Allahla yaxın əlaqə necə qurulmalıdır?
ucgen

Allahla yaxın əlaqə necə qurulmalıdır?

2295

 

  • Allahla yaxın əlaqə necə qurulmalıdır?
  • Uca Rəbbimizə yaxın olmaq hər bir müsəlmanın ən böyük arzusudur. Ancaq bunun üçün gün ərzində diqqət edilməli mövzular var.
  • Uca Allaha yaxın olmaq üçün nə etmək lazımdır?
  • Allahla yaxından əlaqə qurmaq üçün hansı düşüncəyə sahib olmaq lazımdır?

İnsanlar adətən güclü olanın yanında olmaq istəyirlər. Bununla, həm digər insanlar tərəfindən etibar görəcəklərini, həm də güclü insanın onları qoruyacağını düşünürlər. Əslində, insanın güclünün yanında olmaq istəyi yaradılışından qaynaqlanan bir xüsusiyyətdir. Buna görə də, insan bütün həyatı boyu güclü olanı axtarar, lakin heç vaxt axtardığı gücü tapa bilməz. İnsanları yanıldan da budur. Çünki onlar əsl qaynağına yaxın olmaq əvəzinə, Onun təcəllilərinə sığınır və özləri kimi bir qul olan varlıqlardan kömək istəyirlər. Halbuki gücün əsl qaynağı bütün varlıq aləminin tək sahibi Uca Allahdır. Uca Allaha yaxın olmağın nəticəsində insanlar həyatları boyu axtardıqları rahatlığı və etibarı qazanırlar. Elə insanın fitrətinə uyğun olan da budur. Bu sirri qavrayan möminlər sadəcə Allaha güvənir, Onu dost və Vəli edir, özlərini Ona yaxınlaşdıran vəsilələr axtarırlar. Rəbbimiz bir ayəsində qullarına çox yaxın olduğunu belə bildirir:

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. 
(Bəqərə surəsi, 186)

 

Uca Allahın sonsuz böyüklüyünü və qüdrətini düşünmək

Uca Allah insanların Onun böyüklüyünü qavramaları üçün kainatdakı nizamı mükəmməl detallarla birlikdə yaratmışdır. Quranda bu həqiqətə “Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz” (Talaq surəsi, 12) ayəsi ilə diqqət çəkilir. Uca Allahın ağlı, elmi və qüdrəti sonsuzdur.

Allah sonsuz qüdrətini və elmini mövcud olan hər varlıqda göstərir. İnsan bədəninin hər detalındakı mükəmməllik, çiçəklərin görünüşündəki rəng, qoxularındakı gözəllik, göy üzünün və kainatın möhtəşəmliyi, planletlərin orbitlərindəki nizam, dənizlərin dərinliklərindəki balıqlar və ağlınıza gələn hər şeydə açıqca görünən mükəmməlik və möhtəşəmlik Allahın varlığının və sonsuz gücünün açıq dəlillərindəndir. Uca Rəbbimiz olan Allahın sonsuz gücünə və ağlına bir neçə nümunə olaraq aşağıdakıları verək:

 

 

  • İnsana görə sonsuz olan Rəbbimizin elmi ilə müəyyən edilmiş və bitmişdir.
  • Uca Allah insanın məhdud ağlı ilə anlamaqda çətinlik çəkdiyi və heç bilmədiyi şeyləri yaratmağa qadirdir.
  • Dünyada qullarına verdiyi ucu-bucağı olmayan hər şeyin xəzinəsi Onun Qatındadır.
  • Bəşər tarixinin başlanğıcından bu günə qədər milyardlarla müxtəlif insan tipi, milyardlarla fərqli barmaq izi yaratmışdır və istəsə, bu insanlardan sonsuz sayda yarada bilər.
  • Uca Allah bizim görmədiyimiz bir çox aləmi və varlığı da yaratmışdır. Məsələn, Quranda bildirilən mələklər və cinlər fərqli aləmlərdə yaşayan varlıqlardır.
  • Rəbbimiz sonsuz sayda kainat, sonsuz sayda varlıq, sonsuz sayda məkan yaratmağa qadirdir. Bundan başqa, hər birini çox fərqli xüsusiyyətlərlə yaratmağa qadirdir. Belə ki, axirətdə cənnəti və cəhənnəmi yaradacaqdır. Cənnət və cəhənnəm bizim dünyada bildiyimizdən çox fərqli bir yaradılışda olacaq.

 

 

 

Yuxarıda bir neçə nümunə ilə toxunduğumuz mövzuları möminlər daim düşünür, Uca Allahı, yaratma sənətindəki üstün ağılı və elmi təfəkkür edirlər. Allahın gücünün və böyüklüyünün sərhədsizliyini, hər şeyin Onun diləməsilə istədiyi zaman reallaşdığını qavramağa çalışırlar.

Uca Allahın elminin sonsuzluğunu düşünmək və Onun qədrini haqqı ilə təqdir etməyə çalışmaq möminləri Allaha yaxınlaşdıran vacib ibadətdir. Quranda Rəbbimizin sonsuz gücü belə xəbər verilir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. 
(Bəqərə surəsi, 255)

 

Allahın isimlərini düşünmək

Uca Allahın isimlərini təfəkkür etmək insanı Ona yaxınlaşdıran əhəmiyyətli ibadətdir. Çünki Allahın isimləri haqqında düşünən bir insan əvvəlcə Allahın hər yerdə olduğunu, bütün insanlara şah damarlarından daha yaxın, hər etdiyimizə şahid olduğunu, hər şeyi gördüyünü, dediyimiz bütün kəlmələri eşitdiyini, ürəyimizdə etdiyimiz bütün duaları bildiyini, hər an yanımızda olduğunu, ruzi verdiyini, xəstələndiyimiz zaman şəfa verdiyini, bizi yoxluqdan yaratdığını anlayar. Bu səbəblə, yanlız Ona qulluq etməli və Onun razılığını axtarmalı olduğunu qavrayar. Bunu dərk edən bir insan Uca Allahın razı olacağı əməllər etmək üçün çox cəhd edər. Allahın razılığı üçün səmimiyətlə edilən hər əməl isə insanı Uca Allaha yaxınlaşdıran əhəmiyyətli bir vəsilədir. Hz. Musanın Rəbbimizə yaxınlaşmaq üçün etdiyi dua bu mövzuda örnəkdir:

…sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!  (Qasas surəsi, 24)

 

“Xəbərdar edib-qorxudan” Quran ayələri haqqında düşünmək

Alçaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi?  (Nəhl surəsi, 45) ayəsində diqqət çəkildiyi kimi, Uca Allah Quranda bir çox ayədə qullarını xəbərdar edib-qorxudur. Bu ayələri oxumaq və üzərində düşünmək isə Rəbbimizin qüdrətini təqdir edən möminləri Allaha yaxınlaşdıracaq. Ayələr haqqında düşünən bir mömin Allaha hörmət dolu qorxu ilə içi titrəyərək bağlanar, Onun sərhədlərini qoruyar. Allahdan qorxan insan nəfsindəki pislikləri təmizləyər, səbirli, qərarlı, cəsur, gözəl əxlaqlı olar, həqiqi mənada səmimi olaraq iman gətirər və Uca Allaha eşqlə bağlanar. Əlbəttə ki, Allaha eşqlə və böyük sevgi ilə bağlanan mömin Allaha çox yaxınlaşar.

 

Cəhənnəmi təfəkkür etmək

Uca Allah Quranda səmimi olaraq iman gətirən qullarını cənnətlə müjdələmişdir. Əlbəttə, cənnət ayələrini oxumaq və onlar haqqında düşünmək möminlərə çox böyük bir şövq, coşğu verir. Ancaq sadəcə cənnəti düşünmək insanı arxayınlığa apara bilər. İnsan “necə olsa, cənnətə gedərəm”, “necə olsa, bağışlanaram” kimi sapqın bir düşüncəyə qapıla bilər. Bu düşüncə isə insanın özünü bəyənməsinə, hətta ilah etməsinə səbəb olar və bu, onu Uca Allahdan uzaqlaşdıra bilər. Bu təhlükəyə qarşı peyğəmbərlər belə, Uca Allaha müsəlman olaraq canlarının alınması üçün dua ediblər. Hz.Yusifin duası bu baxımdan Quranda nümunə verilir. Hz.Yusif Uca Allaha belə dua edir:

Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”. 
(Yusif surəsi, 101)

Möminlərin bu təhlükəyə qarşı özlərini qoruya biləcəkləri ən gözəl davranış cəhənnəmi təfəkkür etməkdir. “Onları orada inilti gözləyir. Onlar orada  eşitməzlər”.  (Ənbiya surəsi, 100) ayəsində xəbər verildiyi kimi, cəhənnəmdəki sonsuz əzablarla dolu bir mühiti düşünmək insanın içi titrəyərək qorxu duymasına və çəkinməsinə səbəb olar. Cəhənnəmi təfəkkür etmək möminin əxlaqını gözəlləşdirər, ibadətlərini və Uca Allahın sərhədlərini diqqətlə qorumasına, daima Allahın razılığının ən çoxunu güdməsinə və Ona daha çox yaxınlaşmasına vəsilə olar.

 

Dünya həyatının keçiciliyini və ölümü düşünmək

Dünya həyatında mövcud olan hər şeyin bir gün mütləq xarab olduğunu, köhnəldiyini, hətta yox olduğunu düşünmək insana ölümü, dolayısı ilə də bir həqiqəti, sonda Uca Rəbbimizə qovuşmağı xatırladır. Bu həqiqət Quranda belə bildirilir:

(Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. 
(Rəhman surəsi, 26-27)

Bədiüzzaman Səid Nursinin də “Nəsihət istəsən, ölüm yetər. Bəli, ölümü düşünən dünya sevgisindən qurtular və axirətinə ciddi çalışar” sözlərilə bildirdiyi kimi, ölümü çox düşünmək insanı dünyaya bağlılıqdan uzaqlaşdırıb, Rəbbimizə yaxınlaşdıran bir yoldur. Belə ki, dövrünün mücəddidlərindən olan İmam Qəzali də ölümü “sevgilini sevgiliyə qovuşduran bir körpü” kimi dəyərləndirərək, insanın Uca Allaha yaxınlaşmasında ölümü düşünməyin əhəmiyyətini bir daha xatırladır.

 

Diqqət və şüur açıqlığı

Uca Allaha yaxınlaşmağa vəsilə olan üsullardan biri də diqqət və şüur açıqlığıdır. İnsan zəif hafizəyə, diqqət dağınıqlığına, qəflətə qapılmağa uyğun bir xarakterlə yaradılmışdır. İnsan Uca Allahın imtahan üçün xüsusi olaraq yaratdığı bu vəziyyətdən diqqətini mütəmadi olaraq açıq tutmaqla qurtula bilər. Bunun üçün Rəbbimizin hər an, hər saniyə bizimlə birlikdə olduğunu, bizi gördüyünü və eşitdiyini, hər işi nizamlayıb nəzarəti altında saxladığını unutmamaq, bütün həyatımızın müəyyən edilmiş bir qədərə görə yaşandığını xatırlamaq, edilən hər işdə, görünən hər görüntüdə Allahın sonsuz ağlını, heyranedici sənətini və Onun Uca Qüdrətini təfəkkür etmək, hər zaman təvəkküllü və təslimiyyətli olmaq, Allahı təsbih edib ucaltmaq lazımdır.

İman gətirənlərin gündəlük həyatının hər mərhələsində Allahı anma və dua halında olmaları, özlərinə verilən nemətlərə qarşı mütəmadi olaraq içdən şükür etmələri, bilərək və ya bilməyərək etdikləri xətalarından ötrü bağışlanma diləmələri və tez-tez Allahın adını ucaltmaları onları Uca Allahın iznilə Rəbbimizə dost edəcək, Ona yaxınlaşmalarını təmin edəcək. Bu həqiqət bir Quran ayəsində belə xəbər verilir:

...Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, daha böyükdür… 
(Ənkəbut surəsi, 45)

 

 

Uca Allahı tanımağın, qavramağın və imanda dərinləşməyin sərhəddi yoxdur. Bir insan Uca Allaha yaxın olmaq və Onu daha yaxşı tanımaq üçün nə qədər çox cəhd edərsə, nə qədər çox düşünərsə, imanı, ağlı və Allah qorxusu da o qədər çox güclənər. Bu səbəblə, Allah yolunda xidmət etmək üçün böyük cəhd edən və Ona yaxınlaşmaq üçün dərin təfəkkür edən möminlər Allahdan çox qorxan və Allaha bütün qəlbi ilə bağlı olan insanlardır. Möminlərin Allahın hökmlərini tətbiq etmə mövzusunda göstərdikləri diqqət və vicdanlarını dinləmə mövzusunda göstərdikləri həssaslıq onlara, inşaAllah, Rəbbimizin sevgisini, rizasını qazandıracaq və Ona yaxınlaşdıracaq. Uca Rəbbimiz iman gətirənləri Zatına yaxınlaşmağa Quranda belə dəvət edir:

Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.
(Maidə surəsi, 35)

İnsanların əksəriyyəti Uca Allahı özlərindən uzaq zənn edirlər. Halbuki Rəbbimiz “…Rəbbin insanları əhatə etmişdir… (İsra surəsi, 60) ayəsində buyurduğu kimi, insanlara çox yaxındır. İnsanın hər vəziyyətini görür, hər danışığını eşidir. Hətta içindən keçən düşüncələri, qəlbindəki sıxıntı və vəsvəsələri bilir. Allah bir ayəsində bu həqiqəti belə bildirir:

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.
(Qaf surəsi, 16)

İnsan isə Rəbbimizin, əslində, ona çox yaxın olduğunu bilib hər an şükür etməli və Ona çox bağlanmalıdır.

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr