyə hakim olmasaydı, bu gün Türkiyə İŞİD-in və Əl-Qaidənin geniş fəaliyyət göstərdiyi ölkələrdən biri ola bilərdi. Siyasi problemlər və vətəndaş müharibəsi baxımından isə Suriya və ya Misirdən fərqi olmazdı. Bu gün Türkiyə cəmiyyətdəki hər kəsin hər fikrini və inancını rahat şəkildə ifadə etdiyi, qarşısındakının həyatına, fikirlərinə hörmət etdiyi bir ölkədirsə, bu Atatürkün sayəsindədir. Quran əxlaqına uyğun olan da budur. Çünki İslam dinindəki ədalət və demokratiya anlayışı dinsiz, ateist ideologiyaların və əleyhdar fikirlərin belə rahatlıqla izah edilməsinə şərait yaradır. Yanlış fikirlərin isə zorakılıq və təzyiq yolu ilə aradan qaldırılmasını deyil, elmi və fikri mübarizə ilə doğru olanın insanlara izah edilməsini əmr edir.
Dövrümüzdə bir çox İslam ölkəsində sənətə, gözəlliyə, musiqiyə, rəqsə, incəliyə, keyfiyyətə və həmçinin bu gözəllikləri yaratmağa çalışan insanlara da qarşı olanlar var. Ancaq həmin kütlələr bu cür münasibətlə İslama da böyük zərər verirlər. Atatürk isə Türkiyə nümunəsi ilə İslam aləminin müasir, keyfiyyətli, mədəni ola biləcəyini sübut etmiş, inqilabları ilə İslamofobiya anlayışının dünyada dağılmasına öncüllük etmişdir. Dünyanın bir çox yerində müsəlmanlardan qorxulmasına və bunun nəticəsində də müsəlmanların yaşadıqları hər yerdə əzilməsinə səbəb olan bu qavrayış indiki vaxtda Türkiyə nümunəsi ilə dağılır və "nümunəvi İslam ölkəsi" və ya "İslam ölkələrinin lideri" kimi ifadələrlə tanınmasına səbəb olur. Atatürk rəftarı, həyat tərzi, yaşadığı mühitlərin gözəlliyi, geyimi, süfrə mədəniyyəti ilə bu mənada bütün dünyaya əsl İslam modelini tanıtmışdır. İnqilabları ilə incəlik, nəzakət, sənət, estetika, müasirlik, keyfiyyət anlayışının Türkiyəyə hakim olmasını hədəf almışdır.
Məsələn, əlifba inqilabı bütün dünya ilə əlaqə qurmağın ən etibarlı yoludur. Əlbəttə ki, Quranı əsas qaynağı olan ərəbcədən öyrənmək və ərəbcə oxumaq çox böyük üstünlük və gözəllikdir. Lakin istənilən zaman ərəb dilini qısa müddətdə öyrənmək də çox asandır. Yəni əlifba inqilabı Quranı əsl qaynağı olan ərəbcədən öyrənməyə əsla mane deyil. Lakin hərf inqilabının Türkiyənin dünya ilə inteqrasiya baxımından əhəmiyyəti çox böyükdür. Çünki latın qrafikasına keçilməsi dünyadakı elmi nəşrləri, nailiyyətləri rahatlıqla oxumaq, türk elm adamları, sənətçilər və müəlliflərin öz işlərini bütün dünyaya rahatlıqla tanıtmaları imkanı deməkdir. Təkcə əlifba inqilabı belə Atatürkün incə düşüncəsini, uzaqgörənliyini və zəkasını görmək üçün yetərlidir.
Allah qadınlara cəmiyyət içərisində qorunmaları, layiq olduqları hörmət və sevgini görmələri üçün hansı tədbirlər almalı olduqlarını bildirmişdir. Quranı bu yönü ilə tətbiq edən Atatürk 1930-34-cü illər arasında bir sıra inqilabla qadınların iqtisadi və siyasi həyata qatılmalarını, bu şəkildə qadınların kişilərlə bərabər səviyyəyə gəlmələrini təmin etmişdir. Halbuki bu gün Qərb dünyasının ən müasir ölkələrindən biri olan İsveçrə (1971), Fransa və İtaliya (1946) kimi ölkələr qadınlara seçmək və seçilmək hüququnu Türkiyədən çox sonralar vermişdir. Atatürk bu mövzuda da Türkiyənin bütün dünyada lider bir ölkə olmasını təmin etmişdir. Türkiyədə bu gün açıq və ya bağlı bütün xanımlar bir çox ölkə ilə müqayisə edilməyəcək dərəcədə rahatdır. Bunda Atatürkün qadın hüquqları sahəsindəki inqilablarının böyük payı var. Bir cəmiyyətdə qadınların rahat və xoşbəxt olması isə bütün cəmiyyətin xoşbəxt və dinc olması deməkdir.
Müsəlmanlar Peyğəmbərimizin (səv) üstün keyfiyyəti, hz. Yusifin gözəlliyi, hz. Süleymanın yaşadığı ehtişamlı həyat ilə müjdələnmiş insanlardır. Allah Quranda müsəlmanların özlərini, paltarlarını və yaşadıqları məscidləri təmiz saxlamalarını, dünyanın ən təmiz insanları olmalarını əmr etmişdir. Atatürk geyim inqilabı ilə bu mövzuda da gözəl addım ataraq bu əxlaqa öndərlik etmişdir. İlk öncələr fanatik düşüncədəki bəzi insanlar bu inqilablara qarşı çıxsalar da, Atatürk geyim inqilabını gözəl niyyətlə etmiş və türk xalqına gözəl geyinməyi öyrətmişdir. Bu məqsədlə dərzisini İngiltərəyə göndərmiş, orada təhsil aldırmış və şəxsən özü geyimi ilə türk xalqına öndər olmuşdur. Belə ki, o dövrdə türk xalqı məhdud imkanlarına baxmayaraq, olduqca gözəl və keyfiyyətli geyinmişdir. Dövrümüzdə də Atatürkün Cümhuriyyətin ilk illərində nümayiş etdirdiyi bu eleqant və keyfiyyətli geyim tərzi üfüq açan bir xüsusiyyətə malikdir.
Atatürk Allah'ın «gözəl söz söyləyin» əmrini də çox nəzakətli bir danışıq üslubu istifadə edərək həyata keçirmiş, insanlara xitab edərkən daima "zatı aliniz" terminindən istifadə etmişdir. Osmanlıcanı da çox mükəmməl şəkildə istifadə edərək nəzakətli və axıcı danışıq üslubu ilə türk xalqına və dünya liderlərinə nümunə olmuşdur.
Atatürk təşkil etdiyi ziyafətlərlə, sənətçiləri olduğu mühitə dəvət edərək və şəxsən özü rəqs edərək, musiqi dinləyərək cəmiyyət içində sevincin, coşğunun yayılmasına çalışmışdır. Hal-hazırda Türkiyənin dünya səviyyəsində musiqi əsərləri yaratması, türk sənətçilərin xaricdə konsertlər verməsi və tanınması, ölkəmizdə hər kəsin rahat şəkildə əylənə bilməsi Atatürkün Qurana söykənən gerçək müsəlmanlığı tətbiq etməsi ilə mümkün olmuşdur.
Bu gün bəzi İslam ölkələrində musiqi, rəqs, əyləncə bir təhlükə olaraq göstərilir və bunları edən insanlar da cəzalandırılmalı olan insanlar olaraq qəbul edilir. Halbuki insanın həyatında musiqi, əyləncə və sevinc olması böyük bir nemətdir. Bunlar olmadıqda insanlar içinə qapanar, narahat və laqeyd olar. İbadətlərini yenə yerinə yetirirlər, digər tərəfdən də davamlı olaraq şən, xoşbəxt, musiqidən, əyləncədən zövq alan gözəl ruh halları var. Sevinc və əyləncə olmadıqda pessimizm və bədbinlik insanların üzərinə çökər. Bu isə üzündə sevgi ifadəsi olmayan, əsəbi, mənfi danışan, gözəlliklərdən zövq almayan, hətta onları məhv etməyə çalışan, qısası, mənfiliklərini ətraflarına yayan insanları artırar. Bəzi İslam cəmiyyətlərində kütləvi etirazlarda bu qadağaların gətirdiyi bədbəxtliyin böyük təsiri var.
Atatürkün türk millətinə miras qoyduğu başqa bir gözəllik də türk ordusudur. Osmanlı İmperiyasının son dövrlərində davamlı məğlub olan türk ordusu tarixdən gələn "güclü ordu" etibarını yenidən Atatürk ilə qazanmışdır. Bu gün türk ordusu dünyanın ən güclü ordularından birinə çevrilmiş və PKK kimi terrorist təşkilatlara qarşı müvəffəqiyyət əldə edə bilirsə, bunda da Atatürkün türk ordusunu çox müasir bir orduya çevirməsinin böyük rolu var.
Atatürkün həyata keçirdiyi bu inqilablar bəzi çevrələr tərəfindən «dinsizlik» olaraq xarakterizə edilir. Halbuki Atatürk dindar, əsl türk millətçisidir. Atatürkü «dinsiz» olaraq səciyyələndirənlərin Quranın ən mükəmməl təfsiri olan Elmalı Təfsirini etdirən, ən əhəmiyyətli hədis kitabı olan Buxarini tərcümə etdirən, Diyanət İşləri Başqanlığını qurduran, gerçək İslam dininin səmimi olaraq yaşanmasını təşviq edən, demək olar hər axşam Quran oxuyan, ətrafında daim məşhur hafizlər saxlayıb Quran oxudan və zövqlə dinləyən, Quran üzərində ciddi araşdırmalar aparan, Peyğəmbərimizi (səv) böyük bir məhəbbət və sevgi ilə tərifləyən, Allah'a qarşı sevgisini coşğu ilə dilə gətirən istiqamətini necə izah edirlər? «La ilahə illəllah, Muhammədən Rəsulullah» deyən bir insanı belə müsəlman olaraq qəbul edən çevrələrin, inqilabları ilə İslama çox böyük xidmət etmiş, tam bir İslam mücahidi olan Atatürkün bu yönünü nəzərə almamaları çox dəhşətlidir.
Türkiyənin bu gün millətçi, mühafizəkar, bir o qədər də keyfiyyətli və müasir olmasında, bütün ölkələrin bəyəndiyi şəkildə irəliləməsində və əlbəttə ki, hörmət görən bir dövlət olmasında Atatürkün payının böyük olduğu unudulmamalıdır.