Daim inkişaf edən elm və texnologiya bəşəriyyətə böyük imkanlar təqdim edir. Böyük dağların içindən sürət qatarları keçir, dənizin altında bir qitədən digərinə aparan tunellər açılır. Bir əsr əvvəl bunların bir çoxunu təsəvvür etmək belə çətin idi.
Ancaq bu bir həqiqətdir ki, inkişaf etmiş texnoloji imkanlara baxmayaraq, təbiətdə baş verən fəlakətlər qarşısında bəşəriyyət acizdir.
Avqustun sonunda Amerikada meydana gələn Harvey qasırğası böyük dağıntılara səbəb oldu. 50 illik yağış rekordu nəqliyyat, səhiyyə, qidalanma, kanalizasiya kimi bir çox infrastrukturu yararsız hala saldı. İnsanların bir qismi bölgəni tərk edərək xilas olmağa çalışdı. Ondan dərhal sonra gələn İrma qasırğası isə tarixdə "qeydə alınan ən güclü Atlantik okeanı qasırğası" kimi ABŞ-ın Florida ştatında meydana gəldi.
Fəlakətlər, şübhəsiz ki, dağıdıcıdır. Ancaq fəlakətlərin baş verdiyi bölgələr bütün çətinliklərə baxmayaraq, fədakarlığı gözəl yaşayan bölgələrdir. Məsələn, Harvey qasırğası siyasətdə, mediada və ya sosial həyatda asanlıqla əldə edilməsi mümkün olmayan dəyərlərin böyük fəlakətlər zamanı Amerika xalqı tərəfindən asanlıqla əldə edildiyini göstərdi. Amerika xalqı bu böyük dağıntı zamanı yardımlaşmanın gözəlliyini bütün dünyaya xatırlatdı.
Qasırğadan sonra bir çox amerikalı imkanları daxilində təbii fəlakətdən zərər görən insanlara yardım etdi. Bəziləri qayıqlarına minərək sel sularında qalan insanları xilas etmək üçün öz canlarını təhlükəyə atdı, bəziləri isə xilasetmə tədbiri olaraq zəncirvari düzülən insanların sıralarına qoşuldu. Bu insanlar selin yaratdığı su yığınlarının ortasında avtomobillərində köməksiz vəziyyətdə qalanları daha təhlükəsiz yerlərə çatdırdılar.
Uşaqlar onları aparmaq üçün gələn yük maşınlarına zəncirvari düzülən insanlardan yapışaraq minə bildilər. Hyustonda SWAT üzvünün bir ananı qucağındakı körpəsi ilə birlikdə suyun içində qollarında daşıması hələ də yaddaşlardadır.
Təkcə xilasetmə əməliyyatlarında şəxsən iştirak edənləri deyil, 911 xidmətində yardım zənglərini cavablandıran operatorları, zərərçəkmiş insanlara yemək aparan fast-food işçilərini, mağazasını fəlakətdən ziyan çəkənlər üçün sığınacaqlara çevirənləri və ianə kampaniyalarına dəstək olanları da unutmamaq lazımdır. Onlar da ən az digərləri qədər qəhrəmanlıq göstərdilər.
Burada deyilənlər Hollivud filminin səhnələri deyil. Hamısı şəkil və videoları ilə mətbuat və internetdə öz əksini tapmış real hadisələrdir. Qəhrəmanları bəlkə Marvel, ya da Disneyinki qədər məşhur deyillər. Hətta bəzilərinin adları heç vaxt bilinməyəcək. Amma bu insanlar heç vaxt unudulmayacaq bir şey etdilər. Dünyaya qəlblərindəki cəsarət, xeyirxahlıq və fədakarlıq kimi duyğulara nə qədər çox ehtiyac olduğunu xatırlatdılar.
Bu yardımlaşma zamanı ağ, qara, respublikaçı, demokrat ayrı-seçkiliyi yox idi. Bir çox yerdə katoliklər protestantlara, protestantlar musəvilərə, musəvilər müsəlmanlara yardım əlini uzatdı. Müsəlman qrupların uzatdığı yardım əli isə bu fəlakətdən sonra önə çıxdı. [i] Bir çox müsəlman qrup qasırğadan əziyyət çəkən xristian və musəvilərə kater, ərzaq və digər yardım ləvazimatları ilə dəstək oldu. Hyustondakı bir məscid texaslılara sığınacaq verdi. Məscid camaatı qasırğada zərər çəkən insanlara daha çox yer vermək məqsədilə namazlarını avtomobil dayanacağında qıldılar. [ii] Heç kim kömək etmək üçün bir-birindən inancını və ya siyasi fikrini soruşmadı.
Halbuki hələ bir neçə ay bundan əvvəl müxtəlif siyasi məsələləri bəhanə edərək küçələrdə zorakılıq aktları həyata keçirən qruplar dünyaya fərqli mənzərə nümayiş etdirirdi. Bu mənzərəyə görə Amerikada ayrılıq və qütbləşmə o qədər artmışdı ki, dünya mediası bunu, "Amerika daxili qarşıdurmaya sürüklənir" başlıqları ilə verirdi. Ancaq Harvey qasırğası ilə gələn birlik və bərabərlik görüntülərindən sonra zehinlərdəki "küçələrdə bir-biriləri ilə toqquşan amerikalılar" imici böyük ölçüdə qırıldı.
Bütün dağıdıcılığına baxmayaraq, təbii fəlakətlər rəngi, dini, əqidəsi nə olursa olsun, insanlara insani dəyərlərini və hər şəraitdə birlik olduqlarını xatırladır. Ümid edirik ki, nə Amerika, nə də dünyanın hər hansı bir bölgəsi böyük dağıntılar gətirən fəlakətlərə məruz qalmaz. Ancaq bu faciəvi hadisələrin öyrətdiyi insanlıq dərsi hər zaman yadda qalmalıdır. Çətin vəziyyətlərdə bir-biri ilə birləşməyi bacara bilən insanlar bu birlik ruhunu möhkəmləndirəcək və gündəlik həyatda tətbiq edəcək güc və qabiliyyətə malikdirlər. Xüsusilə, keçmişdən həmrəylik ruhu ilə nümunə olan Amerika xalqı araqızışdırıcıların spekulyasiyalarına imkan verməməli, birlik ruhunun daim güc gətirəcəyini unutmamalıdırlar. Ümid edirik ki, bu birlik ruhu yaxın gələcəkdə bütün dünyaya sirayət edəcək.
[i] https://www.vox.com/identities/2017/9/1/16235172/muslim-groups-houston-harvey-relief-osteen-mosque
[ii] http://www.independent.co.uk/news/world/americas/texas-faith-survivors-rescue-storm-flooding-victims-a7925331.html
Adnan Oktarın “Bernama” və “The Borneo Post”da yayımlanan məqaləsi:
http://www.bernama.com/bernama/v8/fe/newsfeatures.php?id=1394524