Kobanidə baş verən qarşıdurmalar ABŞ və Avropanın PKK-ya qarşı münasibətinin necə olmalı olduğunu yenidən gündəmə gətirdi. Düzgün strategiya qurmaq üçün mövcud vəziyyəti yaxşı dəyərləndirmək lazımdır. Halbuki ABŞ-ın atdığı addımlar bir sıra yanlış analizlər etdiyini göstərir.
İŞİD-lə mübarizədə iki önəmli həqiqəti unutmamaq lazımdır. Birincisi, İŞİD-in şiddəti silahlı mübarizə ilə sona çatmaz. Əksinə hər bir hava hücumu, hər bir hərbi müdaxilə İŞİD-in daha da güclənməsinə və inkişaf etməsinə səbəb olur. İkincisi, PKK da eynilə İŞİD kimi şiddəti üsul olaraq mənimsəmiş, hətta İŞİD-dən daha çox insanın ölümünə səbəb olmuş əli qanlı terror təşkilatıdır. Belə ki, Kobanidə bir tərəfdə Qurandan uzaqlaşdığı üçün şiddətə baş vuran İŞİD, digər tərəfdə Allah'sız, dinsiz, ailə və əxlaq anlayışlarını rədd edən və terrordan imtina edə bilməyən PKK var. Bir terror təşkilatına qarşı digərinin dəstəklənməsi isə nə ağıla, nə də vicdana uyğun bir strategiyadır.
Bir çox kommunist təşkilat kimi PKK da təbliğat vasitələrindən çox yaxşı istifadə edir. Leninist təbliğat taktikalarının təməli olan təşviqat və yalan PKK təbliğatının da təməlini təşkil edir. Bu təbliğatın təsiri altında qalan və ya ideologiya olaraq PKK-ya yaxın olan bəzi solçular, xüsusilə son dövrlərdə qərb mətbuatında PKK-nın «torpaqlarını» müdafiə edən qəhrəmanlar ordusu kimi göstərilir. Halbuki PKK nə bütün kürdlərin təmsilçisi, nə də qoruyucusudur. PKK illərlə partizan taktikalarından istifadə edərək, yəni qorxaq və hiyləgər üsullarla türk əsgərinə qarşı mübarizə aparmışdır. Ancaq düzənlikdə üz-üzə mübarizə aparacaq təcrübəyə, daha da önəmlisi cəsarətə sahib deyil. Bu səbəbdən İŞİD-ə qarşı Suriyada müharibə aparacaq ən son qrup PKK-dır. Belə ki, İŞİD-in Kobaniyə hücumları başladığı günlərdə qadınları, uşaqları və qocaları qoyub qaçmaları PKK rəhbərlərindən Cəmil Bayıkın “Kobanidə coğrafi şərait bizim mübarizə aparmağımız üçün uyğun deyil” açıqlaması bu həqiqəti təsdiq edir.
Səddamdan daha çox kürd öldürmüş PKK kürdlərin təmsilçisi deyil
ABŞ-da hakim olan yanlış düşüncələrdən biri də PKK-nın kürdlərin təmsilçisi olmasıdır. PKK-nın xaricdə təsirli təbliğat gücü olduğu üçün belə bir imic formalaşıb. Halbuki kürdlərin sosial-mədəni səviyyələri PKK kimi bir təşkilatı qəbul etmələrini ən başından qeyri-mümkün edir. Kürdlər dindar, ailə bağları güclü, ənənələrinə sadiq, sülhsevər bir xalqdır. PKK isə bütün dinlərə qarşı, Allah’sız, ailəyə qarşı, əxlaqi dəyəri olmayan bir təşkilatdır. Dolayısilə kürdlərin istəyərək və könüllü olaraq PKK-nı qəbul etməsi mümkün deyil. PKK-nın kürdlər üzərindəki hakimiyyəti təzyiq və zorakılıqla qurulmuş bir hakimiyyətdir.
PKK 1980-cı illərdə özünü türklərə deyil, kürdlərə qarşı etdiyi terror hadisələri ilə tanıtmışdır. Strategiya olaraq ilk öncə kürdlər arasında qorxu salaraq güclənməyə çalışmışdır. İlk hədəfi özünə müxalif və ya alternativ olan digər kürd təşkilatlar və siyası hadisələr olmuşdur. Bunları qəddar cinayətlərlə aradan qaldırdıqdan sonra kürd xalqına yönəlmiş və etdikləri ilə “biz burada dövlətdən daha güclüyük, bizim yanımızda olmasanız, sizə yaşamaq hüququ verməyəcəyik” mesajını vermişdir. Bu gün də hələ də eyni metodla kürdlərin bir qismini öz təsirləri altında saxlayırlar.
PKK-nın qadın, uşaq ayırd etmədən məzlum kürd xalqını hədəf alan terror hadisələrindən bəziləri bunlardır:
20 avqust 1987-ci ildə Mardində Şehmus Arık adlı kürd vətəndaşın evinə basqın edərək avtomatla cinayət törədən PKK-lılar 2 qadın və 3 uşağı öldürdülər. 4 aylıq Həmzə öldürüldüyü zaman beşikdə yatırdı.
9 iyul 1989-cu ildə Diyarbəkirdə Kırım kəndinə basqın edən PKK-lı terroristlər 3 yaşındakı bir qız uşağını da öldürdülər.
10 may 1988-ci ildə Mardinin Nusaybin rayonunda 15 kürd vətəndaşı öldürən PKK-nın 6 uşağa da yazığı gəlməmişdi. Qız uşaqlarından biri beşiyində yatdığı zaman qətl edilmişdi.
10 iyun 1990-cu ildə Şırnakın Çevrimli kəndinə hücum edən PKK 27 nəfəri öldürdü. Terroristlərin öldürdüyü 27 nəfərin 11-i uşaq idi.
19 avqust 1992-ci ildə Diyarbəkirdə Lice rayonunda mülki şəxslərə hücum edən PKK qundaqdakı bir uşağı da pulemyotla öldürdü.
22 oktyabr 1993-cü ildə Siirtdə 22 kürd vətəndaşımızı qətl edən PKK-nın hədəfində yenə qadın və uşaqlar vardı. Basqında 13 uşaq, 9 qadın amansızca qətl edildi.
24 iyul 1994-cü ildə Vanda Atabinən kəndinə basqın edən PKK-lı terroristlərin hədəfində yenə qadın və uşaqlar vardı. 6 qadını yatağında qətl edən PKK analarının yanında yatan 3 uşağı da öldürdü.
Göründüyü kimi, PKK-nın lideri Öcalanın “uşaq qatili” adını alması fərziyyə deyil, konkret nümunələrin nəticəsində yaranan vəziyyətdir. Burada sadəcə olaraq bir-iki nümunəsini verdiyimiz bu şiddət artaraq davam etmiş, 1980 və 90-cı illərdə Türkiyədə aktiv olan dərin dövlət sisteminin (Ergenekon terror təşkilatı) da dəstəyi ilə PKK kürdlər üzərində şiddətə əsaslanan hakim gücə çevrilmişdir.
PKK terroru nəticəsində Türkiyədə həlak olanların sayı isə 40 mini keçib. Şəhid olan türk əsgər, polis, müəllim və digər dövlət işçilərindən əlavə bu 40 min nəfərin əksəriyyəti kürdlərdir. Qısası, on minlərlə kürdü terrorla yox edən PKK bölgədəki ən böyük kürd düşmənlərindən biridir. Kürd xalqı PKK bəlasından tam mənada xilas olacağı günləri həsrətlə gözləyir.
Kommunist terrorun qaranlıq üzü: təşkilat daxili cinayətlər
Lenin, Stalin, Mao, Pol Pot kimi bütün kommunist liderlərin ortaq cəhətlərindən biri müxaliflərinə qarşı mərhəmətsiz münasibətidir. Kommunist ölkələrin tarixi təkcə liderdən və partiyanın siyasi görüşündən fərqli fikirə sahib olduqları üçün əsir düşərgələrinə sürgün edilən milyonlarla insanların amansızca qətl edildiyi cinayətlərlə doludur. Özünü 21-ci əsrin Lenini olaraq görən Öcalanın keçmişində də bərabər yola çıxdığı dostları da daxil olmaqla minlərlə müxalifinin qanı var.
Öcalanın məhkəmədəki ifadələrinə, PKK rəhbərlərinin açıqlamalarına və təşkilatdan ayrılanların bəyanatlarına görə PKK-nın daxili cinayətlərlə öldürdüyü insan sayı 15-17 min arasındadır. Bu insanların bəziləri torpağa basdırılıb başından vurularaq, bəziləri ailələrinin yanında güllələnərək, bəziləri üzərlərinə kimyəvi turşu tökülərək qətl edilmişdir. Həm də bu cinayətlər PKK tərəfdarı bəzi mətbuat orqanları tərəfindən «cəsuslar layiq olduqları cəzanı aldı» üslubu ilə fəxrlə nəşr edilmişdir.
PKK-ya üzv olduğu üçün 10 il həbsxanada qalan Aytəkin Yılmaz daxili edamlardan bəhs edən «yoldaşını öldürmək» adlı kitabında bu cinayətlərin PKK üzvləri tərəfindən yallı gedilərək qeyd edildiyini bildirir:
“Mən iki hadisədə yallı gedildiyini gördüm. Biri 1990-cu illərdə partizanlar (PKK üzvləri) polis idarəsinə basqın edib 20-30 əsgəri öldürdüyündə idi. Mənə dəhşətli gəlirdi. İkinci yallı da yoldaşlarını öldürdükdən sonra gedilən yallı idi”.
Bu qəddar cinayətlərdən bəziləri bu şəkildədir:
PKK-nın qurucularından olan Ordulu Haki Karerin müəyyən dövrlərdə önə çıxması Öcalanı narahat etmişdi. 18 may 1977-ci ildə Qaziantəpdə bir çayxanada şübhəli şəkildə öldürülmüşdü.
PKK-nın Avropa nümayəndəsi Çetin Güngör təşkilatın konqresində rəhbərliyin fəaliyyətini tənqid etmişdi. Casusluq ittihamı ilə 1984-cü ildə Stokholmda öldürülmüşdü.
12 sentyabr çevrilişində həbs edilib 11 il Diyarbəkir həbsxanasında qaldıqdan sonra azadlığa çıxan Əli Rıza kod adlı Mehmet Çimen Almaniyada yuxarı təbəqə ilə fikir ayrılığına düşmüş və Suriyaya çağırılmışdı. Təşkilat qərarı ilə hamamda üzərinə kimyəvi turşu tökülərək öldürülmüşdü.
Təşkilatın qurucularından olan və Ərzincan-Tuncəli üzrə məsul Yıldırım Merkit casus elan edilmiş, Rumıniyada silahlı hücum nəticəsində öldürülmüşdü.
PKK-nın qurulmasında iştirak edən Kani Yılmaz (Faysal Dumlayıcı) Öcalan həbs edildikdə Avropada yer tapa bilməməkdə təqsirləndirilmiş, iki PKK casusunun maşınına yerləşdirdiyi bomba ilə 10 fevral 2006-cı ildə öldürülmüşdü.
PKK baş katibinin köməkçisi olan Mehmet Şener casus elan edilərək iki şəxs tərəfindən güllələnmişdi. (Mehmet Şener, Parisdə öldürülən Sakine Cansızın nişanlısı idi)
PKK-nın qurucu üzvlərindən olan Əli Ömürcan Livanda Cəmil Bayık tərəfindən sorğu-sual edilərək edam edilmişdi.
PKK-nın III Konqresində baş katibin birinci köməkçisi olan Halil Kaya Öcalanın təlimatı ilə güllələnmişdi.
Bunun kimi təxminən 17 min insan öldürüldü. Bu insanların bir çoxunun ölümü tarixə açılmayan cinayət kimi düşdü. Halbuki cinayətkarlar bəlli idi. Məsələn, 1986-cı ildə Almaniyada hazırlanan bir ittiham aktında öldürmə əmrinin Öcalan tərəfindən verildiyi prokuror tərəfindən qeyd edilmişdi.
Türkiyədə solun önəmli isimlərindən biri olan və demək olar ki, ömrünün 18 ilini həbsxanada keçirən İsmail Beşikçi PKK tərəfindən öldürülən minlərlə insanın və yaxınlarının vəziyyəti bu şəkildə bildirir:
"PKK içində Mehmet Şener kimi yüzlərlə cinayətlər var... Oğulları, qızları öz dostları tərəfindən, PKK tərəfindən öldürülənlər isə səssizliyə qərq olmuş, həyatdan tamamilə qopmuşlar. Bu ailələr üçün müraciət ediləcək bir qurum yoxdur… PKK, təşkilatının adında, yazılarında, nitqlərində ‘demokratik’ sözündən çox istifadə edir. Bu sözü çox istifadə edərək demokrat olduğu görüntüsü yaratmağa çalışır. Demokratik xalq, demokratik vətən, demokratik muxtariyyat və s. sözlərdən tez-tez istifadə edərək demokrat ola bilməzsiniz. Demokrat olmağın yeganə meyarı var. O da ifadə azadlığıdır. İfadə azadlığı olmadan demokrat, demokratik ola bilməzsiniz”.
Göründüyü kimi, PKK üzvləri öz dostlarını zərrə qədər tərəddüd belə etmədən qətl edəcək dərəcədə əxlaqsızdırlar. Belə bir zehniyyətə sahib bir təşkilatın hər hansı bir şəkildə “demokratik”, “etibarlı”, “qadına dəyər verən” bir sistem qurması mümkün deyil. PKK-nın quracağı sistem eynilə Şimali Koreya kimi ruhsuz, qəddar, despot bir sistemdir.
PKK ABŞ və Qərbin bölgədə güvənəcəyi dünyəvi təşkilat deyil, dünyanı qana bulayacaq kommunist terror təşkilatıdır
Son dövrlərin tez-tez eşidilən təbliğat cümlələrindən biri də “PKK Qərbin bölgədə güvənə biləcəyi tək demokratik, dünyəvi quruluşdur” cəfəngiyyatıdır. PKK-nın demokratik olmaq bir yana qalsın, ən kiçik bir tənqidi belə öldürərək cavab verdiyini yuxarıda nümunələri ilə gördük. PKK-nın “dünyəvi” olduğu iddiası da qərbli xalqların PKK-ya simpatiya bəsləməsini təmin etmək üçün seçilən xüsusi üslubdur. Beləliklə, Qərbə “Yaxın Şərqdəki qatı radikal islami təşkilatlara qarşı sizə oxşayan təkcə biz varıq” mesajı verilir. Halbuki PKK dünyəvi deyil, din düşmənidir. Təkcə İslama deyil, xristianlığa və musəviliyə də düşməndir. Dünyəvilik xalqlara ibadət və inanc azadlığı təmin edir və ən gözəl forması Quranda təsvir edilmişdir. Qurana görə hər insan istədiyi kimi dinini yaşamaqda azaddır. PKK-nın təqdim etdiyi sistemdə isə hər insan marksist, leninist, stalinist doqmaya görə yaşamaq məcburiyyətindədir.
Öcalan “Lenin 1900-cü ildə nə idisə, mən də 21-ci əsr sosializmini təmsil edirəm. Real sosializmlə, imperializmlə mübarizə apararaq yeni sosializmi qururam.”[1] deyən bir insandır. PKK üçün müəyyən etdiyi yolu isə bu şəkildə izah edir: “MARKSİST-LENİNİST NƏZƏRİYYƏ ÇOX YAXŞI MƏNİMSƏNİLMƏLİDİR. Rəhbər kadrlar tez-tez marksizmə müraciət etməli, marksizmin tətbiq edilməsini başlanğıc forması etmək üçün bu təlimi həqiqətən mənimsəməlidirlər...”
Bəzi analistlər isə PKK-nın artıq marksist, leninist stalinist ideologiyanı tərk etdiyini zənn edir. Halbuki “Bir addım irəli, iki addım geri” Leninin tərəfdarlarına öyrətdiyi ən önəmli taktikalardan biridir və PKK da hazırda bu taktikanı tətbiq edir. Öcalan PKK-nın 13-cü il dönümü mesajında bunları dedi:
“Sosializm dağıldı, kommunizm məhv oldu" deyənlərə ən yaxşı cavab olaraq, əksinə, KOMMUNİZMİN ƏN GÜCLÜSÜ, ƏN DOĞRUSU, ƏN UCASI PKK-DA TƏTBİQ EDİLMİŞDİR deyirik".
Təşkilatın «bayrağından» oraq və çəkiç simvolunu çıxarması PKK-nın kommunist terror təşkilatı olduğu həqiqətini dəyişdirmir. Dağa çıxan hər gənc silah istifadə etməyi öyrənməzdən əvvəl aylarla davam edən marksist-leninist ideoloji təlimdən keçirilir. Bu təlimin izi təşkilat üzvlərinin üslubundan və izah etdikləri dünya idealından da aydın şəkildə görünür.
Bu konkret vəziyyəti anlamazlıqdan gəlmək isə böyük səhvlərə səbəb olar. PKK hazırda mənfəətçi üslubda davranır və ümid etdiyi dəstəyi ala bilmək üçün özünü Qərbə simpatik göstərməyə çalışır. Qərbdə bəzi çevrələr də öz mənfəətləri üçün PKK-dan istifadə edir. Ancaq kommunist bir qrupu “vasitəçi” kimi istifadə etmək məqsədi ilə gücləndirmənin nələrə səbəb ola biləcəyi yaxşı hesablanmalıdır. İdeologiyası və inancı nə olursa olsun, şiddəti müdafiə edən bir qrupun əlinə silah vermək o silahın bir gün gözlənilməyən istiqamətə yönəlməsinə zəmin hazırlayır. PKK-nın əlindəki silahlar da bölgədə kommunist bir kürd dövləti qurulmasına, bu dövlətin də mərhələ-mərhələ bütün bölgəni əhatə etməsini təmin edəcək. Bir yanda Asiyada Şimali Koreyanı təsirsiz hala gətirməyə çalışarkən, digər yandan dünyanın ən həssas bölgəsinə yeni bir Şimali Koreya qurmanın bədəli çox ağır olacaq. Yaxın Şərq üçün bir model axtarılırsa, ən ideal model 90 illik sabit quruluşu, vicdanı, Avropa Birliyi yolundakı göstərdiyi cəhd ilə Türkiyədir. On minlərlə gənci ölümə göndərən PKK deyil.
PKK zorakılıqdan imtina etmədi
Türkiyədə baş verənləri yaxından izləməyənlər və ya hadisələri ön mühakimə ilə dəyərləndirənlər PKK-nın şiddəti tərk etdiyini düşünürlər. Türkiyə dövləti çoxdandır ki, terrorun bitməsi üçün çıxış yolu axtarır, lakin buna baxmayaraq, PKK-nın terror aktları hələ də davam edir. Təkcə 2013-cü ilin iyun ayına qədər 154 hadisə törətdikləri məlumdur. Bunların arasında yolu bağlamaq, yolu açmaq istəyən təhlükəsizlik işçilərinə atəş açmaq, iş yerlərini və dəzgahları yandırmaq, su elektrik stansiyalarına, polis məntəqələrinə, polis maşınlarına silahlı hücum təşkil etmək, mina partlatmaq, məktəb yandırmaq, xərac toplamaq, işçiləri, müəllimləri, prokurorları və əsgərləri qaçırmaq kimi hadisələr törədirlər.[2] 2014-ci ilin iyun ayından etibarən isə bu hadisələr daha da artmışdır.
Oktyabr ayının əvvəllərində isə 2 gün ərzində PKK bütün Türkiyəni yandırıb dağıtmağa cəhd etmişdir. 6-8 oktyabr hadisələri olaraq adlandırılan bu hadisədə 35 rayonda anarxiya olmuşdur. 40 nəfər həlak olmuş, 2 polis işçisi şəhid olmuşdur. 221 mülki şəxs, 139 təhlükəsizlik işçisi yaralanmışdır. 212 məktəb binası, 67 təhlükəsizlik binası, 25 icra hakimiyyəti binası, 29 partiya binası, uşaq bağçaları, Qırmızıxaç qan vermə mərkəzləri, bəzi bələdiyyə binaları da daxil olmaqla 780, cəmi 1113 bina yandırılmış və ya dağıdılmışdır. Şiddət hadisələrində şəxsi maşınlar, bələdiyyə, təcili yardım, polis maşınları yandırılmış cəmi 1177 nəqliyyat vasitəsi yararsız hala gəlmişdir.
Hadisələr zamanı 17 yaşlı gəncləri küçənin ortasında öldürən PKK-lıların əsəb və nifrət ruhu yarılma protokollarında daha da aydın olmuşdur. [3]Gənclərin üzərində onlarla bıçaq zərbəsi, güllə yarası təsbit edilmişdir. Bir nəfər üçüncü mərtəbədən yerə atılmış, birinin meyidi yandırılmış, birinin boğazı kəsilmişdir. İŞİD-in boğazlarını kəsərək insanları öldürməsinə reaksiya göstərənlərin PKK-lıların 17 yaşında gəncləri ilk öncə 3-cü mərtəbədən aşağı atıb, yandırıb sonra da boğazını kəsməsini görməzdən gəlməsi vicdanları sızladan haldır. PKK şiddəti tərk etdi deyənlər gələcəkdə PKK tərəfindən törədilən cinayətlərdən məsul olacaqlarını bilməlidirlər.
PKK-ya silah verilməsinin vacib olduğunu müdafiə edənlər və bu məsələdə Türkiyəyə təzyiq edənlər gözlərində bu mənzərəni canlandırmalıdırlar: Əl-Qaidə ABŞ əyalətlərində nümayişlər etsə, məsələn, Nyu Yorkda binaları yandırsa, ətrafı güllə-baran etsə, amerikan polisini öldürsə ABŞ-ın verdiyi reaksiya necə olardı? ABŞ-a “Niyə Əl-Qaidəyə kömək etmirsən?” deyə soruşmaq nə qədər məntiqsizdirsə, Türkiyəyə də PYD, PKK-ya kömək etmirsən deyə soruşulması eyni dərəcədə məntiqsizdir.
Belə ki, Kobani əhalisinin 99%-i (təxminən 192 min kobanili kürd) hazırda Türkiyədədir. Türkiyə bütün mülki şəxsləri müharibə bölgəsindən xilas etmişdir. PYD-nin yaralıları hələ də Türkiyədə müalicə olunur. Suruç dövlət xəstəxanası ancaq Kobanidən gələn yaralılara xidmət edir. Türkiyə hadisələr başladığından bəri Kobaniyə yüzlərlə yük maşını ilə yardım göndərmişdir. Özünə düşmən deyən silah uzadan bir təşkilatın üzvlərinə yaralı olduqları üçün müalicə imkanı verən Türkiyə, ədalət, mərhəmət və qoruyuculuq anlayışı ilə bütün dünyaya nümunədir. Türkiyəni bu sahədə dəstəkləmək və təşəkkür etmək əvəzinə, ağlasığmaz məntiqlərlə təzyiq altında tutmağa çalışmaq düzgün deyil.
PYD və PKK bir-birindən müstəqil deyil
Buraya qədər nümunələri ilə izah etdiyimiz PKK zorakılığı PYD-nin Şimali Suriyada necə bir sistem qurmaq istədiyinin də xəbərçisidir. PYD və PKK-nı bir-birindən ayrı kimi göstərənlərin əksinə, PYD PKK-nın bir qoludur. PYD həmsədri Salih Müslim Öcalanın yanında təlim görmüş bir şəxsdir. Bütün PYD iclaslarında Öcalan posterləri olur. Şimali Suriyada qurulan «akademiyalarda» gənclərə və qadınlara verilən təlim “Öcalan ideologiyasıdır”. PYD-nin daxili və xarici bütün strategiyasını müəyyən edən insan da Öcalandır.
PYD də eynilə PKK-nın ilk illərində olduğu kimi Şimali Suriyadakı təşkilatlanmasını müxalif digər kürdləri yox edərək gücləndirmişdir. Bərzani tərəfdarlarını və fərqli düşüncədəki digər kürdləri ya həbs etmiş, ya sürgün etmiş, ya da öldürmüşdür. PYD təzyiqinə qarşı nümayiş təşkil edən xalqa atəş açmışdır. PYD-nin dindar kürd xalqının üzərindəki hökmranlığına görə xalqın bir qismi İŞİD təhlükəsi gündəmə gəlmədən əvvəl torpaqlarını tərk etmiş və Şimali İraqa sığınmışdır. Türkiyəyə Suriyadan gələn ilk köçkün qruplarından biri də PYD-nin zülmündən qaçan kürdlər olmuşdur. PYD-nin xalqa və müxaliflərinə yönəlmiş despot münasibəti HRW və Crisis Group hesabatlarında da ətraflı şəkildə yer almışdır. Siyasi sui-qəsdlər, cinayətlər, işgəncələr PYD-nin idealındakı dünyanın necə qan və acılarla dolu olduğunu göstərir.
Nəticə:
ABŞ İŞİD-ə qarşı strategiyasını müəyyən edərkən iki bəla arasında seçim etmək məcburiyyətində deyil. Ağıllı şəkildə bütün bəlaları heç kimə zərər vermədən təsirsiz hala gətirmək mümkündür. PKK-nın İŞİD-lə mübarizə aparması həm hərbi, həm siyasi, həm də sosial olaraq mümkün deyil. PKK bölgənin dəyərlərinə tamamilə yad, marksist-leninist, stalinist ideologiya ilə hərəkət edir. Bölgə üzərindəki təsiri tətbiq etdiyi zorakılığa əsaslanır. İŞİD isə hər nə qədər Qurana uyğun olmasa da, bölgədə təsirli ola biləcək düşüncəyə malikdir. Buna qarşı alına biləcək yeganə təsirli həll yolu İŞİD-in fikrinin yanlışlığını bölgə xalqlarına izah etmək, yəni İslama sonradan daxil edilmiş xurafatlara qarşı Quranın əslini başa salmaqdır.
İŞİD-i yox etməyi planlaşdırarkən;
- bölgə insanlarını PKK, PYD kimi marksist, Leninist-stalinist quruluşların sərbəstliyinə buraxmaq,
- havadan bomba atmaq,
- ölümləri başqa ölümlərlə aradan qaldırmağa çalışmaq,
- Türkiyənin bölünməsinə zəmin hazırlamaq Yaxın Şərqin on illər boyunca qarışıqlıq içində qalması deməkdir.
Belə bir qarışıqlıq təkcə Yaxın Şərqi deyil, bütün dünyanı əhatə edə bilər. Nə ABŞ, nə Kanada, nə də Avropa topraqlarında dinclik və güvənlik qalar. Belə bir fəlakətin baş verməsinə əngəl olmaq üçün
- Şiddətin hər növünə qarşı olmaq,
- PKK terror təşkilatı və əlaqələrini gücləndirəcək strategiyalardan çəkinmək,
- İŞİD-in ideologiyasına qarşı ən qısa müddətdə fikri mübarizəyə başlamaq,
- silahla həll yolu axtarmaqdan tamamilə imtina etmək,
- ən önəmlisi bu mübarizəni ən təsirli şəkildə həyata keçirə biləcək düzgün insan tapmaq lazımdır. [4]
Qeydlər:
[1] Özgür Yaşamla Diyaloglar, s. 201
[2] http://www.ankarastrateji.org/haber/cozum-sureci-pkk-nin-eylemlerini-durdurabildi-mi-919/
[3] http://www.radikal.com.tr/turkiye/koy_der_baskinin_otopsi_raporu_bicak_kursun_yanik-1218935
[4] http://www.harunyahya.org/tr/Makaleler/191635/abd-ahir-zamanda-oldugumuz-gercegini