Bədənimizdə heç bir ağrı hiss etməsəydik
ucgen

Bədənimizdə heç bir ağrı hiss etməsəydik

2103
… Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 216)

 Ağrı hissi bədənimizdə mövcud olan müdafiə sisteminin bir hissəsidir. Bu hiss sağlamlığa mənfi təsir edən vəziyyətin yarandığını bildirir və bu mənfi təsirə qarşı tədbir almaq üçün bədənə dəyən fiziki zərərin minimuma endirilməsini təmin edir. Belə ki, insan ağrı hiss edirsə, onu aradan qaldırmaq üçün tədbir görür və bədənə dəyən zərərin qarşısını alır. Məsələn, əli qaynar suda yanan insan ağrı hiss etdiyi üçün dərhal əlini sudan çıxararaq dərisinin zərər görməsinin qarşısını alır. Digər hallarda yaranan ağrı hissi davam edərsə tibbi üsullara, qoruyucu tədbirlərə əl atır və ya bədəninin hər hansı bir yerində yaranan ağrı nəticəsində həkimə gedərək xəstəliyi şiddətlənmədən onun qarşısını alır.

Bunu qeyd etmək lazımdır ki, ağrı hissi insan üçün narahatedici olsa da Allah bu hissi bizə verməsəydi, bədənimiz zərər görəndə reaksiyamız olmaz və ciddi sağlamlıq problemləri yaranardı. Bu hissin böyük rəhmət olduğunu xatırladan həqiqət isə “anadangəlmə analgeziya” adlanan və ağrıya qarşı reaksiyanın olmaması xəstəliyidir. Allahın “…Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 216)” ayəsində bildirdiyi kimi, zərərli kimi görünən və insanlar üçün narahatlıq yaradan ağrı hissi, əslində, insan üçün çox xeyirdir.

Ağrı hər bir insanı narahat edir. Çünki bu hiss yarananda ya gündəlik fəaliyyətimizdə çətinlik çəkir və ya ümumiyyətlə heç bir iş görə bilmirik. Çünki ağrı hissinin funksiyası bizi narahat edərək, onun yarandığı nayihəyə diqqətimizi yönəltmək və bədənimizdə nəyinsə normal olmadığını xəbər verməkdir. Bu səbəbdən “anadangəlmə analgeziya”, yəni  ağrını hiss etməmək xəstəliyi, əslində, riskli xəstəlikdir.

 Bədənimizdə narahatlıq yarananda ağrı hiss etməsəydik nələr olardı? 

“Anadangəlmə analgeziya” ağrını hiss etməmək xəstəliyidir. Bu xəstəliyi olan insanlar toxunma və hissetmə duyğularına sahib olurlar, amma beyinin sinir sistemi sanki filtrlənmiş kimi məlumat axınına mane olur, temperatur dəyişikliyini və ya yaralanma kimi təcili tədbir görülməli hadisələrə reaksiya vermir. Bu vəziyyət Allahın bədənimizdəki hər sistemi qüsursuz şəkildə yaratdığının ən bariz nümunələrindən biridir.

Sinir sisteminin fəaliyyətində yaranan hər hansı çatışmamazlıq bir çox problemlər yarada bilər. Belə ki, ağrı ilə əlaqədar siqnal beyinə çatmadığından ağrı hiss edilmir, bəzən isə ağrı hiss edilir, lakin ağrının hansı nayihədə olduğu bilinmir. Şübhəsiz, hər iki vəziyyət insan üçün böyük təhlükə yaradır. Çünki ağrı yerinin təsbit edilməməsi ağrının hiss edilməməsinə bərabərdir. Məsələn, ürəyində ciddi problemi olan və bədənində ağrı hiss edən, lakin ağrının hansı nayihədə olduğunu bilməyən insanın həyatı təhlükə altındadır.

 “Anadangəlmə analgeziya” necə yaranır?

 Bu xəstəlik “SCN9A” adlanan gendə olan problemlə əlaqədar meydana gəlir. Bu gendə kiçik pozulma belə onu tamamilə sıradan çıxarır və beyinə ötürülən siqnalların qarşısını qalır. Bu hadisə, elektrik lampasının yanması üçün elektrik düyməsindən istifadəyə bənzəyir. Əgər lampaya gedən elektrik naqillərində problem olsa, lampa yanmaz. Əlbəttə, hər şeyi həssas şəkildə yaradan Allah istəsə, bu tarazlığı yox edə bilər və heç kim pozulan bu tarazlığı qura bilməz. Allah dünyadakı kiçik-böyük hər şeyi qüdrəti altında tutduğunu bir ayədə belə bildirir:

 Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! . (Fatir surəsi, 41)

Buna görə də, hər hansı bir səbəbdən ağrı olanda; əliniz yananda, bir yeriniz kəsiləndə hiss etdiyiniz ağrı hissi narahatlıq yaratsa da, əslində, bu çox böyük rəhmətdir.

 Yaralananda ağrı hissinin azalmasının hikməti

 Bir çox insan yaralananda və yaralanandan bir müddət sonra ağrı hiss etmir. Beləliklə, insanın yaralı olduğu halda özünü qorumaq və təhlükədən uzaqlaşmaq üçün gücü olur. Ağrı hissinin çatdırılması sinir hüceyrələri vasitəsilə reallaşır. Bu hüceyrələr ağrı, acı və sızıltını məhv edən, bədəni rahatlaşdıran “endorfin” maddəsinə malikdir. Endorfin beynimizin istehsal etdiyi ağrıkəsicidir. Endorfin ağrının hiss edildiyi andan etibarən ifraz edilir, ilk təhlükə sovuşduqdan sonra təsiri keçir. Bunun sayəsində ciddi yaralanan insanlar belə müəyyən müddət şiddətli ağrını hiss etmirlər. Yaralananda ağrı hissinin azalması Allahın insanlara olan rəhmətinin bir nümunəsidir.

Ayağımız stolun kənarına dəyəndə və ya yerdəki qırıq şüşə ayağımızı kəsəndə ağrı hiss edirik. Ağrı hissinin həyatımızda mühüm yeri var, çünki bizə bədənimizdə problem olduğunu bildirir. Dərimizdəki reseptorlar bizi zədələyən faktorlara reaksiya verəndə, yəni beynimizə mesaj göndərəndə ağrı hiss edirik. Bunun nəticəsində, narahatlığımızı aradan qaldırmaq üçün bəzi tədbirlər görürük. 

 Ağrı hiss etməmək niyə təhlükəlidir?

 Üç ağrı növü mövcuddur: səthi ağrı,  dərin ağrı (sümük, əzələ, sümü və oynaqların ağrısı), daxili orqanların ağrısı (viskeral ağrı). Səthi ağrılar dəriyə təzyiq olanda və ya 45 dərəcədən artıq istiliklə qarşılaşanda ortaya çıxır. Əgər bu hiss olmasaydı:

  • İnsanın dərisi zədələnəndə ağrı hiss etmədiyi üçün çox qan itirə bilər və həyatı təhlükədə ola bilər.
  • Eynı zamanda, insanda ağrı hissi olmasaydı, bir yeri yananda dərisindəki yanığa baxmayaraq, gündəlik işlərini rahat şəkildə görə bildiyi üçün müalicə olunmazdı. Bu da bizi mikroblardan qoruyan dərinin üst qatının infeksiyasına gətirib çıxaracaqdı.
  • Ağrı hissi olmadığı zaman insan özünə zərər verə bilər və ya zərər verən amilin ağrısını hiss etməyərək yaralana bilər. Məsələn, qəza nəticəsində ayağı sınanda bunu hiss etməz və sınan sümüyünün üzərində hərəkət edərək sümüyün daha da zədələnməsinə və ciddi problemlərin yaranmasına səbəb olar.
  • Ağrı əvvəlcədən bizə bildirilməsəydi, bir çox xəstəlik yarana bilər. Bu səbəbdən, ağrı çoxsaylı xəstəliyin ilk əlamətidir.
  • Məsələn, qarnımız ağrımasaydı, appendisitimizdə problem olduğunu bilməz və ya ürəyimizdə ağrı hiss etməsəydik, infarkt keçirdiyimizi başa düşməzdik.
  • Yıxıldığımız, ağırlıq qaldırdığımız zaman ağrı hissimiz olmasaydı, əzələlərimizi, oynaqlarımızı işlədərək dincəlməyə ehtiyac duymaz və bədənimizə böyük zərər vura bilərdik.

Hər şeyin bir yaradılış səbəbi və hikməti var

 Uca Allah hər şeyi hikmət və xeyirlə yaradır. Ağrını hiss etməmək xəstəliyi də Rəbbimizin bu mükəmməl yaradılışının ən bariz nümunələrindən biridir. Əgər Allah belə bir xəstəlik yaratmasaydı, heç kim ağrının əslində bədənin qorunması üçün böyük nemət olduğunu bilməyəcəkdi. Bu səbəbdən də, bizi qüsursuz şəkildə yaradan Rəbbimizə şükür etməyimizə səbəb olan vacib faktordan xəbərimiz olmayacaqdı. Şübhəsiz ki, Allahın hər şeyi xeyirlə yaratmasına nümunə olan xüsusiyyətlər burada sadalananlarla məhdudlaşmır. Rəbbimiz bəzi insanların bədənində bu çatışmamazlığı yaradaraq tibb aləmi üçün ilham qaynağı da yaratmışdır. Çünki bu xəstəliyin səbəblərini araşdıran elm adamları xəbərdarlıq və reaksiya arasındakı əlaqəni və onlar arasındakı kiçik amilləri araşdırdıqca ağrını xeyli azaldan dərmanlar icad edirlər. Rəbbimiz Quran ayələrində hər şeyin bir səbəbi olduğunu belə xəbər verir:

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq. Əgər Biz (Özümüzə) əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz dərgahımızda olanlardan hazırlayardıq. Lakin Biz (bunu) etmədik.(Ənbiya surəsi, 16-17)

 Şiddətli ağrı

 Beyin pərdəsi ağrının yerini, xüsusiyyətlərini, şiddətini təsbit etdikdən sonra beyin bu ağrını sakitləşdirmək üçün siqnalları dayandıran mesajçılar göndərir.

  1. Kimyəvi sinir mesajçıları bu ağrı mesajını sinapslar üzərindən bir sinirdən digərinə ötürürlər. Beləliklə, siqnal beyinə çatdırılır.
  2. Dəriyə batan mismar sinir uclarına xəbərdarlıq edir. Sinir ucları meydana gələn zədəyə reaksiya verərək, sinir boyu həyəcan siqnalı göndərir. Bu siqnal onurğa iliyində kimyəvi mesaja çevrilir.

Xroniki ağrı

 Xroniki ağrı, ağrı mesajlarının yox edilməsinin qarşısını alaraq, insanda nəzarətin itirilməsinə səbəb ola bilər. Ağrının artması hissi də buradan qaynaqlanır.

  1. Mesajların yığılması onurğa iliyindəki sinapslarda yeni kimyəvi yollar yaradır. Bu da sinirləri gələcəkdəki ağrı mesajlarına qarşı daha həssas edir.
  2. Sinir ucları bir yaralanma ilə xəbərdar ediləndə, onurğa iliyinə və beyinə yalançı həyəcan siqnalı göndərir. Bir sinir kökünə və ya sinir lifinə edilən təzyiq də eynı nəticəni verir.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr