Qadınlar üzərində tətbiq edilən çox sayda məcburedici, qadağanedici və məhdudlaşdırıcı qayda və qanunlar, çox təəssüf ki, müsəlman aləmi ilə əlaqələndirilir. Bu despotik düşüncənin səbəbi isə İslamdan əvvəl patriarxal qəbilə mədəniyyətindən qalan bir çox adət-ənənənin əsrlərdir qadınlar üzərində İslam adı altında  (əslində isə İslama tamamilə zidd olan) tətbiq edilməsidir.
 
Xüsusilə, ötən il ərzində bir çox müsəlman ölkəsində qadınların hüquq və azadlıqlarını məhdudlaşdıran bəzi mürtəce qaydaların yumşaldılması, hətta tamamilə aradan qaldırılması ilə bağlı cəhdlər olduqca ümidverici oldu. İordaniya, Livan, Tunis bu müsbət proseslərin getdiyi ölkələr arasındadır.

Ancaq son dövrdə qadın azadlıqları ilə bağlı inqilabi islahatları və tənzimləmələri haqqında ən çox danışılan ölkə Səudiyyə Ərəbistanıdır. Son dövrlərdə Səudiyyə Ərəbistanında tarixi “ilk”lərə imza atılır. Qadın hüquq və azadlıqlarının təkmilləşdirilməsi sahəsində atılan mühüm addımlar isə bu “ilk”lərin başında gəlir.

Dövlət məktəblərində qızlar üçün bədən tərbiyəsi dərslərinin tədris edilməsinə dair qərar qəbul edilməsi bu ilklərdən biri idi. Təhsil Nazirliyi gələn ildən qızların tədris aldığı dövlət məktəblərində bədən tərbiyəsi dərslərinin tədris olunacağını açıqladı. Bu açıqlama kral Salmanın qadınların səhiyyə və təhsil xidmətlərindən kişi qəyyumlarının icazəsi olmadan istifadə etməsi üçün qəyyumluq qaydalarının yumşaldılması ilə bağlı qərarından sonra verilmişdi.

Nazirlik qız məktəblərində bədən tərbiyəsi dərslərinin tədris edilməsinin krallığın iqtisadi və sosial islahatları əhatə edən "2030 Perspektivləri" proqramının bir hissəsi olduğunu bildirmişdi. Belə ki, 2014-cü ildə də Səudiyyə Ərəbistanındakı bir dövlət məktəbində ilk dəfə qızlar üçün bədən tərbiyəsi dərsi tədris edilmiş, lakin Məsləhət Şurasının əleyhdəki tövsiyəsi ilə dərs ləğv edilmişdi.
 
Görünür ki, xüsusilə vəliəhd şahzadə Məhəmməd ibn Salmanın "2030 Perspektivləri" strategiyası mühafizəkar müxalifətin etirazlarına baxmayaraq, güclü şəkildə davam edir. 

Ötən ilin sentyabr ayında Səudiyyə Ərəbistanının 87-ci ildönümü qeyd edilərkən qadınların bayramı seyr etmək üçün Ər-Riyaddakı Beynəlxalq Kral Fəhd Stadionuna girmələrinə icazə verilməsi də bunun mühüm göstəricilərindən biridir.

Tədbiri izləmək üçün 1.100 km yol qət edərək Tabukdan Ər-Riyada gələn Um Əbdülrəhim əl-Şihri Reuters xəbər agentliyinə: "Bu gün nə qədər xoşbəxt olduğumuzu təsəvvür edə bilməzsiniz... Qadınlar artıq hər yerdədir. Artıq həkimdirlər, Şurada xalqı təmsil edirlər. Nə üçün ölkəmizə aid olan məsələlərdə kişilərlə birlikdə olmayaq?"- deyə bildirdi. Atəşfəşanlıq, işıq şouları və konsert kimi əyləncələrin olduğu şənliyi izləyən iştirakçılardan 25 yaşlı Sultana isə belə deyirdi: "Həyatımda ilk dəfə bir stadiona gəldim və hazırda özümü bu cəmiyyətə aid hiss edirəm. Ümid edirəm ki, qadınlara başqa icazələr də veriləcək. Məsələn, avtomobildən istifadə etmək və səyahət etmək icazəsi".

Sultananın xoş arzularından birinin reallaşması heç də çox çəkmədi. Bir neçə gün sonra illərdir ifrat mühafizəkarlığı və xüsusilə də qadın hüquq və azadlıqları barəsində sərt qaydaları ilə tanınan Səudiyyə Ərəbistanında təsəvvür belə edilməyəcək bir ilk baş verdi.
 
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud imzaladığı bir fərmanla qadınların da sürücülük vəsiqəsi alaraq avtomobil idarə etmələrinə icazə veriləcəyini açıqladı. Fərmanın 2018-ci ilin iyun ayına qədər qüvvəyə minəcəyi bildirildi. Fərmanda həmçinin qadınların avtomobil sürmələrinin bir çox fayda verəcəyinə də toxunulub. Qərar Qərb cəmiyyətində də geniş miqyasda əks-səda doğurdu.

Beləliklə, qadınlara verilən bu hüquq təbii və onsuz da çoxdan olmalı bir hadisə olsa da, Səudiyyə Ərəbistanının sosial şəraiti nəzərə alındıqda qadınlar üçün, həqiqətən, çox böyük nailiyyətdir.
 
Səudiyyə Ərəbistanına paralel olaraq son dövrdə bəzi İslam ölkələrində də qadın hüquq və azadlıqları ilə bağlı atılan müsbət siyasi addımlar çox sevindiricidir.
 
Məsələn, ötən avqust ayında Livan qanunvericiliyində zorlama, hücum, qız qaçırma kimi cinayətləri törədənlərin zərərçəkənlərlə evlənməyi qəbul etdikləri təqdirdə məsuliyyətdən azad edilmələri ilə bağlı maddə (maddə 522) ləğv edildi.

İnsan Haqları İzləmə Təşkilatında (“Human Rights Watch”) livanlı araşdırmaçı Bassam Kavaya "Bu, Livanda qadın hüquqlarının qorunması baxımından çox müsbət və gecikmiş qərardır", - deyə bildirir. Ancaq qarşıda hələ uzun yol qət etməli olduqlarını bu cümlələrlə vurğulayır: "Bununla yanaşı, Livanda qadın hüquqlarının inkişaf etdirilməsi istiqamətində həll edilməli bir çox gecikmiş məsələ var. Bu səbəbdən parlament.. dərhal Livanda hələ də qanuni sayılan ailədaxili zorakılıq və uşaq evliliklərini də ləğv edən qanunlar qəbul etməlidir".

Qadın hüquqları ilə bağlı mühüm inkişaf dövrünü yaşayan digər bir İslam ölkəsi isə İrandır. İran 1979-cu il inqilabından bəri mövcud mühafizəkar geyim qaydalarını pozanlara qarşı cəzaların yumşaldılması ilə bağlı qərarlar qəbul etdi. İranlı qadınlar 2017-ci ilin may ayından etibarən məcburi hicabla bağlı  “Ağ çərşənbə axşamı” adlı mütəmadi etirazlar keçirməyə başladılar.

Eyni şəkildə, İordaniya və Tunisdə də bu il ərzində oxşar qanunlar ləğv edilmişdi. İnsan hüquqları aktivistləri Livandakı bu proseslərin digər ərəb və İslam ölkələrinə də müsbət təsir edəcəyini düşünürlər. Çünki “522-ci maddə” kimi hüquqi boşluqlar olan qanun maddələri Əlcəzair, Bəhreyn, İraq, Küveyt, Liviya və Suriya kimi ölkələrdə hal-hazırda qüvvədədir.

Şübhə yoxdur ki, Səudiyyə Ərəbistanının inkişafında atılan həlledici addımlar İslam və ərəb dünyası üçün əhəmiyyətli bir nümunə olacaqdır. Qadınların ən təbii hüququ və doğulduqları andan əldə etməli olduqları əsas hüquqlarının gec də olsa, özlərinə qaytarıldığını görmək çox gözəldir. Amma təbii ki, yetərli deyil. Bununla yanaşı, ailə mühitində, ictimai mühitdə və işgüzar dairələrdə də layiq olduqları hörməti, şəfqəti, sevgini, həmçinin hüquqlarını da lazımi şəkildə əldə etdiklərini görmək ən böyük arzumuzdur. Xoşbəxt və sağlam cəmiyyətlərin yaranması üçün bu yolu izləmək vacibdir.

Adnan Oktarın “The Pioneer” (Hindistan) və “Al Bilad”da yayımlanan məqaləsi (Kanada):
http://www.dailypioneer.com/sunday-edition/agenda/opinion/status-of-women--today-and-tomorrow.html