Neftin qiymətinin düşməsi, Amerika dollarının bahalaşması, Ukraynada baş verən hadisələr... Bunlar son günlər gündəmdən düşməyən məsələlərdir. Halbuki ən az bunlar qədər önəmli olan, ancaq dilə gətirilməyən, yaxud da çox az toxunulan bir məsələ də var: Milyonlarla insanların yaşadığı ərzaq çatışmazlığı.
Yer üzündə bir çox insan aclıq və bununla bağlı digər səbəblər ucbatından həyatlarını itirir. Dünyada hər beş saniyədə bir uşaq acından ölür. Aclıq çəkən insanların sayı təxminən 1 milyarda yaxındır. Bunların böyük əksəriyyəti Afrikada yaşayır. Ancaq dünyanın başqa yerlərində, məsələn, Çində, Hindistanda əvvəlki kimi olmasa da, hələ də aclıq çəkən insanlar var. Avropada da yardıma ehtiyac duyan bir ölkənin, yəni Moldovanın olması da nəzərəçarpandır. [i]
Bu vəziyyət başda Afrika olmaq üzrə, bir çox ölkələrdə kütləvi aksiyalara və böyük etirazlara səbəb olur. Mütəxəssislər bu üsyanların yayılması nəticəsində 30-dan çox ölkədə qeyri-sabitlik yaranacağını düşünürlər. [ii]
Yer üzündəki qida mənbələri bütün dünya əhalisinin ehtiyaclarını tam ödəyəcək miqdardadır. Bəs bu qədər insan niyə aclıqdan əziyyət çəkir?
Sualı cavablandırmamışdan əvvəl onu bildirək ki, aclıq, əslində, resurs qıtlığından deyil, bölgü problemindən qaynaqlanır. İldə təxminən 40 milyard dollar aclıq çəkən insanların əsas ehtiyaclarını ödəmək üçün kifayət edər. Bu isə dünyanın ən zəngin 225 insanının ümumi maddi imkanının yalnız 4%-nə bərabərdir. Yəni dünyadakı zəngin insanlar vicdanlı, mərhəmətli, şəfqətli, ədalətli rəftar etsələr, dünyada aclıq adlı bir problem qalmayacaq.
Bəs aclıq problemini doğuran texniki səbəblər hansılardır? Bu səbəblər necə aradan qaldırıla bilər?
Cavabı vermək üçün Zimbabvenin yaxın tarixinə nəzər salmaq kifayətdir. Bir zamanlar ərzaq ixrac edən ölkələr arasında yer tutan Zimbabve indi isə ərzaq yardımına möhtac olan ölkədir. [iii] Zimbabve yanlış idarəçilik nəticəsində ölkədə nələr baş verdiyini göstərən ölkədir. Diktator rejimi ilə idarə olunan, ölkə sərvətlərini düzgün istifadə edilməyən, hətta təbii sərvətlərindən sui-istifadə edilən bir çox ölkədə aclıq problemi yaşanır. Hindistan və Çin doğru siyasət nəticəsində aclıq probleminin öhdəsindən gələn iki mühüm dövlətdir. Çin və Hindistanda aclıq çəkən insanların sayı son illərdə əhəmiyyətli dərəcədə azalmışdır.
Aclıqla mübarizədə uzunmüddətli həll üçün atılacaq ən əhəmiyyətli addım, düşünüldüyü kimi, ərzaq yardımı deyil. Çıxış yolu aclıq çəkən regionlarda biznes imkanlarının artırılması və beləliklə, insanların alıcılıq qabiliyyətinin gücləndirilməsidir. Aclıq probleminin yaşandığı ölkələrin hökumətlərinə böyük məsuliyyət düşür. Bu bölgələrdə Çin və Hindistandakı kimi özəl sektor gücləndirilməli, dövlətin iqtisadiyyata müdaxiləsi məhdudlaşdırılmalı, xüsusilə də, korrupsiyaya qarşı güclü mübarizə aparılmalıdır.
Aclıqla mübarizədə inkişaf etmiş ölkələrin də rolu, şübhəsiz ki, böyük ola bilər. Onlar da kasıb ölkələrdəki məhsulların bazarlarına çıxarılmasına imkan verməlidirlər. Aclıq çəkən yoxsul ölkələrlə ticarət edərkən gömrükləri, vergiləri və xərcləri azaltmalı və bu yolla onlara şərait yaratmalıdırlar. Beləliklə, sözügedən ölkələrdə tələbat artacaq və daha çox ərzaq istehsal olunacaq.
