Cəmiyyətdə kimisə bəyənməmək ilə möminlərin "Allah rizası üçün büğz etməsi" bir-birindən fərqli xüsusiyyətlərdir
ucgen

Cəmiyyətdə kimisə bəyənməmək ilə möminlərin "Allah rizası üçün büğz etməsi" bir-birindən fərqli xüsusiyyətlərdir

2019

Cahil cəmiyyətdə insanlar bir çox səbəblərdən bir-birlərini bəyənməzlər. Bəzən bir insanın üzü, ağzı, burnu, səsi, gülüşü, şivəsi, boyunun qısalığı və ya uzunluğu, saç düzümü, rəngi, bədən forması, çəkisi, bəzən yaşadığı yer, gördüyü iş, bəzən maşını, evi, bəzən mimikası, danışıq tərzi, qısası, hər şey buna səbəb ola bilər. Ancaq bu insanların sadaladığımız xüsusiyyətlərində problem olması əsas deyil. Bəzən  qüsursuz və mükəmməl olduğu, bəzən özündən daha yaxşı olduğu, bəzən özünə rəqib gördüyü, bəzən də öz mədəniyyəti, zövqü və ya vərdişləri ilə üst-üstə düşmədiyi üçün o insanı bəyənmirlər.

Hətta bəzən bu insana qarşı bəslədikləri nifrət və narahatlığın heç bir səbəbi olmaya da bilər. Özlərinin də ifadə etdiyi kimi, "Səbəbini bilmirəm, amma bu insandan heç xoşum gəlmir" deyərək düşüncələrini dilə gətirirlər. Səbəbi olsa da, olmasa da, bir insana qarşı olan və öz sözləri ilə "xoşum gəlmir" deyə ifadə etdikləri bu rəftarlarının yeganə səbəbi "şeytanın tələsinə düşmələri"dir.

Bəzən şeytan eyni təlqinləri möminlərə də verməyə çalışır. Möminin sevgisi Qurana əsaslanır. Quran əxlaqından başqa bir insanı sevmək üçün onun fiziki quruluşunun, işinin, evinin, yaşadığı yerin, şivəsinin və buna bənzər xüsusiyyətlərinin heç bir əhəmiyyəti yoxdur. Mühüm olan ruhunun və imanının olması, Quran əxlaqını yaşamasıdır. Bu insan səhvləri, qüsurları, çatışmazlıqları olsa da, mömin olduğu üçün sevilir. Xətaları və qüsurları da özünə göstərilərək düzəldilməyə çalışılır.

Ancaq möminlərin də bir-birlərinin səhvlərindən, çatışmazlıqlarından narahat olmaları mümkündür. Bəzən insanın səhv bir hərəkəti ətrafa maddi-mənəvi zərər verə bilər. Yaxud bir nəfərin hər hansı bir mövzuda Quran əxlaqını tam olaraq yaşamaması o insana qarşı olan etimada, yaxınlığa mənfi təsir edə bilər. Ancaq mömin sevgisində olduğu kimi, narahatlığında da sadəcə Qurana əsaslanar. Mömin Qurana uyğun əxlaq göstərilmədiyi, cahil əxlaqına bənzər əxlaq göstərildiyi zaman narahat olar. Bir insanın gülüşü, boyunun uzunluğu və ya  mədəni səviyyəsi kimi mövzulara görə narahat olmaz.

İman gətirən bir insanın başqa möminə qarşı hiss etdiyi və Qurana uyğun olan bu hissin adı büğzdür. Qarşısındakı insanın Qurana uyğun olmayan bir hərəkətinə (düzəltmədiyi müddət ərzində) büğz edə bilər. Büğz etdiyi müddət ərzində yenə də ona şəfqətlə doğrunu göstərmək, dəstək olmaq, onun çatışmazlığını düzəltmək üçün məmnuniyyətlə əlindən gələni edər. Bundan başqa, büğz etdiyi insan mömin olduğu üçün bu insana olan sevgisi də azalmaz. Çünki dünyada səhv etməyən heç bir insan yoxdur. Allah adətullahına əsasən bu əskikliyi bütün insanlarda yaratmışdır. Allah səhvləri insanların acizliklərini görüb Allah’a sığınmaları, tövbə etmələri, daha yaxşı olmaq üçün cəhd etmələri, bir-birlərinə yaxşılığı əmr edib, pislikdən çəkindirmələri, bir-birlərinə təbliğ edib nəsihət vermələri üçün yaratmışdır. Buna görə də, möminlər bir-birlərindən qüsursuz olmağı tələb etməzlər. Yanlış bir davranış gördükləri zaman bir-birlərinə bunu düzəltməyi məsləhət görərlər.

Eyni zamanda, möminlər şeytanın tələsinə düşərək cahillərin "xoşum gəlmir" deyə göstərdikləri əxlaq çatışmazlığı ilə "Allah rizası üçün büğz etmək" əxlaqını bir-birinə qarışdırmamalıdırlar. Çünki bəzən insanın nəfsi, Quran əxlaqını yaşamayan insanlarda olduğu kimi, səbəbsiz yerə bir insandan narahat olmaq üçün möminləri də təşviq edə bilər. Yaxud Qurana əsaslanan bir səbəb olmadığı halda, bir möminin haqlı, səmimi və təbii davranışlarına qarşı da narahatçılıq hiss edilə bilər. Mömin bu təlqin qarşısında Allah’dan qorxmalı, şeytandan Allah’a sığınmalı, mömin qardaşına şəfqət və mərhəmətlə yanaşaraq şeytanın tələsinə düşməməlidir. Şeytanın möminlərin arasını vurmağa çalışdığını Allah Quranda xəbər vermişdir(“İsra” surəsi, 53). Mömin bu tələyə qarşı həmin mömin qardaşının gözəl cəhətlərini, imandakı qərarlılığını, əxlaqındakı gözəl detalları,  Allah’ın rizasını qazanmaq üçün nə qədər səmimi cəhd etdiyi kimi xüsusiyyətləri düşünərək ona olan sevgisini yeniləməlidir. Buna niyyət etdiyi və cəhd etdiyi anda, Allah’ın izni ilə, Allah şeytanın tələsini pozacaq və o, mömin qardaşına daha güclü bir sevgi ilə bağlanacaqdır. Allah Quranda bu adətullahının mütləq gözəl nəticə verəcəyini belə xəbər vermişdir:

Allah’a tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!"– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər? Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki  O  Eşidəndir, Biləndir. (“Fussilət” surəsi, 33-36)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr