İslam dinində Ramazan ayının bütün bir il ərzində xüsusi əhəmiyyəti var. Çünki Allah Quranda 12 ay içində ən xeyirli ayın Ramazan ayı olduğunu bildirir. Bundan 1400 il əvvəl Quran hz. Məhəmmədə bu ayda endirilib. Həmçinin Allah möminlərə məhz bu aya aid olan ibadəti, yəni oruc tutmağı vacib buyurub. Ramazan ayında ayələrdə də bildirilən səbəbləri olmayan hər müsəlman oruc tutmalıdır. Bu əmrin tələbi olaraq, Kanadada, Meksikada., İndoneziyada, Malayziyada, Çində və ya dünyanın harasında yaşamağından asılı olmayaraq, müsəlmanlar əsrlərdir həmişə birlikdə bu ayda oruc tutublar.
Ramazan ayında hər kəs üçün gizli və aşkar çoxlu hikmətlər var. Lakin möminlərin oruc tutmalarının və Ramazan ayını böyük sevinclə qarşılamalarının tək səbəbi Allah`a bəslədikləri sevgi və qorxudur. Allah`ın oruc əmrini verməsi möminə bunu tərəddüdsüz yerinə yetirməsi üçün kifayətdir. Lakin Rəhman və Rəhim olan Rəbbimiz Quranın hər hökmünü bizlərin də anlaya biləcəyi hikmətlərlə yaratmışdır. Beləcə insanların həm ağılla, həm də ürəkdən dinin hökmlərindən xəbərdar olmalarını təmin edib.
Ramazan ayı Allah`ın rəhmət və bağışlaması ilə dolu aydır. Onun günləri, gecələri, saatları savablarla doludur və oruc tutmaq (xəstə və səfərdə olanlar xaric) bütün möminlərə ayələrlə vacib buyurulmuşdur.
Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz. (Bəqərə surəsi, 183)
Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar.) Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir. (Bəqərə surəsi, 184)
Əvvəlki məqaləmdə oruc tutmanın insan sağlamlığına olan faydalarından bəhs etmişdim. Bu yazımda orucun insanların mənəviyyatına olan faydasından bəhs etmək istəyirəm. Müsəlman hər halı ilə Peyğəmbərimizə (səv) bənzəyir. Oruc tutması ilə, Allah yolundakı işləri ilə, etdiyi təbliğlə, daima Allah’ın razılığını axtarması ilə Peyğəmbərimizə (səv) bənzəyir. Peyğəmbərimiz (səv) yüksək əxlaqına, dərin imanına, Allah xatirinə insanlara olan sevgisinə və şəfqətinə çatmaq, hətta daha üstün əxlaqla Allah`ın məmnuniyyətini qazanmaq üçün çalışır.
Oruc tutarkən möminlərin gözəl əxlaqı, səbri, fədakarlığı önə çıxarılmalıdır. Hirslənmək, səbirsizlik göstərmək möminə yaraşmır. Mömin gecə - gündüz, səhər - axşam, yaz - qış demədən bütün ömrü boyu çox gözəl əxlaq göstərməlidir, eyni Peyğəmbərimiz (səv) kimi, onun yanında olan saleh səhabələr kimi…
Allah inananların üzərinə xüsusi nur endirir. Ramazan ayında da oruc tutan möminlər gözəl əxlaqda bir-birləri ilə yarışırlar. Dindar olmaq, gözəl əxlaqlı, fədakar olmaq, qəzəbi boğmaq həmişə ağıl, iradə, səbir tələb edir, oruc tutmaq bütün bu gözəl əxlaqa da vəsilədir. Lakin möminlər bütün bunları Allah rizası üçün etməli və digər mömin qardaşlarına da nümunə olmalıdırlar.
Ramazan ayı həm fiziki, həm də ruhən fədakarlığın yaşandığı çox mübarək aydır. Bu ayın bərəkətini müsəlmanlar çox gözəl qiymətləndirməlidirlər. Gözəl iftar süfrələri hazırlayıb, hər sahədən insanı dəvət edərək mehriban mühit yaratmalıdırlar. Bu süfrələrdə Allah`ı bol – bol zikr etməklə, davamlı şükürlə ürəklərdəki Allah eşqinin və sevgisinin artması üçün cəhd etməlidirlər.
Gün ərzində 5 dəfə namaz qılmaq, oruc tutmaq, zəkat vermək, bunların hamısı fərz ibadətlərdir. İman gətirənlər bütün həyatları boyu bu ibadətləri yerinə yetirirlər, lakin bunları gözəl əxlaq və dərin imanları ilə möhkəmləndirməlidirlər. Dinin özü gözəl əxlaqdır, sevgini və ünsiyyəti yaşamaqdır, bütün kainata sevgi ilə yanaşmaqdır. Dedi-qodu etməmək, çirkin söz söyləməmək, nəfsinə məğlub olmamaq, insanları incitməmək və insanları daima yaxşılığa və gözəlliyə çağırmaqdır.
Gözəl əxlaq əmək və fədakarlıq tələb edir, buna görə də gözəl əxlaqlı insan dünyada nadir olur. Möminin bu nadir insanlardan olmaq üçün çalışması və nəfsini davamlı tərbiyələndirməsi Allah qatında çox məqbuldur.
Ramazan ayında mömin qardaşlarımız məzhəb ayrı-seçkiliyi etmədən, camaat fərqliliyi güdmədən bir-birlərinin iftarlarına getsinlər, bir-birlərini gözəlliklə, Allah eşqi ilə, sevgi ilə qarşılasınlar. Hamımız eyni Allah`a, eyni Peyğəmbərə, eyni Kitaba inanırıq. Hamımız alnımızı Allah üçün səcdəyə qoyuruq. Hamımızın məqsədi Allah`ın dininin yayılması və bütün dünyanın hüzura qovuşmasıdır. Bunun üçün ediləcək ən doğru şey daima birlik olmaq, möhkəm birləşmək və Allah`ın bildirdiyi kimi qardaşlar olmaqdır:
Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. (Səff surəsi, 4)
Hamınız Allah`ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah`ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.(Ali – İmran surəsi, 103)