Məzhəb müharibələrinin İslam dünyasına nə qədər böyük zərər verə biləcəyini başa düşmək üçün tarixə qısa nəzər salmaq kifayətdir. 680-ci ildə hz.Əlinin oğlu hz. Hüseyin Kərbəlada şəhid edildi. Bu hadisə müsəlmanlar arasındakı məzhəb ayrılığının səbəblərini araşdıranlar üçün qanlı münaqişələrin başladığı ilk nöqtədir.
Dövrümüzdə bu təhlükə bütün şiddəti ilə Yaxın Şərqdə yaşanır və eyni dağıdıcı təsirini müsəlmanlar üzərində göstərməyə davam edir. Məzhəb ayrılıqları müsəlman dünyasını daxildən gəmirib gücsüzləşdirən ən köklü bəladır. Müsəlmanı müsəlmana qırdırmaq istəyən qüvvələr hər zaman müsəlmanların içindəki bu zəiflikdən istifadə etmiş, Yaxın Şərq tarix boyunca bu yanlış zehniyyət ucbatından qanayan yara halına gəlmişdir. Eyni dinə, eyni Peyğəmbərə inanan, birlikdə “Allah birdir” deyən müsəlmanlar bu saxta ayrılıq səbəbindən bir-birinə düşmən olmuş, Suriya və İraq nümunəsində olduğu kimi, böyük bir fəlakətə sürüklənmişdir. Bu ölkələrdə bombardman və silahlı hücumlarda həyatını itirənlərin sayı artıq nəzarətdən çıxıb.
Məzhəblər arası qətliamları dəstəkləmək İslama uyğun deyil
Bəzi müsəlmanların məzhəb ayrılığından irəli gələn münaqişələri, müharibələri dəstəkləyən xurafatçı şərhlərə və həqiqətdən uzaq hədislərə etibar etdikləri reallıqdır. Belə ki, xurafatçı din adamları İslamda olmadığı halda, fərqli məzhəb və dindən olanlarla savaşmağın güya caiz olduğu istiqamətində fətvalar verirlər.
Halbuki İslamda hər hansı bir insanı fərqli düşünür, fərqli inanır deyə öldürməyin qəti şəkildə yeri yoxdur. Nəinki öldürmək, bu insanları narahat edəcək hər hansı bir hərəkətdən belə çəkinmək İslamın tələbidir. Allah Quranda cihadın, yəni İslam əxlaqını yaymaq üçün mübarizə aparmağı qan tökərək deyil, sevgi və şəfqətlə aparılan fikri mübarizə olduğunu bildirmişdir. Möminlərin bir-biri arasında ziddiyyət olan insanlara qarşı belə ən gözəl tərzdə cavab verməsi Quranda bu şəkildə bildirilir:
Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! (Fussilət surəsi, 34)
Quranın bu açıq əmrinə baxmayaraq, müsəlmanların bir-birinə qarşı kin və nifrətlə hücum etmələri çox böyük zülmdür. Müsəlmanlar dərhal məzhəb ayrılıqlarını tərk edərək bu xətadan dönməli və Allahın fərz buyurduğu kimi birlik olmalıdırlar.
Allah Quranda müsəlmanlara “bir-birləri ilə çəkişməməyi” (Ənfal surəsi, 46) əmr edir və bunun müsəlmanları gücdən salacağını bildirir. Bir ayədə bu şəkildə əmr edilir:
(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar. (Ali İmran surəsi, 105)
Vicdan və ağılla hərəkət edən, öz mənfəətini deyil, ədaləti qoruyan bir müsəlmanın digər iman edənlərlə ittifaq qura bilməməsi, daimi anlaşmazlıq içində olması mümkün deyil.
Əlbəttə ki, müsəlman cəmiyyətlər arasında regional, dünyagörüşü, ənənə kimi bəzi anlayış və tətbiq fərqləri ola bilər. Fərqli şərhlər, fərqli fikirlər ola bilər. Bu çox normaldır. Anormal olan bu fərqlər səbəbindən bir müsəlman cəmiyyətin və ya qrupun digərinə düşmənçilik etməsi, onunla münasibəti kəsməsi, ortaq dəyərlərdə razılıq əldə etməyəcək qədər digərini yad və hətta rəqib olaraq görməsidir. Bu, qəbuledilməzdir.
Müsəlmanlar bütün insanlara Rəbbimizin təcəlliləri olduğunun şüuru ilə sevgi, mərhəmət və şəfqətlə yanaşmalıdırlar. Özləri ilə eyni inancı bölüşən, Qurana iman gətirən, Allahın əmrlərini yerinə yetirən, Peyğəmbərimizin (səv) sünnəsinə tabe olanları qardaşları olaraq görməli və bir-birlərinin vəliləri olduqlarını unutmamalıdırlar. Fərqli müsəlman cəmiyyətlər arasında ola biləcək dünyagörüşü və ənənə fərqlərini, bəzi fikir ayrılıqları səbəbindən fraksiyalaşmaqdan çəkinmək, bunları daima ön plana çıxarıb ixtilafa zəmin hazırlamaq əvəzinə birliyi, bərabərliyi, ittifaqı qarşıya məqsəd qoymaq lazımdır. Müsəlmanlar ittifaqda bir-birlərini dəstəkləməli, ixtilaflı məsələlərdə də anlayışlı olmalıdırlar. Bunun əhəmiyyətinin fərqində olan səmimi müsəlmanlar və İslam dünyasının öndə gələn ziyalıları birliyi təmin etmək üçün təşəbbüs göstərməli, müsəlmanlar arasında birlik və bərabərliyi təşviq etməlidirlər. Müsəlman dünyasında sevgi, hörmət, mərhəmət, tolerantlıq üzərində qurulmuş həmrəylik olmalıdır.
Qoy bu Ramazan ayında məzhəb münaqişələri sona çatsın! Qardaşlarımız heç bir məzhəb ayrı-seçkiliyi etmədən bir-birlərinin iftarlarına getsinlər, bir-birlərini gözəlliklə, Allah eşqi, sevgi və məhəbbətlə qarşılasınlar. Hamımız eyni Allah’a, eyni Peyğəmbərə, eyni Kitaba inanırıq. Hamımız alnımızı Allah üçün səcdəyə qoyuruq. Hamımızın arzusu Allahın dininin yaşanması və bütün dünyanın dincliyə qovuşmasıdır. Bunun üçün ediləcək ən doğru addım daima birlik olmaq və Allahın bildirdiyi kimi qardaşlar olmaqdır:
Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Saff surəsi, 4)
Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali İmran surəsi, 103)
Adnan Oktarın «Tehran Times»da nəşr olunan məqaləsi: