XXI əsrdə, guya demokratiyanın, azadlığın tam hakim olduğu, insan hüquqlarının ən yüksək səviyyədə qorunduğu bu dövrdə Suriyada insanlar qaçqın düşərgələrində çox çətin şəraitdə ölümlə mübarizə aparırlar. Əzab-əziyyətin, aclığın son həddə çatdığı bu düşərgələrdən biri də də Şamın Yərmuk bölgəsində yerləşir. 6 aydan çoxdur Əsəd qüvvələri tərəfindən mühasirədə saxlanılan Yərmuk mühacir düşərgəsində insan hüquqlarından əsər-əlamət yoxdur. Embarqo altındakı Yərmuk düşərgəsində günlərlə ac-susuz qalan, sadəcə dəridən və sümükdən ibarət insanlar ölümlərini gözləməkdən başqa heç nə edə bilmirlər.
Bu düşərgə 1957-ci ildə Ərəb-İsrail müharibəsində zərər çəkmiş fələstinliləri qorumaq məqsədi ilə yaradılmışdı. Hazırda isə tam tərsinə fəaliyyət göstərir. Artıq düşərgə burada yaşayan minlərlə günahsız fələstinlinin “məzarına” çevrilmək üzrədir.
Dünya 100-ə yaxın insanın gözlər önündə aclıqdan ölməsinə sadəcə tamaşa etdi. İslam aləmi də hadisələrə lazımi münasibəti bildirmir.
BMT-nin UNWRA təşkilatı yalnız bir müddət əvvəl bölgəyə çox məhdud miqdarda yardım apara bildi. Bölgədəki fəallardan Rami əs-Seyid: "Yərmuk mühacir düşərgəsində insanların əksəriyyəti aclıqdan xəstəlik tapıb. Xəstələr üçün mütəxəssis həkimlər gətirilməlidir. Düşərgədə insanlar aclıqla yanaşı xəstəliklə də boğuşur "deyir.
“Independent” qəzetində dərc edilən bir xəbərdə uşaqların da yaşadığı Yərmuk düşərgəsində insanlıq dramı yaşandığı qeyd olunur. Xəbərdə Suriya rejimi tərəfindən mühasirəyə alınan bölgədə insanların duzlu su içdiyi, heyvan qidası və yarpaqlarla bəsləndiyi deyilir. Qəzetə müsahibə verən Kais Səid 3 gündür yemək yemədiyini, insanların ot, it, pişik yeməyə başladığını bildirərək faciənin böyüklüyünü gözlər önünə sərdi.
Düşərgə insanın yaşamağı üçün normal şəraitə malik deyil. İnsanlar aclığa və xəstəliklərə təslim olmuş, biçarə ölümü gözləyirlər. Informasiya vasitələrinin verdiyi məlumatlara görə düşərgədə əvvəllər 600 mindən çox insan yaşayırdısa hazırda bu rəqəm 20 minə qədər enib. Yüz minlərlə insan evindən didərgin düşərək qaçqın həyatı yaşamağa məcbur qalmışdır.
KİV-lərdən əldə edilən məlumata əsasən düşərgədə yaşayan qaçqınlar artıq tapdıqları hər şeyi yeməyə başlayıblar. Su olmadığı üçün duzlu su içirlər. Evlərindəki mebeli yandıraraq soyuqdan qorunmağa çalışırlar. Bütün dünya bu dəhşətli vəziyyətə göz yumduğu üçün utanmaldıır!
Beynəlxalq Əfv Təşkilatı Suriya hökumətindən Yərmuk düşərgəsi də daxil olmaqla Şamda mühasirədə olan bölgələrə humanitar yardımın çatdırmaq üçün izin istədi. Lakin təşkilatdan əldə edilən məlumata əsasən Suriya hökumətinə göndərilən yardımlar əngəlləndi.
Qərb ölkələri insan hüquqlarına çox böyük əhəmiyyət verir və bu mövzuya, həqiqətən də, çox həssas yanaşır. İstənilən halda insan azadlığına və hüquqlarına məhdudiyyət qoyulması Qərbin kəskin etirazına səbəb olur. Ancaq çox ağır vəziyyətdə olan Yərmuk üçün isə Qərbin dərin sükuta qərq olduğunu görürük.
Təbiətə bir zərər gəlsə və ya bir delfin sahilə çıxsa bütün imkanlarını səfərbər edən, hər kəsi ayağa qaldıran Qərb ölkələri, əslində, insan canını qorumaq üçün daha böyük səy görtəməli, daha həssas davranmalıdırlar. Halbuki, zalım diktatorlar zülmlərini asanlıqla mətbuatdan və dünya ictimaiyyətindən gizlədə bilir, hər hansı siyasi və ya ictimai təzyiqə məruz qaldıqda isə şiddəti, cinayətləri, qətliamları daha da artırırlar.
Bunun qarşını almaq üçün, ilk növbədə, bütün dünya bu dəhşətli faktlar barədə xəbərdar edilməlidir. Dünya ictimaiyyətinin vicdanına toxunan, zülmləri insanlara ətraflı və obyektiv çatdıran fəaliyyətin Qərbi ayağa qaldıracağı və Suriyadakı kimi rejimlərin bundan çox narahat olacağı aydındır.
İslam ölkələri də bu problemin həlli üçün birlik nümayiş etdirməli, əl-ələ verərək zülmə məruz qalan, yardıma möhtac qardaş-bacılarımız üçün ciddi cəhd etməlidirlər. Əsəd hökuməti mühasirəni qaldırmağa razı salınmalıdır. Göz önündə məsum qardaş-bacılarının şəhid edilməsini, zülmə, əzab-əziyyətə məruz qoyulmasını heç bir müsəlman qəbul etməz. İslam ölkələri bu mövzuya daha həssas yanaşmalı və mühasirələrin qaldırılması üçün Suriyaya təzyiq etməlidirlər.
Aydındır ki, Suriya hökuməti ən çox Rusiyanın “sözünü dinləyir”. Yərmukdakı qaçqınlara humanitar yardımın çatdırılmalı və xəstələr azad edilərək xəstəxanalara yerləşdirilməlidirlər. Əks halda ölüm halları hər gün daha da artacaq. Buna görə də Rusiyanın Suriya üzərindəki imtiyazından istifadə edərək günahsız insanların xilas olması üçün ciddi addımlar atılmalıdır. Cənab Putinin vicdanlı bir lider olduğuna və bu mövzuda çox həssas hərəkət edəcəyinə ümid edirik.
Yərmuk problemi regional problem hesab edilməməlidir. Günahsız insanların elektriksiz, susuz, yeməksiz və dərmansız qalmasını heç bir vicdan qəbul etməz. Dünyanın hər hansı bir bölgəsində zəlzələ və yaxud sel kimi təbii fəlakətlər baş verdikdə bir çox ölkə əlindəki imkanlarla kömək etməyə çalışır. Tarixdə dəfələrlə belə nümunələrə rast gəlmişik. Hətta soyuq münasibətləri olan ölkələr də belə bir vəziyyətdə bir-birlərinə kömək əli uzadırlar. Bir sözlə, insanlar və dövlətlər istədikləri vaxt həmrəylik göstərə bilirlər. İndi də belə həmrəylik göstərməyin əsl vaxtıdır.
İnsanlar, təşkilatlar, quruluşlar və dövlətlər birlikdə səsini yüksəltsə Əsəd rejimi dərhal geri addım atacaq. Ya mühasirəni tamamilə qaldıracaq, ya da yüngülləşdirəcəkdir. Bundan istifadə edərək ağır vəziyyətdə olan xalqa lazımi kömək çatdırıla bilər. Bunun üçün hər bir insan, müsəlman məsuliyyətdən qaçmamalı, qardaş-bacılarımızın xilas edilməsi üçün cəhd etməlidir.