21-ci əsrin başlanğıcından etibarən dünya müharibə burulğanının içinə düşüb. İraq və Əfqanıstanın işğalında, Liviya, Suriya və Yəmən vətəndaş müharibələrində milyonlarla müsəlman həlak oldu. Hər gün minlərlə qadın, uşaq, qoca, gənc, məsum bu şəhid siyahılarına salınır. Dünyanın bir hissəsi həlak olarkən, digər hissəsi istifadə etdiyi müharibə silahları haqqında iftixar dolu xəbərlər yayımlayır.
Bu müharibələr sanki yeni silahlar üçün şou sahəsinə çevrilib. ABŞ yeni B2 bombardman təyyarələrini ilk dəfə Əfqanıstan və Liviya müharibələrində istifadə etdi. Silahlı pilotsuz uçan aparatlar - dronlar isə ilk dəfə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Pakistanda istifadə edildi. 75 milyard dollarlıq F22 Raptor təyyarəsi Suriya vətəndaş müharibəsini gözlədi. Bu günə qədər 400 milyard dollar pul xərclənən və 1 trilyonluq büdcəyə malik olacaq F35 təyyarələri isə ölüm yağdırmaq üçün növbəsini gözləyir. Bu silah nümayişində Rusiya da geri qalmır. Suriya vətəndaş müharibəsində Tupelov TU-160 müharibə təyyarəsini, Raduga Kh-101 cruise raketlərini, yeni mexaniki top MSTA-B-ni, S 400 raket sistemini ilk dəfə döyüş meydanına endirdi. Fransız təyyarələri Rafalelər də ilk dəfə Liviya və Suriya vətəndaş müharibələrində istifadə edildi. Rusiya həmçinin 1500 km uçuş məsafəsinə sahib 3m-14 Kalibr raketlərini Xəzər dənizindən Suriyadakı hədəflərə göndərdi.
Hər bir silah daha çox öldürmək, daha çox viran etmək üçün yarışır. Silahlanma yarışındakı uğur günahsız insanların tökülən qanı ilə ölçülür. Yarışda qalib gələnlərin mükafatı isə beynəlxalq tərif və yeni qırğın silahları üçün pul olur. Hər yeni silah digər tərəfin daha yaxşı silah inkişaf etdirməsinə səbəb olur. Bir tərəfdən silah inkişaf etdirmək üçün vəsait xərclənir, bir tərəfdən də eyni silahdan qoruyacaq müdafiə sistemləri üçün milyardlarla dollar xərclənir. Dünyanın ehtiyatları 7 milyard insanı doydurmaq, saxlamaq, onların gözəl yaşaması üçün kifayət qədər olduğu halda, ölkələrin sərvətləri yaşatmağa deyil, öldürmək üçün silahlara xərclənir.
Müharibələrin ümumi xərcləri nəzərə alındıqda silahlara xərclənən pul yalnız kiçik bir hissəni əhatə edir. Bir çox düşüncə təşkilatı İraq və Əfqanıstan müharibələrinin Amerika iqtisadiyyatına təsirinin 6 trilyon dollar olduğunu hesablayıb . Xərclərin böyük hissəsi müharibə sahəsində deyil, arxasındakı dolayı xərclərdən ibarətdir. ABŞ bu günə qədər xərclədiyi 2 trilyon dollardan əlavə olaraq gələcək 30 il ərzində borc faizləri, yeni silah alışı, müharibə veteranlarının ömür boyu tibbi xərcləri də əlavə olmaqla 4 trilyon dollar daha xərcləyəcək. İraq müharibəsinin başlamasından 1 həftə əvvəl həmin dövrün vitse-prezident Dik Çeyni müharibənin təkcə 2 il davam edəcəyini və xərcinin təqribən 100 milyard dollar olacağını bildirmişdi. Hazırda qarşıdurmalar hələ başa çatmamış, xərci isə ən az 40-50 dəfə artmışdır.
Dünyanın hər keçən gün daha təhlükəli hala gəlməsi isə pulla ölçülməyəcək yan təsirlərə malikdir. Milyardlarla dollar yalnız təhlükəsizlik üçün xərclənir. Qoca dünyamız aclıqla, yoxsulluqla, xəstəliklə mübarizə aparacağı yerdə, hardan gələcəyi bəlli olmayan təhlükələrə qarşı qorunmağa çalışır.
İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace) 2014-cü il sülh hesabatında 81 ölkənin zaman keçdikcə daha təhlükəli bir yer halına gəldiyini ortaya qoydu. Hesabata əsasən, Suriya, İraq, Yəmən, Liviya, İsrail və Livan şiddətlə ən çox iç-içə yaşayan ölkələrdir. Zorakılıq mühitinin yalnız bu 6 ölkədəki illik xərci 300 milyard dollardır. Zorakılığın dünyada illik xərci isə 10 trilyon dollar olaraq hesablanır. Bu pulun 3 trilyonu silahlanma xərci, 3 trilyonu cinayət və fərdi zorakılıq xərci (cinayətlər, cəmiyyət daxilindəki şiddət hadisələri, cinsi zorakılıq cinayətləri və həbsxana xərcləri), 2,2 trilyonu ölkə daxili təhlükəsizlik xərcləri 1,2 trilyonu da regional və qlobal münaqişələrin xərcindən ibarətdir. Xərclənən bu pullarla aclığı, yoxsulluğu, evsizliyi, xəstəlikləri, uşaq ölümlərinin qarşısını almaq, dünyanın hər yerində rifahın artırılması mümkün olduğu halda, bütün bunlar qalibi olmayacaq bir kördüyüm üçün ziyan edilir.
Müharibə xərcini yalnız pulla ölçmək doğru deyil. "War on terror" proqramı ilə zirvəyə çıxan qarşıdurma mühiti 3 milyona yaxın insanın həlak olmasına səbəb oldu. Kişi, qadın, uşaq, gənc, yaşlı insanların həyatını pulla ölçmək mümkün deyil. Bu prosesdə ən az 8 ölkə darmadağın edildi. Yüzlərlə şəhərin, on minlərlə qəsəbənin yenidən abadlaşdırılmasına ehtiyac var. Bu gün 4 milyon insan ölkəsini tərk etmiş, 8 milyon insan isə öz ölkəsində qaçqın vəziyyətindədir. Təkcə Türkiyədə 2 milyon suriyalı qaçqın var. Yüz minlərlə insan isə Avropa İttifaqı qapılarındadır. Bir çoxu o qapılara çatmadan dənizlərdə boğulur, yollarda can verir. Yaxın Şərqdəki müharibənin uzun illər boyu davam edəcək digər bir əhəmiyyətli təsiri isə şərq və qərb xalqlarını bir-birindən uzaqlaşdırmasıdır. Bu gün qərbdə bir çox evdə İslamın adı müharibə və terrorla birlikdə çəkilir. Şərqdə isə milyonlarla insan qərbi işğalçı, müharibə carçıları kimi görür.
Görünən odur ki, müharibələrin ən böyük bədəli bütün tərəflərin insanlığını itirməsidir. Dövlət xəbər agentlikləri hər gün nə qədər bombardman edildiyi, nə qədər hədəfin vurulduğu ilə bağlı xəbərlər yayır, öz ölkələrini sanki bir qəhrəman kimi təqdim edirlər. Bu əməliyyatlarda isə kimin hədəf alındığı, kimin vurulduğu məlum deyil. Hərbi hakimiyyətlər də hər gün "uğurlu" əməliyyatlarını bir öyünmə vasitəsi kimi təqdim edirlər. Bütün bu bir-birinə təmtəraqlı sözlər isə əslində daha çox cəsəd, daha çox dağıntı, daha çox yoxsulluq deməkdir. Bu qanlı mənzərənin hesabını da 7 milyard insan kütləvi olaraq ödəyir. Bəşəriyyət münaqişələrini sülh əvəzinə müharibə ilə həll etməyə çalışdıqca bu mənzərənin maddi və mənəvi dəyəri daha dəhşətli olacaq. Məqsəd dünyaya sülh gətirəcək bir yolu tapmaqdır. Daha çox müharibə heç vaxt sülhə gedən yol olmayacaq.
Adnan Oktarın «Middle East Monitor»da dərc edilən məqaləsi:
https://www.middleeastmonitor.com/articles/middle-east/23703-the-real-cost-of-middle-east-wars
http://www.jeffersoncorner.com/the-real-cost-of-middle-east-wars/