İnkişaf etmiş ölkələrin yoxsul ölkələrdəki kənd təsərrüfatına birbaşa yardımlarını artırması da başqa çıxış yoludur. Ancaq bu cür yardımlar artmaq əvəzinə getdikcə azalır. 25 il əvvəl inkişaf etməkdə olan ölkələrə edilən aqrar yardım 17% ikən, bu nisbət bu gün yüzdə 3,7%-ə qədər azalmışdır. [iv]
Ekspertlər artan ərzaq qiymətlərinin aclıq probleminə güclü təsir göstərdiyi mövzusunda da həmfikirdirlər. Ərzaq qiymətlərinin artdığı regionlarda insanların gəlir səviyyələri aşağı olduğu üçün ərzaq kifayət qədər olsa da, aclıq baş verməsinə səbəb olur. Bir çox ölkədə əhali artımı davam etdiyi halda, işsizlik səviyyəsi də durmadan artır və uzun zaman davam edən mənfi şərtlərə görə ərzaq qiymətləri yüksəlir.
Ərzaq qiymətlərinin artımına səbəb olan amillərdən biri də getdikcə artan bioloji yanacaq istehsalıdır. Xüsusilə, Avropa daxil olmaqla, bir çox ölkə həm havanı çirkləndirdiyi, həm də getdikcə azaldığı üçün qalıq yanacaqlar yerinə alternativ yanacaqlar axtarırlar. Bu alternativlərdən biri də bioloji yanacaqlardır.
Bioloji yanacaq bəzi kənd təsərrüfatı məhsullarının biokimyəvi və ya termokimyəvi transformasiya proseslərindən keçirilməsi nəticəsində əldə edilən qaz, maye və bərk məhsulların ümumi adıdır. Bioloji yanacaqlar nəqliyyat sektorunda, avtomobil yanacağı xidmət sektorunda, eləcə də istilik və elektrik istehsalında istifadə edilir.
Almaniyada bioloji yanacaq sahəsində əldə edilən nailiyyət nisbəti 6,25%-dir. [v] Braziliya yanacaqdoldurma ehtiyacının 80%-ni bioloji yanacaqlar hesabına ödəyir. [vi] Hazırda Afrikada İsveçrə böyüklüyündəki bir sahə (4 milyon hektar) Avropa bioloji yanacaq üçün ayrılıb. [vii] Avropalılarla yanaşı, Çin, Braziliya, Malayziya kimi ölkələr də Afrikada sürətlə böyük ərazilər alır. Alınan ərazilər də kənd təsərrüfatı üçün istifadə edilmir və boş saxlanılır. Buradakı məqsəd bioloji yanacaqdan gələn gəlir səviyyəsini artırmaq, bunun üçün də daha çox bioloji məhsul istehsal edib Avropaya satmaqdır.
Bunun nəticəsində də, kənd təsərrüfatı məhsulları üçün əkilən ərazilərin sayı getdikcə azalır və ərzaq qiymətləri də sürətlə artır.
Buna görə də yer üzündə daha böyük aclıq problemin ortaya çıxmaması üçün ya qalıq yanacaqlara başqa alternativ tapmalı, ya da bioloji yanacaq istehsalı daha diqqətlə həyata keçirilməlidir.
İstinadlar:
[i] http://hdr.undp.org/sites/default/files/engleza_final.pdf
[ii] http://deltafarmpress.com/corn/alarm-bells-ringing-world-food-prices-rising
[iii] http://www.dw.de/a%C3%A7l%C4%B1%C4%9F%C4%B1n-ger%C3%A7ek-sorumlusu-hatal%C4%B1-politikalar/a-3382814
[iv] http://www.dw.de/a%C3%A7l%C4%B1%C4%9Fa-kar%C5%9F%C4%B1-tar%C4%B1ma-destek/a-3380131
[v] https://ekogazete.wordpress.com/2012/03/26/avrupaya-yakit-afrikaya-aclik/
Adnan Oktarın “Weekly Blitz”də dərc edilən məqaləsi:
http://www.weeklyblitz.net/2015/01/a-problem-with-no-place-on-the-world-agenda-hunger/