Bir möminin imanının gücü, səmimiyyəti və qətiyyəti onun Allah yolunda mübarizəsindən, İslama olan sevgisindən aydın olur. Onun bu mübarizədə göstərdiyi hərəkət və davranışları dini əxlaq mövzusunda zəif və ya şövqlü olmasını müəyyən edir.
Dində zəiflik göstərmək möminlər arasında imani cəhətdən tam olaraq yetişməmiş insanlara xas olan xüsusiyyətdir. Bu insanda zəiflik çətin anlarda geri çəkilmək, risk etməmək, nəfsinə bir zərər gəlməsindən çəkinmək, nəfsinin rahatlığını və mənfəətlərini dinin mənfəətlərindən üstün tutmaq şəklində ortaya çıxır. Çətinlik olmayan vaxtlarda isə özünü iman gətirməyənlərin və fitnənin varlığından narahat olmamaq, onlara tələ qurmaq və narahat etmək yönündə düşünüb tədbir görməmək, məsuliyyət daşımaqdan və nəfsini çətinliyə salmaqdan uzaq olmaq, hadisələr qarşısında passiv olmaq və onlara təsir göstərməmək, ağır hərəkət etmək kimi göstərir. Bu azğın anlayışlar həmin insanların məntiqi mühakimələrinə və hadisələri qiymətləndirmələrinə əsaslı dərəcədə təsir göstərir. Belə ki, onların şüuru Allah yolunda üzləşdikləri çətinlik və ya təhlükədən qaçmağı özləri üçün bir qazanc, hətta Allahın bir neməti olaraq görə biləcək qədər qapanır:
Belələri həyatda lazımi işləri yerinə yetirən insanların onsuz da mövcud olduğunu əsas tutaraq, vicdanlarını rahatlatmağa çalışırlar. Lakin çətinlik və sıxıntı anları sovuşaraq, onların heç bir payının olmadığı zəfər anı gəldiyi zaman peşman olduqlarını bildirirlər, möminlərin sahib olduğu şərəfli məqamlardan nə qədər uzaq olduqlarını dərk edirlər:
«Əgər Allah tərəfindən sizə bir nemət yetişərsə, o zaman guya aranızda heç bir dostluq yoxmuş kimi: «Kaş ki, mən də onlarla birlikdə olub böyük bir qənimət əldə edəydim!» -söylərlər» («Nisa» surəsi, 73)
Beləliklə, axirətləri üçün qazanacaqları çox böyük əcr fürsətlərini, yüksək məqamları da əldən vermiş olurlar.
Allah səmimi möminlərə onların arasında yaşayan bu zəif və ləng insanların mənfi təsirinə düşülməməsi, onların şövqlərinin, həvəs və əzminin qırılmaması üçün xəbərdarlıq edir və buna bənzər hərəkətlərdən çəkindirir:
"Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər" («Rum» surəsi, 60)
Əlbəttə, daimi zəiflik həqiqi iman sahibi olan bir insana aid edilə bilməz. Lakin mömin müvəqqəti zəifliklərdən, laqeydliklərdən, məsuliyyətsizlikdən, vaxtaşırı nəfsinə tabe olmaq kimi mənfi hərəkətlərdən uzaq olmalıdır. Möminləri müxtəlif mövzularda göstərilmiş zəifliklərdən çəkindirən ayələrin bəziləri bunlardır:
«Düşməniniz olan qövmü təqib etməkdə zəiflik göstərməyin! Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah biləndir, hikmət sahibidir!» («Nisa» surəsi, 104)
«Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!» («Ali-İmran» surəsi, 139)
Quranda təsvir edilən ideal mömin isə bütün həyatı boyu istər sıxıntılı və çətin anlarında, istərsə də sıxıntısız və rifahdolu anlarında dinin mənafelərindən heç bir şəkildə geri çəkilməyən, heç bir vəziyyətdə Allahın rizasını nəfsinin arzularına dəyişməyən bir insandır. O, öz şövq və həyəcanını, qətiyyətini heç bir halda itirməz, zəiflik göstərməz və boyun əyməz. Bu mömin insan modeli Quranda qədim millətlərdən nümunə gətirilərək belə tərif edilir:
"Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir" («Ali-İmran» surəsi, 146)
Başqa bir ayədə isə axirət üçün ciddi-cəhdlə çalışmağın dəyərindən bəhs edilir:
«Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar» («İsra» surəsi, 19)