Kainat ağlasığmaz dərəcədə böyükdür. O qədər böyükdür ki, insan bunu ifadə etmək üçün beynindəki “böyük” məfhumunu açıqlamağa belə acizdir. Ancaq kainat bu qədər ucsuz-bucaqsız olduğu halda, bir hikmətlədir ki, bizim ancaq bir Yer kürəmiz var. Hamımız bu Yer kürəsində yaşamalı və müəyyən şeyləri paylaşmalıyıq…
Təqribən 7 milyard insan hal-hazırda Yer kürəsini paylaşmağa çalışır və bu paylaşma bir çox problemə səbəb olur. Bəs nə üçün? Paylaşmaq bu qədər çətindirmi? Nəyi paylaşa bilmirlər? Yer kürəsi çox kiçikdir, yoxsa bəziləri çox şey istəyirlər?
Hər kəsə bu sualları versəniz, təfərrüata girdikdə o qədər mövzu ortaya çıxar ki, danışmaqla, yazmaqla bitirə bilmərik, ancaq bu minlərlə problemin, əslində, bir həlli var: sakitləşdirici üslubdan istifadə etmək…
Dünyada bütün fərqlərə baxmayaraq, ortaq həyat tərzi qura bilərik. Ziddiyyətlərdən dostluqlar formalaşdıra, təcrid etmədən, ayrı-seçkilik etmədən birlikdə yaşamağın yolunu tapa, nifrət etmədən, kin bəsləmədən, münaqişə etmədən, bir-birimizi əzib məğlub etməyə çalışmadan birlikdə yaşaya bilərik. Bu tamamilə mümkündür və ilk anda bəzilərinə çətin görünsə də, əslində, heç də göründüyü kimi çətin deyil. Çünki hər kəs bunun yolunu çox yaxşı bilir. Sadəcə bəziləri bu əxlaqın hər mühitə tətbiq oluna biləcəyini heç düşünməyib.
Fərqli fikir və inanca malik insanlar gündəlik həyatda, əslində, həmişə birlikdə yaşayırlar
Normal şərtlər altında müxtəlif fikirlərə malik olsalar da, insanlar daima birlikdə yaşayırlar. Bu insanlar bir-biri ilə münaqişə etmədən, bir-birinə zərər vermədən çox gözəl yola gedirlər. Eyni hava ilə nəfəs alır, eyni küçələrdə gəzir, eyni dildə danışırlar. Eyni restoranlarda yemək yeyir, eyni istirahət zonalarında qalır, eyni ticarət mərkəzlərində gəzirlər. Ətrafda fərqli fikrə malik yüzlərlə insan onları narahat etmir. Küçələrdə hər cür görünüşə malik, hər inanca mənsub, hər fikirdən olan insan var və heç kimin gözü bir tip insan modeli axtarmır. Hətta bu müxtəliflik insana xoş gəlir.
Biz bir millət olaraq, əsasən, bu müxtəlifliyin içərisində gözəl əxlaqla yaşayırıq. Küçədə heç tanımadığımız bir insan qarşı tərəfə keçməyə çalışdıqda bir çoxumuz onun əlindən tutub yoldan keçiririk. Yolunu azmış birinə hər kəs işini qoyub kömək edir. Yeni işə başlayan birinə dəstək olub yol göstərmək, yaralı birini gördükdə dərhal təcili yardım çağırıb xəstəxanaya çatdırmaq, ehtiyac içində olan bir insan sədəqə istədikdə öz ehtiyacımız olsa belə, dərhal ona vermək millətimizin heç düşünmədən etdiyi doğru hərəkətlərdir.
Üstəlik, kömək edərkən insanların heç birinin hansı dindən və ya inancdan, hansı ideologiyadan, hansı siyasi partiyadan olduğunu da soruşmarıq. Heç sorğu-sual etmədən, dostcasına gözəl əxlaq göstəririk. Bütün dünyanın birlikdə, əmin-amanlıq içində yaşamasının yolu məhz bu əxlaqın yayılmasıdır.
Nifrət və kin çətindir, münaqişənin qarşısını almaq isə asandır
Nifrət və kin asanlıqla formalaşan hisslər deyil. Münaqişə etmək, dalaşmaq, qütbləşmək üçün səy göstərilməsə, təşviq edilməsə, nifrət və kin formalaşmaz. Çünki normal həyatda insanlar başqaları ilə çox maraqlanmaz, fərqlərini düşünməz, öz işləri ilə məşğul olarlar. Yəhudi, xristian, müsəlman, buddist, ateist, kommunist və ya satanist olduğunu araşdırmaz, hətta bunlar ağlına belə gəlməz.
Bəs bir çox insan gündəlik həyatımızda fərqlilikləri problem etmədən yaşaya bilərkən, nə üçün məsələ siyasət olduqda və ya kompyuter və televiziya qarşısında ikən bir anda tamamilə başqa şəxsiyyətə çevrilirlər?
Əlbəttə, dostyana yaşamaq çox asandır. Eyni düşüncə tərzi davam etdirilə bilər. Sakit, sülh mühitində yaşamaq, ziddiyyətlərə deyil, birləşdirici ünsürlərə diqqət edib münaqişənin yolunu tamamilə kəsmək daha asan və gözəldir.
Hər fikir və inanca hörmətlə yanaşmaq Quranın əmridir
Əvvəla, heç kəs inanmadığı fikirləri qəbul etməyə, bəyənmədiyi insanları dəstəkləməyə məcbur deyil. Ancaq bir kəsin bir ideologiyanı dəstəkləməsi və ya tamamilə yanlış qəbul etməsi həmin insanla münaqişə etməyə səbəb deyil. Münaqişəyə, qəzəbə, nifrətə təşviq etməz. Əksinə, hörmət və nəzakət çərçivəsində mədəni hərəkət edə bilər.
Bir məsələ haqqında fərqli düşünsə belə, hər kəs bunu ifadə edə bilər, tənqid edə bilər, öz fikrinin doğruluğunu istədiyi kimi izah edə bilər. Fikrini müdafiə etmək üçün məqalələr, kitablar yaza bilər, maarifləndirici filmlər hazırlaya bilər, elmi dəlillərini ortaya qoya bilər. Ancaq bütün bunları mədəni səviyyədə, hörmət göstərərək, gözəl üslubla edər. Fikrini müdafiə edərkən qarşı tərəfi qəzəbləndirməyə çalışmaz.
Əgər hər iki tərəf eyni şeyi etsə, nə qədər fərqli düşüncəyə malik olsalar da, problem çıxmaz və gözəl dünya olar. Küçədə, televiziyada, internetdə nifrət sözlərinin olmadığı rahat mühit olar.
Allah Quranda bizə bu cür gözəl əxlaqın barışdırıcı metod olduğunu və mütləq gözəl nəticə verəcəyini bildirmişdir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.(Fussilət surəsi, 34)
Allah istəsəydi, hər kəsi ortaq fikirdə yaradar və dünyada müxtəliflik olmazdı. Ancaq müxtəlif hikmətlərlə Allah bir dünyada yüzlərlə fikir, minlərlə fərqli insan modeli yaratmışdır.
Allah bütün bu müxtəlifliklər, fərqlər içərisində gözəl əxlaqla yaşamağımızı, bu fərqlərə baxmayaraq, yola getməyin və bu dünyada birlikdə yaşamağın yolunu tapmağımızı istəyir. Deməli, bu, mümkündür. Rəbbimiz ayəsində bu gözəl əxlaqi xüsusiyyəti belə bildirmişdir:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır.(Hucurat surəsi, 13)
Sülh, əmin-amanlıq və gözəl mühit hər kəsin üzərində məsuliyyətdir
İnsanın üzərinə düşən məsuliyyət təkcə bir fərd kimi gözəl əxlaqla yaşamaq deyil. Hər insan dünyadakı fərq və müxtəlifliklər içərisində sülhü, əmin-amanlığı, yəni gözəl əxlaqı təsis etməklə məsuldur.
- Əgər qəsdən münaqişə yaratmaq niyyətində olmasaq;
- Nifrətə, qəzəbə təşviq etməsək;
- “Siz” – “Biz” məntiqi ilə hərəkət etməsək, insanlara da bu düşüncə tərzini aşılamasaq;
- Orta yolu tapmaq üçün qarşımıza çıxan fürsətlərdən istifadə etsək;
- Həll yolları olduqda buna bilə-bilə mane olmasaq;
- Uzlaşma yolları var ikən qəsdən problemləri çıxılmaz vəziyyətə çevirməsək.
Hər problem həll olunar. Gündəlik həyatımızda zidd olanlarla, fərqliliklərlə birlikdə necə asanlıqla yaşayır və dost olmağın yolunu tapırıqsa, deməli, fikir ayrılığı olduqda da bu insanlarla dost olmağın, birlikdə rahat yaşamağın yolunu tapmaq üçün gücümüz var.