Arakandakı insanlıq faciəsi ilə bağlı "gündəmimizdə deyil" deyənlərdən soruşuruq: "Bəs Arakan kimin gündəmində olmalıdır?
İnsanlığın məruz qaldığı tarixi fəlakətlər qarşısında dünyanın böyük hissəsində sanki "gözünü yumma", "başını fərqli istiqamətə çevirmə" refleksi əmələ gəlib. Dünya miqyasında bir çox lider, rəhbər və nümayəndə bu faciələr qarşısında biganə və laqeyd qalmağı üstün tutur. Avropa İttifaqı nümayəndələrindən Mogerini Arakandakı faciənin gündəmə gəldiyi vaxtlarda "bu məsələ gündəm mövzumuz deyil" - deyə bildirdi.
Verilən bu cavab eyni zamanda mühüm bir həqiqəti də ortaya qoyur: dövrümüzdə gündəmdə olan mövzular güclülərin maraqları və problemləridir. Zülmə məruz qalanlar zəngin deyilsə, neftləri və ya təbii sərvətləri yoxdursa, yaxud da güclülərin marağına xidmət edəcək xüsusiyyətləri yoxdursa, əsasən, öz problemləri ilə baş-başa qalırlar.
Müsəlmanlara qarşı törədilən qeyri-insani əməlləri heçə saymaq, önəmli görməmək bəzi dairələrdə yanlış vərdişə çevrilib. Çox kiçik xərc və səylə öhdəsindən asanlıqla gəlinəcək problemlər artmağa davam edir. Arakanda, Suriyada, Afrikada, Cənub-Şərqi Asiyada baş verən faciələr bəşəriyyətin ümumi utancı kimi hər gün gündəmə gəlir.
Bəşəriyyətin problemlərinə həll yolu gətirə biləcək beynəlxalq qurumların əksəriyyəti öz funksiyalarını yerinə yetirmir. Məsələn, BMT Arakanda baş verənləri sadəcə Təhlükəsizlik Şurasının qərarı ilə qınamaqla kifayətlənir. "Ən çox zülmə məruz qalmış xalq" kimi təsvir etdiyi arakanlı müsəlmanlara edilən zülmə, qətliamlara heç bir konkret, konstruktiv həll yolu gətirmir.
Məlum olduğu kimi, Myanmanın Arakan əyalətində yaşayan Rohinca müsəlmanları 40 ilə yaxındır ki, güclü təzyiq və zülmlərə məruz qalırlar. Myanma rəhbərliyi və ordusu tərəfindən daim yurdlarını tərk etməyə məcbur edilirlər. 2012-ci ildən etibarən Myanma rəhbərliyinin artırdığı təzyiq, zülm, soyqırım və deportasiya siyasəti son iki ildir etnik qətliam səviyyəsinə çatmışdır.
Yaşanan bütün bu faciələrlə bağlı beynəlxalq cəmiyyətin qınamaq və ya tərəfləri təmkinli olmağa çağırmaqdan başqa heç bir konkret həll yolu təklifi və ya müdaxiləsi olmayıb. Banqladeşdə qeyri-insani şəraitdə yaşamaq uğrunda mübarizə aparan 900.000 arakanlı qaçqının vəziyyətinə biganə yanaşılır.
Bu gün dünyada istehlak, əyləncə sektoru, idman dünyası kimi sahələrdə xərclənən pullar ildə yüz milyard dollarlarla ifadə edilir. Məsələn, təkcə amerikalı istehlakçıların video oyunlar üçün 2016-cı ildə xərclədikləri pul 30,4 milyard dollar, İngiltərə Premyer Liqasındakı klubların 2017-ci ilin yayında transfer xərclərinin cəmi 1,47 milyard funt-sterlinqdir. Bu rəqəmləri bütün dünya miqyasına və daha geniş zaman dilimlərinə yaysaq, ortaya çıxacaq məbləği xəyal etməyimiz belə çətindir.
Əlbəttə ki, burada idman, əyləncə və ya lüksün yanlış olması nəzərdə tutulmur. Ancaq insan həyatına verilən dəyər də ən az bu ölçüdə olmalıdır.
