Sadəcə Allah rizası üçün qarşılıqsız xidmət etmək
ucgen

Sadəcə Allah rizası üçün qarşılıqsız xidmət etmək

607

Bu gün dünyada zülm görən, aclıqdan əziyyət çəkən, təzyiq altında yaşayan, zorakılığa məruz qalan, əzilən insanların varlığından hər kəs xəbərdardır. Qəzetlərdə, televizorda bu sahibsiz və möhtac insanların görüntüləri ilə hər kəs rastlaşıb. Çoxları bu insanların düşdüyü vəziyyəti görəndə onlara qarşı içində bir kədər hissi duyur. Ancaq onları qurtarmaq üçün heç bir şey düşünmürlər. Bunu hər zaman başqalarının vəzifəsi olaraq görürlər. İnsanların bir qismi də bir şey etmək istədiklərinə baxmayaraq, bir tərəfdən də “tək başıma mənim əlimdən nə gələr” şəklində kimi bir düşüncə ilə hərəkət edirlər. Əslində isə bu çox yanlış düşüncədir. Çünki dünyada yaşanan bütün əzabların, müharibələrin və qarışıqlığın əsasında insanların din əxlaqından uzaqlaşmaları və din əxlaqı ilə uyğun gəlməyən ideologiyaları mənimsəmələri durur. Beləliklə də, bütün problemlərin ortaq və kökündən həlli din əxlaqına uyğun olmayan bu ideologiyalarla fikrən mübarizə aparmaq və insanlara Allah’ın insanlar üçün seçib bəyəndiyi İslam əxlaqını izah etməkdir.
 
Din əxlaqına uyğun olmayan ideologiyalarla mübarizə dedikdə bu cür cərəyanların müdafiə etdikləri iddiaların elmi dəlillərlə çürüdülməsi və keçərsiz olduqlarının ortaya çıxarılması nəzərdə tutulur. Bu fikri mübarizədə isə hər insanın mütləq görəcəyi bir iş, üzərinə götürəcəyi bir məsuliyyət var. Yaşadığı şərtlər daxilində heç bir şeyə imkanı olmayanlar bu vacib mübarizəni özünə bir vəzifə bilən kəslərə kömək və dəstək ola bilərlər. Məsələn, din əxlaqına qarşı olan ideologiyalarla mübarizə məqsədilə yazılmış kitablarda bəhs olunan həqiqətləri çox yaxşı öyrənərək bunları hər kəsə izah edə bilər, ətraflarındakıları bu həqiqətdən xəbərdar edə bilərlər. İnsanlara Allah’ın varlığını danışmaq, Allah qorxusunu öyrətmək, hesab günündə yaşanacaq şeyləri, cənnətin və cəhənnəmin varlığını xatırlatmaq və dünyada yaşamağımızın məqsədini izah etmək, zülmün sona çatması üçün vacib fəaliyyətlərdir. Bunun əksinə olaraq, yəni cürbəcür bəhanələrlə kənara çəkilmək isə istəmədən də olsa dindən uzaq fikirlərə dəstək olmaqdır. Halbuki, dünyada müsəlmanlar Allah’a iman gətirdikləri, həyatlarını Allah’ın əmr və qadağalarına uyğun şəkildə yaşamaq  istədikləri üçün təzyiq və zorakılığa məruz qalarkən, bir müsəlmanın bəhanələr gətirərək İslama xidmətdən kənarda qalması, öz rahatlığını düşünməsi, boş işlərlə vaxt keçirməsi vicdanına sığmaz. Çünki müsəlman dünyada yaşanan bütün problemlərin ən əsas həlli yolunu bilir. Bu həll yolu din əxlaqının insanlara izah edilməsi, öyrədilməsidir. Bu həqiqəti bilmək onun boynuna çox vacib bir məsuliyyət qoyur. Bu məsuliyyət  bütün dünyaya Allah’ın dinini və din əxlaqının gətirdiyi gözəllikləri izah etmək, insanları bu əxlaqı yaşamaları üçün məlumatlandırıb ruhlandırmaq və din əxlaqına qarşı çıxan cərəyanlar əleyhinə mütləq fikri mübarizə aparmaqdır.
 
Bu gün nə yaxın ətrafımızdakı, nə də dünyadakı şərtlər ləng və passiv davranmaq, boş işlərlə məşğul olmaq, süstlük, lənglik və dünyəvi mənfəətlərin ardınca qaçmaq üçün əlverişli deyildir. Sayı milyonlarla olan müsəlmanlar böyük bir təzyiq və zülm görərkən bu insanların qurtuluşu üçün səy göstərməmək heç bir müsəlmanın hamiyəti-İslamiyyəsinə sığmamalıdır. Gücsüz insanlara edilən haqsızlıqların davamlı nümayiş etdirilərək gündəmdə olması çox vacibdir. Ancaq Allah’ın Quran’da əmr etdiyi ədalət, bir-birinə kömək, mərhəmət, sevgi, şəfqət, fədakarlıq, əfv etmək kimi xüsusiyyətlər yer üzünə hakim olarsa, bunun nəticəsində ədalətli, sülh dolu və təhlükəsiz bir mühit yaranacağının insanlara vaxt itirmədən izah edilməsi lazımdır. Bununla yanaşı, Allah’a iman gətirənlərin Allah’ın yardımı və və’dləri ilə müjdələnmələri və insanlara zülm edənlərin də Allah’dan alacaqları qarşılıq ilə xəbərdar edilib qorxudulmaları da çox vacibdir. Allah’ın “İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.”(Ali-İmran surəsi, 104) ayəsilə bildirdiyi kimi insanları haqqa yönəltmək də müsəlmanların üzərinə düşən məsuliyyətdir. Başqa ayələrdə isə Allah müsəlmanlara bu xüsusiyyətlərini belə bildirir:
 

(Onlar Allah’a) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm, təhsil üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rükü və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allah’ın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri cənnətlə müjdələ! (Tövbə surəsi, 112)

Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır... (Hud surəsi,116)

Onlar özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları) pislikdən çəkindirənlərə nicat verdik... (Əraf surəsi, 165)

 
Səmimi müsəlmanlar zülmün və haqsızlıqların sona çatması, gözəl əxlaqın insanlar üzərində hakim olması və İslam dininin əslinə uyğun din olaraq yaşanması üçün ciddi səy göstərirlər. Rəbbimizə böyük bir təslimiyətlə bağlanır, Onun rizasını qazanacaq yaxşı işlər görmək üçün heç bir şeyi özlərinə əngəl görmürlər. Böyük bir diqqət və məsuliyyətlə Allah’ın rizasına, rəhmətinə və müsəlmanlar üçün hazırladığı cənnətinə layiq bir insan olmaq üçün çalışırlar. Allah onların davamlı olan bu səmimi surətdə göstərdikləri səylərini belə bildirir:
 

Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən ona qovuşacaqsan. (İnşiqaq surəsi, 6)

 
Allah’a şəksiz inanan bir insan Allah’ın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün əlindən gələni artıqlaması ilə etmək istər. Bir işi bitirib digər xeyirli bir işə keçər, bacardığı qədər cəld və hərtərəfli şəkildə dinə xidmət edər. Allah’a olan bağlılığını, mümkün olan ən xeyirli xidmətləri ömrünə sığdıraraq göstərmək üçün ciddi səy göstərər. Daima İslamın, müsəlmanların xeyrinə düşünər, bütün insanların sülh, dostluq, əmin-amanlıq və hüzur içində yaşamaları üçün üzərinə düşəni etməyə çalışar. Allah rizası üçün edilən xidmətlərdəki bu şövq və istək gerçək dindarlığın da əlamətlərindən biridir.
 
Ancaq imanı zəif bəzi insanlar möminlər ruhlandırıb dəstək olmadıqca xeyirli bir xidmət etməyə çalışmazlar. Qəlblərində onları qarşılıqsız xidmətə yönəldəcək qədər Allah sevgisi və qorxusu olmadığı üçün çalışmaq, yaxşılıq etmək, fədakarlıq göstərmək onlara ağır gələr. Ancaq bununla belə özlərini ətrafdakılara dindar göstərəcək qədər xidmət edər, ən az cəhd göstərərək həyatlarını yaşamaq istərlər. Allah’ın rizasının ən böyük qazanc olduğunu qulaqardı etdiləri üçün bu məsələdə daima üzərlərində bir ağırlıq olar. Dünyəvi mənfəət əldə etmə ehtimalı olan işlər üçün gecə-gündüz çalışmağa, yuxusuz qalmağa, yorulmağa, qısaca olaraq, hər cür fədakarlığa qatlanarkən İslamın mənfəəti üçün ediləcək bir xidməti yük olaraq görər və etdikləri hər işdə möminlərə minnət qoymaq istəyərlər.
 
Səmimi müsəlmanlar isə “Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua və ibadət et!). Və ancaq Rəbbinə yalvar! (Üzünü Allah’a çevirib yalnız Onun köməyinə bel bağla, Ona  tərəf yönəl!)”(İnşirah surəsi, 7-8) ayəsində buyurulduğu kimi, Allah’ın rizasını, rəhmətini və cənnətini qazanmağın ümidi və sevinci ilə hər anlarında çox şövqlü, canlı və çalışqandırlar. Belə ki, Allah Bəqərə surəsinin 148-ci ayəsində möminlərə “xeyirli işlərdə yarışmalarını” əmr edir. Bu ayələrə əməl edən möminlər bir an belə boş qalmadan xeyirli işlər görmək və yaxşılıq etmək üçün bir-birilə yarışırlar. Hər an bir əcr qazanmaq üçün fürsət axtarır, heç bir zaman ruhdan düşmədən, başqasına həvalə etmədən, ləngimədən qarşılarına çıxan hər fürsəti dəyərləndirirlər. Etdiklərinə görə isə heç kimə minnət qoymaz, heç kimə yaxşılıq etmiş kimi işlərini minnətlə görməzlər. Əksinə Allah’a, Allah’ın rizasına və rəhmətinə, ölmədən əvvəl toplayacaqları əcrlərə möhtac olduqlarını bilərək təvazökarlıqla, heç kimdən tək bir təşəkkür belə gözləmədən İslama xidmət edərlər. 
 
Vicdanını dinləyərək yalnız Rəbbimizin rizası üçün edilən xidmət ən çətinşəraitdə belə möminə sevinc verir. Hər səmimi cəhdin nəticəsində bir gözəllik və hüzur, dünyada şərəfli bir həyat vardır. Axirətdə isə sonsuz sevinci yalnız möminlər yaşayacaq. Bütün bunları bilən və qavrayan bir mömin etdiyi işlərdə tək bir təşəkkür belə olsa dünyəvi bir qarşılıq gözləməyin özü üçün Allah’ın hüzurunda nə qədər utandırıcı olduğunu bilir. Dünya həyatında və axirətdə yaşayacağı böyük itkini bilər və bundan çox qorxar. Allah’ın rizasını, sonsuz rəhmətini və cənnətini unudaraq dünyəvi gözləntilər içində olmaq bir insanın həm dünyada, həm də axirətdə məhv olmasına səbəb olar. Allah bir ayəsində möminlərin bu səmimiyyətini belə bildirir:
 
... dəhşəti (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qorxarlar. Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir qarşılıq, nə bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir. Və onları etdikləri səbr müqabilində Cənnətlə və ipəklə mükafatlandıracaqdır.(İnsan surəsi, 7-12)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr