Quran, yaşından və mədəniyyətindən asılı olmayaraq hər kəsin anlaya biləcəyi, açıq-aşkar bir öyüddür.
İslam dininin çətin olduğu haqqındakı yanlış fikirlərin ən böyük səbəblərindən biri məlumatsızlıqdır. Hazırda insanların bir hissəsi Quran ayələrində bildirilən həqiqətlərdən, axirət həyatının varlığından, cəhənnəm əzabından, bənzərsiz cənnət nemətlərindən və Rəbbimizin müxtəlif mövzulardakı öyüdlərindən xəbərsiz bir həyat yaşayırlar. Halbuki, Quran insanların oxumaları, içindəki hikmətləri və həyatın əsl məqsədini öyrənmələri üçün endirilmişdir. Quranda ... “Mənə əmr olunub ki, müsəlman olum və Quran oxuyum!”... (Nəml surəsi, 91- 92) şəklində buyrulmuşdur.
Quranı oxumaq və həmişə Quran əxlaqına uyğun davranmaq bir müsəlmanın ən mühüm məsuliyyətlərindən biridir. Quran açıq-aşkardır və hər oxuyan ayələri qavraya bilər. Lakin yalnız Allahın hidayət verdiyi kəslər Quran əxlaqını bütün həyatlarında tətbiq edə bilərlər. Allah könüldən Özünə yönələn səmimi qullarına hidayət nəsib edəcəyini bildirmişdir. İnsanların Quran ayələrini anlaya bilməyəcəklərini iddia edənlər isə bir çox insanın Quranı oxuyub Rəbbimiz olan Allaha yönəlməsinə, Quran əxlaqına görə yaşamasına mane olmağı məqsəd qoymuşlar. Halbuki, Allah, ayələrinin çox açıq və aydın olduğunu Quranın bir çox ayəsində bildirir:
"Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər." (Bəqərə surəsi, 99)
"Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik. " (Nisa surəsi, 174)
Allahın insanlar üçün seçib bəyəndiyi İslam dininin çox aydın olması ilə yanaşı, Quran ayələrindəki hökm və tətbiqlər də son dərəcə asandır. Allah ayələrdə Quran üçün belə buyurmuşdur:
Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. (Ta ha surəsi, 2- 3)
Quran əxlaqı insanın fitrətinə uyğun olan tək həyat tərzidir
İnsanı yoxdan var edən Allah, onun nələrə ehtiyacı olduğunu, hansı ibadətlərə güc çatdıra biləcəyini, necə sağlam, dinc və xoşbəxt olacağını ən yaxşı biləndir. Bu səbəbdən Allah bir ayədə heç kimə gücünün çatmayacağı bir məsuliyyət verilməyəcəyini bildirir:
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi, 286)
Allah, sonsuz mərhəməti və şəfqəti ilə insanların ən rahat olacaqları, ən dinc və ən gözəl həyat tərzini Quranda bütün təfərrüatı ilə təsvir etmişdir. Məsələn, insan yaradılışı gərəyi sevgidən, hörmətdən, şəfqət və mərhəmətdən zövq alır. Özünə həmişə bu şəkildə davranılmasını istəyir. Zülmdən, əxlaqsızlıqdan, pisliklərdən çəkinir, bunlara məruz qalmaq istəmir və ruhunda bunları hiss etməsi Allahın diləməsi ilə olur. Allah insanları bu fitrət üzərində yaratmışdır. Bu səbəbdən İslam əxlaqına uyğun bir həyat, insanın hər şəkildə zövq alacağı, razı olacağı bir həyatdır. Quranda xəbər verilən din əxlaqının insan üçün hər baxımdan son dərəcə asan olduğu bəzi ayələrdə belə bildirilmişdir:
"İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”. (Kəhf surəsi, 88)
"Biz Quranı yada salmaq üçün asanlaşdırdıq..." (Qəmər surəsi, 17)
“... O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı...” (Həcc surəsi, 78)
Peyğəmbərimizin (səv) sünnəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri də son dərəcə asan tətbiq oluna bilməsidir. Quranı özünə rəhbər edən Rəsulullah (səv) qövmünə "Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin" (Buxari səhih, Elm b, 11) buyuraraq öyüd vermişdir..
Bəzi insanların din əxlaqını yaşamağın həyatlarını çətinləşdirəcəyini düşünmələri şeytanın hiyləsidir
Din əxlaqını necə varsa, o cür, yəni asan olaraq göstərmək, insanların qəlblərini Qurana və İslam əxlaqına yaxınlaşdırmaq, insanlara Quranı və Peyğəmbərimizin (səv) sünnəsini öyrədib həyatlarının tək yol göstəricisinə çevirmək hər müsəlmanın vəzifəsidir. Bu həqiqəti bilməyən bəzi insanlar isə Quran əxlaqının hüdudları aradan götürüldüyü təqdirdə daha rahat yaşayacaqlarını, məsələn, əxlaqi dəyərlərə əhəmiyyət vermədikləri zaman azad olacaqlarını düşünürlər. Ya da din əxlaqının həyatlarını çətinləşdirən bəzi məhdudiyyətlər gətirəcəyini zənn edirlər. Halbuki, bütün bunlar çox böyük yanılmalar və şeytanın yalanlarıdır. Çünki Allahın bildirdiyi din əxlaqını yaşamaq və Quran hökmlərini yerinə yetirmək çox asandır. Əsl çətin olan Allahın bildirdiyi sərhədləri tanımayan insanlardan ibarət olan bir cəmiyyətdə yaşamaqdır.
Belə bir həyat çox pis nəticələri də özü ilə gətirir. Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə daim qarışıqlıq, narahatlıq, qorxu, bədbəxtlik və stress vardır. Allahdan qorxmayan bir insan hər cür əxlaqsızlığı edə bilər, heç bir mövzuda sərhəd tanımaya bilər. Bu şəkildə azğın bir həyat sürər. Belə bir həyatda insanlar bir-birlərinə qarşı fədakarlıq göstərməz, sevgi və hörməti həqiqi mənada dərk edə bilməz, bir-birlərinə maddi və mənəvi dəstək verməzlər. Buna görə də Allahın bildirdiyi xaricində bir həyat şəkli heç vaxt heç bir insana xoşbəxtlik gətirməz. Quran əxlaqı yaşanmadığı zaman insanın hüzur tapacağı mühitin tam tərsi, tamamilə şeytanın istədiyi kimi cəhənnəmə bənzər bir mühit meydana gəlir.
Üstəlik, bu insan, Allahın əmrlərindən uzaqlaşdığı üçün böyük bir peşmançılıq duyacağı, çətinliklərin və ağrıların ən böyüklərini yaşayacağı axirət həyatı ilə qarşılaşacaq. Vicdanının əksinə, Allahın sərhədlərini qorumaq mövzusunda zəif davrananlar və ya iman gətirməyib, Quran əxlaqından uzaq yaşamağı gözəl görənlər dünyada da, axirətdə də çətinlik və sıxıntılarla qarşılaşacaqlar. Allah bir ayədə belə bildirir:
“..... Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar.....” (Talaq surəsi , 1)
Allaha könüldən təslim olan, qorxub çəkinən və Quranda bildirilən hökmləri əksiksiz olaraq yerinə yetirən insanlar isə həm dünyada, həm də axirətdə böyük bir qazanc içindədirlər. Hər şeydən əvvəl, Allaha itaət etməyin mənəvi həzzini və vicdani rahatlığını yaşayarlar. Allah, Onun razılığını qazananaları və bildirdiyi sərhədləri qoruyanları bir ayəsində belə müjdələmişdir:
“Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, ruku və səcdə edən, yaxşı işlər görməyi buyurub, pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ.” (Tövbə surəsi , 112)
Peyğəmbərimiz (səv) Allahın sərhədlərindən ayrılmamağı və eyni zamanda sərhədləri aşmamağı möminlərə xatırlatmış və din əxlaqını yaşamağın asan olduğunu vurğulamışdır:
"DİN ASANDIR. KİMSƏ DİNƏ QARŞI OLA BİLMƏZ. ÇÜNKİ, DİNƏ MƏĞLUB DÜŞƏR. (YƏNİ DİNİN ASANLIĞINA UYĞUNLAŞMALIDIR. MÖHKƏM TUTUM DEYƏN, ACİZ QALAR). XƏTTİ HƏRƏKƏTİNİZİ DOĞRULDUN, (HÜDUDA) YAXIN OLUN!" (Ramuz əl-Hədis, 1. cild, səh. 98)
İnsanlar dini Peyğəmbərimizin (səv) yuxarıdakı hədisi ilə bildirdiyi şəkildə qiymətləndirməlidirlər. Yəni Allahın Öz rəhməti ilə açıq və aydın etdiyi, asanlıqla tətbiq oluna biləcək hökmləri bəzi şəxslərin anlaşılmaz və çətin göstərmələri böyük yanlışdır. Bu, üstün kərəm sahibi olan Rəbbimizin qullarına olan sərhədsiz sevgisinin, şəfqətinin, lütfünün bir dəlilidir.