İman gətirənlər Allah`a olan dərin sevgiləri və səmimi bağlılıqlarına görə Allah`ın yaratdığı varlıqları da çox sevir, onların hər birində Allah`ın sifətlərinin təzahürlərini görürlər. Quranın "Sizin himayədarınız yalnız Allah, Onun elçisi və iman gətirənlərdir. Onlar (Allah’a) boyun əyərək namaz qılır və zəkat verirlər" (Maidə surəsi, 55) ayəsi ilə bildirdiyi kimi, iman gətirənlər Allah`ın insanlara doğru yol göstərmələri üçün göndərdiyi peyğəmbərlərə və əməlisaleh möminlərə qarşı da dərin sevgi bəsləyirlər.
Peyğəmbərlər Allah`ın bütün insanlara nümunə olaraq göndərdiyi, dərin imanlı, üstün əxlaqlı şəxslərdir. Allah`ın "Həqiqətən, Allah’ın elçisi sizlərə – Allah`a və Axirət gününə ümidini bağlayanlara və Allah`ı çox zikr edənlərə gözəl nümunədir"(Əhzab surəsi, 21) ayəsi ilə xəbər verdiyi kimi peyğəmbərimiz Hz. Muhəmmədin (səv) həyatında və əxlaqında iman gətirənlər üçün gözəl nümunələr və hikmətlər vardır. Peyğəmbərimizin (səv) Allah`a olan dərin bağlılığı, təqvası, səbri, mərhəmətliliyi, ağlı, cəsarəti, təmizliyi, mərhəməti, sədaqəti, şövqü və bir çox xüsusiyyəti müsəlmanlara örnək olmuşdur. Peyğəmbərimiz (səv) Allah`a və peyğəmbərə bəslənən sevginin mühümlüyünü bizlərə bu cür xatırlatmışdır:
Rəsulullah buyurur ki: "Allah Təalanı və O`nun rəsulunu hər şeydən çox sevməyən insanın imanı sağlam deyildir." İman nədir?-deyə soruşulduqda: "Allah`ın və O`nun rəsulunun sənin üçün hər şeydən daha dəyərli olmasıdır"-deyə buyurdu. Yenə buyurdu ki: "Qul Allah`ı və O`nun rəsulunu övladlarından, malından və bütün məxluqatdan çox sevmədikcə mömin olmaz."
Allah`ın bütün elçiləri və peyğəmbərləri Allah qatında seçilmiş, Rəbbimizin razılığını qazanmış üstün əxlaqlı şəxslərdir. Allah Quranda peyğəmbərlərin gözəl əxlaqlarına aid nümunələr vermiş və onlardan təriflə bəhs etmişdir. Peyğəmbərimiz hz. Muhəmməd, hz. Musa, hz. İsa, hz. İbrahim, hz. Harun, hz. Yəhya, hz. Yusif, hz. Yunus, hz. Yaqub, hz. İsmayıl, hz. Süleyman, hz. Davud və digər bütün peyğəmbərlər və elçilər Allah`a olan səmimi imanları, hörmət dolu qorxuları, təqvaları və gözəl əxlaqları ilə insanlara örnək olmuşlar. Quranı rəhbər tutaraq elçiləri bu üstün xüsusiyyətləri ilə tanıyan bütün möminlər onların əxlaqını mənimsəyə bilmək, onlar kimi Allah`ın dostluğunu qazana bilmək və cənnətdə onlarla birlikdə ola bilmək üçün xeyirlərdə yarışır və ciddi səy göstərirlər. Möminlərin peyğəmbərlərə olan bu dərin sevgisi onların sevgi anlayışını üzə çıxardır. İman gətirənlər insanları, onların imanlarına, gözəl əxlaqlarına və təqvalarına görə sevirlər. Bir insanın bu xüsusiyyətlərini bilmək həmin insanla görüşülməsə belə, ona qarşı dərin və güclü sevgi bəslənməsinə səbəb olur.