Ana südü Allahın yaratdığı saysız-hesabsız möcüzədən biridir. Ana südündə yeni doğulmuş körpənin hər ehtiyacını təmin edən maddələr var. Habelə, körpənin inkişaf mərhələlərində dəyişən ehtiyaclarına uyğun olaraq ana südünün tərkibi də dəyişir. Elm adamlarının laboratoriyada belə hazırlaya bilmədiyi ana südünü ananın döşündəki bəzi hüceyrələr hazırlayır. Bu hüceyrələrdə ana südünün bənzərsiz formulu var və nə vaxt hazırlamağa başlayacaqlarını, hazırladıqları maddənin tərkibini nə vaxt dəyişdirməli olduqlarını bilirlər.
Bəs ana südünün hazırlanması necə başlayır, bu proses necə tənzimlənir? Bu sualın da cavabında bir çox yaradılış möcüzəsi gizlidir. Südün hazırlanmasında endokrin sistemi və sinir sistemi ortaq çalışırlar. Qüsursuz məlumat göndərilməsi və planlaşdırma nəticəsində bu proses həyata keçirilir.
Ananın döşündəki süd vəzilərini hərəkətə keçirən çox xüsusi hormon var. Bu hormon prolaktin hormonudur. Prolaktin hormonunu hipofiz vəzi ifraz edir.
Ancaq hamiləlik dövrünün əvvəlində prolaktin hormonunun ifrazını məhdudlaşdıran bəzi amillər var. Bu amilləri yoxuşu enən avtomobilin tormoz pedalına basılması kimi düşünə bilərik. Avtomobil yoxuş boyu aşağıya doğru hərəkət etməyə meyillidir, ancaq tormoz pedalı basıldığı müddət boyu hərəkət edə bilməz, yəni südün hazırlanması dayandırılır.
Prolaktin hormonunun ləngidilməsi yerində verilmiş qərardır. Çünki körpə hələ doğulmadığına görə, ananın erkən süd ifraz etməsinin heç bir faydası yoxdur. Bəs südün ifrazı necə dayandırılır? Prolaktinin erkən ifraz olunmasının qarşısı necə alınır? Burada mükəmməl sistem işə düşür. Beyinin hipotalamus bölgəsi prolaktin hormonunun ifrazına mane olan hormon ifraz edir. PİH (Prolaktin İnhibiting Hormon – prolaktinin qarşısını alan hormon) adlandırılan bu hormon prolaktin ifrazını ləngidir, bir növ tormozlayır.
Bəs tormoza necə basılır? Hamiləlik dövründə ifraz edilən ostrogen adlı hormon hipotalamusun tormoza basmasını, yəni PİH ifraz etməsini təmin edir. Körpənin doğulması ilə ostrogenin ifrazı azalır. Ostrogenin azalması ilə PİH də azalır. Bu proses ayağın tormozdan yavaş-yavaş qalxmasına və avtomobilin yoxuş boyu aşağıya doğru hərəkət etməsinə bənzəyir. Beləliklə, prolaktinin ifrazı tədricən artır. Prolaktin hormonu da süd vəzilərini ana südü ifraz etmək üçün hərəkətə gətirir.
Bu, bir yaradılış möcüzəsidir. Hamiləliyin ilk aylarında südün ifrazının bu dizaynla qarşısı alınmışdır. İndi bütün bu sistem üzərində diqqətlə düşünək:
Prolaktin hormonunu ifraz edən hipofiz hüceyrələri süd vəzlərini haradan tanıyırlar? Süd ifraz edən hüceyrələrə “süd ifraz et” əmrini hansı ağıl və şüurla verirlər?
Doğuşdan əvvəl prolaktinin ifrazına mane olan hormonlar süd ifrazına hələ ehtiyac olmadığını haradan bilirlər?
Bu hormonlar süd ifrazına prolaktinin təkan verdiyini və südün ifrazını ləngitmək üçün prolaktin hormonunun ifrazının qarşısını almalı olduqlarını haradan öyrəniblər?
Bütün bu möcüzəvi sistemi yaradan aləmlərin Rəbbi olan Allahdır. Hər şey Onun ilham etdiyi şəkildə hərəkət edir.