Bir çox insan humanizm anlayışını səhvən müsbət düşüncə kimi qəbul edir. Ancaq humanizm müsbət düşüncələrin heç birini özündə ehtiva etməyən fəlsəfədir.
Bir çox insan humanizmi doğru tanımır. Bu yanlış düşüncənin başında humanizmin insan sevgisi, sülh, qardaşlıq kimi dəyərləri əhatə etdiyini zənn etmək durur. Halbuki, humanizm bu ifadələrin arxasına sığınmış çox təhlükəli fəlsəfədir. Humanizm insanlıq anlayışını insanların yeganə məqsəd və mərkəzinə çevirən yanılmadır. Başqa sözlə desək, insanı Yaradıcımız olan Allaha iman gətirməməyə, yalnız öz varlığı və mənliyi ilə maraqlanmağa çağırır (Allahı tənzih edirik). Humanizmin bu mənası, xüsusilə də sözün qərb dilindəki istifadəsində özünü daha qabarıq əks etdirir. Humanizmin ingiliscədəki lüğət mənası bu şəkildədir:
Ən yaxşı dəyərlər, xarakterlər və davranışların fövqəltəbii bir nüfuzda deyil, insanlarda olduğuna inanan düşüncə sistemi. (Encarta® World English Dictionary)
Humanizmin ən açıq tərifini isə bu fəlsəfəyə inananlar vermişdir. Dövrümüzün qabaqcıl humanist spikerlərindən biri olan Korlis Lamont “Humanizm fəlsəfəsi” (The Philosophy of Humanism) adlı kitabında belə yazır:
Humanizm bütün həqiqətin şəxsən təbiətdən ibarət olduğuna inanır, kainatın əsas materialı zehin deyil, maddə-enerjidir… (Lamont, The Philosophy of Humanism 1977, səh. 116)
Göründüyü kimi, humanizm birbaşa ateizmə əsaslanır.
Ateizmin başqa tərifi: humanizm
Humanizm ateizmin digər adıdır. Bu həqiqət humanistlər tərəfindən də qəbul edilir. Ötən əsrdə humanistlər tərəfindən nəşr olunan iki əhəmiyyətli manifest, yəni bəyannamə var. Birinci manifest 1933-cü ildə nəşr olunmuş, dövrün bəzi məşhur şəxsləri tərəfindən imzalanmışdır. 40 il sonra, 1973-cü ildə nəşr olunan II humanist manifest isə birincini təsdiq etmiş, lakin bəzi əlavələr edilmişdir.
Bu manifestlərin hər ikisində də ən fundamental dünyagörüş – kainatın və insanın yaradılmadığı, özbaşına var olduğu, insanın özündən başqa heç bir varlıq qarşısında məsuliyyət daşımadığı kimi ateist doqma və təbliğatlar mövcuddur (Allahı tənzih edirik). Bu bəyannamələrdəki maddələr materializm, darvinizm, ateizm və aqnostisizm kimi adlar altında ortaya çıxan ortaq azğın fəlsəfənin ifadələridir. 1-ci humanist manifestinin bir neçə maddəsini qısaca qiymətləndirək:
Bu maddələrdə təkamül nəzəriyyəsinin qarşıya qoyduğu kimi, insanın yaradılmadan var olduğu deyilir. İnsan ruhunun varlığı inkar edilir, insanın maddədən ibarət olduğu iddia edilir. Mədəni təkamül iddiası qarşıya qoyulur və insan fitrətinin (yaradılışdan gələn xüsusiyyətlərin) varlığı inkar edilir.
Diqqət yetirsək, bu iddialar haqq dinlərə düşmən olanların hər zaman istifadə etdikləri şablon ifadələrin cəmindən ibarətdir. Bunun səbəbi humanizmin insanları din əxlaqından uzaqlaşdırmanın əsas meyarını meydana gətirməsidir. Çünki humanizm ateistlərin tarix boyu istifadə etdikləri insanın özünü başıboş və məsuliyyətsiz zənn etməsi aldatmacasından istifadə edir. Allah bu mövzuda Quranda belə buyurur:
Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah (onu) yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil? (Qiyamət surəsi, 36-40)
Allah insana özbaşına olmadığını bildirir və bundan sonra ona Öz yaratmasını xatırladır. Çünki insan özünü Allahın yaratdığını qavrayanda özbaşına olmadığını, Allah qarşısında məsuliyyət daşıdığını anlayar.
40 ildən sonra gələn ikinci uğursuzluq: II humanist manifesti
1933-cü ildə nəşr olunan I humanist manifestinin vədlərinin boş çıxması ilə 40 ildən sonra humanistlər ikinci mətni qələmə aldılar. II humanist manifesti kimi tanınan bu mətnin başlanğıcında humanist vədlərin niyə boşa çıxması izah edilməyə çalışılırdı. İzahın çox zəif olmasına baxmayaraq, humanistlərin öz fəlsəfələrində israr etdikləri diqqət çəkirdi.
Manifestin ən nəzərəçarpan xüsusiyyəti isə 1933-cü ildəki ilk manifestin din əleyhdarı mövqeyini olduğu kimi qoruması idi.
Din əxlaqını anlamaq üçün dərin ağıl və qavrayış lazımdır. Bunların başlanğıc nöqtəsi isə ön mühakimədən uzaq və səmimi olmaqdır. Humanizm isə ilk başdan din əxlaqına qarşı çıxan, insanların ön mühakimələrini elm kimi göstərməyə çalışan səydən başqa bir şey deyil. Humanistlərin ilahi dinlər haqqındakı tərifləri isə, əslində, yeni fikir deyil, minlərlə ildir ki, inkarçılar tərəfindən irəli sürülən iddianın təkrarıdır. Allah Quranda bu inkarçı düşüncəni belə bildirir:
Sizin tanrınız Tək olan İlahdır. Axirətə inanmayanların qəlbi (haqqı) inkar edir. Özləri də təkəbbürlüdürlər. Şübhə yoxdur ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, təkəbbürlü olanları sevmir.Onlardan: “Rəbbiniz (Peyğəmbərinə) nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır!”– deyərlər. (Nəhl surəsi, 22-24)
Ayələrdə inkarçıların din əxlaqını mənimsəməmələrinin əsl səbəbinin qürur hissi olduğu xəbər verilir. Humanizm adlanan fəlsəfə isə ayədə təsvir edilən inkarçı düşüncənin yalnız bu əsrə aid tərifidir. Humanizm bu fəlsəfəyə bağlı olan insanların iddia etdiyi kimi, yeni bir düşüncə deyil, tarixin qədim dövrlərindən bəri mövcud olan inkarçıların yanlış dünyagörüşüdür.
Dünya səviyyəsində aparılan humanizm təbliğatı
Humanizm ateizmi təlqin edən, ağlı və elmi əsası olmayan bir fəlsəfədir. Amma elmi əsassızlığı sübut edilməsinə baxmayaraq, humanistlər fəlsəfələrindən imtina etməmiş, bunu bütün dünyaya yaymağa çalışmışlar. Xüsusilə II Dünya Müharibəsindən sonrakı dövrdə elm, fəlsəfə, musiqi, ədəbiyyat, rəsm, kino kimi sahələrdə humanist təbliğat diqqəti cəlb edir. Humanist ideoloqların içi boş, amma bəzəkli şüarları kütlələrə israrla təlqin edilmişdir. “Beatles” qrupunun solisti Con Lennonun məşhur “İmagine” (Xəyal et) adlı mahnısının sözləri bu mövzuda diqqəti cəlb edən nümunədir.
Humanizmin əsas yanılması
Humanizm insanın təsadüfən olduğu iddiasını fəlsəfənin əsas doktrinasına çevirmişdir. I humanist manifestinin ilk iki maddəsi birbaşa bu doktrinanı ifadə edir. Humanistlər bu iddialarında elmin onları dəstəklədiyini iddia edirlər. Halbuki, yanılırlar. I humanist manifestinin nəşr olunmasından etibarən, bu fəlsəfənin humanistlərin fikrincə elmi həqiqət kimi göstərilən iki dayağının (sonsuzdan bəri var olan kainat fikri və təkamül nəzəriyyəsi) əsassız olduğu elm tərəfindən sübut edilmişdir:
Sonsuzdan bəri var olan (yəni yaradılmamış) kainat fikrinin əsassız olduğu I humanist manifestinin yazıldığı illərdə bir sıra astronomik və fiziki dəlillərlə sübut edilmişdir. Kainatın genişlənməsi, kosmik fon radiasiyası, hidrogen-helium nisbətinin hesablanması kainatın bir başlanğıcının olduğunu və təxminən 15-17 milyard il əvvəl “Böyük partlayış” (Big Bang) adlanan nəhəng partlayış ilə yoxdan var edildiyini göstərmişdir. Big Bang nəzəriyyəsi humanist və materialist fəlsəfənin tərəfdarları tərəfindən uzun müddət qəbul edilməsə də, nəticədə qalib gəlmişdir. Hal-hazırda ortaya çıxan elmi dəlillərlə kainatın yaradılışı mənasını verən Big Bang qəbul edilir və bu, humanistlər üçün böyük məğlubiyyət olmuşdur. Əvvəllər ateist olan, lakin son illərdə Allahın varlığına inandığını ifadə edən Antoni Flyu belə deyir: “Big Bang modeli bir ateist baxımından, olduqca, qəlizdir. Çünki elm dini qaynaqlar tərəfindən müdafiə olunan bir iddianı isbat etmişdir: kainatın bir başlanğıcının olduğu iddiasını”. (Henry Margenau, Roy Abraham Vargesse, Cosmos, Bios, Theos. La Salle IL, Open Court Publishing, 1992, s. 241) (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, Kainatın yaradılışı, 2006)
I humanist manifestinin ən böyük dayağı olan təkamül nəzəriyyəsi də manifestin qələmə alınmasından sonra tamamilə süqut etmişdir. 1930-cu illərdə Oparin və Haldana kimi ateist (eyni zamanda humanist) təkamülçülər tərəfindən ortaya atılan həyatın mənşəyi haqqındakı ssenarilərin heç bir elmi xüsusiyyətinin olmadığı, canlılığın bu ssenarilərdə irəli sürüldüyü kimi, cansız maddədən öz-özünə yarana bilməyəcəyi aydın olmuşdur. Fosillər (qalıqlar) canlıların bir təkamül müddəti ərzində meydana gəlmədiklərini, fərqli quruluşlarda yer üzündə birdən meydana çıxdıqlarını göstərir və bu həqiqət 70-ci illərdən etibarən şəxsən təkamülçü paleontoloqlar tərəfindən etiraf edilir. Müasir biologiya canlıların təkamül nəzəriyyəsinin qarşıya qoyduğu kimi, təbiət qanunlarının və təsadüflərin məhsulu olmadıqlarını, hər orqanizmdə yaradılışı sübut edən dəlillərin olduğunu göstərir. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, Həyatın gerçək mənşəyi, 2005)
I humanist manifestinin bəşəriyyəti qarşıdurmaya sürükləyən faktorun dini inanc olduğu iddiasının da tarixi təcrübələrlə yalan olduğu ortaya çıxarılmışdır. Humanistlər dini inanclar ortadan qaldırılsa, bəşəriyyətin xoşbəxtlik və rahatlıq tapacağını irəli sürmüş, halbuki bunun tam əksi baş vermişdir. Belə ki, I humanist manifestinin nəşr olunmasından 6 il sonra baş verən II Dünya Müharibəsi tamamilə dinsiz bir ideologiya olan faşizmin insanlığa gətirdiyi fəlakətlərin sənədidir. Humanist bir ideologiya olan kommunizm əvvəl Sovet İttifaqında, sonra Çin, Kambocca, Vyetnam, Şimali Koreya, Kuba və müxtəlif Afrika və Latın Amerikası ölkələrində bəşəriyyətə bənzəri olmayan vəhşilik yaşatmış, 120 milyon insanın həyatına bais olmuşdur.