Onlara kömək göstərdik və qalib gəldilər. (Saffat surəsi, 116)
İnananların tək köməkçisi və vəlisi Allah`dır. Möminlər hər çətinlikdə, hər şəraitdə Ondan kömək diləyir və Allah da onlara kömək edir. Peyğəmbərlər hökm vermək lazım olduğu zaman ədaləti təmin etmək və dünyada Allah`ın razılığını qazanmaq məqsədi ilə xərclənəcək mal-mülk üçün, xəstələndiklərində şəfa tapmaq üçün və həyatlarının hər anında istədikləri hər şey üçün yalnız Allah`a yönəlmişlər. Allah da onların bu səmimi istəklərinə qarşılıq vermiş və onlara hər mövzuda kömək etmişdir. Allah kitabında elçilərinə bu vədləri vermişdir:
Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir”. (Saffat surəsi, 171-172)
Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər. (Furqan surəsi, 31)
Allah möminlərin də tək köməkçisidir. Quranda Allah "... Möminlərə yardım etmək Bizə haqdır…" (Rum surəsi, 47) ayəsi ilə bütün iman edən qullarına kömək edəcəyini xəbər vermişdir. Ancaq Allah`ın köməyini qazanmaq üçün ən əhəmiyyətli şərtlərdən bəziləri Onun dininə kömək etmək, hədlərini qorumaq və bunun uğrunda cəhd göstərməkdir.
Bu cür səmimi səyin qarşılığında möminlər daim Allah`ın köməyi ilə qarşılıq alırlar. Allah`ın vəd etdiyi kimi, zəfər yalnız Rəbbimizə inananların, Onun razılığı və məmnuniyyəti üçün səy göstərənlərindir. Bir ayədə belə buyurulur:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)
Dünyada möminləri tək və köməksiz buraxmayan Allah ölümlərindən sonra axirət həyatlarında da onların yeganə vəlisi və köməkçisi olacaq. Allah möminlərə dünyada və axirətdə kömək edəcəyini vəd etmişdir və şübhəsiz, Allah vədinə xilaf çıxmayandır:
Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Mömin surəsi, 51)
Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq. Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz, öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə məscidə girdikləri kimi ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik). (İsra surəsi, 6-7)