İnsan dünyaya gəldiyi andan etibarən çox nizamlı bir mühitdə yaşayar. Varlığını davam etdirmək üçün oksigenə ehtiyac duyar. Çox maraqlıdır ki, yaşadığı dünyanın atmosferi, onun üçün ehtiyac duyduğu miqdarda oksigeni təmin edər və o da buna görə rahatlıqla nəfəs ala bilər. Yaşadığı planetdə canlı aləmin yarana bilməsi üçün istilik mənbəyinin olması zəruridir, tam da lazımi istilik və enerjini təmin edə biləcək məsafədə Günəş var. Həyatını davam etdirmək üçün qidalanmağa ehtiyacı var. Dünyada hara baxsa, növbənöv yeməklə qarşılaşar. Həmçinin suya ehtiyac duyar, yaşadığı planetin dörddə üç hissəsi su ilə əhatə olunmuşdur. Sığınmağa ehtiyacı var. Ətrafında onu sığınacaqla təmin edə biləcək bir çox məkan və bu məkanları inşa edə biləcəyi hər cür material mövcuddur.
Burada saydıqlarımız insanın varlığından danışmaq üçün lazım olan milyonlarla, milyardlarla incəlikdən yalnız bir neçəsidir. Xülasə, insan tam olaraq həyatını davam etdirə biləcəyi, açıqca "insan üçün yaradılmış" bir məkanda yaşamağa başlayar.
Lakin hər nədənsə insan bütün bunları vərdiş pərdəsinin arxasında qiymətləndirər; onun üçün bütün bu izah edilənlər "adi" şeylərdir. Halbuki insan içində olduğu vəziyyəti sorğulayaraq ətrafına baxa bilsə, vərdişlərin kənarına çıxacaq və düşünməyə başlayacaq:
Necə olur ki, səma dünya üçün qoruyucu tavan funksiyası yerinə yetirir?
Necə olur ki, insan bədənindəki trilyonlarla hüceyrənin hər biri öz görəcəyi işləri bilir?
Necə olur ki, yer üzündə fövqəladə ekoloji tarazlıq var?…
Bunlara bənzər sualları araşdıraraq düşünən insan isə doğru yoldadır. Eləcə də, o, ətrafında hər an baş verənlərə qarşı laqeyd yanaşmır və fövqəladə şeylər olduğunu anlayır. Suallar soruşaraq və bunların cavablarını verərək düşünən insan bir müddət sonra hər şeydə plan və nizam olduğunu dərk edəcək:
Bütün kainatdakı mükəmməl nizam necə meydana gəlmişdir?
Dünyadakı tarazlıqlar kim tərəfindən təmin edilmişdir?
İnanılmaz müxtəlifliyə sahib olan dünyadakı canlılar necə yaranmışdır?
Bu kimi sualların cavablarını araşdıran insan çox aydın bir həqiqətlə qarşılaşar. Kainatdakı hər şey; hər cür nizam, hər canlı, hər mexanizm bir planın parçası, bir dizaynın məhsuludur. Bir böcəyin qanadındakı mükəmməl quruluşdan, bitkilərin torpaqdan aldıqları suyu metrlərlə yuxarıya heç çətinlik çəkmədən çıxartmalarını təmin edən daşıma sistemlərinə, planetlərin orbitlərindəki nizamdan Yerin atmosferindəki qazların nisbətinə qədər hər incəlikdə bənzərsiz mükəmməllik var. Bütün bunların təsadüfən yaranması isə qəti olaraq qeyri-mümkündür. Çünki mükəmməl tarazlıqların, iç-içə keçmiş mexanizmlərin olduğu yerdə, əlbəttə, ağıl və şüurlu tənzimləmə var.
Məhz insan dünyada baxdığı hər yerdə, gördüyü hər incəlikdə Allahı tapar. Hər şeyi Öz nəzarətində saxlayan, hər cür yaratmadan xəbərdar, bütün aləmlərin Rəbbi olan Allah varlığını qullarına bu mükəmməlliklə tanıdar. Ətrafımızdakı hər şey; uçan quşlardan döyünən ürəyimizə, insanın öz doğuşundan səmada günəşin varlığına qədər hər şey Allahın sonsuz gücünü, yaratmada ortağı olmadığını bizə göstərir. Allahın böyüklüyü sərhədsizdir. O hər şeyə qadirdir. İnsana düşənsə bu həqiqəti qavramaqdır.
Elə isə, siz də ətrafınızdakı canlı-cansız bütün varlıqların Allahın varlığını və gücünü göstərdiyini anlamazlıqdan gəlməyin. Ətrafınızda gördüyünüz şeylərə baxın və Rəbbimiz olan Allahın sonsuz qüdrətini təqdir etməyə çalışın.
Allahın varlığı AÇIQ-AYDIN bir həqiqətdir. Bu həqiqəti anlamazlıqdan gəlmək, yalnız insanın özünə verəcəyi böyük zərərlərin başlanğıcı olar. Çünki Allah heç nəyə ehtiyacı olmayandır, ucadır, böyükdür. Allah göydən yerə qədər hər şeyin sahibidir.
Allah Quranda Zatını belə tanıdır:
Allah... Ondan başqa İlah yoxdur, Diridir, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa hamısı Ona məxsusdur. Onun icazəsi olmadan Onun yanında kim şəfaət edə bilər? O onların gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şeyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox ucadır, Uludur. (Bəqərə surəsi, 255)