Yaşadığımız dünyada insan üzünü hara çevirsə, gözəlliklərlə qarşılaşır. İnsanın fitrəti gözəlliyi bəyənəcək şəkildədir. Qüsursuz yaradılan insan bədəni, milyonlarla çeşid bitkilər, tonlarla ağırlığı olan buludların yerləşdiyi mavi səma və bir çox şey ruhu oxşayan estetik görünüşdə yaradılmışdır. İnsana sadəcə gördüyü deyil, hiss etdiyi bir çox şey də zövq verir. Gözəl qoxu, dad, yaxud da gözəl ritmli musiqi kimi…
Budaqdakı meyvənin gözəl qoxusunu, görüntüsünü, rəngini, dadını hamı bəyənir. Çiçəyin rəngarəngliyi, üzərindəki bəzəyi göz oxşayandır. Yaxud da gözəl bir insanın üzü hamı tərəfindən bəyənilir. Gözəl evlər, ən son model maşınlar dünyada hamının arzu etdiyi şeylərdir. İnsan ömrü boyunca sadaladığımız şeyləri bəyənir və əldə etməyə çalışır. Lakin bütün bu sayılanlara bir müddət sonra dönüb baxsa, çox təəccüblənər. Çünki bunlar zaman keçdikcə əhəmiyyətini itirməyə başlayır, hətta artıq görmək belə istənilməyən hala düşür.
Məsələn, meyvə dərildikdən bir neçə gün, hətta bir neçə saat sonra qaralmağa başlayır, sonra gözəl qoxusu da itir. Sonra da çürüyür və iyi getdikcə pisləşir. İnsan al-əlvan, gözəl ətirli çiçəklər alır, evinə gətirib güldana qoyur, ancaq bir gün keçmədən çiçəklərin rəngi solur, canlılığı itir. 2-3 gün sonra isə tamamilə qaralır və çürüyür. Dünyanın ən gözəl üzünə sahib olan bir insanı 60 il sonra görsəniz, onu tanımağa çətinlik çəkərsiniz. O gözəllikdəki bir insan yaşlanmış, üzü qırışmış, saçları ağarmışdır. Qısası, keçmiş gözəlliyindən əsər-əlamət qalmamışdır.
Allah insanların dünyanın bu yönünə aldanmamaları və bu gerçək üzərində düşünmələri üçün Quranda müxtəlif misallar çəkir:
“Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə, yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol (məhsulu) olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.” (Yunus surəsi, 24)