Dünyanını bir ucunda köhnə gəmidə yüzlərlə insan aclıqla mübarizə apararkən, yollandıqları hər sahil onları geri çevirib acından ölməyə tərk edərkən əslində bütün dünyaya sirayət edən vicdansızlıqla qarşılaşırıq. Dünyanı bu səfalətə öyrəşdirən, bu qorxunc mənzərəyə laqeyd qoyan nə idi? Gəmi ilə dolu insanların balaca bir torpaq sahəsinə ayaq basmasını rədd edəcək vicdan necə formalaşdı? İnsanlıq bu zalımlıq səviyyəsinə necə gəlib çıxdı?
Gündəlik həyat davam edərkən bəziləri işə gedir, bəziləri axşam yeməyində qonaqlarını qəbul edir, bəziləri sosial şəbəkədə paylaşdıqlarını izləyərkən Myanmadan qaçanları daşıyan gəmi qara sularda ölüm səyahətinə tərk edildi. Mühərriki sıradan çıxan gəmidə acından ölmə həddində olan Rohinca müsəlmanlarının quruya çıxmalarına bütün ətraf ölkələr qarşı çıxdı. Onlara bir çadır verməyi, onları öz bağçalarında, meşələrində, bomboş qalan ərazilərində görmək istəmədilər. Oyunlara, dəvətlərə, bahalı paltarlara, avtomobillərə, alış-veriş və turizm mərkəzlərinə xərclədikləri pulları bu məzlumlara ayırmağı çox gördülər. Bu fağır insanların halına "necə çarə taparıq?" demək əvəzinə, "onlardan necə xilas olarıq?" deyə düşünməyə başladılar. Qaçqınları geri çevirmək məsələsində bir-birləri ilə sanki yarışa girdilər.
Əlbəttə ki, hər rəhbər və idarəçi bu şəkildə düşünmür. Əlbəttə ki, Rohinca müsəlmanları üçün səfərbər olmuş ölkə xalqları, vicdanlı insanlar var. Amma siyasətdə sözü keçənlərin son qərarları illərdir davam edən önəmli bir faciəni bütün çılpaqlığı ilə yenidən göz önünə sərdi. Rohinca müsəlmanları başqa ölkələr tərəfindən rədd ediləcəklərinə, “ölümə” baxmayaraq, köhnə gəmilərdə dənizə çıxırlar. Bir insanı belə bir çarəsiz hala nə sala bilər?
Myanmadan yola çıxıb dənizdə mühərriki xarab olan və içində onlarla insanın acından həyatını itirdiyi, yollandığı hər ölkədən rədd edilən gəminin İndoneziya tərəfindən qəbul edilməsi ilə problemlərin həll edildiyi düşünülməsin. İnsan tacirlərinin məskəni olan Tailandda ötən aylarda kütləvi məzarların aşkar edilməsi insan tacirlərinin qanunsuz fəaliyyətlərini durdurmuş kimi görünsə də həqiqət o şəkildə deyil. Hazırda Myanmadan yola çıxmış və dənizlərdə hərəkət edən gəmilərdə təqribən 8000 insan var. İnsan tacirləri artıq köçkünlərdən son ödənişlərini quruya çıxdıqda yox, dənizdə olarkən alır və gəmini tərk edirlər. Malayziya və İndoneziya kimi müsəlman ölkələrin xalqları köçkünlərə yardım əli uzatmaq üçün hər şeylərini səfərbər edərkən ölkə rəhbərləri köçkünləri qəbul etməməkdə israrlıdır. Myanma rəhbərliyini məsul tutaraq bu problemin özlərindən uzaq olduğuna dünyanı inandırmağa çalışırlar.
Halbuki bu müsəlmanların problemi, insanlıq problemidir. Necə bizdən uzaq ola bilər ki?
Malayziya Xarici İşlər Nazirliyinin Banqladeş, İndoneziya və Tailand nazirlikləri ilə görüşərək problemə həll yolu axtarmaları əlbəttə ki, təqdirəlayiqdir. BMT Baş katibi Ban Ki Munun mövzu ilə bağlı Malayziya və Tailand Baş nazirləri ilə görüşməsi və gəmilərdəki köçkünlərin xilas edilməsi üçün çağırış etməsi əhəmiyyətli bir addımdır. ABŞ Soyqırım Anma Muzeyinin (Holocaust Memorial Museum) Myanmada müsəlman azlıqlara qarşı soyqırım şərtlərinin meydana gəlmiş olduğunu ifadə etməsi də uzun zamandır görməzlikdən gəlinən Rohinca müsəlmanlarının dünya ictimaiyyəti tərəfindən fərq edildiklərinə dair əhəmiyyətli bir əlamətdir. Lakin həqiqət odur ki, dünya ictimaiyyətinin reaksiyasına baxmayaraq, çevrilişdən sonra hələ də hərbi rejim altındakı Myanmadan bir həll yolu çətin görünür. Bu vaxta kimi bütün həll yollarını rədd edən, bu istiqamətdəki görüşlərdə iştirak etməyən Myanma rəhbərliyinə bəlkə ən çox təsir edəcək şey, ancaq ASEAN üzvlərinin ciddi sanksiyaları ola bilər. Lakin təbii qaz boru xəttini Myanma üzərindən keçirən Çin kimi nəhəng güclərin dəstəyi olduğu təqdirdə belə bir sanksiyanın həyata keçməsi də çox çətindir.
Bu halda xüsusilə Malayziya və İndoneziya kimi müsəlman ölkələri bu problemi Myanmaya aid deyil, öz din qardaşlarının, öz vətəndaşlarının problemi kimi həll etməyə çalışmalıdırlar. Həll yolu isə çox asandır. İki milyondan çox qaçqını heç bir tərəddüd etmədən, xaricdən hər hansı kömək almadan, qonaqpərvərliklə qəbul edən Türkiyədə olduğu kimi, bu iki ölkədə də boş ərazilərin sayı olduca çoxdur. İndoneziya 17 mindən çox adadan ibarətdir və bəzən bir ada bütövlükdə, bəzən də adanın böyük hissəsi boş sahələrdən ibarət olur. Həmin sahələrə çadır və ya konteyner quraşdıraraq məskunlaşma sahələri yaradılmalı, bu insanlara ətrafdakı torpağı əkə biləcək imkan, heyvandarlıq edə biləcəkləri bir neçə iri və kiçik buynuzlu heyvan verilməli və həm özlərinin, həm də ölkənin dolanışığına kömək edəcək vətəndaş olaraq qəbul edilməlidirlər. İşçiyə ehtiyacın çox olduğu Malayziya kimi ölkələr üçün də bu iş gücü əhəmiyyətli olacaq. Xaricdən kömək gözləmək mənasızdır və nəticəsi yoxdur. Bunların hamısı mövcud hökumətlərin imkanları ilə elə də çox pul xərcləmədən asanlıqla həyata keçirilə bilər.
Dövrümüzün qəddar siyasət anlayışı nəticəsində olduqca yanlış bilinən bir həqiqəti xatırladaq. Xaricdən gələn çətin vəziyyətdəki bir köçkün bir çoxlarının düşündüyü kimi yük deyil, əksinə Allah'ın qonağıdır. Allah'ın qonağı isə bərəkəti ilə gələr. Onu qarşılayan və qonaq edənlər Allah'ı razı edəcək bir iş görməyin qarşılığını və nemətini mütləq görərlər. Bu Allah’ın ədalətidir. Allah’ın ədalətinin qarşısında isə nə siyasətçilərin, nə də beynəlxalq qanunların hökmü qüvvədədir.
Əsas olan isə müsəlmanların birlik ruhunu yaşaya bilməsidir. Müsəlmanlar Allah'ın özlərinə əmr etdiyi birlik ruhunu yaşamadıqları müddətcə bu zülüm sistemi dünyanın gözü önündə davam edəcək. Bunun həll yolu birlik və sevgidir.
Adnan Oktarın “Arab News»də nəşr olunan məqaləsi: