Meqalit böyük daş bloklardan ibarət olan əsərlərə verilən addır. Bu əsərlər müxtəlif məqsədlərlə inşa edilmişdir. Bəşər tarixinə baxdıqda keçmişdən günümüzə qədər bir çox meqalitin qaldığı müşahidə edilir. Bu əsərlərin ən heyrətamiz xüsusiyyətlərindən biri bəzilərinin bir tondan daha ağır olan daş blokların adıçəkilən əsərlərin inşasında necə istifadə edilmələridir. Bu nəhəng daşlar hansı yolla tikinti sahəsinə gətirilmiş, hansı texnikadan istifadə edilərək qaldırılmışdır? Həmin dövrün insanları bunları necə üst-üstə qoyaraq bu əsərləri inşa etmişlər? Ümumilikdə, daşların uzaq məsafədən daşınması ilə inşa edilən meqalitlər bir növ inşaat və mühəndislik möcüzəsi kimi dəyərləndirilir. Bu cür əsərləri meydana gətirən insanların olduqca mütərəqqi bir texnologiyaya sahib olmaları açıq görünür.
Bu əsərlərin meydana gətirilməsi üçün, əvvəlcə, onlar planlaşdırılmış olmalı idi, bu planın da tikintidə işləyəcək bütün insanlara düzgün və dəqiqliklə bildirilməsi zəruridir. Plan qurularkən, əsərin haraya inşa ediləcəyini göstərən texniki çertyojlar çəkilməlidir. Bundan əlavə, həmin texniki çertyojlardakı hesablamalar xətasız olmalıdır, belə ki, hesablamada ən kiçik bir xəta əsərin inşasını imkansız hala gətirə bilərdi. Bütün bunlarla bərabər, inşaatın həyata keçirilə bilməsi üçün təşkilatçılıq da qüsursuz olmalıdır. İşçilərin uyğunlaşdırılmasının təmin edilməsi, ehtiyaclarının ödənməsi (nahar, istirahət və s.) inşaatın lazım olduğu kimi getməsi və nəticələnməsi üçün mühüm ünsürlərdir.
Bu əsərləri inşa edən insanların təxmin ediləndən də artıq biliyə və texnologiyaya sahib olduqları açıq-aydın görünür. Digər bölmələrdə qeyd etdiyimiz kimi, sivilizasiya hər zaman tərəqqi etmir, bəzən tənəzzül edir. Hətta bir çox hallarda, mütərəqqi və tənəzzül etmiş sivilizasiyalar eyni tarixi dövrdə dünyanın müxtəlif yerlərində eyni anda mövcud ola bilər.
Sözügedən meqalitləri inşa edən insanların da mütərəqqi bir sivilizasiyada yaşamış olmaları -arxeoloji və tarixi faktların əks etdirdiyi kimi- olduqca yüksək ehtimaldır. Belə ki, ərsəyə gətirdikləri əsərlər mürəkkəb riyazi və həndəsi biliklərə sahib olduqlarını, dərəli-təpəli ərazilərdə sabit nöqtələri ölçərək onların üzərində əsərlər tikə biləcək texniki biliyə yiyələndiklərini, coğrafi mövqeləri müəyyən etmək üçün cihazlardan (kompas kimi) istifadə etdiklərini, lazım olduğu halda, kilometrlərlə uzaq məsafələrdən inşaat üçün lazım olan alətləri daşıya bildiklərini göstərir. Bütün bunları bir neçə ibtidai alətlərdən və sadəcə insan qüvvəsindən istifadə edərək yerinə yetirmədikləri açıq-aydındır. Bundan başqa, günümüzün tədqiqatçıları və arxeoloqları tərəfindən aparılan bir çox sınaq təkamül nəzəriyyəsinin irəli sürdüyü şərtlərlə bu əsərlərin inşa edilməsinin qeyri-mümkün olduğunu müəyyən etmişdir. Təkamülçülərin irəli sürdüyü xəyali şəraiti hazırkı dövrdə düzəldərək bunlara oxşar əsərlər inşa etməyə cəhd edən tədqiqatçılar böyük uğursuzluğa düçar olublar. Qeyd edilən tədqiqatçılar nəinki buna bənzər quruluşları inşa etmək, hətta bu tikilinin əsas tikinti materialı olan daşları bir yerdən digərinə daşımaqda çətinliklərlə qarşılaşmışlar. Bu da bir daha göstərir ki, bu dövrün insanları təkamülçülərin irəli sürdüyü kimi geridə qalmış bir həyat tərzi keçirmirdilər. İncəsənətdən zövq alır, memarlığa əsaslı şəkildə yiyələnməklə inşaat texnologiyalarından ustalıqla istifadə edir, astronomik araşdırmalar aparırdılar.
Keçmişdəki sivilizasiyalardan geriyə çox zaman daş blokların, kütləvi daş tikililərin və yaxud da yüz minlərlə il əvvəldən sadəcə bir sıra daş alətlərin qalmış olması isə son dərəcə adi bir hadisədir. Bir sıra daş abidələrə və əsərlərə baxaraq dövrün insanlarının sadəcə daşdan istifadə edərək işləyə bilən, texnologiyadan uzaq və geridə qalmış sivilizasiyalar olduğunu irəli sürmək isə inandırıcı deyil. Bunlar müxtəlif doqmaların təsiri ilə edilən şərh olmaqdan başqa heç bir elmi məna ifadə etmir. Bundan əvvəl də vurğuladığımız və bir çox qabaqcıl təkamülçülər tərəfindən də qəbul edildiyi kimi, əldə edilən tapıntılar icma həyatı barədə bizə dəqiq məlumat verə bilməz. Lakin bu tapıntılar ön mühakimələrin mənfi təsirindən qurtularaq dəyərləndirilərsə, həqiqətə daha yaxın şərhlər edilə bilər. Yüz minlərlə il əvvələ aid bir cəmiyyətdən geriyə onlar taxtadan olan möhtəşəm villalarda yaşasa da, bünövrəsi şüşə məmulatından olan villalar tiksələr də, həmçinin ən gözəl daxili dekorasiya materiallarından istifadə etsələr də, bunlardan yüz min illər boyu məruz qalacağı külək, yağış, zəlzələ, sellərlə aşınma nəticəsində dəqiq dəlillər qalmayacağı açıq-aydındır. Taxtanın, şüşənin, misin, tuncun və digər müxtəlif materialların təbii şəraitdə aşınması ən çox 100-200 il çəkir. Yəni aradan keçən 150-200 il sonra evinizin beton və ya taxtadan olan divarı aşınıb gedəcək, içindəkilərdən isə geriyə çox az iz qalacaq. Zəlzələyə, selə və ya fırtınaya məruz qaldığı zaman isə geriyə qalan izlər tamamilə yox olacaq. Geriyə ancaq aşınması çox daha uzun müddət sürən blok daş parçalar qalacaq. Bununla da kiçik parçalara ayrılan daşdan olan əşyalar ovxalanıb gedəcəkdir. Dolayısilə, ancaq bu daş bloklara əsaslanaraq həmin dövrdə yaşamış cəmiyyətlərin gündəlik həyatı, sosial münasibəti, inancı, zövqü və incəsənət haqqında anlayışı barədə şərhlərin yəqinlik ifadə etməsi qeyri-mümkündür.
