Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. (Yasin surəsi, 23)
Anidən gələn ölüm, gözlənilməyən xəstəlik, bütün məhsulları yox edən qasırğa, evləri yerlə bir edən zəlzələ, gələcək qorxusu, yol qəzası, stress, mal itkisi, qısqanclıq, qocalma...
Şübhəsiz, bütün bunlar axirətin varlığından qafil olan və gerçək həyatlarının dünyadakı həyat olduğunu zənn edən insanlar üçün əzab, qorxu və ümidsizlik yaradan hadisələrdir. Əlbəttə, hər insan özünə və ya yaxınlarına zərər verən bu cür hadisələrdən biri ilə və ya bunların bənzəri ilə hər an qarşılaşa bilər. Bu qarşılaşma böyük ehtimalla insanın heç gözləmədiyi bir anda reallaşır. Bir anda bütün bədəninə yayılan xərçəngə tutulduğunu öyrənə bilər, bir səhər bir yaxınının ölüm xəbəri gələ bilər, həyatı boyunca yığdığı pulunun oğurlandığını eşidə bilər və ya aynaya baxdığında heç gözləmədiyi şəkildə qocaldığını görər.
Yaxşı, insanlara qarşı bu qədər mərhəmətli olan Allah`ın dünya həyatında belə hadisələr yaratmasının hikmətləri nələrdir?
Bunun ən əhəmiyyətli səbəblərindən biri Allah`ın insanı çətinlik və sıxıntı ilə tərbiyələndirməsidir. Xəstəliyindən ötəri çətinliklə nəfəs alan insan qürurlanaraq digər insanları alçalda bilməz. Eyni zamanda, şikəst ikən yenidən yeriyə bilən, bütün malını-mülkünü itirmişkən bunlara təkrar qovuşan insan, şübhəsiz, bunların dəyərini daha yaxşı qavrayır. Beləliklə, həm çətinliyi, həm də asanlığı yaradaraq dünyada imtahan mühitini yaradan Allah, qarşılıqsız verdiyi nemətlərin daha yaxşı təqdir edilməsini təmin edir.
Ancaq burada əhəmiyyətli olan bir cəhət var. Əgər bu tərz hadisələrlə qarşılaşan adam imanlıdırsa və axirətin gerçək həyatı olacağını bilirsə, onsuz da qəmgin olmur. Başına gələn hər cür çətinliyin Allah`dan olduğunu bilir və bunlara səbir edir, o çətinliklərdən özünü qurtarmağa qadir olanın da, yalnız Allah olduğunu bildiyi üçün Ona dua edir, Ondan kömək diləyir. Beləliklə, Allah Özünə inanan qullarını da öyrədir, Özünə yaxınlaşmalarını təmin edir və axirətdəki dərəcələrini yüksəldir.
Allah`a və axirət gününə inanmayan insanlar üçün isə vəziyyət fərqlidir. Allah "Darr" sifətini əsl mənada cəhənnəmdə onlara göstərəcək. Şübhəsiz, dünyada kədərləndikləri hər şey cəhənnəmdə qarşılaşacaqları ilə müqayisə ediləndə çox xəfif sayılar, çünki buradakıların hamısı müvəqqətidir.
Cəhənnəmdə isə insanların yanan dəriləri ağrını təkrar-təkrar hiss etsin deyə, yeniləri ilə dəyişdiriləcək. İnkar edənlərə boğazları parçalayan darı tikanı, bağırsaqları parçalayan qaynar sudan başqa heç nə verilməyəcək. Ölüm gələr, lakin ölməzlər, ardından daha çətin əzabla qarşılaşarlar. Orada dəmirdən qamçılar, oddan yataqlar olacaq, inkarçı insan cəhənnəmin ən dar və qaranlıq yerinə atılacaq. Cəhənnəmdə sümükləri çatladan inildəmələr eşidiləcək.
İnkarçılar cəhənnəm gözətçilərinə: “Rəbbinizə söyləyin, bizi buradan çıxarsın”, -deyə yalvararlar. Əzabın yüngülləşdirilməsini istəyərlər. Allah onları cürbəcür əzaba uğradarkən bir tərəfdən də onlara cənnətdəkilərin necə bolluq və nemət içində olduqlarını göstərər. Onlar özlərinə kömək edəcək heç kimi tapa bilməzlər və (Allah`ın diləməsi xaricində) sonsuza qədər də alçaldılmışlar olaraq onun içində saxlanılarlar. Allah, beləliklə, gerçək çətinliyi və əzabı inkar edənlərə cəhənnəmdə daddırar. Allah bir ayədə belə buyurur:
Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” –deyə soruşsan, mütləq: “Allah!” –deyə cavab verəcəklər. De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah`dan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!” (Zumər surəsi, 38)
Allah inkarçıların üzərinə Dərr ismini təcəlli etdirir. Əlbəttə, bu, həmin insanların haqdan bilərəkdən üz çevirmələrinə görədir. Yoxsa Allah bütün qullarına qarşı sonsuz şəfqət və mərhəmət sahibidir. Rəbbimiz bütün insanların doğru yola yönəlmələri, sonsuz cənnət nemətinə qovuşmaları üçün dünya həyatında saysız-hesabsız fürsətlər yaradır. Xəta etdiklərində onları bağışlayır, dua edib yardım istədiklərində onlara lütf edir. Dünyadakı qüsurları göstərib onları cənnət üçün çalışmağa çağırır. Axirətdə sonsuz əzabın da olduğunu bildirib onları xəbərdar edir. Lakin uca Allah`ın insanlar üzərindəki bu rəhmətini və yaradılış hikmətlərini təqdir etməyənlərə Allah`ın əzabı gerçəkləşmiş olur. Çünki bu insanlara cənnət və cəhənnəm haqqında bilgi verilməsinə baxmayaraq, bu həqiqətdən üz çevirmişlər.
Allah`ı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan. Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhmlidir. (Yunis surəsi, 106-107)