İnsan həyatının çox önəmli bir parçası olan müstəqilliyin daha da artdığı və demokratiya anlayışının hakim olmağa doğru getdiyi dünyada bu gün hələ də ölüm cəzasının tətbiq edilməsi insanlığın ən böyük eyblərindən biridir. Təqsiri nə olursa olsun, insanın ölüm cəzasına məhkum edilməsi vicdanın qəbul etməyəcəyi dərəcədə zalım və primitiv yox etmək fomasıdır. Cəza insanları islah etmək üçündür və dövrümüzün müasir cəza siyasətində təqsirkarın islah edilib cəmiyyətə qazandırılması məqsədini güdür. Ölümə göndərilən insan üçün isə islah olunmaq imkanı aradan qalxır.
Yaşamaq hüququ insanın anadan olduğu andan etibarən sahib olduğu ən əsas hüquqdur. Belə ki, yaşamaq hüququ olmadan digər hüquq və azadlıqlardan bəhs etməyin mənası yoxdur. Beynəlxalq saziş və bəyannamələrdə qoruma altına alınan bu hüquq üçün qoyulan ən dəhşətli məhdudiyyət isə ölüm cəzasıdır.
Ölüm cəzasını müdafiə edənlər ağır cinayətlərin qarşısının alınması üçün bu cəzanın ən təsirli cəza olduğunu və cəmiyyətin nizamını qorumaq vəzifəsi daşıyan dövlətin vəzifəsini yerinə yetirə bilməsi üçün şərt olduğunu irəli sürürlər. Halbuki dövlətin cəzalandırma hüququ yaşamaq hüququndan məhrum etməni əhatə etmir.
Ölüm cəzası insanlıqdan və ağıldan kənar bəsit və pozğun intiqam almaq təşəbbüsüdür. Halbuki dövlət və hüquq intiqam almaq hissi ilə hərəkət edə bilməz. Dövlətin vəzifəsi istisnasız hər kəsin həyatını qorumaqdır.
Birbaşa cinayət olan bu insanlıqdan kənar cəza dünyanın bir çox ölkəsində qadağan edilmişdir. «Amnesty İnternational» təşkilatının məlumatlarına görə cəmi 140 ölkənin qanunlarında və pratikada ölüm cəzası qadağandır. Lakin 58 ölkədə ölüm cəzası hələ də mövcuddur. Bu, həmin ölkələr baxımından çox utancverici haldır.
Dünyada ən çox edam cəzası tətbiq edilən ölkə Çindir. Çində insan oğurluğu, narkotik vasitələrin satışı, dələduzluq kimi cinayətlər üçün də ölüm cəzası tətbiq edilir və bu istiqamətdə hər il minlərlə insan ölüm cəzasına məhkum edilir. Çin hökuməti edam statistikasını gizli saxladığı üçün edamların dəqiq sayı məlum deyil. Mərhəmətsiz ruhun hakim olduğu ölkədə gəzən edam avtobusları cinayətkarları evlərindən götürüb avtobusun içində ürək döyüntülərini dayandıran iynə vuraraq həyatlarına son qoyur. Hər nə qədər insan hüquqları təşkilatları Çindəki edamları qınasalar da, bütün dünya bir yerə gəlib hər tərəfli təzyiq və sanksiyalar tətbiq etmədikcə Çindəki bu vəhşiliyin davam edəcəyi açıqdır.
Ölüm cəzasını ən çox istifadə edən digər ölkələr İran, İraq və Səudiyyə Ərəbistanıdır. Əvvəlki dövrlərlə müqayisədə edam sayında artım olduğu və daha əvvəl ölüm cəzasını tətbiq etməyən bəzi ölkələrin bu cəzaya geri qayıtdıqları ifadə edilir. Bu ölkələr arasında Yaponiya, Hindistan, Pakistan da var.