Bir neçə nəzərəçarpan nümunə daha verək. Dünyada insanların istehlakı üçün istehsal olunan qidanın hər il üçdə biri – təqribən 1,3 milyard ton - israf olur. Yemək israfı və itkilərinin əvəzi sənaye cəmiyyətlərində ildə 680 milyard dollar, inkişaf etməkdə olan cəmiyyətlərdə isə 310 milyard dollardır. Dünyanın təkcə 2016-cı ildə silahlanmaya xərclədiyi pul 1.57 trilyon dollardır.
Halbuki bu pulların çox az hissəsi ilə yüz minlərlə arakanlının həyatlarını davam etdirməsi asanlıqla təmin edilə bilər və ya Afrikadakı milyonlarla uşağın acından ölməsinin qarşısı alına bilər. Hətta Afrika çox qısa müddətdə özü-özünü təmin edən qitə ola bilər.
Təəssüf ki, İslam dünyası da bu gün humanitar məsələlərdə laqeyddir. Arakanda onlarla ildir ki, işgəncə görən, yaşadıqları ərazilərdən köç etmək məcburiyyətində qalan müsəlmanlara İslam ölkələri də kifayət qədər sahib çıxmır. Halbuki Allahdan qorxan heç bir müsəlman qardaşları əzab çəkərkən, zülm görərkən, ac və səfil halda yaşamaq uğrunda mübarizə apararkən buna səssiz qalmamalı, öz maraqlarını güdməməlidir. Buna görə, Türkiyənin digər liderlərlə görüşüb məsələni müzakirə etməsi, BMT-nin iclasında Arakan zülmü ilə bağlı həll yolu axtarışı və yardım kampaniyaları çox vacibdir.
Bugünkü gün üçün mənzərə bəlkə bir az pessimist görünə bilər. Ancaq dünyadakı problemlərə diqqətlə yanaşan, ədalətsizlikdən narahat olan, ən önəmlisi də bunları düzəltmək üçün qətiyyətlə mübarizə aparan yeni nəsil yetişir. Bu, çox ümidvericidir. Səsini eşitdirmək üçün texnologiya və sosial mediadan uğurla istifadə edən bu nəsil hər gün daha da güclü hala gəlir. Bu nəhəng gücün doğru hədəflərə istiqamətləndirilməsi çox vacibdir. Kütlələr səsini ucaltdıqca rəhbərliklərin laqeydliklərini davam etdirməsi mümkün deyil.
Arakan böhranı dünyada gedən bəşəriyyət faciələrindən təkcə biridir. Suriyada, İraqda, Əfqanıstanda, Yəməndə, Liviyada, Şərqi Türküstanda, Fələstində, Somalidə, Asiya və Afrikanın bir çox bölgəsində insanlar hər gün oxşar əzablar, çətinliklər və fəlakətlərlə iç-içə yaşayır. Dənizlər, çaylar, dağlar, meşələr, çöllər qaçqınlara məzar olmağa davam edir. İnsanlar şəxsi maraq və mənafelərini deyil, vicdanlarına uyğun hərəkət etmədikcə dünyada ədalət və insanlıqdan danışmaq mümkün olmayacaq. Müsəlmanlar ayrılıq və ixtilafları tərk edib tək güc halında birləşmədikcə İslam aləmindəki zülmlər bitməz.
Buna görə dünyada özündən çox məzlumların rahatlığı, hüzuru və sevincindən xoşbəxt olan əxlaqlı, vicdanlı insanların söz sahibi olması çox önəmlidir. Məzlumların xilası ancaq belə gözəl, ağıllı, sevgi dolu, mərhəmətli insanların ölkələrin, birliklərin, beynəlxalq qurumların idarəçiliyinə keçdikdə dünyanın "GÜNDƏMİNƏ" gələ bilər.
Adnan Oktarın “American Herald Tribune”da yayımlanan məqaləsi:
https://ahtribune.com/world/asia-pacific/rohingya-genocide/1920-rohingya-refugees.html
http://www.harunyahya.org/tr/Eser-Tipi/258066/%C4%B0nsanl%C4%B1%C4%9F%C4%B1n-Bitti%C4%9Fi-An-G%C3%BCndemimizde-Yok