Hal-hazırda ötürücü mexanizmlərin və reaktiv mühərriklərin insanların həyatında mühüm yer tutduğunu hamımız bilirik. Lakin insanların çoxu təbiətdəki mexanizmlərin və reaktiv mühərriklərin daha üstün dizayna sahib olduqlarından xəbərdar deyil. Ötürücü mexanizmlər hər hansı bir texniki alətin çarxlarını idarə edərək mühərriki hərəkətə gətirir. Təbiətdəki ötürücü mexanizmlərin də eyni prinsiplə işləməsinə baxmayaraq, mühərriki şinlərə deyil, məsələn, qanadlara birləşdirmək funksiyasını həyata keçirir. Məsələn, ağcaqanadlar uçduqları zaman havada üç mərhələdə sürəti təmin edən təbii ötürücü mexanizmdən istifadə edirlər. Ağcaqanad bu sistem vasitəsilə qanadlarını istədiyi kimi çırparaq dərhal sürət yığa və ya sürətini azalda bilir.
Avtomobillərdə mühərrikdən əldə edilən gücü təkərlərə ötürmək üçün çoxlu sayda dişli çarxdan istifadə edilir. Daimi hərəkət dişli çarxların funksiyalarını ardıcıl şəkildə yerinə yetirdiyi zaman meydana gəlir. Avtomobillərdə ağır və böyük yer tutan bu dişli çarxların yerinə, ağcaqanadlarda bir neçə kvadrat millimetrdə yerləşən mexanizm vardır. Bu mexanizm sayəsində ağcaqanadlar qanadlarını rahatlıqla çırpa bilirlər.
Mürəkkəb balığı, meduza və nautilus suda hərəkət edərkən reaktiv mühərriklərdə olduğu kimi, itələmə qüvvəsindən istifadə edir. Bu sistemin nə dərəcədə mükəmməl olduğunu başa düşmək üçün Loliqo vulqaris adlandırılan kalmarın (molyuskalar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi) suyun daxilindəki sürətinin saatda 30 kilometrdən çox olduğunu söyləmək kifayət edir. Bu mövzuda ən mükəmməl nümunələrdən biri nautilus, meduzaya bənzəyən dəniz canlısıdır ki, reaktiv mühərriklə işləyən gəmini xatırladır. Başının arxasındakı şar ilə suyu içəri doldurur və sonra da geri püskürdür. Beləliklə, meydana gətirdiyi axın bir istiqamətə doğru hərəkət edərkən, nautilus da başqa istiqamətə yönəlir.
Bu canlıların elm adamlarını heyrətə gətirən bir xüsusiyyətləri də var: onların sahib olduqları təbii mühərrikləri dənizin dərinliyindəki güclü təzyiqdən təsirlənmir. Əlavə olaraq onu da qeyd edək ki, canlıların hərəkətini təmin edən bu sistem həm səssiz, həm yüngül, həm də ekoloji cəhətdən təmizdir. Belə ki, nautilusun dizaynındakı üstün xüsusiyyət müasir su nəqliyyatı vasitələri üçün də nümunədir. Bütün bu canlılara belə üstün xüsusiyyətləri verən və insanlara texnoloji tərəqqi üçün nümunəvi model təqdim edən aləmlərin Rəbbi olan Allahdır.
Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı. Elə isə Ona ibadət edin. O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)