Halbuki, təkamülçülər mümkün olmayanı etməyə çalışır, bəzi tapıntıları xəyali şərhlərlə bəzəyib müxtəlif ssenarilər icad edirlər. Həqiqətlərdən yayındıraraq hekayələr qoşmaq, əslində, bəzi təkamülçülər tərəfindən də birbaşa tənqid edilən haldır. Hətta belə yanaşmaya belə bir ad da verilib: “Elə-belə yazılmış nağıllar”. Bu ad təkamülçü paleontoloq Stefan Cey Quldun ingilis yazıçısı və şair Redyard Kiplinq (1865-1936) tərəfindən 1902-ci ildə nəşr edilən eyni adlı kitabına tənqidindən irəli gəlir. Kiplinq uşaqlar üçün hekayələrini topladığı bu kitabında canlıların müxtəlif orqanlarının necə əmələ gəldiyinə dair xəyal gücünə əsaslanan təkamül nağılları yazmışdır. Məsələn, Kiplinq filin xortumu barədə hekayəsində bunları yazırdı:
Günlərin bir günü, bir fil balası anasına lazımı qədər yaxın yerdə deyildi. Çayın parlaq suyunu gördü və maraqla çayın kənarına gəldi və ətrafa boylanmağa başladı. Suyun üzərində çıxıntı kimi bir qabarıqlıq var idi və bunun nə olduğunu bilmək istəyən fil balası daha yaxından baxmaq üçün suya tərəf əyildi. Birdən birə o çıxıntı yuxarı tullandı və balaca filin burnundan tutdu. [O, timsah idi.] ... Sonra fil balası oturaraq özünü arxaya çəkməyə başladı, çəkdi, çəkdi və burnu getdikcə uzanmağa başladı. Və timsah çırpınaraq sahilə doğru çıxdı və quyruğunun zərbəsi ilə suyu süd kimi ağappaq etdi; timsah da [filin burnunu] çəkdi, çəkdi və çəkməyə davam etdi.1
Quld da bəzi təkamülçü alimləri ədəbiyyatı yuxarıdakı bu hekayə ilə bir xeyli bənzərlik təşkil edən və heç nəyin sübutu olmayan elə-belə yazılmış nağıllarla doldurmaqla tənqid etmişdir. Eyni vəziyyət təkamül nəzəriyyəsi ilə xalqların inkişafını açıqlamağa çalışanlar üçün də təsirlidir. Kiplinqin nağılları kimi, təkamülçü sosial alimlərin elə-belə nağılları da sadəcə xəyal gücünə əsaslanır. Və guya əvvəllər sadəcə bir sıra xırıltılı səslər çıxaran, işlənməmiş daş alətlərdən istifadə edə bilən, mağaralarda yaşayan, ovçuluq və yığıcılıqla məşğul olaraq həyatlarını təmin edən, sonra isə inkişaf etdikcə əkinçiliklə məşğul olmağa başlayan, bundan sonra isə digər mədənlərdən istifadə etməyə başlayan, daha sonra getdikcə zehni inkişaf edərək cəmiyyətlər şəklində yaşayıb sosial münasibətlər quran insanlıq tarixi də suyun kənarında xortumu uzanan filin nağılından fərqli deyil.
Bu elmdən kənar olan anlayışı Quld belə ifadə edir:
Elm adamları bu nağılların uydurma olduğunu bilir; təəssüflər olsun ki, bunlar peşəkar ədəbiyyatda artıqlaması ilə ciddi və real qəbul edilirdilər. Daha sonralar bunlar [elmi] həqiqətlər halına salınır, milli ədəbiyyata daxil olurlar.2
Quld bundan başqa, bu hekayələrin təkamül nəzəriyyəsi baxımından heç bir şeyin dəlili olmadığını bu sözləri ilə qeyd etmişdir:
Təkamülə uğrayan təbiət tarixinin elə-belə yazılmış hekayələr ənənəsindəki bu nağıllar heç nəyin dəlili, sübutu deyil. Lakin bunların səbəb olduğu ağırlıq və buna bənzər bir çox vəziyyət mənim mərhələli inkişaf fikrimə (gradualism) olan inamımı uzun müddət əvvəl öldürdü. Daha yaradıcı zehniyyət bunları xilas edə bilər, lakin sadəcə mahir abstrakt fəlsəfi görüşlərlə xilas edilən anlayışlar mənim üçün çox şeyi ifadə etmir.3
Qeydlər:
1. http://www.boop.org/jan/justso/elephant.htm
2. Stephen Jay Gould, Introduction, in Björn Kurtén, Dance of the Tiger: A Novel of the Ice Age (New York: Random House, 1980), xvii-xviii
3. Gould S.J., "The Return of the Hopeful Monster," in "The Panda's Thumb: More Reflections in Natural History," [1980], Penguin: London , 1990, reprint, səh. 158