Bir aylıq oruc ibadəti ilə güclənən mənəvi hisslərin və qardaşlıq münasibətlərinin ən yüksək səviyyəyə çatdığı mübarək Ramazan bayramını yenidən daha böyük sevinc və həyəcanla qarşılayırıq. Bu bayramda da bütün müsəlmanlar sevgi və məhəbbətlə bir-birinə qucaq açacaq, bir-birinə xoş sözlər deyəcək, bir yerdə Allahı zikr edəcək, həm bir-biriləri, həm də İslam aləmi üçün dua edəcəklər. Küsülülər barışıb bir-birini qucaqlayacaq, yoxsullara yardım ediləcək, böyüklərin əlləri öpüləcək, kiçiklər bəxşiş, şokolad və şirniyyatlarla sevindiriləcək. Bir çox qardaş-bacımız tər-təmiz paltarları və işıq saçan üzləri ilə ziyarətimizə gələcək, biz də onları ziyarət edəcəyik.
Bəs, müsəlmanlar üçün xüsusi əhəmiyyət kəsb edən bu xoşbəxt gündə biz sevinc içində bir-birimizi təbrik edərkən dünyanın hər tərəfində zülm görən din qardaşlarımız nə edəcək?
Məsələn, Şərqi türküstanlı və ya rohincalı qardaşlarımızın bayramı necə keçəcək? Ya da Fələstində, Suriyada, İraqda, Əfqanıstanda, Patanidə, Eritreyada, Kəşmirdə, Moroda, Tailandda, Krımda və daha bir çox yerdə zülm və təzyiq altında yaşayan qardaşlarımızın bayramı? Şübhəsiz ki, bu gözəl gündə də beynimizdə ancaq bu suallar var. Onları unutmur, pulemyotlarla, kütləvi qırğın silahları, bombalarla hücuma məruz qalan, ailələri, anaları, ataları, uşaqları, qardaşları öldürülən, soyqırımlara, qətliamlara, işgəncələrə məruz qalan, öz torpaqlarında ölüm qorxusu ilə yaşayan və yox edilməyə çalışılan müsəlmanların hazırki vəziyyətinin bir an öncə sona çatması üçün bir araya gəlib dua edir və İslam aləminin tək qurtuluş yolunu, yəni İttihadı-İslamın vacibliyini danışırıq.
Həqiqət budur ki, İslam dünyasını əhatə edən fitnə və fəsadın səbəbkarlarını uzaqda axtarmağa ehtiyac yoxdu. İslam dünyasının bölünmüş, parçalanmış, dağılmış olmasının və bunun nəticəsində fitnə və fəsadın artmasının ən böyük səbəbi müsəlmanların birlik olmamalarıdır. Digər ifadə ilə müsəlman dünyasında axan hər damla qandan, şəhid olan, yaralanıb şikəst olan, aclıq içində yaşayan hər məzlumdan parçalanmış, dağılıb ayrılmış müsəlmanlar məsuliyyət daşıyır. Küskünlükləri və ayrılıqları bir kərana qoyub öz aralarında birlik olmadıqları müddətcə fitnə və zülmün davam edəcəyinə dair heç bir şübhə yoxdur.
Bu gün fərqli-fərqli qruplara ayrılmış müsəlmanların ortaq qərarla öz aralarında birliyi təmin etmələri elə də çətin deyil. Bunun tək şərti isə Quran əxlaqına görə yaşamaqdır. Digər sözlə dünyadakı bütün müsəlman cəmiyyətlər Quran əxlaqını yaşamağa niyyət etməlidir. Quran əxlaqı yaşandığı zaman dünyadakı bütün müsəlmanlar bir araya gələcək, heç bir problemlə üzləşmədən sülh içində yaşayacaqlar. Bir-birini səmimi qəlbdən sevəcək, bir-birləri ilə dost olacaq, bir-birlərinin çatışmayan tərəflərini deyil, yaxşı cəhətlərini görəcək, bir-birlərinə hər zaman gözəl sözlə xitab edəcəklər.
İslam sülh və qardaşlıq dinidir. Eyni dinə mənsub, eyni Allaha, eyni Kitaba, eyni Peyğəmbərə iman gətirən insanların sevgi və qardaşlıq yolunu tutmamaları Qurana, Quranın sülhsevər, uzlaşdırıcı ruhuna ziddir. Fikir ayrılıqlarının səbəb olduğu sevgisizlik, mübahisə və münaqişələri aradan qaldırmaq, qardaş olduğunu xatırlayaraq qucaqlaşmaq, yaranan sevgi və sülh mühitində əmin-amanlıq içində yaşamaq Qurana uyğun olan davranışdır. Əksi haram olduğu kimi, insan fitrətinə də ziddir. Belə ki, insanlar yaradılışlarından irəli gələn xüsusiyyət olaraq çəkişməni deyil, sevgini, sülhü sevirlər.
Unutmamalıyıq ki, Allah biz müsəlmanlara təkcə bayramlarda deyil, bir ömür boyu möminlərlə bir arada olmağı, bölünüb ayrılmağı deyil, bir olmağı, birlik içində yaşamağı əmr edir. «Ali İmran» surəsinin 103-cü ayəsində Allahın bu əmri açıq şəkildə görünür:
"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!" (Ali İmran surəsi, 103)
Dolayısilə bu mübarək gündə eşitmək istədiyimiz xəbər bütün dünya müsəlmanlarının ayrılıqlara son verib bir araya gəlmələri, zülm altında olan qardaşlarını xilas etmək üçün güc meydana gətirmələridir. Bu birliyin yaradılmadığı, müsəlman ölkələr arasındakı ayrılıqların davam etdiyi hər saniyə məzlum müsəlman xalqların zalımlar qarşısında müdafiəsiz qalması, dünyanın hər yerindəki məzlum qadın, uşaq və qocaların çarəsizlik içində xilas olunmalarını gözləməsi davam edir.
Ümid edirik ki, müsəlmanlar bu bayramda münaqişələri bir kənara qoyub bir araya gəlsinlər və birlikdə zülmə məruz qalan qardaşlarını xilas etməyin yollarını axtarsınlar. Beləliklə İslam aləmi üzərindəki fitnə yox olub getsin, Əsri-Səadət kimi işıqlı, xoşbəxt və əmin-amanlıq dövrü başlasın. O zaman hər günümüz bayram olacaq, bütün həyatımız bayram sevinci içində keçəcək, bayramın səbəb olduğu qardaşlıq və birlik ruhu həyatımızın hər anına hakim olacaq.
Bu gün bizə bu mübarək bayram gününü yaşadan Rəbbimiz ən qısa zamanda zülm altındakı bütün məzlum müsəlmanların qurtuluşunu göstərsin, bizi onların qurtuluşuna vasitəçi etsin, hamımızı birləşdirsin. Bütün müsəlman aləminin Ramazan bayramı mübarək olsun.
Adnan Oktarın «New Straits Times»da dərc olunan məqaləsi