Müsəlman aləmi olaraq həm bədənimizə, həm də ruhumuza bərəkət gətirən Ramazan ayını bir daha yaşayırıq. Rəbbimizin iznilə, fərz olan bu gözəl ibadəti səbirlə, şükürlə və qəlbən yerinə yetiririk.
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!(Bəqərə surəsi, 183)
(Oruc tutmaq) sayı müəyyən olan günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.Oruc tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər.Hər kəs könüllü xeyir iş görərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!(Bəqərə surəsi, 184)
Bildiyimiz kimi, bədənimizdə bir çox sistemin fəaliyyət göstərməsini təmin edən simpatik və parasimpatik sinir sistemi mövcuddur. Vegetativ sinir sistemi bizim bu işi görmək üçün heç düşünmədiyimiz və avtomatik olaraq görülən işləri təşkil edir. Məsələn, ürəyimizin döyünməsi, gözlərimizin yaxın və ya uzaq məsafəyə baxarkən daima dəqiqliyi itirmədən görə bilməsi və s. İki sistemin nizamı pozularsa, ürək döyüntüsü, tərləmə, ishal kimi problemlər ortaya çıxa bilər. Ancaq oruc tutmaq simpatik sistem və parasimpatik sistem arasındakı lazımi balansı qoruyan təsirli bir vasitədir.
Şəkər xəstələrində (2-ci tip) olan insulin dirəncinin ən yaxşı müalicə metodlarından biri idman, digəri isə qidanın azaldılması, yəni orucdur. Oruc zamanı mədəaltı vəzi dincəlir, bədən qlükoza istifadəsindən başqa qalan yağları və keton cisimciklərini enerji mənbəyi olaraq istifadə etməyə məcbur olur. Bu halda qlükoza daha az olacağına görə, mədəaltı vəzi da yüksək qlükozanı təmin etmək üçün daha çox işləmək, daha çox insulün ifraz etmək məcburiyyətində qalmır.
Oruc tutmağın insan orqanizmininə digər bir faydası insanın immunitet sistemi xəstəliklərinə tutulma riskinin azalmasıdır. Xüsusilə nazik bağırsaqdakı selikli qişa səthi filtr kimi işləyərək bədən üçün lazımi maddələri alaraq daha böyük zülalları, antitelləri və bəzən daha böyük quruluşların orqanizmə girməməsinə çalışır. Bu vəziyyətin daimi davam etdiyi müddətdə bu selikli qişa bariyerlərində pozuqluqlar yaranmağa başlayır. Nəticədə də filtr sistemi xarab olur. Autoimmun xəstəlik qrupu halında immun sistemi nəzarətsiz şəkildə fəaliyyət göstərərək bədən toxumalarına zərər verir. Oruc dövründə həzm sistemi dincəldiyi üçün həzm yolundakı filtr özünü yeniləyir və vəzifəsini daha asan şəkildə həyata keçirərək istənilməyən bir çox yad maddənin bədənə əmilməsini və ehtiyac olmadan immun sisteminin xəbərdar edilməsinin qarşısını alır.
Oruc tutmaq bütün bu faydalardan əlavə olaraq bədəndə faydalı fermentlərin xəbərdar edilməsini təmin edir.Oruc tutarkən, xüsusilə, yağların parçalanması ilə bağlı ferment sistemləri sanki məşq edirmiş kimi xəbərdar edilir və bu şəkildə daha tez yağ parçalayacaq hala gəlir. Fermentlərin bu aktiv və xəbərdar edilmiş halı oruc bitdikdən bir müddət sonra da davam edə bilir. Qaraciyər normal vaxtda etmədiyi və ya azaltdığı bəzi faydalı metobolik fəaliyyətləri yenidən görməyə başlayır. Bunlardan bəzisi digər maddələrdən qlükoza düzəltmək (glokoneogenez), qaraciyərdə yığılıb qalmış qlükoza depolarını istifadəyə vermək (glikojenoliziz) və yağ depolarının istifadəsini tezləşdirməkdir.
Oruc tutmağın bədənə verdiyi bu qədər faydadan əlavə ruha bəxş etdiyi gözəlliklər də saymaqla bitmir. Möminlər bir ay boyunca yalnızca Allah’ın razılığını qazanmaq üçün bu ibadəti böyük şövq və həyəcanla yerinə yetirirlər. Ramazan ayının hər günü savablarla doludur. Mömin səhər gözünü açdığı andan axşam gözünü yumana qədər əməl dəftərinə savablar yazılır. Müsəlmanlar bu mübarək ayda Rəbbimizin hər nemətinə şükür edir, hər nemətin gözəlliyini daha çox təfəkkür edirlər. Bu nemətlərə olan ehtiyaclarını, acizliklərini, Allah’a nə qədər möhtac olduqlarını çox yaxşı dərk edirlər. Ona görə Ramazan orucu həqiqi, səmimi şükürün açarıdır. Həqiqi aclığı dadmaq bir loxma çörəyin və bir damla suyun nə qədər dəyərli olduğunu anlamağı təmin edir. Möminlər istər kasıb olsun, istər zəngin hamısı nemətlərə olan ehtiyaclarını hiss edib, onların dəyərini anlayıb şükürlə səcdə edirlər.
Göylərdə və yerdə nə varsa, Allah’ındır. Allah (bəndələrinin, o cümlədən müşriklərin ibadətinə) möhtac deyildir və (özlüyündə hər cür) şükrə (tərifə) layiqdir!(Loğman surəsi, 26)
Ey insanlar! Siz Allah’a möhtacsınız.Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir!(Fatir surəsi, 15)
Ramazan ayı müsəlmanların nəfslərinin aram tapmaları üçün də çox gözəl, bərəkətli və xeyirli bir aydır. Müsəlmanlar bu ayda nəfslərini tərbiyələndirirlər. Bir-birilərinə göstərdikləri sevgi, hörmət, fədakarlıqla əxlaqlarını gözəlləşdirirlər. Qurulan süfrələr Allah’ın zikr edilib ucaldıldığı süfrələr olur. Bu süfrələrdə cənnət süfrələrinin və cənnət söhbətinin özləmi bəhs edilir. Beləliklə, müsəlman aləmi bir ay boyunca etdiyi zikirlərlə, ibadətlərlə, şükür və dua ilə savablarına savab qatırlar. Bu qısa dünya həyatında mominlərin məqsədi nəfslərini tərbiyə etmək, Allah’ın rizasını qazanaraq əsl yurdları olan cənnətə qovuşmaqdır. Oruc ibadəti nəfsi əzir, onu doğruluq, ədalət, mərhəmət, bərabərlik, sevgi və ixlasa yönəldir.Bu şəkildə mömin cənnətə girmə yolunda ruhunu addım addım tərbiyələndirir.
(Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır:) “Ey xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) (Fəcr surəsi, 27)
Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Fəcr surəsi, 28)
(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Fəcr surəsi, 29)
(Onlarla birlikdə) Cənnətimə varid ol!” (Fəcr surəsi, 30)