İslam dini haqqında məlumat verəndə insan öz istəyi ilə iman gətirir, heç bir təzyiq və ya məcburiyyət olmadan qərar verir. İnsan doğrunu da, yanlışı da seçməkdə azaddır. Əgər yanlış seçim etsə, axirətdə onun əvəzini alacaqdır.
İslam inanc mövzusunda insanlara azadlıq verir. İslamın vəhy edildiyi dövrdən bu günə qədər qüvvədə olan bu anlayış İslam əxlaqının əsasını təşkil edir.
"Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!" (Bəqərə surəsi, 256)
İslam əxlaqına görə insan istədiyi inancı seçə bilər və heç kimi inanc mövzusunda məcbur etmək olmaz. Müsəlman Allahın varlığını, Quranın Allahın haqq kitabı olduğunu, hz. Muhəmmədin (s.ə.v) Onun elçisi olduğunu, axirətin və haqq-hesab gününün varlığını, İslam əxlaqının gözəlliklərini təbliğ etməklə məsuldur. Amma bu vəzifə sadəcə dini izah etməkdən ibarətdir. Allah peyğəmbərimizin (s.ə.v) də sadəcə bir elçi olduğunu Nəhl surəsində bu şəkildə bildirir:
"İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" (Nəhl surəsi, 125)
Başqa bir ayədə "...“Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." (Kəhf surəsi, 29) şəklində buyurulur və Rəbbimiz peyğəmbərimizə "Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?” (Şüəra surəsi, 3), - deyə səslənir. Qaf surəsində isə Allah peyğəmbərə belə buyurur:
"Biz onların nə dediklərini çox gözəl bilirik. Sən onlara zor edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!" (Qaf surəsi, 45)
Quran ayələrində bu mövzu ilə bağlı əmrlər və xatırlatmalar vardır:
"Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!" (Yunis surəsi, 99)
Məsələn, möminin təbliği qarşısında bir insan dərhal iman gətirə bilər, digəri isə inkar edərək lağla və təcavüzkar üslubla cavab verə bilər. Birincisi vicdanına qulaq asıb həyatını Allahın razı olacağı şəkildə keçirməyə qərar verər, ikincisi isə inkar edənlərdən olub, gözəl sözə pisliklə cavab verər. Ancaq bu hal dəvət edən insanı qətiyyən ümidsizliyə salmamalıdır. Allah Yusif surəsində belə buyurur:
"Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir." (Yusif surəsi, 103-104)
Qurana dəvət edən insan qarşılaşdığı reaksiyadan asılı olmayaraq, həmişə Allahın razı olacağı əxlaqı göstərməli, gözəl əxlaqdan qətiyyən güzəştə getməməli, təvəkküllü davranmalıdır. Belə ki, Allah “Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!” (Ənkəbut surəsi, 46) ayəsi ilə dinin necə təbliğ ediləcəyini də bizə bildirmişdir: “Ən gözəl tərzdə”.
Unutmamaq lazımdır ki, yer üzündəki hər hadisə Allahın yaratdığı qədər (tale) üzrə baş verir. İman gətirməyə dəvət edilən insana hidayət verən də Allahdır. Bu səbəbdən, möminlər inkarçıların davranışları ilə bağlı olaraq heç bir sıxıntı hissi keçirmirlər. Quranda bu mövzu ilə bağlı bir çox nümunə verilmişdir. Allah "Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!" (Kəhf surəsi, 6) ayəsi ilə peyğəmbərimizə (s.ə.v) Qurana dəvət etdiyi insanların iman gətirmədiklərinə görə sıxılmamasını bildirmişdir. Bir ayədə də "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir!" (Qasas surəsi, 56) şəklində bildirilmişdir. Beləliklə, insanın dəvəti, dediyi gözəl sözlər, danışdığı hər təfərrüat ancaq Allahın diləməsi ilə qarşıdakı insana təsir edir (Harun Yahya, Terror sevgi ilə yox edilər).
İman gətirən insanın yeganə vəzifəsi Qurana dəvət etməkdir. O, inkarçıların inkara davam etmələrinə, bu səbəbdən də cəhənnəm əzabına layiq olmalarına görə heç bir məsuliyyət daşımır. Rəbbimiz "Biz səni haqq ilə müjdə verməyə və qorxutmağa göndərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan." (Bəqərə surəsi, 119) ayəsi ilə də bu həqiqəti peyğəmbərimizə bildirmişdir.
Allah insana ağıl və vicdan vermişdir. Elçiləri və elçilərinə vəhy etdiyi müqəddəs kitabları ilə haqq yolunu göstərmişdir. Buna görə də, insan öz seçimlərinə görə məsuliyyət daşıyır. İslam əxlaqı ancaq səmimi qərarla, Allaha təslimiyyətlə və hər zaman doğruları əmr edən vicdanın səsini dinləyərək yaşana bilər. Bir insanı ibadət etməyə məcbur etmək İslam əxlaqına tamamilə ziddir. Çünki insanın ürəkdən Allaha təslim olması, səmimi olaraq iman gətirməsi vacibdir. Əgər bir sistem insanları inanca və ibadətə məcbur etsə, o zaman insanlar qorxduqları üçün dindar olarlar. Dini baxımından isə vicdanların tamamilə azad olduğu mühitdə Allahın razılığı üçün dinin yaşanması məqbuldur. Allah Ğaşiyə surəsində peyğəmbərimizə (s.ə.v) belə buyurur:
“Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən! Lakin kim üz döndərib inkar etsə, Allah onu ən böyük əzaba düçar edər! Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!” (Ğaşiyə surəsi, 21-26)
Yuxarıda qeyd etdiyimiz kimi, İslam dini insanları dini inanclarını seçməkdə azad olmalarının vacibliyini vurğulayarkən, həm də digər dinlərə hörmət etmələrini əmr edir. İnsan Quranda bəhs edilən batil bir inanca sahib olsa belə, İslam torpaqlarında sülh şəraitində yaşaya bilər, azad şəkildə ibadətlərini yerinə yetirə bilər. Allah peyğəmbərimizə (s.ə.v) inkar edənlərə belə deməsini əmr etmişdir:
“Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 2-6)
İslam əxlaqına görə hər bir insan öz ibadətində azaddır. Heç kimi öz ibadətlərini yerinə yetirməkdən saxlamaq olmaz. Ya da bir insanı istədiyi şəkildə ibadət etməyə məcbur etmək olmaz. Bu, islam əxlaqına ziddir və Allahın razı olmadığı davranışdır. İslam tarixini araşdırsaq, hər kəsin azad şəkildə ibadət etdiyi cəmiyyət modeli görərik. Quranda Allahın qoruduğu ibadət məkanları kimi Kitab əhlinin ibadət yerləri olan monastr, kilsə və sinaqoqlardan da bəhs edilir:
"... Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!" (Həcc surəsi, 40)
Peyğəmbərimizin (s.ə.v) həyatı da bu cür nümunələrlə doludur. Hətta peyğəmbərimiz onunla görüşməyə gələn xristianların öz məscidlərində ibadət etməsinə izn vermiş, məscidi onların istifadəsinə vermişdir. Peyğəmbərimizdən (s.ə.v) sonrakı xəlifələr dövründə də bu tolerantlıq anlayışı qorunmuşdur. Şam fəth edilən zaman məscidə çevrilən kilsə iki hissəyə bölünmüş, yarısında xristianlar, yarısında da müsəlmanlar ibadət etmişlər (Mövzu ilə bağlı ətraflı məlumatı Harun Yəhyanın əsərlərindən hazırlanan www.harunyahya.org saytından öyrənə bilərsiniz).
Peyğəmbərimiz (s.ə.v) mülayim və sevgi dolu insan idi
Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) dövründə Ərəbistanda bir çox dindən, fərqli mədəniyyətlərdən və anlayışlardan camaat mövcud idi. Yəhudilər, xristianlar, sabiilər, məcusilər və bütpərəstlər birlikdə yaşayırdılar. Bundan əlavə, eyni inanclı, amma bir-birləri ilə düşmən olan bir çox qəbilə var idi. (Harun Yəhya, Hz. Muhəmməd (S.Ə.V.))
Ancaq peyğəmbərimiz (s.ə.v) hansı dindən və qəbilədən olursa olsun, hamıya şəfqətlə, səbirlə və sevgi ilə yanaşırdı və insanları böyük sevgi ilə dinə dəvət etdi. Hz. Muhəmmədin (s.ə.v) ətrafındakılara göstərdiyi gözəl münasibət Quranda belə bildirilir:
"Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah təvəkkül edənləri sevər!" (Ali İmran surəsi, 159)
Müsəlman ancaq Allahın dinini təbliğ etməklə məsuldur. Qarşısındakının hidayəti, iman gətirməsi ancaq Allahın diləməsi ilə olur. Heç kim başqa birisini iman gətirməyə, ibadət etməyə məcbur edə bilməz. Peyğəmbərimiz (s.ə.v) Allahın bu əmrinə hər zaman diqqətlə riayət etmiş, dinin ancaq qəlbən istəndiyi zaman yaşana biləcəyini tez-tez ifadə etmişdir. Peyğəmbərimiz (s.ə.v) bir sözündə belə buyurur:
"Mülayim həniflik (hz. İbrahimin dinindən olanların vəsfi) ilə göndərildim, kim mənim sünnətimə müxalif olarsa, məndən deyil” ( El-Camius Sağir, 1. 427).
Başqa sözündə isə möminlərə "Mən mərhəmət edən və sülhpərvər kimi göndərildim..." (El-Camius Sağir, 1. 427), - deyə səslənmişdir.
Peyğəmbərimizin (s.ə.v) üstün əxlaqı onun digər sözündə belə ifadə edilir:
"Əsəbləşdiyi zaman (nəfsinə hakim olub) yumşaqlıqla cavab verən insan Allahın sevgisinə nail olar!" (Esbahani: Hz.Aişə).
Peyğəmbərimizin (s.ə.v) mərhəmətli, şəfqətli və mülayim əxlaqı ilə bağlı bir çox hədis mövcuddur. Məsələn, peyğəmbərimiz (s.ə.v) "İnsanlara mərhəmət etməyənə, Allah da mərhəmət etməz" (Buxari və Muslim) - demişdir. Digər sözləri isə belədir:
"Mərhəmət edin ki, mərhəmət olunasınız. Bağışlayın ki, bağışlanasınız. Heyif, günahlarına bilərək davam edib, istiğfar etməyənlərə" (Ramuz El-ehadis, 1-ci cild )
"Allah rəfiqdir (mərhəmətli və şəfqətli), rıfqı sevər və rıfqa müqabil verdiyini başqa heç bir şeylə verməz" (Kütüb-i Sitte, tərcümə və şərhi, 7-ci cild)
Böyük İslam alimi İmam Qazali hədis alimlərindən topladığı məlumatlarla peyğəmbərimizin ətrafındakılara münasibətini belə izah edir:
“Əsəbləşməyən və bir şeyə tez razılıq verən idi. İnsanlara qarşı insanların ən şəfqətlisi idi. Belə ki, insanların ən xeyirlisi insanlara xeyirli olan, insanların ən yararlısı da insanlara faydalı olanıdır” (Hüccetül İslam, İmam Gazali, İhya'u Ulum'id-din, 2-ci cild).
Peyğəmbərimizin (s.ə.v) ətrafındakıları dinə bağlayan və qəlblərini imana gətirən sevgisi, incə düşüncəsi və şəfqəti bütün müsəlmanlara örnək olan əxlaq üstünlüyüdür. Peyğəmbərimizin (s.ə.v) bütün bəşəriyyətə nümunə olan gözəl xüsusiyyətləri Tövbə surəsində belə bildirilmişdir:
"Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizdən ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!" (Tövbə surəsi, 128)
Sevgi dolu, şəfqətli, mülayim və mərhəmətli olmaq Allahın hidayət öndəri kimi göndərdiyi elçilərinin ortaq xüsusiyyətləridir. Allah Quranda digər peyğəmbərlərin də sevgi həssaslığı ilə şərəfləndirildiklərini xəbər verir və dərgahından mərhəmət və paklıq verdiyi hz. Yəhyanı bu mövzuda insanlara nümunə göstərir:
Ayədə bu mübarək insan üçün “Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi.” (Məryəm surəsi, 13), - deyə bildirilir.