Təkəbbür böyük təhlükədir
ucgen

Təkəbbür böyük təhlükədir

620
  • Təkəbbür nə üçün böyük təhlükədir?
  • Təkəbbürlü insanların nəzərə çarpan xüsusiyyətləri 
  • Adnan Oktar bu xarakteri hansı nümunələrlə izah edir?

Quranda bildirilir ki, insan nəfsi həm gözəlliklərə, həm də günah və pisliklərə meyillidir. Allahın əmrlərinə tabe olanlar üçün nəfsini bu pisliklərdən təmizləmək və qorumaq çox asandır. Ancaq insanların çoxu buna cəhd göstərmir. Özlərini nöqsansız və yaxşı insan kimi görür, daha gözəl əxlaqa yiyələnmək ehtiyacı duymurlar. Nəticədə bu insanlarda Allahın Quranda bəyənmədiyi xüsusiyyət –təkəbbür formalaşır. 

 

Təkəbbürlü insanlara xas xüsusiyyətlər:

Din əxlaqını yaşamayan insanlar sabit fikirli və inadkar olduqları üçün həqiqəti görsələr belə qəbul etmirlər. Bu bəyənilməyən əxlaqın təməlində isə təkəbbür xəstəliyi dayanır.  Bu insanların bəzi xarakterik xüsusiyyətləri belədir: 

Özlərini demək olar ki, hər mövzuda yetərli görürlər:

Düşüncə tərzində, danışığında, davranışlarında nə qədər xəta və səhvlər olsa da, bu insanlar əsla özlərində xəta olduğunu düşünmür, təəccüb doğuran əminlik nümayiş etdirirlər. Buna görə də doğrunu, daha gözəlini, daha yaxşısını axtarmağa ehtiyac duymurlar. Çünki belə insanlar ağıllarını, düşüncə tərzlərini, davranışlarını yaxşı və ya yetərli hesab edirlər. Əskikliklərini, çatışmazlıqlarını görməyəcək qədər özlərindən arxayın olur və hər mövzuda yetərli olduqlarını düşünürlər. Səhvləri barədə xəbərdar edilsələr də, qulaq ardına vurur, öz “doğrularından” əsla əl çəkmirlər. Uca Allah bir ayəsində bu xarakterə belə diqqət çəkir:

 

“Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: “Məgər bizə bir insanmı doğru yol göstərəcək?” – deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allah`ın onlara ehtiyacı yoxdur. Allah Zəngindir, Tərifəlayiqdir.” (Təğabun surəsi, 6)

Özlərini Allahın əzabından və cəhənnəmdən uzaq görürlər:

Təkəbbür din əxlaqını yaşamayan insanların hər hərəkətində, danışığında, davranışında özünü büruzə verir. Nəticədə, bu insanlar özlərini hətta Allahın əzabından (Allah`ı tənzih edirik) və cəhənnəmdən uzaq görürlər. Halbuki, Rəbbimiz ayələrdə təkəbbürlü və özündən razı olanların vəziyyətini belə bildirir:

“Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.” (Leyl surəsi, 8-10)

Şübhəsiz, insanın ən böyük fəlakətlərindən biri xəbərdar edilib-qorxudulduğu əzabı dadmadığı üçün bu əzabın həqiqət olduğuna inanmamağıdır. Allahın Quranda bildirdiyi bu qissə öyüd və nəsihətlərdən ibrət almayan insanlara təəkəbbürlə bağlı xəbərdarlıqdır.  

Özlərində yox, başqalarında səhv axtarırlar:

Təkəbbürlü insanlar çox asanlıqla başqalarını mühakimə edir, müxtəlif qüsur və əskikliklərini gözlər önünə sərirlər. Çünki başqasında qüsur axtarıb tapmaq çox asandır. Lakin bu insanları tənqid etdikdə və ya nəsihət verdikdə çox kəskin reaksiya verirlər. Özlərini nöqsansız hesab etdikləri üçün tənqid və nəsihətləri qəbul etmək istəmir, müxtəlif bəhanələrlə nəfslərini müdafiə etməyə çalışırlar. Halbuki, bu xüsusiyyət insana ciddi zərər verir.

Bu səhv yolda irəliləyən insanlar özlərini qüsurlardan uzaq görməyib səhvlərini qavrasalar, vicdanları onlara doğrunu göstərəcək, daha yaxşıya, daha gözələ  yönəldəcək. Quranda səhvini düzəltmək əvəzinə, təkəbbürlənib nəfslərini müdafiə edən insanlardan belə bəhs edilir: 

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz.” (Nisa surəsi, 49)

Quranın başqa ayəsində isə təkəbbürlü insanların aqibəti belə bildirilir:

“Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.” (Ələq surəsi,  6-7)

Təbliğ olunan insan özünü ehtiyacsız görməməli, deyilənlərdən nəticə çıxarmalıdır

Tarix boyu Allah bütün qövmlərə xəbərdar edib qorxudan elçilər göndərmişdir. Bu elçilər və onlara tabe olan möminlər öz qövmlərini Allahın qoyduğu hüdudları qorumağa, yəni haram və halallara diqqət yetirməyə dəvət etmişdir. Eyni zamanda, Quran əxlaqına -  səbir etməyə, mərhəmətli, bağışlayıcı, səmimi, dürüst və sülhsevər olmağa, yaxşı işlər görməyə təşviq etmişdir. Yeganə məqsədləri isə insanların ixlaslı və imanlı olmalarına vəsilə olmaqdır.

Elçilərin sözləri insanları zülmdən qurtaran, dünyada və axirətdə gözəl bir həyata qovuşduran, səhvlərindən, əskikliklərindən uzaqlaşdıran, yaxşılığa, gözəlliyə və ən vacibi Allahın razılığına çatdıracaq nəsihətlərdir.

Ancaq insanların böyük əksəriyyəti bu nəsihətləri qulaq ardına vurublar.

Düşünən və düşündüklərindən nəticə çıxaran insan tamamilə fərqli fikirlərə sahib olsa da, həqiqəti gördüyü an razılaşmalıdır. Çünki bilmədiklərini öyrənmək, zəif olduğu mövzularda özünü inkişaf etdirmək, daha gözəl əxlaqa yiyələnmək, daha vicdanlı düşünən, səhvi düzdən ayıran insan olmaq hamının sahib olmaq istədiyi xüsusiyyətlərdir.

Bütün əskikliklərdən uzaq yalnız uca Allahdır

Pisliklərindən xəbərdar olduğu halda insanın nəfsinə bəraət qazandırma cəhdi onu böyük əzaba sürükləyir. İnsanın qüsurları, səhvləri, özü qəbul etmək istəməsə də, ətrafdakılar tərəfindən çox asanlıqla sezilir. Belə vəziyyətdə ideal olduğunu iddia etmək və ya nəfsinə haqq qazandırmağa çalışmaq gülünc vəziyyət yaradır. Eyni zamanda özünü qüsursuz göstərməklə ətrafındakıların rəğbətini qazanmağa çalışan insan tamamilə əks reaksiya ilə qarşılaşır. Təkəbbürlü və özündən razı rəftarları ilə insanları özündən daha da uzaqlaşdırır.

Səmimi şəkildə qüsurlarını qəbul edən və təvazökar davranan insanlara qarşı möminlər hər zaman şəfqətlə yanaşırlar. Lovğalıqdan uzaq olduqları üçün səhvlərini, əskikliklərini düzəltməyə çalışır və əsla bununla kifayətlənmirlər, daima inkişafa, gözəlliyə, yaxşılığa can atırlar. “Mən artıq ən mükəmməl əxlaqa yiyələndim” kimi düşüncələrdən uzaq olurlar. Belə olduqda tamamilə nəfsinin qulu olan insan bütün müsəlmanlara nümunə olan əxlaqa qovuşar.

Daim əskikliklərini və xətalarını düzəltməyə çalışdıqları üçün getdikcə daha gözəl əxlaqa yiyələnərlər. Nəticədə dinc və gözəl həyata yaşayarlar. Səhvini başa düşüb Allaha yönələrək bağışlanma diləmək isə təvazökarlığı, Allaha olan təslimiyyəti qat-qat artırar, mənəviyyatı dərinləşdirər.

Quranın “Allah (müşriklərin) söylədiklərindən çox uzaq və çox ucadır. Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.” (İsra surəsi, 43-44) ayələrində bildirildiyi kimi, hər cür əskiklikdən uzaq sonsuz güc sahibi, hər şeyin yaradıcısı olan Uca Allahdır. Buna görə də insanın öz ağlını bəyənməsi və özünü qüsursuz hesab etməsi böyük qəflətdir. Unudulmamalıdır ki, ayədə bildirildiyi kimi, “Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir.” (Həcc surəsi, 64)

“Uzaq” sözü Quranda “heç bir şeyə ehtiyacı olmadığını”  düşünən insanlar üçün istifadə edilir. Halbuki, heç bir şeyə ehtiyacı olmayan, “uzaq” olan yalnız Allahdır. İnsanlar və digər bütün canlılar da Allahın yaratdığı və hər an Onun diləməsi ilə yaşayan aciz, möhtac varlıqlardır. Allah insanlara acizliklərini bir ayəsində belə xəbər verir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də!” (Həcc surəsi, 73)

Qurandakı “bağ sahibləri” qissəsində özünü ehtiyacsız görən adamın vəziyyətinə belə diqqət çəkilir:

Onlara iki kişinin (əhvalatını) misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun (başqa) sərvəti də var idi. O öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi. O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin dərgahına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” (Kəhf surəsi, 32-36)

Ayədən aydın olur ki, zəngin bağ sahibi bağının quruyub yox olmayacağından əmin olduğu kimi qiyaməti inkar edərək axirət əzabından da uzaq olduğunu düşünür. Yanındakı mömin isə onu səmimi və gözəl üslubla Allaha yönəlməyə çağırır və Onun əzabından uzaq olmadığını xatırladır. Ayədə bağına girdiyi zaman "MaşaAllah, Allahdan başqa qüvvət yoxdur" deməyin fərz olduğu bildirilir. Özünü sərvətcə daha zəngin və adamlarına görə daha qüvvətli hesab edən yoldaşına bildirir ki,  Allah dilərsə ona daha yaxşısını verər, onun bağına isə göydən bir bəla göndərər və o, hamar bir yerə dönər. Yaxud suyu çəkilib gedər və bir də onu axtarıb tapa bilməz. (Kəhf Surəsi, 39-41)

Ayələrdə bildirildiyi kimi möminlərin xəbərdarlıqlarını qulaq ardına vuran insanları tezliklə əzab yaxalayar. Əzabın gəlməyəcəyini düşünən bu insanlar sonradan peşman olsalar da, nəticə dəyişməz. Belə ki, ayələrin davamında bağına gələn fəlakətdən sonra bağ sahibinin peşman olduğu bildirilir:

Beləcə, onun (bağının) məhsulu bir anda məhv edildi. O, (bağını belə görüb) ora qoyduğu xərcə görə (peşmançılıq çəkməyə) və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. (Kəhf surəsi, 41-42)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr