Qarşı tərəfi məğlub etmək, hər zaman uğur deyil. Bəzən məğlub olmaq ən gözəl seçimdir.
ucgen

Qarşı tərəfi məğlub etmək, hər zaman uğur deyil. Bəzən məğlub olmaq ən gözəl seçimdir.

2270
İnsan biri ilə fikri qarşıdurma və ya mübahisə etdiyi zaman, qarşı tərəfə öz fikrini qəbul etdirməyi ən yaxşı nəticə hesab edir. Halbuki əsl müvəffəqiyyət qarşı tərəfi məğlub etmək deyil. Bəzən də insanın məğlub olması, onun üstünlüyünü göstərən əlamət ola bilər. İnsanın nəfsində hər zaman üstün olmaq arzusu var. Hamı öz fikrinin qəbul edilməsini, öz məntiqi istiqamətində hərəkət edilməsini istəyir. Bir söhbətdə mütləq son sözü söyləməyə çalışır və belə olduqda da, öz aləmində xoşbəxt olur. Bunu böyük bir müvəffəqiyyət kimi görür. Halbuki insan məhdud ağıla malikdir və ona verilən ömür də çox qısadır. İnsanın bu məhdud zaman içərisində əldə edə biləcəyi məlumat, bacarıq və təcrübə də eynilə çox məhduddur. Bu səbəbdən, bir mövzuda əldə edilən ən doğru nəticə birdən çox adamın ağlını, məlumatını, təcrübəsini, düşüncəsini ortaya qoyması ilə meydana çıxır. Bu, insanı daha doğru nəticəyə aparır. Quranda müşavirə edərək, yəni qarşılıqlı fikir mübadiləsi apararaq qərar verməyin mömin əxlaqının bir gərəyi olduğu belə xəbər verilmişdir:
 
O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. (Şuəra surəsi, 38)
 
Bir başqa ayədə də müsəlmanların yalnız şəxsi fikirlərini əsas götürmədikləri, sözün ən gözəlinə uymaları xəbər verilmişdir:
 
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər surəsi, 18)
 
Müşavirə etmək, başqalarının fikirlərinə də dəyər vermək, sözün gözəlini qəbul etmək Quran əxlaqının bir gərəyidir. Ancaq müşavirə (istişarə) ilə bərabər, bəzən insanın ətrafındakılar ondan daha ağıllı olur. Allah Quranda bu vəziyyəti "...Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır." (Yusuf surəsi, 76) ayəsi ilə insanlara xəbər vermişdir. Belə bir vəziyyətdə bu insanlarla məsləhətləşmək, onların fikirlərindən istifadə etməyə çalışmaq gözəl davranış olar. Bu cür insana üstün gəlməyə, sözdə və ya fikirdə ondan önə keçməyə çalışmaqdansa, onun fikirlərinə tabe olmaq daha gözəl əməldir. Bu, həm adamın Allaha qarşı göstərəcəyi əxlaq baxımından, həm də doğru və ən məqsədəuyğun fikri tətbiq etmək baxımından ən hikmətli davranışdır. Bu səbəbdən, insanın içindəki "həmişə qalib gəlmək arzusu" düzgün istək deyil. Çox vaxt daha gözəl rəftar insanın məğlub olması, yəni qarşı tərəfin fikirlərinə tabe olmasıdır ki, bu da məğlub olmaq deyil. Guya məğlubiyyət kimi görünən bu vəziyyət, əslində o adamı ucaldan vəziyyətdir. Ancaq bəzən insan yanındakı bir çox adamdan daha ağıllı, daha vicdanlı və daha təcrübəli ola bilər. Belə bir vəziyyətdə bildirilən fikrin səhv olduğunu bilə-bilə onunla razılaşmaq olmaz.
 
Amma insan gündəlik həyatında çox zaman hər iki tərəfin də məqbul fikirlər yürütdüyü və bu fikirlərin ən az 1/2 nisbətində doğru olduğu vəziyyətlə qarşılaşır. Deməli, bu cür vəziyyətlər insanın təvazökarca və gözəl əxlaq göstərəcəyi anlardır. Bu cür vəziyyətlərdə məğlub etmək deyil, məğlub olmaq üstünlükdür. Çünki belə bir vəziyyətdə hər iki tərəf bir-birinə üstünlük göstərməyə, qalib gəlməyə, öz fikrini qəbul etdirməyə çalışa bilər. Bu səbəbdən, üstün gəldiyini düşünən insan, əslində, qarşı tərəfin təvazökarlığına görə "qalib gəlmişdir". Ancaq sahib olduğu ruh halı səbəbindən qarşı tərəfin əxlaqındakı bu incəliyin fərqinə varmaz. Onun üçün əsas olan şey öz fikrini qəbul etdirməsidir. Bu cür insanların həmişə üstün gəlmək və daim məğlub etmək istəyində isə təbii ki, eqoizm, lovğalıq və dikbaşlıq hissi vardır. Çox vaxt bu insanlar qarşı tərəfin fikirlərinin də ən az özlərininki qədər və ya özlərinkindən daha yaxşı olduğunu bilirlər. Amma mövzunun bu tərəfi üzərində deyil, mənliklərinə, nəfslərinə uyğun olaraq öz dediklərinin qəbul edilməsi və qalib gəlmək ruhu üzərində dururlar. Halbuki belə adamın istəyini yerinə yetirmək son dərəcə asandır. Səhv fikir olmadığı zaman ətrafındakı insanlar istəsələr, həmişə onun düşüncələri istiqamətində hərəkət edə bilərlər. Hər kəs öz düşüncələrindən imtina edib daim bu adamı haqlı çıxara bilər və hər kəs o adama tabe ola bilər. Amma bu, o adama qazanc verməz. Çünki əhəmiyyətli olan, adamın Qurana uyğun olmayan əxlaqdan xilas olmasıdır. Ruhundakı eqoizm xəstəliyi üzündən və haqlı çıxmadığı təqdirdə problem yaradacağı üçün ətrafındakı hər kəsi idarə etməsi üstünlük deyil. Əksinə, bu, bir mömin üçün çox alçaq bir haldır. Qurana uyğun olmayan bir əxlaq göstərməyi mömin heç vaxt qəbul etməz. Allah Quranda möminlərin nəfsin böyüklük təlqinindən xilas olmalarını belə bildirmişdir:
 
"Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!. " (Loğman surəsi, 18)
 
Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!. (Hədid surəsi, 23)
 
Mömin bu əxlaqın yaşanmasını çox əhəmiyyətli görməli və Quranda bildirilən bu əxlaq anlayışını gün ərzində qarşılaşdığı hər mövzuda, hər söhbətdə tətbiq etməlidir. Yalnız bir fikir qarşıdurmasında deyil, hər hansı bir mövzudan bəhs edilərkən, zarafat edərkən, ya da bir mövzuda məlumat verərkən (Qurana müxalif bir vəziyyət deyilsə) həmişə "altda qalan", son sözü söyləyənə tabe olan, başqalarının fikirlərini ön plana çıxarıb onlara tabe olan, qarşı tərəfi nümunə edən bir əxlaq göstərməlidir. Belə bir insan "məğlub" kimi görünə bilər. Amma onun üçün əsl qazanc elə budur. Çünki bu, Allahın razı olacağı, müsəlmanların bəyənəcəyi əxlaqdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr