Dünyaya diqqətlə nəzər yetirən və baş verənləri doğru dəyərləndirən hər bir insan hazırda dünyada yaxşılarla pislər arasında tarixi mübarizənin getdiyini görər. Bir tərəfdə Allah sevgisini, Allah qorxusunu, yaxşılığı, qardaşlığı, sülhü və dostluğu müdafiə edənlər, digər tərəfdə isə münaqişələri, müharibələri qızışdıran və insanların bütün xoşbəxtliyini əlindən alanlar var. Ailə və əxlaq anlayışlarını yox etmək istəyən nifrət və münaqişə tərəfdarı insanlar bir-birilərini müdafiə edib birgə hərəkət etdikləri halda, Allahın əmr etdiyi gözəl əxlaqın dünyaya hakim olmasını istəyənlərin əksəriyyəti bir-birindən ayrıdırlar. Yaxşıların pərən-pərən olması isə pislərin xüsusi səyi ilə baş verir. Qəzet, jurnal, televiziya və internet kimi informasiya vasitələrindən istifadə edərək yaxşılar əleyhinə aparılan təbliğatlar çox vaxt onların birləşmələrinə mane olan əsas səbəb olur.
Halbuki iman gətirənlər bir-birilərinin gördükləri işləri, bu işlərin faydalı nəticələrini nəzərə almadan yalnızca eşitdiklərinə görə hərəkət etməkdən çəkinməlidirlər. Müqəddəs kitablarda iman gətirənlərə böhtan atılacağı, bu böhtanlara görə bəzən mühakimə olunacaqları bildirilmişdir. Hər üç dinə görə, iman gətirən bir insan başqa bir iman gətirən insan haqqında eşitdiyi məlumatları araşdırmadan mühakimə etmir. Çünki bilir ki, Allah yolunda xidmət edən hər bir mömin bu xidmətinin əngəllənməsi üçün müxtəlif təzyiqlərə, yalanlara, böhtanlara, hədələrə məruz qala bilər. Bu böhtanların atılmasının əsas məqsədlərindən biri insanları iman gətirənlərdən uzaqlaşdırmaqla din əxlaqının yayılmasının qarşısını almaqdır.
İnformasiya və ya internet dövrü kimi səciyyələndirilən bu əsrdə iman gətirənlər əleyhində tez-tez istifadə edilən vasitələrdən biri internet saytlarıdır. Xüsusilə, Vikipediya kimi ziyarətçilərinin üzvlüyü olmadan və ya ödəniş etmədən yerləşdirdikləri məlumatlardan təşkil olunan saytlar geniş kütlələrə asanlıqla çatır. Vikipediya özünü “azad ensiklopediya” adlandırır, lakin saytda baş verənlər həqiqətin belə olmadığını göstərir.
Vikipediyada müəyyən bir anlayış və ya fikri təmsil edən birtərəfli məlumatlandırma, bir növ senzura sistemi hökm sürür. Vikipediya saytı ilə bağlı baş verən bir çox hadisə bu həqiqəti nümayiş etdirir.
Vikipediyanın azad olmadığını göstərən saysız-hesabsız hadisələrdən iki nümunə
Bunlardan birincisi Almaniyanın Ştutqart Təbiət Tarixi Muzeyinin rəhbəri məşhur paleontoloq dr. Günter Bexlinin (Günter Bechly) adına açılmış Vikipediya səhifəsi ilə bağlıdır. Doktor Günter Bexli Darvinin 150 illik yubileyində muzeydə bir sərgi təşkil etmiş və sərgidə tərəzinin bir tərəfinə yaradılışı müdafiə edən kitabları, digər tərəfinə isə Çarlz Darvinin “Növlərin mənşəyi” kitabını qoyaraq Darvinin kitabının guya üstün gəldiyini göstərmişdi. Sərginin diqqət çəkməsi və bir mətbuat konfransının gündəmə gəlməsi ilə Bexli jurnalistlərin suallarına cavab vermək üçün yaradılışı müdafiə edən elmi kitabları oxuyub araşdırmağa başlamışdır. Bu araşdırma nəticəsində darvinizmin, əslində, müdafiə ediləcək bir yönü olmadığını görmüş, yaradılışa inandığını və təkamül nəzəriyyəsinin doğru olmadığını açıqlamışdır. Bexli bu açıqlamasından sonra (yaradılışı müdafiə edən bir çox elm adamının başına gəldiyi kimi) işdən çıxarılmışdır.
Darvinizmi müdafiə etdiyi vaxtlarda dr. Bexli haqqında geniş məlumatlar yayımlayan Vikipediya təkamülü inkar etdikdən sonra saytda onun adına açılan səhifəni silmişdir. [1]
İkinci hadisə isə Baylor Universitetinin professoru Uolter Bredli (Walter Bradley) adına açılmış Vikipediya səhifəsi ilə bağlıdır. Böyük araşdırma və mətbuat təcrübəsi olan professor Bredli yaradılışı müdafiə edən elmi nəşrləri və kitabları ilə də tanınır. Vikipediya 2017-ci ilin aprel ayında Bredlinin səhifəsini qısaldaraq iki abzas etmişdir. [2]
Təzyiq altında olan Vikipediya
Bu iki hadisə Vikipediyanın öz fikirlərini dilə gətirən elm adamlarına yer verməyəcək qədər güclü darvinist təzyiq altında olduğunu göstərir. Həqiqətən də, bu gün təkamülü müdafiə edənlər elmi kəşfləri, yəni yaradılış həqiqətini açıqlayanları akademik qurumlardan, mediadan və hətta internet mühitindən uzaqlaşdırmaq üçün böyük əmək sərf edirlər. "Təkamül yoxdur" deyən hər hansı bir gənc təhsil müəssisələrində imtahandan keçə bilmir, elm adamı akademik karyera qura bilmir. Üstəlik, çox vaxt elm adına hərəkət etdiklərini iddia edənlər elmin yaradılışı isbat etdiyini gördükləri üçün elmi həqiqətlərə dözə bilmirlər.
Bu gün dünyada darvinist diktatorluğun varlığı mübahisəedilməz həqiqətdir. Bu diktatura fərqli fikirlərin dilə gətirilməsinə, elmi dəlillərin ortaya qoyulmasına imkan vermir. Yaradılışçıların nüfuzuna zərər yetirmək və onları elm əleyhdarı, geridə qalmış kimi göstərmək üçün birtərəfli təbliğatlarına davam edirlər. Vikipediya darvinist diktatorluğun təsiri altında qalmaqdan imtina etməlidir.
Vikipediyanın "mühüm insan deyil" deyərək səhifəsini sildiyi yaradılışçı dr. Günter Bexli dünyanın ən mühüm fosil kolleksiyaçılarından biridir. Bexli o qədər mühüm paleontoloqdur ki, adı bir çox canlı növünə verilmişdir. Buna baxmayaraq, Vikipediya Bexliyə sırf darvinizmə qarşı çıxdığı üçün "mühüm deyil" deyə bilir.
Vikipediyaya yüklənilən yazılar redaktor adlandırılan şəxslərin nəzarətindən keçir. Bu redaktorlar təkcə təkamül və yaradılış məsələsində deyil, öz ideologiyaları ilə həmfikir olmayan hər kəsə qarşı qərəzli mövqe nümayiş etdirirlər. Əsasən də dindar, Allahın varlığına inanan, materialist ideologiyalara qarşı olan insanlar haqqında yanlış məlumatlar yüklənilməsinə göz yumur, səhvlərin düzəldilməsinə icazə vermir və bunun üçün edilən müraciət və təşəbbüsləri isə israrla rədd edirlər. Bu vəziyyət Vikipediyanın məlumatların doğru olmasına görə deyil, müəyyən ideologiyaya uyğun olub-olmamasına görə hərəkət etdiyini göstərir.
Vikipedianın obyektivlikdən uzaq olduğu və ideoloji məqsəd güddüyü açıqdır.
Müsəlmanlar, musəvilər və xristianlar Vikipediyanın təmsil etdiyi zehniyyətə qarşı birlikdə əməkdaşlıq etməlidirlər
Vikipediyanın qərəzli mövqeyi Allaha inananlara qarşıdır. Belə bir mövqe qarşısında dindarların "bu, müsəlmanlara aiddir, bizə aidiyyəti yoxdur" və ya "bu, xristianlara aiddir, bizə aidiyyəti yoxdur" deməsi doğru davranış tərzi deyil. Əksinə, imana, dinə, yaradılışa inananlara qarşı qərəzli mövqe olduqda müsəlman, xristian, musəvi - bütün inananlar birlik olmalı, bir-birilərini müdafiə edib dəstəkləməlidirlər. Əksi inananların dağılması deməkdir ki, bu da darvinist diktatorluğun istəyidir. Unutmamalıyıq ki, darvinistlər yaradılışçı, dindar və yaxşı insanların bir araya gəlib Allahın şanını yaymaq üçün birlikdə fəaliyyət göstərmələrinə mane olmaq istəyir.
Sülh, dostluq və yaxşılığı tövsiyə edənlər tarixdə hər zaman təzyiq görmüş, yalanlara, böhtanlara, qaralama kampaniyalarına məruz qalmışlar.
Hz. İsa və həvariləri də "dəlilik, şəxsi mənafeyini güdmə, yeni din yaratma" kimi bir çox böhtanlara məruz qalmış, əziyyət görmüşlər. Ancaq ilk xristianlar bu cür böhtanlara inanmamış, hz. İsa və həvarilərini müdafiə edib dəstəkləməyə davam etmiş və pis niyyətli insanların bu cür böhtanlarını özlərinin doğru yolda olduqlarına dəlil saymışlar.
Buna baxmayaraq, bəzi səthi düşünən insanlar həmin böhtanların təsiri altında qalmışlar. İncildə iman gətirənlərin üzləşdikləri imtahanlarla bağlı qisimlərdə səmimi iman gətirənlərə dəstək olmağa cəsarəti çatmayan zəif şəxsiyyətli insanlardan da bəhs edilir.
...Bütün imanlılar Süleymanın eyvanına yığılardı. Xalqın gözündə böyük nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi. (Həvarilərin İşləri, 5:12-13)
Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək….döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız... Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin, amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur. (Mark, 13:9-12)
Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. (Mark, 13:13)
Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi yaxalayacaqlar, təqib edəcəklər…zindanlara təslim edəcəklər, padşahların və valilərin qarşısına aparacaqlar…Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək. Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma başınızdan bir tük belə, əskik olmayacaq. Dayanıb dözməklə canlarınızı qurtarın. (Luka, 21:5-19)
Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız!… Lakin heç biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi, yaxud başqalarının işinə qarışan şəxs kimi əzab çəkməsin. (1 Peter, 4:14-16)
Sənsə mənim təlimimi, davranışımı, məqsədimi, imanımı, səbrimi, məhəbbətimi, dözümümü, ….təqibləri, çəkdiyim əzabları diqqətlə izlədin. Nə cür təqiblərə qatlandım! Amma Rəbb məni bunların hamısından xilas etdi…möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı təqibə məruz qalacaq. Amma pis adamlar və saxtakarlar aldadıb-aldanaraq getdikcə daha betər olacaqlar (2 Timoteyə, 3:10-13)
Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin. Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır. Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın (Yaqub, 1:2-4)
Allaha iman gətirənlər ittifaq etməsə, dəccaliyyət getdikcə güclənəcək
Dövrümüzdə dinsizlik alov kimi yayılır. Narkotik maddələr, spirtli içkilər, itirilən ailə dəyərləri, intihara yönələn kütlələr, zorakılıq, ədalətsizlik, zülm və haqsızlıqlar cəmiyyətin hər təbəqəsinə təsir edir. İnsanların dinsizliyə doğru getdiyi bu vəziyyətə son verilməsi isə ancaq onun ideologiyasına qarşı aparılan mübarizə ilə mümkündür. Bu elmi mübarizənin vaxtı çoxdan gəlib çatıb. Yaxşılar ən qısa müddətdə ittifaq edib imkanlarını birləşdirməli və birgə elmi fəaliyyətlərə başlamalıdırlar.
Allaha iman gətirənlərin birlikdə fəaliyyət göstərəcəkləri halda, Vikipediya kimi qərəzli mənbədən məlumat alaraq bu fəaliyyətlərdən çəkinmələri, şübhəsiz ki, çox yanlış hərəkət olar. İman gətirənlərin bir insan və ya fəaliyyət haqqındakı düşüncələrini istiqamətləndirən rəhbəri müqəddəs kitablardan öyrəndikləri, vicdanları, ağılları və fərasətləri olmalıdır. Darvinist, materialist, Allahın varlığını inkar edən və dindarlara qarşı qərəzli mövqe nümayiş etdirən bir mənbə möminlər üçün heç vaxt mötəbər mənbə hesab edilə bilməz. Belə mənbəyə görə xeyirli bir işdən imtina etmək utandırıcı və alçaldıcı olar.
Xristianlar, müsəlmanlar, musəvilər və bütün yaxşı insanlar ittifaq etdikləri təqdirdə dəccaliyyəti dünya miqyasında dəf edə bilərlər. Bu ittifaqa mane olmaq üçün dəccaliyyətin qurduğu tələlərə düşmədən qətiyyət və əzmlə görülən hər iş haqqın hakim olması üçün mühüm addımdır. Bütün iman gətirənlər xeyrin hakimiyyətində aparıcı olmaq üçün səy göstərməlidirlər. Axırzaman kimi böyük və tarixi bir dövrdən keçərkən iman gətirənlərin elmi mübarizəsini seyr etmək, xüsusilə də, pisliyi yaymağa çalışanların böhtanlarına, yalanlarına etibar etmək, haqdan, həqiqətdən güzəştə getmək, şübhəsiz ki, vicdansızlıq olar.
[1] https://evolutionnews.org/2017/10/wikipedia-erases-paleontologist-gunter-bechly/
[2] https://en.wikipedia.org/wiki/Walter_Bradley_(engineer)