Dünyanın bir çox bölgəsində insanlar aclıqla mübarizə apararkən, müharibələrdə bombaların altında həyatda qalmağa çalışarkən, bəziləri də çox bər-bəzəkli, rahat həyat yaşayır. Gözəl məkanlarda alış-veriş etdikdən sonra yaxtalarında soyuq içkilərini içərək sərinləməyə çalışan, gecələr isə bahalı geyimləri və son model avtomobilləri ilə getdikləri məşhur klublarda əylənən, bir sözlə dünya nemətlərindən ən yüksək səviyyədə istifadə edərək yaşayan bu insanların sayı heç də az deyil.
Ancaq dünyanın böyük bir qismi daha təvazökar həyat yaşayır. Ömürlərini işdən evə, evdən işə dörd divar arasında keçirən insanların sayı yüz milyonları keçir. Bu insanlar hər gün bir-birini təkrar edən monoton həyatlarına müxtəliflik qataraq bəzən kinoya və ya teatra getməyi, dostları ilə bir kafedə oturub qəhvə içməyi fərqlilik hesab edirlər. Ən çox həsəd apardıqları şey isə nemətlər içində yaşayan varlıların həyatıdır. Məhdud imkanları ilə onları təqlid etməyə çalışır və bir gün onlar kimi möhtəşəm bir həyata qovuşmağın xəyalını qururlar. Pul yığaraq bir neçə günlüyə də olsa zənginlərin getdikləri istirahət yerlərinə getməyə, onların geyindikləri geyimlərin heç olmasa təqlidlərini almağa, beləliklə də özlərini onlarla eyniləşdirməyə çalışırlar.
Halbuki həm dünyada zövq içində yaşayanların, həm də onlara bənzəmək istəyənlərin unutduqları bir şey var ki, həyat sürətlə keçib gedir. Hamıya məlum olan bir günün gözlənilən saatına doğru yol alır. Şübhə yoxdur ki, bu saat, insanın həyatının ən mühüm saatlarından biri olan ölüm saatıdır.
Brend ayaqqabı və çantalar, cəlbedici paltarlar, həftə sonu bahalı restoranda ediləcək nahar, «Facebook» və ya «Instagram»da paylaşılan şəkilə gələn "like" və şərhlər... Bu son saatla birlikdə hamısı əhəmiyyətini itirir. Bir ay sonrakı yaya vəda gecəsi, azarkeşlik etdiyi komandanın bu mövsüm çempion olub-olmayacağı, izlənilən serialın son bölümü ölümlə birlikdə artıq heç bir şey ifadə etmir.
Ölən insanın evi və ya şəxsi əşyaları ailə üzvləri tərəfindən müəyyən müddət qorunduqdan sonra bölüşdürülməyə başlanır. Paltarlarının böyük bir hissəsi kasıblara, ehtiyac içində olanlara paylanılır. Ən çox istifadə etdiyi əşyaları, fotoşəkilləri sevdikləri tərəfindən xatirə olaraq saxlanılır. Ta ki onlar da bu həyatla vidalaşana kimi.
Heç bitməyəcək kimi düşünülən həyat artıq sona çatır. Ən sevilən içkilər, yeməklər, yığılan mal-mülk, bütün zövqlər, bütün xatirələr... Hər biri ölümlə birlikdə əbədiyyətə qovuşur. Burada ona verilən möhlət artıq sona çatır. Dünya təcrübəsi bitir, bundan sonra onu bir başqa təcrübə gözləyir. Eynilə yuxudan ayılan kimi. Gözünün önündən bir pərdə qalxır, yeni bir pərdə açılır.
Bəs bundan sonra nələr olur?
Ölümlə birlikdə insanın bədəni ilə heç bir əlaqəsi qalmır. Həyat boyu "mən" dediyi və yiyələndiyi bədən adi bir ət parçası halına çevrilir. Başqa insanlar gəlir və o ana qədər ona məxsus olan bədəni götürüb meyitxanaya aparır. Ertəsi gün bədən meyitxanadan götürülüb taxta tabuta qoyulur. Tabut çiyinlərdə daşınaraq üzərində ölən insanın adı yazılmış qəbrə gətirilir və kəfənə bükülü bədən tabutdan çıxarılaraq qəbrə qoyulur. İnsanlar bel götürüb qəbrə torpaq atırlar. Torpaq yavaş-yavaş kəfəni örtməyə başlayır. Qısa müddət ərzində bütün dəfn prosesi başa çatdıqdan sonra hər kəs evinə qayıdır.
Bəs o anda insanın ruhu nələr yaşayır?
Həyatını itirən şəxs əgər bu dünyada əbədi yaşayacağını zənn edən, uzunmüddətli planlar arxasınca gedərək mal və sərvət toplayan, amma ölümdən sonrasını heç hesaba qatmayan biridirsə, bundan sonra tək-tənha olduğunu dəhşətli şəkildə fərq edir. Bomboş bir səy uğrunda əlindəki fürsəti itirmiş olduğunu, dünya həyatının keçici zövqlərinə dalaraq həqiqətdən üz döndərdiyini şok içində fərq edir. Dünyaya nə üçün gəldiyini bir dəfə olsun belə düşünmədiyi üçün böyük peşmançılıq yaşayır. Ancaq artıq geriyə dönüş olmadığını, dünyada keçirdiyi ömrün hesab vaxtının gəldiyini, ölümdən qaçış olmadığı kimi, hesab anından qaçış olmadığını da bilir...
Heç şübhəsiz ölümün varlığı hər kəs tərəfindən bilinən bir gerçəkdir. Buna baxmayaraq bir çoxları həyat boyu bu həqiqətdən qaçır, üzərində düşünmək istəmir, eşitməzliyə vurur, yoxmuş kimi davranır. Sadəcə zövqlərinin ardınca gedərək hərəkət etmək istəyir, içində olduğu nizamın hər zaman davam etməsini, heç vaxt sona çatmamasını arzulayır. Bunun boş bir səy olduğunu qəlbən bilsə də həqiqətlə üzləşmək əvəzinə həyat boyu saxta bir həyat sürməyi üstün tutur.
Bu sətirlər gec-tez ölümlə üzləşəcəyini bilən, amma bu həqiqəti göz ardı edən insanlar üçün bəlkə də yeni bir fürsətdir. Ölümün nə zaman gələcəyi bəlli deyil, amma bir gün gələcəyi bir həqiqətdir. Böyük ehtimalla o gün bir gün əvvəl ölümün gələcəyi heç gözlənməyən bir gün olacaq. O halda ağıl sahibi insanlar həqiqətdən qaçmamalı, müvəqqəti olan bu dünyaya kor-koranə bağlanmamalı və əsl həyat olan ölümdən sonrakı əbədi həyat üçün hazırlıq görməli olduqlarını anlamalıdırlar. İnsan bu həqiqəti qəbul etdiyi anda əbədiyyətə açılan yeni bir səhifə açılmış olacaq, özünü aldatmadan yaşamağın zövqünə varacaq. Üstəlik, ölümün qorxub qaçılacaq bir son olmadığını, əksinə, əsl həyat olan sonsuz axirət həyatının başlanğıcı olduğunu anlayacaq.
Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:
http://www.nst.com.my/news/2015/11/when-worldly-matters-matter-no-more