Allahın rizasını və sonsuz Cənnətini qazanmaq üçün yaşayan müsəlmanın çətinlik anlarındakı gözəl davranışları iman gücünün və əxlaqi üstünlüyünün göstəricisidir. Bütün bu üstün davranışlar isə Rəbbimizin bizə bildirdiyi yeganə gözəl əxlaq olan Quran əxlaqının nəticəsidir.
Müsəlmanlar hər cür çətinlik, sıxıntı və yoxsulluq anlarında səbirli, cəsur, təvəkküllü, anlayışlı, fədakar və mərhəmətlidirlər. Gözəl əxlaqdan əsla əl çəkməyən, hər hadisəni müsbət yöndə və təvəkküllə qarşılayan, hadisələrin hikmətini və xeyirli tərəflərini görən, ətrafındakı insanları da eyni üstün əxlaqı yaşamağa dəvət edən müsəlman çətin anlarda bu davranışını dəyişdirməyən şəxsdir. Bu çətinlik anları da Quranda tərif edildiyi kimi, iman gətirənlərin çox çətin sınaqlardan keçirildiyi, “O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən hücum etmiş və gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi... (Əhzab surəsi, 10)” ayəsində bildirildiyi kimi, böyük sıxıntılarla üzləşdikləri vaxtlardır.
Çətinlik anları dedikdə bir çox insanın ağlına fərqli şeylər gəlir. Çətinlik bəziləri üçün təbii fəlakət, bəziləri üçün işdən qovulmaq, bəziləri üçün də iflasa uğramaqdır. Halbuki, iman gətirən insanlar üçün çətinlik anları daha böyük hadisə və vəziyyətləri ifadə edir. Çətinlik anlarındakı yoxsulluq və sıxıntı adi sıxıntılar kimi deyil. İnsanın ən əsas ehtiyaclarından belə məhrum olduğu yoxsulluq və gündəlik həyatdakı sıxıntılardan daha güclü sıxıntıdır. Quranda tərif edilən “ürəklərin ağıza gəldiyi” bu vaxtlar hər cür çətinliyin, xəstəliklərin, fəlakətlərin üst-üstə gəldiyi, müsəlmanların sadəcə: “İman gətirdim”, - dediklərinə görə evlərindən çıxarıldığı, sürgün edildiyi, ailələrinə, özlərinə və qövmlərinə tələlərin qurulub maddi-mənəvi təzyiqlərin göstərildiyi vaxtlardır.
Quranda elçilərin və əməlisaleh möminlərin tarixən qarşılaşdığı bu cür çətinliklər nümunə göstərilir. Əməlisaleh möminlər hər çətinlik anında böyük sınaqlardan keçirilmiş, ancaq bütün bunlara səbir etmişlər.
Allah bütün inananların bənzər çətinliklərlə qarşılaşacağını bildirir və səbir göstərənləri də sonsuz gözəlliklərlə müjdələyir. Müsəlmanların başına gələn bu çətinliklər Quran əxlaqına uyğun davranmağı tələb edən ən dəyərli zamanlardır. Müsəlmanlar çətin anlarında üst-üstə gələn sıxıntılara və çətinliklərə qarşı: “Biz Allahınıq (Allahın bəndələriyik) və Ona tərəf qayıdacağıq! (Bəqərə surəsi, 156)” - deyənlərdir.
Çətinlik anlarında nəfsin və vicdanın səsi
Hər insan çətinlik və ya sıxıntı ilə üzləşdikdə içindən iki fərqli səs eşidir. Bunlardan biri fədakarlığı, cəsarəti, gözəl əxlaqı və həmişə Allahın rizasına uyğun davranmağı əmr edən vicdanın səsidir. Bu səsi dinləyən insan həmişə Allahın razılığına uyğun davranar, səbir və təvəkkül edər.
İkinci səs isə “Yusif” surəsinin 53-cü ayəsində də bildirildiyi kimi, pis işləri əmr edən nəfsin səsidir. Bu səs insana üsyanı, fasiqliyi, eqoistliyi və qorxaqlığı pıçıldayır. Bu səsi dinləyənlər böyük itkiyə məruz qalır, nəfsə təsir edən şeytanı özlərinə dost tuturlar. İnsanların nəfslərinə tabe olaraq necə böyük itkiyə məruz qaldıqlarını anlamaq üçün şeytanın bu insanlar üzərindəki təsirinin necə olduğunu da bilmək lazımdır. Quranda bu barədə ətraflı məlumat verilir və möminlər şeytanın tələlərinə qarşı xəbərdar edilirlər.
Allah hz. Adəmi yaratdıqda mələklərə və şeytana ona səcdə etməyi əmr etmişdir. Bu zaman mələklər hz. Adəmin qarşısında səcdə etmiş, ancaq şeytan qürur və təkəbbürünə görə onun önündə əyilməkdən boyun qaçırmışdır. Bu üsyanına görə Cənnətdən qovulan şeytan Allahdan qiyamət gününə qədər möhlət istəmişdir. Allah ona bu müddəti vermiş, ancaq iman gətirən qullarına əsla təsir edə bilməyəcəyini bildirmişdir. Şeytan ona verilən möhlət ərzində insanları müxtəlif vədlər, yalanlar və tələlərlə aldadıb doğru yoldan azdıracağına dair and içmişdir.
Şeytan insanları doğru yoldan ayırmaq üçün hər cür yoldan istifadə edəcək, şükür etmələrinə və gözəl əxlaqlı davranmalarına mane olmağa çalışacaqdır. Nəticədə, insanların böyük əksəriyyətini öz tayfasına qatacaq. Nəfs də şeytanın insanları aldatmaq və doğru yoldan azdırmaq üçün istifadə etdiyi səsidir. Buna görə, bir çətinliklə qarşılaşdıqda insana həmişə öz mənfəətini düşündürür, fədakarlığı, şəfqəti və mərhəməti çətin göstərir və onu eqoistliyə çağırır.
Bütün bunlara görə, müsəlmanlar çətinlik, sıxıntı və ya müsibət zamanı mütləq vicdanlarını dinləməlidirlər. Çünki qarşılarındakı iki yoldan biri şeytanın tərəfdarlarının yoludur. Bu yolda eqoistlik, mənfəətpərəstlik, rahatlığını düşünmə, ikiüzlülük, yəni qısaca desək, pis əxlaqa dair bir çox xüsusiyyət var. Digəri isə saleh möminlərin yoludur. Müsəlmanlar vicdanlarının səsini dinləyir və həmişə yaxşıların yolunu tuturlar.
“İtaət etmək və gözəl bir söz demək. İş qətiləşdiyi zaman Allaha sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı! (Muhəmməd surəsi, 21)” ayəsində də bildirildiyi kimi, gözəl əxlaqın qətiyyət tələb olunduğu vaxtlarda göstərilməsi vacibdir. Çünki insanların böyük əksəriyyəti çətinlik anlarında göstərdikləri sədaqətin üstün əxlaq olduğunu bilir və belə vəziyyətlərdə sadiq və güclü olacaqlarına and içirlər. Ancaq çətinlik anında davranışları vədlərinə zidd olur və ən kiçik sıxıntıda pis davranır, birdən özlərindən çıxır, sevgi və şəfqət hisslərindən uzaqlaşıb kin və qəzəblə hərəkət edirlər. Bir anda təvəkkülsüz, üsyankar, zalım davranırlar. Buna görə, belə vaxtlar güclü olanlarla gücsüzlərin bir-birindən ayrılacağı, pis əxlaqın üzə çıxacağı, zəif imanlı insanların narahatçılıq keçirərək özlərini bəlli edəcəyi dövrdür. Belə nümunələr səmimi və güclü imana malik müsəlmanların dəyərini qat-qat artırır.
Bunu da xatırlatmaq lazımdır ki, müsəlmanın gündəlik həyatda müxtəlif çətinlik və sıxıntılarla qarşılaşması həm imtahanı, həm də axirətdə qovuşmağı ümid etdiyi Cənnətlə müqayisə edəcəyi sevinc səbəbidir. Bütün bunlar çətinliklərlə asanlıqların və rahatlığın müqayisəsindən irəli gələn dərin zövqün mənbəyidir. Bundan əlavə, səmimi müsəlman əbədi həyatından gözəl xatirə, digər möminlərin bunları gördükdə təqdirinin və sevgilərinn artıran, iman, həyəcan və qibtə hisslərini coşduran gözəllikdir. Çətinlik anlarında bir möminin göstərdiyi gözəl əxlaq dünyada digər möminlərin ona sevgi və hörmətini artıran, onlara nümunə olan, Allahın iznilə, imanlarına müsbət təsir edən, iman gətirməyənlərin isə gizli və ya aşkar təqdirinə səbəb olan nemətdir.
Çətinlik və sıxıntı anlarında da gözəl əxlaqlı olmaq
İnsan gündəlik həyatda müxtəlif hadisələrlə üzləşir. Normal şəraitdə insan çox işlədikdə yorulur, yemək yemədikdə acır, kifayət qədər yatmadıqda zəifləyir. Allah ayələrində müsəlmanlar imtahan olaraq buna bənzər vəziyyətlərlə ən şiddətli şəkildə qarşılaşacaqlarını bildirir. Ancaq iman gətirməyənlərlə möminlərin bu hadisələr qarşısında göstərdiyi əxlaq bir-birindən çox fərqlidir.
Bu sıxıntılar iman gətirməyənləri üsyana, ümidsizliyə, təcavüzkarlığa və vəfasızlığa sürükləyir. Çünki onlar axirətə inanmadıqlarına görə, əməllərinin bu dünyada qalacağını düşünürlər. “...Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik; bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir)... (Casiyə surəsi, 24)” ayəsində bildirildiyi kimi, onların fikrincə dünyanın sona çatması ilə hər şey sona çatır. Axirətin varlığına inanmadıqlarına görə, əməllərinin qarşılığını görməyi, rahatlığı və hər cür gözəlliyi bu dünyada istəyirlər. Bu səbəbdən, çətinlik və sıxıntılar onlar üçün böyük əzaba çevrilir. Səbir etməz, təvəkküllü olmaz, bağışlamaz, fədakarlıq etməz, xeyirxahlıq etməz, heç kimə sevgi və mərhəmət hissi bəsləməzlər. Çünki bunların qarşılığının olmayacağını, etsələr də, bir mənfəət əldə etməyəcəklərini düşünürlər. Çətinliklərin insana ancaq itki gətirdiyini zənn edir və ümidsizliyə düşürlər. (Harun Yahya, Gerçeği bilmek)
Halbuki, bu cür düşünənlər çox yanılırlar. Çünki ölümdən sonra insanın əsl əbədi həyatının başlayacağı həqiqətdir. Məhşər günündə də hər kəs əməllərinə görə sorğu-sual olunacaq, əməllərin qarşılığı tam veriləcək. Gözəl əxlaqlı davrananlar itkiyə məruz qalmayacaq, əksinə, böyük qazanca qovuşacaqlar. Söylədikləri hər gözəl söz, etdikləri hər saleh davranış, fədakarlıq, vəfa, sədaqət və xeyirxah əməllər mütləq əvəzini tapacaq.
Lakin Quran əxlaqından uzaq yaşayan insanlar bu həqiqətləri dərk etmirlər. Çətinlik zamanı ümidsizliyə düşmələrinin səbəbi hadisələrin imtahan olduğunu inkar etmələrindən qaynaqlanır. Burada bir cəhət xüsusi diqqət çəkir. Əslində, “... Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki, siz onların ummadıqlarını Allahdan umursunuz… (Nisa surəsi, 104)” ayəsində bildirildiyi kimi, inkarçıların başına gələn hadisələr kimi iman gətirənlərin də başına bənzər müsibətlər, sıxıntılar və çətinliklər gələ bilər. Ancaq iman gətirməyənlər hər hadisəni yaradanın Allah olduğunu düşünmədiklərinə görə möminlərin Allahdan umduğunu ummurlar. Əsl fərq bu insanların həyata dair nöqteyi-nəzərindədir. İman gətirənlərin axirətə inancları onları inkar edənlərdən tamamilə fərqləndirir.
İnsan hər şey qaydasında olduqda, bolluq-bərəkət içində yaşadıqda, səhhəti yaxşı olduqda və heç bir çatışmazlıq olmadıqda onsuz da gözəl əxlaq göstərə bilər. Ancaq ziyana məruz qaldıqda və ya pis rəftarla, haqsız iftira və böhtanla, əziyyətli sözlərlə, maddi itki ilə qarşılaşdıqda gözəl əxlaqlı davranmaq, pisliyə yaxşılıqla cavab vermək vacibdir. Hər ikisi Allah qatında dəyərli ibadətdir, ancaq çətinlik zamanındakı gözəl əxlaq insanın səmimiliyini, ixlasını, imanının gücünü və üstün əxlaq sahibi olduğunu göstərir (ən doğrusunu Allah bilir).
Hər çətinliklə birlikdə asanlıq var
Unutmaq olmaz ki, Allahın “Ənbiya” surəsinin 101-ci ayəsində “öncədən özlərinə ən gözəl nemət yazılmış kəslər...” kimi tərif etdiyi möminlərə imtahan kimi verilən çətinliklərlə birlikdə asanlıqlar da yaradılır. Müsəlmanların birlikdə hərəkət etməsi, hər şeyin imtahan olduğunu bilmələri, əbədi axirət yurduna hazırlaşdıqlarını dərk etmələri, əslində, bu çətinliklər qarşısında onlara verilmiş böyük asanlıqlardır. Bununla yanaşı, Allah möminləri daha gözəl nemətlə müjdələyir. Peyğəmbərlərin və saleh möminlərin həyatında da olduğu kimi, Allah hər çətinliyin ardınca inananlara mütləq zəfər, uğur və qələbə verir.