Doğrunu səhvdən ayıran rəhbər
ucgen

Doğrunu səhvdən ayıran rəhbər

1774

Dünyanı anlamağa çalışarkən özümüzə nəyi rəhbər etməliyik? .. Əslində insanların çoxu bu sual barəsində heç düşünmür. Onların rəhbəri cəmiyyətdir. İnsanların bir çoxu cəmiyyətdən öyrəndiyi doğrulara və səhvlərə görə öz həyatlarını qururlar. Cəmiyyət dünyanın düz olduğuna inanırsa, onlar da elə düşünürlər. Adamyeyən qəbiləsində böyüyürlərsə, insan əti yeməyi təbii qarşılayırlar. Nasist Almaniyasında Hitlerə sitayişi haqlı hesab edirlər. Qısası, çoxluğa tabe olurlar.

Dünyanı anlamaq üçün bir də cəmiyyətdən üz çevirib “dahi”lərin icadlarına yönəlmək olar. İdeologiyalara ümid edib ideoloqların düşüncələrinə bel bağlamaq olar. Məsələn, Marksın bütün dünyanın, hətta kainatın necə yarandığını, hansı qanunlara görə işlədiyini, gələcəyin necə olacağını kəşf etdiyinə inanmaq olar. Bu gedişlə Marksın ən böyük tələbəsi olan Leninin “o möhtəşəm beyni” mühafizə edilib “insanların istifadəsi” üçün saxlana da bilər.

Amma gün gələr, ideologiyaların səhv olduqları aşkara çıxar və Leninin beyni zibilliyə atılar… Bu qaçılmaz son bütün ideologiyaların başına gələcək. Çünki kainat və dünya haqqında doğru kriteriya qoymaq üçün bütün kainatın bilgilərinə sahib olmaq, bütün keçmişi və gələcəyi bilmək lazımdır. Buna görə də həqiqi rəhbər ancaq insan üstü qaynaqdan gələ bilər. Bütün kainatı, keçmişi və gələcəyi bilən, heç bir şey biliyinin və gücünün xaricində olmayan insan üstü qaynaqdan…

Bu da heç şübhəsiz, Allahdır. Allah hər şeyi yaradan, elmi ilə hər şeyi ehtiva edən, keçmişi və gələcəyi biləndir. İnsanı yaradan və onu formalaşdıran Odur. İnsana nələrin lazım olduğunu bilən və onun üçün ən doğrunun nə olduğunu müəyyənləşdirən də Odur. Deməli, doğrunu səhvdən ayıran rəhbər də ancaq Ondan gələ bilər. Və gəlmişdir… Quran Onun insanlara rəhbər olaraq göndərdiyi kitabdır. 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr