Əsri səadət dövrünün son xəlifəsi: Hz. Əli
ucgen

Əsri səadət dövrünün son xəlifəsi: Hz. Əli

402

İslam tarixinin ən parlaq dövrlərindən olan “Dörd Xəlifə Dönəmi”nin son xəlifəsi hz. Əli (r.ə) olmuşdur. Peyğəmbərimizə (s.ə.v) və özündən əvvəlki dəyərli İslam xəlifələrinə könüldən beyət edərək onlara qəti bir itaətlə bağlanmış, malik olduğu yüksək əxlaq ilə bütün müsəlmanlara nümunə olmuşdur.

Peyğəmbərimizin (s.ə.v) əmisi Əbu Talibin oğlu olan hz. Əli (r.ə), kiçik yaşda İslamı qəbul edən ilk müsəlmanlardandır. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Peyğəmbərimiz hz. Məhəmmədin (s.ə.v) yanında böyümüş və onun təlim-tərbiyəsini almışdır.

 Hicrətdən təxminən 23 il əvvəl Məkkədə anadan olan hz. Əli (r.ə), Quran əxlaqını yaşamaqda Peyğəmbərimizin (s.ə.v) nümunə göstərdiyi mübarək bir İslam xəlifəsidir. Müsəlmanlara qarşı böyük bir düşmənçilik nümayiş etdirən Məkkə müşriklərinin əzab və əziyyətlərinə baxmayaraq, İslamı qəbul etdiyi kiçik yaşlarından etibarən Peyğəmbərimizin (s.ə.v) ən yaxın köməkçilərindən olmuşdur.

 Üçüncü İslam xəlifəsi olan hz. Osman (r.ə) şəhid edildikdən sonra miladi təqvimlə 656-ci ilin Zilhiccə ayında xəlifə olmuşdur. Təxminən dörd il doqquz ay davam edən xəlifəlik dövrü, tarixi mənbələrə görə, miladi təqvimlə 661-ci ildə şəhid edilməsi ilə sona çatmışdır. (Doğuştan Günümüze Büyük İslam Tarihi, Çağ Yayınları, 2-ci cild, səh. 223-268)

 

Elm aparıcısı olan İslam Xəlifəsi

 

Hz. Əlinin (r.ə) üstün xüsusiyyətlərindən biri Allahın izni ilə sahib olduğu elmdir. Onun yaşadığı dövrdə İslam cəmiyyətinin elm sahəsində qabaqcıl şəxsiyyətlərindən olduğu hər kəs tərəfindən ittifaqla qəbul edilir. Sahib olduğu elm, fiqh mətnləri və hökmləri ilə məhdudlaşmamış, riyaziyyat və digər elm sahələrində də dövrünün qabaqcıllarından olmuşdur. Peyğəmbərimiz (s.ə.v) hz. Əlinin (r.ə) bu əhəmiyyətli xüsusiyyətini bir hədisi-şərifində belə tərifləmişdir:

 “Mən elmin şəhəriyəm, Əli (r.ə) isə onun qapısıdır”. (Deyləmi)

 Hz. Əli (r.ə), hələ uşaqlığından etibarən Peyğəmbərimizin (s.ə.v) yanında olmuş, Quran əxlaqını və Quranın ayələrini ondan öyrənmiş, onun vəhy katibliyini etmişdir. Peyğəmbərimizin (s.ə.v) vəfatına qədər onun yanından ayrılmamışdır. Beləliklə, dini mövzularda yüksək elm səviyyəsinə çatmışdır. Bunun üçün hz. Əli (r.ə) hz. Əbu Bəkr (r.ə), hz. Ömər (r.ə) və hz. Osmanın (r.ə) ilk məsləhət aldığı insanlar arasında olmuşdur.

 

Peyğəmbərimizin (s.ə.v) hz. Əli (r.ə) haqqında sözləri

 

“Əlini (r.ə) sevən, məni sevmişdir. Ona düşmənçilik, mənə düşmənçilikdir. Onu incidən məni incitmişdir. Məni incidən də, əlbəttə, Allahı incitmiş olar”. (Təbərani)

“Hər şeyin bir qanadı var, bu ümmətin qolu-qanadı da Əbu Bəkr (r.ə) və Ömərdir (r.ə). Hər şeyin bir qalxanı var, bu ümmətin qalxanı da Əlidir (r.ə)”. (Xatib)

 

Hz. Əlinin (r.ə) ədalətli idarəçilik anlayışı

 

Hz. Əli (r.ə) rəhbərliyi altında saxladığı hər bir bölgədə hərbi mərkəz yaratmışdı. İdarəetmə ilə bağlı diqqət etdiyi mühüm məqam, alınan hər qərarın ədalətli və qəti bir həllə yönəlmiş olmasıdır.

Dövlət idarəçiliyində hz. Ömərin (r.ə) yolunu izləyən hz. Əli (r.ə), ilk növbədə onun Qurandakı üstün ədalət anlayışını rəhbər tutmuşdur. Rəhbərliyi altında olan şəxslərə qarşı həmişə çox şəfqətli olan hz. Əli (r.ə), mühüm vəzifələrdə olan idarəçilərin də ədalət məsələsində diqqətli olmasını istəmişdir. Bu səbəblə rəhbərlərinə nəsihətlər verən hz. Əlinin (r.ə) günümüzə qədər gəlib çatan bu tövsiyələri, bu gün bütün dünyada idarəçilik sahəsində əhəmiyyətli bir rəhbər kimi qəbul edilir. Bu vacib tövsiyələrdən bəziləri belədir:

 

  1. Xalqa qarşı daim içinizdə sevgi və nəzakət hissləri bəsləyin. Uğurunuzun, onları danlamaqda və sərt davranmaqda olduğu fikrinə düşməyin.
  2. Hamıya ədalətli davranın.
  3. Tərəf tutmayın, bəzi insanlara üstünlük verməyin. Bu cür davranışlar sizi zülmə və özbaşınalığa çəkər.
  4. İdarəçilərinizi seçərkən, dövlətə qarşı cinayət işləməyən, məzlumlara qarşı zülm etməyənlərdən olmasına diqqət edin.
  5. Doğru, dürüst və nəzakətli insanları seçin və öz mənafeyini güdməyənlərə üstünlük verin.
  6. Məmurlarınıza, haqsız qazanc və əxlaqsızlıq etməmələri üçün kifayət qədər maaş verin.
  7. İdarəçilərinizə nəzarət edin, bunun üçün güvəndiyiniz səmimi insanların məsləhətlərinə qulaq asın.
  8. Xalqın etimadını qazanın və onların yaxşılığını istəyin, etdikləriniz üçün insanlara minnət qoymayın.
  9. Heç bir zaman sözünüzdən dönməyin. Etməyə qadir olmadığınız işləri də vəd etməyin.
  10. Qəzəbinizi yenin. Hirsli olduqda cəza verməkdən çəkinin. Hirsinizin soyusun ki, müsbət qərarlar verə biləsiniz.
  •  

 

Peyğəmbərimiz (s.ə.v) hz. Əlinin (r.ə) şəhadətini xəbər vermişdir

 

 Allah Rəsulu (s.ə.v), Əliyə (r.ə) yanaqlarını göstərərək belə buyurdu: “Buradan, buradan zərbə alacaqsan, qanın saqqalın bulanana qədər axacaq!”

 

 Peyğəmbər (s.ə.v) ilə Əlinin (r.ə) yanına girdik. Xəstə idi. Əbu Bəkr (r.ə) və Ömər (r.ə) də burada idi. Biri dostuna belə dedi: “Deyəsən öləcək!”

 

Hz. Əlinin (r.ə) nümunəvi cəsarəti

 

Hz. Əlinin (r.ə) elmi üstünlüyü və ədalətli idarəetmə anlayışı ilə bərabər, Quran əxlaqının nəticəsi olaraq ön plana çıxan digər bir xüsusiyyəti də nümunəvi cəsarəti olmuşdur. Quran əxlaqına görə əsl cəsarət, Allahdan başqa heç kimdən qorxmadan və çəkinmədən Allahın sərhədlərini tamamilə və qüsursuzca qorumaqda qətiyyət göstərmək, heç bir şərt və mühitdə Quran əxlaqından kənara çıxmamaqdır. Bir möminin cəsarətinin əsl qaynağı isə Uca Rəbbimizə olan imanı, dərin sevgisi, Allah qorxusu və cənnətə duyduğu həsrətdir.

 

 Hz. Əli (r.ə) də üstün əxlaqi xüsusiyyətləri ilə istər Peyğəmbərimizlə (s.ə.v) birlikdə iştirak etdiyi döyüşlərdə, istərsə də hicrət əsnasında bütün möminlərə nümunə olacaq bir cəsarət nümayiş etdirmişdir.

 

 Təbük səfəri istisna olmaqla bütün döyüşlərdə Peyğəmbərimizin (s.ə.v) yanında olan hz. Əli (r.ə), hər hadisədə bir möminin göstərməli olduğu əxlaqı və cəsarəti qüsursuz olaraq nümayiş etdirmişdir.

 

 Tarixi mənbələrə görə, Yəmən müharibəsində ordu komandanı vəzifəsi verilən hz. Əlinin (r.ə) hicrəti isə Peyğəmbərimizin (s.ə.v) ona, sahiblərinə verilmək üçün qoyduğu əmanətləri təslim etdikdən sonra baş vermişdir.

 

 Hz. Əlinin (r.ə) Allaha olan təvəkkülünün və Peyğəmbərimizə (s.ə.v) olan qeyri-şərtsiz sədaqətinin bir çox nümunəsi vardır.

 

Hz. Əli (r.ə) belə buyurur:

 

  1. Elm alçaqda qalanları yüksəldər, cəhalət dı yüksəkdəkiləri alçaldar.
  2. Rəsulullaha (s.ə.v) ən yaxın olanlar ona tabe olanlardır. Düşmənləri də Allaha (cc) qarşı çıxanlardır.
  3. Saleh əməl: Tərif və mükafatını yalnız Allahdan (cc) gözlədiyin əməldir.
  4. Axirətə yaxınlaşmaq və dünyadan uzaqlaşmaq hissini itirməyin! Dünya itkilərindən kədərlənməyin və daim xeyir işləyin!
  5. Əsl dost, ayıbını görüb nəsihət edən, sən yox ikən səni qoruyan və səni özündən üstün tutandır. (“Türkiye” qəzeti S:16, 26 oktyabr 2005-ci il, Hikmətlər-Mehmet Oruc)
  6. Sıxıntıya səbir etmək bolluq anındakı rifahdan daha xeyirlidir.

 

Hz. Əlinin (r.ə) hökmdarlara nəsihəti

 

  • “Bağışladığına görə heç vaxt peşman olma. Cəzalandırdığın üçün də sevinmə! Xalqının ayıbını gücünün çatdığı qədər ört ki, Allah da sənin xalqından gizli qalmağını istədiyin şeyi örtsün. Heç kimə kin duyma! İntiqam iplərini kəs...
  • Sadiq və qənaətcil adamları özünə sirdaş tut. Əgər onlar səni alqışlamasalar və etmədiyin bir işi sənə istinad edib sevindirməsələr, bunu da anlayışla qarşıla. Çünki alqış və yersiz tərif insanı təkəbbür göstərməyə sövq edər.
  • “Heç vaxt insanların yaxşısı ilə pisi sənin yanında eyni olmasın. Çünki onları bərabər görmək bir tərəfdə yaxşıları yaxşılıqdan soyudarkən, pislərin də pisliyə meyl etməsində onlara cəsarət verər”. (“Türkiye” qəzeti S:16, 28 oktyabr 2005, Hikmətlər-Mehmet Oruc)

 

Hz. Əlinin (r.ə) ilk xütbəsi

 

 “Şübhəsiz ki, şanı Uca Allah insanları qurtuluşa aparan bir kitab nazil etdi. Bu kitabında xeyri və şəri açıqladı. Elə isə xeyirdən yapışın, şəri tərk edin. Fərzləri Allah üçün yerinə yetirin, sizi cənnətə aparsın. Allah aşkar olan bir haram qoydu və müsəlmanın hörmətini bütün haramlardan öndə tutdu. İxlasa və müsəlmanların birliyinə önəm verdi... Allahın qullarına pis rəftar etməkdən çəkinin. Ondan qorxun. Üzərində olduğunuz torpaqlardan və heyvanlardan məsulsunuz. Uca Allaha itaət edin və Ona üsyan etməyin. Xeyir gördükdə onu alın, şər gördükdə isə tərk edin. Xatırlayın ki, bir zaman siz yer üzündə az və gücsüz idiniz”. (“Doğuştan Günümüze Büyük İslam Tarihi”, Çağ Nəşriyyatı, 2-ci cild, səh. 223-268)

 

Allah möminlərlədir

 

Allahdan bir rəhmət olaraq ədalət, elm, səxavət, mərhəmət və digər yüksək dəyərlərə malik olan hz Əlinin (r.ə) cəsarətinin ən əhəmiyyətli səbəbi sonsuz rəhmət sahibi olan Uca Allahın hər an möminlərlə olduğunu bilməsidir.

 

Allahın izni ilə, iman etməyənlər möminlərə heç bir şəkildə zərər verməzlər. Hicrət səfəri və bu şərəfli səfərdə Peyğəmbərimizin (s.ə.v) və İmam Əlinin (r.ə) müşriklərin mühasirəsində olmasına baxmayaraq, heç bir zərər görməmələri, bunun ən açıq dəlillərindən biridir. Allah iman etməyənlərin möminləri təzyiq altına almaq, hətta öldürmək üçün etdikləri bütün plan və tələləri həmişə boşa çıxarmışdır. Bu mühüm sirr bir ayədə belə bildirilmişdir:

 

Zalımlar öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)

 

Şübhəsiz, dəyərli İslam xəlifəsi hz. Əlinin (r.ə) bu əxlaqı digər bütün möminlər üçün də nümunə olmalıdır. Çünki Allah Onun rizasını üstün tutan bütün möminlərə dərgahından əminlik bəxş edir. Rəbbimiz ayələrdə inkar edənlərə qarşı möminləri qoruyacağını, onlara zəfər nəsib edəcəyini vəd edir. Ayədə bildirildiyi kimi, unudulmamalıdır ki, “…Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir”. (Nisa surəsi, 141)

PAYLAŞIN
logo
logo
logo
logo
logo