- Möminlər nə üçün yaxşı işlər görməkdə yarışırlar?
- Yaxşı işlər görməkdə yarışmaq ağılı necə dərinləşdirir?
İnsanlar imanın dərəcəsinə görə bir-birindən fərqlənirlər. Bəziləri Allah`a heç iman gətirmir. Bəziləri isə güclü Allah qorxusuna görə daima xeyirli işlər görməyə və dinə xidmət etməyə çalışır. Bu işdə sanki yarışırlar. Ancaq Allah`ın Quranda “...Yaxşı işlər görməkdə bir-birinizlə yarışın...”(Maidə surəsi, 48) əmri ilə bildirdiyi bu yarış Quran əxlaqından uzaq olan insanların bir-birini əzməsi şəklində rəqabət deyil, əksinə, xeyirli işləri, gözəllikləri artırmaq yarışıdır. Çünki möminlərin yarışmaqda məqsədləri dünyəvi mənfəət əldə etmək və ya insanlar arasında üstünlük qazanmaq deyil.
Möminlər Allah`ın rizasını qazanmaq üçün yaxşı işlər görməkdə yarışarlar
Möminlər sadəcə Allah`ın əmrlərini yerinə yetirməkdə, Onun bəyəndiyi əxlaqla yaşamaqda və Rəbbimizi razı etməkdə yarışarlar. Quranda möminləri Allah qatında dəyərli edən ünsürün yaxşı işlərdə yarışmaq olduğu bildirilmişdir:
Məhz onlar yaxşı işlər görməkdə bir-biri ilə yarışar və bu işlərdə öndə gedərlər.(Muminun surəsi, 61)
Bu, möminlərin Allah sevgisinin, Allah qorxusunun və imanının tələbidir. Çünki insanın səmimiliyi və ixlası Allah`ın rizasını qazanmaq üçün göstərdiyi səylə ölçülər. Allah`a və axirətə könüldən iman gətirən insan Allah`ın rizasının ən çoxunu qazanmağı və Allah`a ən yaxın insan olmağı hədəfə alır. Allah`ın ondan razı qalmasını, ona rəhmət etməsini və cənnətinə layiq görməsini istəyir. Odur ki, əlindən gəldiyi qədər çalışır. Ağlından, vicdanından və bütün bacarığından istifadə edərək Quran əxlaqı ilə mükəmməl yaşamağa çalışır.
Möminlər ölümün yaxın olduğunu bildikləri üçün yaxşı işlər görməkdə yarışırlar
Möminlərin yaxşı işlər görməkdə yarışmasının digər səbəbi də dünya həyatının çox qısa, ölümün də çox yaxın olduğunu dərk etmələridir. Hər an öləcəklərini və Allah`ın rizasını qazanmaq üçün kifayət qədər cəhd etmədiklərinə görə axirətdə peşman olacaqlarını bilirlər. Çünki axirətə keçdikdən sonra insanın yenidən dünyaya qayıdıb yaxşı işlər görməkdə yarışması, saleh əməllər etməsi mümkün deyil. Bu səbəbdən də əməlisaleh müsəlmanlar daha çox savab qazanmaq üçün zamanla yarışırlar. Dünya həyatında onlara verilmiş müddətdə bacardıqları qədər çox saleh əməl etməyə çalışırlar. Bu məqsədlə, qarşılarına çıxan hər saleh əməli şövqlə edir, hər fürsəti yaxşı dəyərləndirməyə çalışırlar. Möminlər bu şövqlə və qətiyyətlə Allah`ın “(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!”(Şərh surəsi, 7) əmrini yerinə yetirirlər. Bir an belə boş vaxt keçirməməyə çalışır, Allah rizasını qazanmaq üçün özlərini kafi hesab etməyərək şövq və istəklə xeyir işlər görməkdə yarışırlar. Dünya həyatında keçirdikləri hər saniyəyə görə axirətdə cavab verəcəklərini, vicdanlarını dinləmədiklərinə görə və xeyirli əməllər var ikən boş işlə məşğul olduqları hər andan məsul olacaqlarını unutmurlar. Ona görə də öz ehtiyaclarından artıq qalan vaxtlarını daima yaxşı işlərə sərf edirlər.
Yaxşı işlər görməkdə yarışmaq dərin düşünməyə təşviq edir
Möminlər səhərdən axşama qədər daima dinə xidmət etməyə, dinin və möminlərin mənfəəti üçün saleh əməllər etməyə, qısası, hər addımda Allah`ın rizasına uyğun davranmağa çalışırlar. Bunun üçün daima düşünmək, dua etmək, Allah`ın rizasına ən uyğun davranışı axtarıb tapmaq və yerinə yetirmək lazım gəldiyini bilirlər. Ona görə də daima Allah`a yaxınlaşmaq, Onun böyüklüyünü layiqincə təqdir etmək üçün dərin düşünürlər. Düşünmədikləri, dünyanın müvəqqəti mənfəətinə aludə olub axirəti unutduqları bir an belə keçirməzlər. Tam yəqinliklə iman gətirdiklərinə görə həyatlarının hər anını Allah üçün keçirir və qəflətə düşmürlər. Fasiləsiz Allah`ı və Onun böyüklüyünü düşünmək Allah qorxularını artırır.
Belə əməlisaleh qullar, Allah`ın izni ilə, dünyada ikən dayanmadan cəhd edərək yarışıb önə keçdiklərinə görə, axirətdə də əbədiyyən ən gözəl məkanlarda yerləşəcək və nemət içində olacaqlar:
(Xeyirxah işlərdə) öndə gedənlər, öndədirlər! Onlar yaxınlaşdırılmış kimsələrdir. Onlar Nəim cənnətlərində olacaqlar. Onların çoxu əvvəlki nəsillərdən, az bir qismi də axırıncılardandır. (Onlar) bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.(Vaqiə surəsi, 10-16)
Hər insan vicdanının səsini dinləyib səmimi olsa, Allah`ın izni ilə, Quranda örnək göstərilən əməlisaleh möminlər kimi Quran əxlaqı ilə yaşaya bilər. Allah bir ayədə bunu belə açıqlayır:
Sonra, kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allah`ın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.(Fatir surəsi, 32)
Ayədə açıqlandığı kimi, bəzi insanlar uca Allah`ın çağırdığı yola tabe olmayıb zərər çəkənlərdən olur, ancaq bəziləri də yarışıb önə keçir və xilas olmağa ümid bəsləyirlər. Güclü imana malik hər mömin gücünün çatdığı qədər ən üstün əxlaq səviyyəsinə çatmağa çalışar. Çünki Allah`ın sevgisini və razılığını ancaq bu şəkildə qazana bilər. İnsanın əsl yaradılış məqsədi də budur. Rəbbimizin qədrini layiqincə təqdir edib Onun rizasını, sevgisini və cənnətini qazanmaq...
Yaxşı işlər görməkdə yarışmaq imanı dərinləşdirir
Kamil iman sahibləri Allah`a inanclarında və sədaqətlərində qətiyyətli olurlar. Bu da ancaq Allah`a yəqinliklə iman gətirməklə mümkündür. Yəqinliklə iman gətirmək Allah`ın və axirətin varlığına ağıl, qəlb və vicdanla qəti inanmaq deməkdir. Quranın “O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar” (Bəqərə surəsi, 4) ayəsi möminlərin bu xüsusiyyətini bildirir. Kamil iman sahibləri hər an vicdanlarının səsini dinləyirlər. Bu da, Allah`ın izni ilə, daima Qurana uyğun, Allah`ın rizasına uyğun davranmalarına səbəb olur. Allah bu səmimi əxlaqla yaşayan qullarını belə müjdələyir:
Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar.(İsra surəsi, 19)