ABŞ-da prezident üsul-idarəçiliyi sistemi siyasi ədəbiyyata yeni terminlərin daxil edilməsinə səbəb oldu. Bunlardan biri "Gridlock", yəni "durğunluq", digəri isə "Topal ördək", yəni "icra etmək qabiliyyətini itirmək" adlı termindir.
Prezident üsul-idarəçiliyində qanunvericilik-icra-məhkəmə hakimiyyətləri arasında razılaşma olmadığı təqdirdə sistemdə dərhal durğunluq yaranır. Bu cür durğunluq hallarına, yəni prezident ilə konqres arasında yaranan siyasi toqquşmaya "gridlock" deyilir. Yəni bu zaman sistem dayanır və işləmir.
Amerikada son 20 il ərzində qanunverici və icraedici hakimiyyət arasındakı münaqişə nəticəsində hökumət iki dəfə fəaliyyətini dayandırmışdır. Başqa sözlə, Amerika hökumətləri və siyasi rejim iflas etmişdir.
Hökumət ilk dəfə-1995-ci ildə iflas etdiyi zaman Amerika prezidenti demokrat partiyasından olan Klinton idi, amma konqresi respublikaçılar idarə edirdi. Demokratların büdcə layihəsi konqresdən keçmədiyinə görə hökumət fəaliyyətini dayandırmalı oldu. Federal hökumət parkları, muzeyləri bağlamaq məcburiyyətində qaldığına görə hava limanı və dövlət idarələrində işləyənlər, səhiyyə işçiləri, gözətçilər, cəbhə mühafizəçiləri də daxil olmaqla yüz minlərlə insan 21 günlük işdən azad edildi.
İkinci durğunluq isə Obamanın prezidentliyi dövründə baş verdi. Demokrat partiyasından olan ABŞ prezidenti Obamanın dövründə konqresi yenə də respublikaçılar idarə edir. 2013-cü ildə Obama hökuməti də eyni şəkildə fəaliyyətini dayandırdı. 800 min federal işçi bir müddətlik işdən azad edildi. Əlillik, yaşlılıqla bağlı təqaüdlərin ödənilməsi təxirə salındı. Təxminən 2.5 milyon yaşlı insan bir çox xidmətlərdən, xüsusilə də ərzaq yardımı ilə bağlı xidmətdən faydalana bilmədi.
CNN-nin apardığı sorğuda Amerika xalqının 68%-nin iş yerlərindəki fəaliyyətlərin dayandırılmasını mənfi hal olaraq qiymətləndirməsi xalqın siyasi sistem qarşısındakı narazılıq hissini ifadə edir.
Topal Ördək
"Topal ördək" termini əvvəl yeni prezident seçildikdə dövlət işlərində axsaqlıq yaranmaması üçün sabiq prezidentin vəzifəsini 3 ay artıq davam etdirdiyi dövrə verilən ad idi. Yəni "topal ördək" ifadəsi prezidentlik vəzifəsini yeni seçilən prezidentə təhvil verən, ölkə ilə bağlı qərarlar verə bilməyən, səlahiyyətsiz, səmərəsiz bir prezidentin vəziyyətini göstərən ən gözəl ifadə olaraq istifadə edilirdi.
Amma artıq "müxalifətin konqresə hakimlik etdiyi zamanlarda" da bu termin tez-tez istifadə edilməyə başlandı. Obama da prezidentlik dövrünün bitməsinə 2 il qalmasına baxmayaraq, "topal ördək" qrupuna daxil oldu. Sonuncu keçirilən ara seçkilərdən sonra müxalifətdəki respublikaçılar konqresin hər iki qanadına-nümayəndələr palatası və senata da hakim oldular. Bu, respublikaçılar istəmədiyi halda heç bir qanunun konqresdən keçməyəcəyi demək idi. Buna görə də konqresdə heç bir səlahiyyətə sahib olmayan Obama və Amerika prezident üsul-idarəçilik sistemi üçün "topal ördək" dövrü yenidən başladı. Məsələn, konqres əgər 2016-cı ilin büdcəsini təsdiq etməsə, Obama hökuməti yenə iflas etdiyini elan etməli olacaq. Amerikada hər 4 ildən bir prezident seçkisi, 2 ildən bir isə nümayəndələr palatası üçün seçkilər keçirilir. Xüsusilə prezident seçildikdən 2 il sonra konqres üçün keçirilən seçkilərdə xalq bərabərlik olması üçün prezidentin əleyhdarlarına səs verir. Buna görə də bu sistemin növbəti illərdə də Amerikanı durğunlaşdıracağı və ölkə fəaliyyətini dayandıracağı güman edilir.
Amerikada Prezident və Konqres arasındakı Münaqişələr Tarix Boyu Hər Zaman Mövcud Olub
1900-cü ilin əvvəlindən bu günə kimi 17 dəfə prezident və konqres fərqli-fərqli qüvvələrin hakimiyyəti altında olub. Xüsusilə 1970-ci ildən sonra bu vəziyyət daha da çətinləşdi. 1969-cı ilin yanvar ayından 2015-ci ilin yanvar ayına kimi davam edən 46 il müddətində 7 prezident - Riçard Nikson, Cerald Ford, Ronald Reyqan, Corc Buş, Bil Klinton, Corc V. Buş və Obama "topal ördək" vəziyyətinə düşdü. Hər biri müxalifətçi konqreslərlə birlikdə ölkəni idarə etməyə çalışırdı.
ABŞ-ın 37-ci prezidenti olan respublikaçı Riçard Niksonun 1969-1973-cü illərdə- ilk prezidentliyi dövründə demokratlar konqresin hər iki qanadında da üstün idilər. İkinci dəfə prezident seçilən Nikson 1974-cü ildə "Uotergeyt qalmaqalı"na görə istefa edəndə də konqresin hər iki qanadında demokratlar hakimlik edirdilər. Niksonun istefası Amerika tarixindəki yeganə örnək haldır. Qanunlara görə isə onun yerinə köməkçisi Cerald Ford keçmişdir. Buna görə də o, demokratların üstünlük təşkil etdiyi konqres qarşısında artıq əlibağlı vəziyyətdə idi.
1981-ci ildə respublikaçılar partiyasından olan prezident Ronald Reyqan Ağ evə daxil oldu. İlk beş ildə heç bir problem yaşamasa da, 1986-cı ildə keçirilən ara seçkilərdə demokratların konqresdə üstünlüyü ələ keçirməsindən sonra son iki il vəzifəsini müxalifətdən asılı vəziyyətdə davam etdirmişdir.
Respublikaçı Corc Buş da ABŞ-ın 41-ci prezidenti olaraq Ağ evə daxil olmuş və vəzifəsini demokratların üstünük təşkil etdiyi konqreslə birgə çalışaraq davam etdirmişdir.
Bil Klintonun da 1992-ci ildə başlayan prezidentlik dövrü 1994-cü ildə keçirilən ara seçkilərdə respublikaçıların konqresə hakim olması ilə sanki bir fəlakətə çevrilmişdir. Yuxarıda da bildirdiyimiz kimi, 1995-ci ilin sonunda konqresdə büdcəni təsdiqləməyən respublikaçılar Klinton hökumətinin fəaliyyətini dayandırmasına səbəb olmuşdur. 2001-ci ilə qədər prezident vəzifəsində olan Klinton ilk iki il istisna olmaqla qalan müddəti respublikaçı konqres ilə mübarizə vəziyyətində davam etdirməyə çalışmışdır.
Corc Buş 2007-2009-cu illərdə konqresin hər iki qanadında üstün olan demokratların hakimiyyəti altında vəzifəsini davam etdirməyə çalışmışdır və nəhayət Obama hökuməti də konqresin hər iki qanadına hakim olan respublikaçılarla birgə idarəçilik sistemini davam etdirmişdir.
Amerikada Birlik Ruhunun Çöküşü
Amerikada respublikaçıların və demokratların eyni dəyərlərə və eyni ideallara sahib olması barədə hər kəs həmfikirdir. Bir çox münaqişələr olmasına baxmayaraq, amerikan xəyalına hər iki partiya da tam sahib çıxır. Dünyanın digər ölkələrində isə daha dağınıq siyasi spektrlar mövcuddur. Amerikada belə son 40 ildə tamamilə çökdüyü düşünülən birlik ruhunu digər ölkələrdə görməyi ümid etmək olduqca çətindir. Məhz buna görə də hətta Amerikada belə prezident üsul-idarəsi çökdüyü halda digər ölkələrdə bu cür sistemin davam etdiriləcəyini düşünmək məntiqli deyil.
6 il prezident kimi fəaliyyət göstərməsinə baxmayaraq Obamanın seçicilərə söz verdiyi ən vacib qanuni tənzimləmə olan tibbi siğorta islahatı konqresdən yalnız 1 il yarım müddətinə keçdi. Təbii ki, respublikaçılarla razılaşarkən müəyyən güzəştlər edildi. Obamanın başqa bir seçki vədi olan miqrasiya islahatı da eyni şəkildə birinci dəfə konqresdən keçmədi. İkinci dəfə də konqres bundan imtina etdi və görünür, bu belə də davam edəcək.
Barak Obama dövlət fəaliyyətini dayandırdıqdan sonra belə bir açıqlama vermişdi: "ABŞ prezidentinin konqresə doğru olanı etdirmə gücü olmasa da, Amerika xalqının belə bir gücü var." Dünyanın super gücü olan dövlətin prezidenti olsa da, əslində özünün də heç bir gücü olmadığını Obama məhz bu sözləri ilə etiraf edir.
Nümayəndələr palatasının 155 üzvü var və bu üzvlər 10 ildən çox bir müddət ərzində seçiliblər. Aralarında 50 il palatada olanlar da var. Senatın 50 üzvü 8 ildən çoxdur ki, vəzifədədir və hətta aralarında 50 il fəaliyyət göstərən senatorlar da vardır. Prezident isə sanki oyuncaq bir fiqur kimi kənarda qalıb və onların yanında heç bir səlahiyyəti yoxdur.
Prezident nazirlər kabinetinin üzvlərini, MKİ, FTB, MTT kimi federal təşkilatların prezidentlərini, səfirləri, konstitusiya məhkəməsinin üzvlərini və federal hakimləri təyin etmə hüququna malikdir. Amma yuxarıda bəhs etdiyimiz kimi bunlar üçün də senatın razılığı lazımdır.
Bunlarla yanaşı prezidentin yaratdığı beynəlxalq əlaqələri yenə də senatın üçdə ikisi təsdiqləməlidir. Əgər söhbət müxalifətin üstünlük təşkil etdiyi senatdan gedirsə, bu zaman hökumətin əli-qolu bağlanmış olur. Birlik ruhunun olmadığı ölkələrdə isə bu tətbiqetmənin çox çətin nəticə verəcəyi olduqca açıq məsələdir. Məsələn, Obamanın Kubaya qoyduğu embarqoları azaltması üçün də senatın razılığı lazımdır. Respublikaçıların müsbət yanaşmadığı bu məsələdə Obamanın bu istəyini həyata keçirməsinin yenə də çətin olacağı görünür.
Yeni bir sektor: Lobbiçilik
Birlik ruhu çökdüyü zaman peşəkar vasitəçilər fəaliyyətə başladı. Əslində məlumdur ki, hər ölkədə olan və müxalifətlə hökumət arasındakı məsələləri həll etməyə çalışan insan-qruplar vardır. Amma bu sistem Amerikada yeni bir həddə çatıb. Sanki yeni bir sektor kimi Amerika lobbiləri qarşımıza çıxır. Bunlar hər cür oyun və mənfəət həvəsi ilə nümayiş etdirdikləri "lobbiçilik fəaliyyətləri" ilə Amerika siyasətini idarə etməyə başlayıblar.
Vaşinqton sanki lobbiçilik fəaliyyətləri ilə ayaqda duran bir iqtisadiyyata sahibdir. Məhkəmədə, senatda, konqresdə söz sahibi ola bilmək üçün demək olar ki, hər üsuldan istifadə edilir. Ən böyük güc kimi isə mətbuatdan istifadə edilir. Böyük məbləğdə pullar təklif edilərək insanların əldə olunmağa çalışıldığı bu sistemdə hər cür yola əl atılır. Bunlar kifayət etmədikdə isə siyasi şantajlar, mətbuat lincləri tətbiq edilir. Qısaca, xalqın nə dediyi deyil, lobbilərin kimi necə razı saldığı sistemdə əsas rol oynayır.
Mövzu ilə bağlı olaraq qeyd edək ki, Meksikadakı Romero İnstitutuna müraciət edən prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın Con Kerriyə konqresin 80 üzvünün göndərdiyi bir məktubla bağlı "lobbiçilik fəaliyyəti ilə razı salınma vəziyyəti"ni gündəmə gətirməsi də çox önəmlidir. Çünki bu lobbiçilik sistemi əslində nə olduğu tam bilinmədiyi halda həmişə yaxşı bir təşəbbüs kimi göstərilərək başladılmış, Amerikanın prezident üsul-idarəsinin degenerasiya edilmiş bir parçasıdır. Məsələn, konqresin ölkəmizlə bağlı qərar verdiyi məsələlərdə hansı lobbi güclüdürsə, onun qərarlarını konqres gündəmə gətirir. Hər ilin aprel ayında saxta "erməni soyqırımı" məsələsinin tez-tez Amerika konqresinin gündəminə gətirilməsinin Vaşinqtondakı bəzi lobbilərin fəaliyyəti olduğunu görürük. http://t24.com.tr/haber/erdogan-kongrede-80-tane-kiralik-kisi-bulup-turkiye-aleyhine-kampanya-yurutuyorlar,287080
Lobbiçilik sistemi "Haqlı olanın deyil, güclü olanın və daha çox maddi gücü olanın" fikrinin etibarlı hesab olunmasını dəstəkləyir. Bu antidemokratik vəziyyət prezident üsul-idarəsində də demokratiya olduğu fikrindən insanları yayındırır.
Göründüyü kimi, prezident üsul-idarəsi ilə idarə olunan ölkələrdə idarəçiliyin çox rahat olduğu fikri heç də doğru deyil.
Digər tərəfdən, qanunvericilik fəaliyyəti göstərən parlamentlər də lobbilərin və şəxsi mənfəətlərin təsiri altında qalmağa davam etdikcə bu sistem tətbiq edilə bilməyəcək. Amerika prezidentlərinin konqresin qəbul etdiyi qanunları 2800 dəfə veto etdiyini düşünsək, bu sistemdə nə idarəçiliyin, nə də mühakimənin icrasından söhbət açmaq qeyri-mümkün hal kimi görünür.