Ölüm cəzasını tətbiq edən yeganə Qərb ölkəsi isə ABŞ-dır. ABŞ-da 50 əyalətdən 38-i ölüm cəzasını qəbul edir. Bu gün ölkədə edam növbəsini gözləyən təxminən 24 min məhkum var. Özünü insan hüquqları və azadlıqlarının mərkəzi və müdafiəçisi olaraq qəbul edib digər ölkələri insan hüquqları pozuntusu ilə günahlandıran ABŞ-ın belə anti-demokratik bir cəzanı bütün dünyanın gözü qarşısında etməsi və kifayət qədər qınanma ilə qarşılaşmaması çox təəccüblüdür. ABŞ-ın öz daxilindəki qınamaları da kifayət deyil. İstər ictimaiyyət, istər hökumət və media ölüm cəzasının lehinə hərəkət edir. Hansı partiya iqtidarda olursa olsun, ölüm cəzasına dövlətin baxışı həmişə eynidir. Yeni gələn hökumət bu dünyagörüşünü dəstəkləmək məcburiyyətindədir. «New York Times» və «Houston Chronicle» kimi qəzetlərdən başqa bir çox kütləvi informasiya vasitəsi ölüm cəzasına dəstək verir. Bundan başqa ABŞ-lı hakimlərin əksəriyyətinin da ölüm cəzası tərəfdarı olduğu, prokurorların isə təkrar seçilməmək qorxusu ilə ölüm cəzasını müdafiə etdikləri məlumdur. Bu da ədalətsiz mühakiməyə səbəb olur. ABŞ kimi demokratiyaya əhəmiyyət verən bir ölkədə müdafiənin hakimlər tərəfindən seçilməsi çox dəhşətli bir haldır. Belə ki, müdafiə siyasi görüşü olmayan müstəqil bir təşkilat tərəfindən edilməlidir.
Digər tərəfdən, bu da bir həqiqətdir ki, məhkəmə və hüquq sisteminin insan iradəsinə bağlı olaraq fəaliyyət göstərməsi səhv etmək ehtimalını artırır. İnsan rahatlıqla səhv edə bilən bir varlıqdır. Ən kiçik bir səhv təqsirsiz insanı ölümə apara bilər. Bu da insan hüquqları baxımından çox böyük bir təhlükədir. Belə ki, ölüm cəzası geriyə dönüşü olmayan bir cəzalandırma formasıdır. Tarixdə bir çox insanın məhkəmələrin yanlış qərarları və siyasi səbəblərlə edam edildiyi məlumdur. ABŞ-da ilk polis təhqiqatında buraxılan səhvlər nəticəsində bir çox məhkumun haqsız yerə edam edildiyi sonradan məlum olmuşdur. Son 40 il ərzində 146 edam cəzasına məhkum edilən məhkum illər sonra təqsirsizliyi sübüt edilərək azad edilmişdir. Xüsusilə DNT testləri tətbiq edildikdən sonra bir çox insanın təqsirsiz olduqları halda, edam edildikləri isbat edilmişdir.
ABŞ-ın insan hüquqları pozuntusu baxımından başqa bir eyibi ruhi xəstələrə ölüm cəzası verməsidir. Beynəlxalq qanunlara zidd olmasına baxmayaraq, federal məhkəmələr ruhi xəstələri edam cəzası ilə cəzalandırır. Bundan əlavə ölkədəki irqçiliyin ədalət mühakiməsinə hakim olması dünyanın gözündə ABŞ-ı insan hüquqları pozuntusu baxımından öndə gələn ölkələrindən biri edir. Zəncilər, Asiya və Cənubi Amerika mənşəli insanlar tez-tez irqçi hücumlara məruz qaldıqları kimi ən əsas vətəndaşlıq hüquqlarından belə məhrum olmaqdan narazıdırlar. Zəncilər və fərqli etnik mənşəyə sahib olan insanlar ölkədə potensial təqsirkar kimi qəbul edildiklərini və mühakiməsiz edam edildiklərini deyirlər. ABŞ-dakı zənci və fərqli mənşəyə mənsub məhkumların və həbs edilənlərin sayı da ağlara görə 3/2 nisbətində çoxdur. Bir ağı öldürən zənci, ya da fərqli mənşəyə mənsub insana edam cəzası verilmə ehtimalının, bir zəncinin ya da fərqli irqdən birini öldürən ağa edam cəzası verilmə ehtimalından 6 dəfə daha çox olduğu bilinir. Bu da ölüm cəzasının verilmə nisbəti ilə şübhəlinin irqi və etnik mənşəyi arasında birbaşa əlaqə olduğu təəssüratı yaradır.
Maddi imkanı olmayan şəxslərin daha çox ölüm cəzasına məhkum edildikləri ABŞ-dakı bir başqa insan hüquqları pozuntusudur. Konstitusiya məhkəməsinin də təsdiq etdiyi kimi, məhkəmədə müdafiəsi yaxşı qurulan təqsirləndirilən şəxs ölüm cəzasına məhkum edilməkdən xilas ola bilər.
Tarix, bu gün insanlıq nöqsanı olaraq qara siyahıya alınmış bir çox vəhşi cəzalandırma üsuluna şahid olmuşdur. İnkvizisiya məhkəmələrində qız uşaqlarının diri-diri basdırılmasına qədər bir çox cəza buna daxildir. Bir başqa nümunə olan işgəncə də keçmişdə qanuni olduğu halda, bu gün demək olar ki, bütün dünyada cinayət hesab edilir. Ölüm cəzası da eynilə bu şəkildə artıq tarixə düşməli olan bir cəza formasıdır. Əlbəttə ki, hər hansı bir cinayətkar cəzalandırılarkən cinayətkarın xüsusiyyətləri, hansı cinayəti necə və nə üçün etdiyi nəzərə alınmalıdır. Hər hansı bir səbəb olmasa belə, qatı cinayətkarların, qatillərin, dövləti dağıtmaq, bölmək, başqa bir dövlətin suverenliyinə daxil etmək istəyənlərin, dövlətçilik əleyhinə cinayət törədən vətən xainlərinin fərqli cəza ilə cəzalandırılmaları açıqdır. Ancaq bu insanların yaşamalarının gərəksiz olduğunu irəli sürmək çox yanlış bir düşüncədir. Çünki cinayət, cinayətkarın yaşamaq hüququnun olmadığına əsas vermir. Cinayətkarı həbsxanada cəmiyyətdən təcrid etmək kifayətdir. Bu səbəbdən ölüm cəzasını tətbiq edən bütün ölkələr tez bir zamanda xüsusilə ağır cinayətlərə görə tətbiq olunacaq ən ağır cəzanı ömürlük azadlıqdan məhrum etmə ilə əvəz etməlidir. Hüquqi dövlət olmağın ən əsas şərti budur.
Şübhəsiz ki, istər Çin, ABŞ, istərsə də ölüm cəzasını qəbul edən bütün digər ölkələr cəza sistemlərində vicdana və insanlığa uyğun bir tənzimləmə etdikləri təqdirdə heç bir şey itirmədiklərini, əksinə çox şey qazandıqlarını görəcəklər. Belə ki, ölüm cəzası insanın ən əsas hüququ olan yaşamaq hüququnu, bu səbəbdən insanın azad iradəsini, şəxsiyyəti aradan qaldıran cəzadır. İnsanın yaşamaq hüququ əlindən alındığında, digər bir sözlə azad iradəsinə və şəxsiyyətinə zərər verildikdə, dövlətin də nüfuzu zərər görmüş olur. İnsanlıqdan kənar ölüm cəzasına son verdikləri təqdirdə həmin ölkələr nüfuzlarına qovuşacaq, bütün dünyanın gözündə hörmət qazanacaqlar.