İslam Yaxın Şərqə sülh gətirmişdir -1-
ucgen

İslam Yaxın Şərqə sülh gətirmişdir -1-

1446

Tarixi araşdırdığımız zaman müsəlman rəhbərlərin hakim olduğu torpaqlarda hər zaman sülhün, tolerantlıq və rahatlığın hakim olduğunu görərik. Peyğəmbərimizin (səv) yaşadığı müddət ərzində fəth etdiyi torpaqlarda apardığı islahatlar bunun çox əhəmiyyətli nümunəsidir. Ancaq Peyğəmbərimiz hz. Muhəmməddən sonra da Quran əxlaqından vaz keçməyən və elçilərin yolunu izləyən ədalətli rəhbərlər sülh və dinc bir cəmiyyət meydana gətirməyi bacarmışlar.

Quranda təsvir edilən ədalət, düzgünlük və dürüstlük bu rəhbərlər dövründə də hökm sürmüş və onlar özlərindən sonrakı nəsillərə nümunə olmuşlar.

Üç dinin bir yerdə yaşadığı Fələstin və Qüds torpaqları da müsəlmanların hakim olduqları torpaqlara necə sabitlik və dinclik gətirdiklərini göstərməsi baxımından çox əhəmiyyətlidir. Belə ki, son 1400 il içində müsəlmanlar Qüdsə və Fələstinə həmişə sülh gətirmişlər.

Hz. Ömərin Fələstinə gətirdiyi sülh və ədalət

71-ci ilə qədər Qüds yəhudilərin paytaxtı idi. Ancaq o il Roma orduları yəhudilərə qarşı böyük hücum təşkil etmiş və böyük bir vəhşiliyin ardından onları ərazidən sürgün etmişdilər. Yəhudilər üçün diaspor dövrü başlayarkən, Qüds və ətrafı da tərk edilmiş bir torpağa çevrildi.

Ancaq Roma imperiyasının imperatoru Konstantinin xristianlığı qəbul etməsi ilə Qüds yenidən əlaqə mərkəzi oldu. Xristian romalılar Qüdsdə kilsələr tikdilər, yəhudilərin həmin ərazidə məskunlaşmasına dair qadağalar ləğv edildi. Fələstin VII əsrə qədər Roma (Bizans) torpağı olaraq qaldı. Qısa müddət ərzində farslar buranı ələ keçirdilər, lakin sonradan Bizans yenidən Fələstinin hakimi oldu.

Fələstinin tarixində ən böyük dönüş nöqtəsi isə 637-ci ildə ərazinin İslam orduları tərəfindən fəth edilməsi idi. Bu fəth əsrlərdir döyüşlərə, sürgünlərə, yağmalanma və qırğınlara səhnə olan, fərqli inanclar arasında tez-tez dəyişən və dəyişdikcə  də yeni vəhşiliklər yaşayan Fələstinə sülh, rahatlıq və dincliyin yerləşməsi mənasını verirdi. İslamın hakimiyyəti Fələstində fərqli inancların bir yerdə yaşandığı bir dövrün başlanğıcı oldu.

Fələstin Peyğəmbərimizdən (səv) sonrakı ikinci xəlifə olan hz. Ömər tərəfindən fəth edildi. Hz. Ömərin Qüdsə girişindən sonra buradakı fərqli inanclara qarşı göstərdiyi tolerantlıq başlayan gözəl dövrün xəbərçisi idi. İngilis tarixçisi və Yaxın Şərq mütəxəssisi Karen Armstronq ”Müqəddəs müharibə” adlı kitabında hz. Ömərin Qüds fəthini belə izah edir:

"Xəlifə Ömər Qüdsə ağ dəvənin üstündə girdi, yanında isə şəhərin yunan rəhbəri baş rahib Sophronius var idi. Xəlifə əvvəlcə Məbəd təpəsinə (hz. Süleymanın dağılmış məbədinin yerinə) aparılmasını xahiş etdi və dostu hz. Muhəmmədin gecə səfərini (Merac) etdiyi yerdə əyildi və dua etdi. Baş rahib bu səhnəni dəhşət içində izləyirdi... "Son günlər"in artıq yaxınlaşdığını sanmışdı. Sonra Xəlifə Ömər xristian məbədlərini görmək istədi və Müqəddəs Məzar kilsəsinə getdiyində namaz vaxtı gəldi. Baş rahib nəzakətlə hz. Öməri bu kilsədə namaz qılmağa dəvət etdi, amma Xəlifə Ömər bu təklifi nəzakətlə rədd etdi. Əgər bu kilsədə namaz qılsa, sonra bəzi müsəlmanların bu hadisəni abidələşdirmək məqsədilə bura bir məscid tikmək istəyə biləcəklərini, bunun isə Müqəddəs Məzar kilsəsinin sökülməsi mənasını verəcəyini izah etdi. Bu səbəbdən Xəlifə kilsədən çıxıb bir az irəlidə namazını qıldı. Belə ki, bu gün orada, Müqəddəs Məzar kilsəsinin tam qarşısında Xəlifə Ömərin adına tikilmiş kiçik bir məscid var".

Xəlifə Ömərin digər böyük məscidi isə düz Məbəd təpəsində tikildi. İllərdir xristianlar dağılmış yəhudi məbədinin yerləşdiyi bu sahəni şəhərin zibil yığınağı kimi istifadə edirdilər. Xəlifə müsəlmanların bu zibilləri təmizləmələrinə kömək etdi və burada müsəlmanlar iki məbəd tikərək Qüdsü İslamın dünyadakı üçüncü müqəddəs şəhərinə çevirdilər.

Qısaca desək, müsəlmanlarla birlikdə Qüdsə və bütün Fələstinə "mədəniyyət" gəldi. Bir-birlərinin müqəddəs dəyərlərinə hörmət göstərməyən, sırf fərqli inanclara sahib olduqları üçün qırğınlar törədən, vəhşi və barbar inancların yerinə İslamın ədalətli, tolerantanlayışı hakim oldu. Hz. Ömərin fəthindən sonra Fələstində müsəlmanlar, xristianlar və yəhudilər əsrlər boyu sülh və dinclik içində yaşadılar. Müsəlmanlar heç kimə İslamı məcburi şəkildə qəbul etdirmək istəmədilər, ancaq İslamın Haqq Din olduğunu görən bəzi qeyri-müsəlmanlar öz razılıqları ilə İslamı seçdilər.

Fələstindəki bu sülh və dinclik müsəlmanların hakimiyyətdə olduğu müddət ərzində davam etdi. Ancaq XI əsrin sonunda əraziyə kənardan işğalçı qüvvələr girdi və Qüdsün torpaqlarını görülməmiş vəhşicəsinə yağmaladı. Bunlar barbarlar, yəni xaçlılar idi.

Xaçlıların vəhşiliyi

Fələstində hər üç dinin mənsubları sülh və dinclik içində yaşayarkən Avropadakı xristianlar "xaçlı" səfəri təşkil etməyə qərar verdilər. Papa II Urbanın 1095-ci il 25 noyabrda Klermon kilsə məclisində etdiyi çağırışla "Müqəddəs torpaqları müsəlmanlardan xilas etmək" və Şərqin əfsanəvi zənginliyinə çatmaq üçün yüz min insan Avropanın hər tərəfindən Fələstinə doğru yola çıxdı. Uzun və yorucu səfərdən və müsəlmanlara qarşı törətdikləri bir çox yağmalama və qırğından sonra 1099-cu ildə Qüdsə daxil oldular. Təxminən 5 həftə davam edən  mühasirədən sonra şəhər ələ keçdi və xaçlılar şəhərə girdilər, bununla da dünya tarixində insanlara qarşı görülməmiş vəhşilik törətdilər. Daha əvvəl də ifadə etdiyimiz kimi, şəhərdəki bütün müsəlmanları və yəhudiləri qılıncdan keçirərək dəhşətli qırğın törətdilər. Fələstinin hz. Ömərdən etibarən davam edən sülh və dincliyi xaçlı vəhşiliyi ilə sona çatdı. Xaçlılar sevgi və mərhəmət dini olan xristianlığın bütün əxlaqi meyarlarını tapdalayaraq, xristianlıq adı altında terror həyata keçirdilər.

Səlahəddin Əyyubinin ədaləti

Barbar xaçlı ordusu Qüdsü özünə paytaxt etdi və sərhədləri Fələstindən Antakyaya qədər uzanan Latın imperiyası qurdu. Ancaq bu imperiyanın ömrü çox uzun olmayacaqdı. Yaxın Şərqdəki bütün müsəlman əmirliklərini "cihad" bayrağı altında birləşdirən Səlahəddin Əyyubi 1187-ci ildəki Hıttin döyüşündə bütün xaçlı ordusunu məğlubiyyətə uğratdı. Döyüşdən sonra xaçlı ordusunun iki komandiri - Reynauld və Kral Qay Səlahəddin Əyyubinin hüzuruna gətirildi. Səlahəddin Əyyubi müsəlmanlara qarşı qorxunc vəhşiliklər tətbiq edən Reynauld Çatillonu edam etdi, ancaq eyni cinayətləri  törədən Kral Qayı sərbəst buraxdı. Fələstin torpaqları bir daha ədalətin nə olduğu görürdü.

Səlahəddin Əyyubi Hıttin döyüşündən sonra Peyğəmbərimizin bir gecədə Məkkədən Qüdsə aparıldığı müqəddəs Merac günü - Qüdsə girərək 88 il xaçlı işğalı altında olan şəhəri xilas etdi. Xaçlılar 88 il əvvəl Qüdsü ələ keçirdiklərində bütün müsəlmanları qətl etmişdilər və buna görə Səlahəddin Əyyubinin də eyni cür davranacağını gözləyirdilər. Lakin Səlahəddin Əyyubi şəhərdəki xristianların heç birinə toxunmadı, yalnız latın (Katolik) xristianların şəhəri tərk etmələrini əmr etdi "xaçlı" olmayan ortodokslar şəhərdə yaşamağa və istədikləri kimi ibadət etməyə davam edə bildilər.

Qısaca desək, Səlahəddin Əyyubi və onun tabeliyində olan müsəlmanlar xristianlara qarşı çox ədalətli və mərhəmətli davranmışdılar, hətta onlara öz liderlərindən daha çox mərhəmət etmişdilər. Yalnız xristianlar deyil, yəhudilər də müsəlmanların Qüdsü almaları ilə dincliyə və təhlükəsizliyə qovuşmuşdular.

Qüdsdən sonra Fələstinin digər şəhərlərində də xaçlıların vəhşiliyi və müsəlmanların ədaləti davam etdi. İngilis tarixində böyük bir qəhrəman kimi tanınan Aslanürəkli Richard 1191-ci ildə Axara qalasında 3000 müsəlmanın (bir çox qadın və uşaq da daxil olmaqla) boynunu vurduraraq vəhşicəsinə qətl etmişdi. Müsəlmanlar bu vəhşiliklərə şahid olmalarına baxmayaraq, heç vaxt eyni üsullara əl atmadılar. Allah'ın "Ey iman gətirənlər! Allah'ın nişanələrinə, haram aylara, qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, Rəbbinin lütfünü və razılığını diləyərək Beytulharama gələnlərə qarşı hörmətsizlik etməyi halal saymayın. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Məscidulharama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allah'dan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allah'dan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir"(Maidə surəsi, 2) hökmünə uyğun olaraq heç vaxt günahsız vətəndaşlara qarşı şiddət tətbiq etmədilər. Məğlub etdikləri xaçlı ordularına qarşı da zorakılıq tətbiq etmədilər.

Xaçlıların vəhşiliyi və sonradan gələn müsəlman ədaləti tarixi gerçəyi bir daha göstərdi: İslamın prinsiplərinə görə qurulan rəhbərlik fərqli inanclarla bir yerdə, sülh və dinclik içində yaşamaq imkanını göstərdi. Bu həqiqət Səlahəddin Əyyubidən sonrakı 7 əsr, xüsusilə də Osmanlıların dövründə isbat edildi.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr