Allah sizi torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)
Ölüm mövzusu mühüm olduğuna görə bir çox insan, “qədər” haqqında səhv düşüncələr ortaya atır. "Qədərinə boyun əymək", "qədərini dəyişdirmək" kimi səhv məntiqlər cəmiyyətdə olduqca məşhurdur. Bir sıra insanlar müşahidə və təxminlərini qədər zənn edib bunların reallaşmadığını görüncə, qədərin təyin olunduğu kimi getmədiyini, dəyişdiyini zənn edirlər. Sanki qədəri əvvəlcədən oxumuş, hadisələr oxuduqları şəkildə həyata keçməmişdir. Bu cür səhv və əsassız məntiqlər, qədərin mənasının tam olaraq qavrana bilinməməsindən qaynaqlanır.
Qədər, zaman və məkan anlayışlarını yoxdan var edən və bunları tamamilə hakimiyyətində saxlayan, zaman və məkana tabe olmayan Allah’ın keçmiş və gələcəkdəki bütün hadisələri zamansızlıq ölçüsündə təsbit etməsi və yaratmasıdır. Zamanı Allah yaratmışdır, buna görə O, zamandan asılı deyil. Allah’ın Qatında hər şeyin əvvəli də, sonu da, sonsuzluq içindəki yeri də müəyyəndir. Hər şey olub bitmişdir.
İnsanlar qədər üzərində deyil, qədər insanlar üzərində təyin edici ünsürdür. Qədərin parçası olan insan qədərdən müstəqil şəkildə davrana bilmir. Qədərin xaricinə çıxa bilmir. Bu bir video kasetdəki filmdə iştirak edən aktyorun, kasetin xaricinə çıxıb maddi ölçü qazanaraq videonun arxasında oturması və öz olduğu kasetdə silmə qeydləri və s. dəyişikliklər etməsinə bənzəyir ki, əlbəttə bu öz-özlüyündə ziddiyyətli və məntiqsiz vəziyyətdir.
Bu səbəbdən qədərə boyun əymək, qədərin axışını dəyişdirmə kimi hallar mümkün ola bilməz. Unudulmamalıdır ki, "mən qədərimi dəyişdirdim" deyən bir insan əslində qədərində yazılı olan bir cümləni söyləyir.
Bunu bir misalla açıqlayaq. Bir insan günlərlə komada qala bilər, yenidən həyata dönməsi qeyri-mümkün görünə bilər. Gözlədiyimizin əksinə olaraq həmin insanın təkrar əvvəlki sağlamlığına qovuşması, onun "qədərini dəyişməsinə" ya da həkimlərin onun "qədərini dəyişdirdiyi" mənasını daşımır. Bu hadisə o insanın qədərində özü üçün təyin olunmuş müddəti doldurmadığını göstərir. Bu da qədərin parçasından başqa bir şey deyil. Hər şey kimi xəstələnməsi və təkrar sağalması da Allah Qatında yazılıb təsbit edilmişdir.