1096-cı ildə başlayan birinci Səlib yürüşündə xaçlılar Yaxın Şərqə çatanda müsəlmanlar bir-birinə ixtilaflı olan müxtəlif əmirliklərə bölünmüşdülər. Buna görə də Avropadan gələn barbar işğalçılara qarşı müqavimət göstərə bilmədilər. 1099-cu ildə Qüdsdə dəhşətli qırğın törədildikdən sonra əsası qoyulan Səlib Krallığı uzun illər ərzində müsəlmanların bölünməsindən sui-istifadə etdi. Amma böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin müsəlman əmirliklərini öz hakimiyyəti altında birləşdirməsilə müsəlmanlar xaçlı işğalçılara qarşı mübarizə aparmaq iqtidarına sahib oldular.
Lakin müsəlmanların xaçlıları məğlub etməsi elə də asan deyildi. Səlahəddin Əyyubi müsəlmanları bir bayraq altında birləşdirərkən eyni zamanda elmi və əxlaqi dirçəlişin yaranmasına da təkan verdi. “Encyclopedia Britannica”da belə deyilir:
“Müsəlmanların dini təşkilatlarını idarə etmək və yaymaq (Səlahəddin Əyyubinin) siyasətinin əsas istiqamətlərindən biri idi. Elm və din xadimlərinə himayədarlıq etmiş, onlar üçün universitetlər və məscidlər tikdirmiş və İslam dünyasının faydalanması üçün bir çox əsər yazdırmışdı... Əxlaqi cəhətdən yenidən dirçəlişi təmin etməklə - bu onun həyatının önəmli tərkib hissəsi idi - özündən beş əsr əvvəl dünyanın yarısını fəth etmiş ilk müsəlmanların əzmini və şövqünü yenidən oyandırmağa çalışmışdı.”
Elmi, əxlaqi və imani yöndən dirçəliş və müsəlmanların siyasi birliyi sayəsində İslam mədəniyyəti yenidən yüksəldi: Səlahəddin Əyyubinin idarəsindəki birləşmiş İslam ordusu 1187-ci ildə Hattin döyüşündə daxili parçalanma və narahatlıq yaşayan xaçlı ordusunu məğlub edib, ardından Qüds daxil olmaqla səlibçilərin işğalı altındakı Fələstin torpaqlarının demək olar ki, hamısını azad etdi.
Səlahəddin Əyyubinin və onun rəhbərliyi altında qurulan İslam Birliyinin ən diqqət çəkən tərəfi isə Quran əxlaqının əmri olan ədalət, mülayimlik və sülhsevərlik kimi xüsusiyyətləri ən gözəl şəkildə təmsil etməsi idi. Səlahəddin Əyyubi, əsasən, xaçlılara qarşı qazandığı qalibiyyətə görə tanınır. Ancaq onun çox mühüm digər xüsusiyyəti istər xaçlılara, istərsə də digər xristianlara qarşı çox ədalətli və əfvedici olması idi. Xaçlıların müsəlmanlara qarşı çoxsaylı zülmlərinə baxmayaraq, Səlahəddin Əyyubi onlardan intiqam almamış, Qüdsü fəth etdikdə şəhərdəki heç bir xristiana zərər verməmişdi. Səlahəddin Əyyubinin bir başqa xüsusiyyəti öz ətrafındakı radikallara da nəzarət edirdi. 3-cü Səlib yürüşününə başçılıq edən ingilis kralı Riçardın Akra Qalasında 3 min müsəlmanı vəhşicəsinə qətl etməsi bu şəxsləri də intiqam almağa sövq etmiş və bunu Yafa şəhərindəki (bu günki Təl-Əviv) xristianlara qarşı kütləvi qiyam törədərək qarşılıq vermək istəmişdilər. Səlahəddin Əyyubi öz ordusundakı bu radikal meyili dayandırmaq və Yafadakı xristianların təhlükəsizliyini təmin etmək üçün böyük səy göstərmiş və müvəffəqiyyətli olmuşdu.
Nəticədə Səlahəddin Əyyubi xaçlılara bəzi güzəşt və imtiyazlar verərək müqəddəs torpaqlarda sülh yaratmağı bacardı və 28 avqust 1192-ci ildə xaçlılarla müsəlmanlar arasında sülh müqaviləsi imzalandı. Daha sonra Səlahəddin Əyyubi bu şəhəri ələ keçirmək üçün minlərlə müsəlmanı öldürən xaçlı komandirlərə böyük bir jest edərək onları qonaq kimi Qüdsə dəvət etdi. Qüdsü ziyarət edən xaçlı komandirlər müsəlmanların bağışlama, tolerantlıq və ədaləti qarşısında heyranlıqlarını gizlədə bilməmişdilər. Bir dəfə də Səlahəddin Əyyubi düşməni ingilis kralı Riçardın xəstə olduğunu öyrənmiş və ona xüsusi həkim göndərmişdi. Səlahəddin Əyyubinin Quran əxlaqına söykənən yüksək əxlaqı onu bütün Avropada əfsanələşdirib.
Qısası, Səlahhəddin Əyyubinin qurduğu İslam Birliyi müsəlmanlara həm güc və zəfər qazandırmış, həm də İslam əxlaqının əsası olan ədalət, nəzakət, sülhsevərlik kimi dəyərlərin həyata keçirilməsinə şərait yaratmışdı. Müsəlmanlar İslama xidmət etmək üçün fəaliyyət göstərməyə başlamışdılar. Aralarındakı radikal meyillərin qarşısı alınaraq onlara Quran əxlaqına görə necə davranmaları olduqları göstərilmişdi.
Səlahəddin Əyyubinin qurduğu İslam Birliyindən 8 əsr keçir. Amma indi də müsəlmanlar üçün İslam Birliyi zəruridir. Əlbəttə, bu gün İslam dünyasına qarşı səlib yürüşləri dövründə olduğu kimi toplu şəkildə hücumlar yoxdur, amma İslam dünyası fərqli ərazilərdə fərqli təhdidlər altındadır. Bundan başqa İslam dünyası digər mədəniyyətlərdən geridə qalmış, elm, texnologiya, mədəniyyət, incəsənət kimi sahələrdə uzun müddət dünyada qabaqcıl olmasına baxmayaraq, dövrümüzdə hazırda çox geridədir. 19-cu əsrdən etibarən digər mədəniyyətlərdə irəli sürülən bəzi yanlış fəlsəfə və ideologiyalar da İslam dünyasına yönəlmiş, Quran əxlaqını yaxşı mənimsəməyən bəzi müsəlmanları təsiri altına almışdır. Özlərini İslamı təmsil edirmiş kimi göstərən, amma gerçəkdə İslam əxlaqına tamamilə zidd vəhşiliklər törədən bəzi radikallar isə İslam ilə digər mədəniyyətlər arasında münaqişə yaratmaq istəyənlərə xidmət edirlər.
Bütün bunların sona çatması, müsəlmanların yenidən dünyanı istiqamətləndirən, ədalət və sülh yaradan, eləcə də qibtə edilən mədəniyyəti bərpa etməsi üçün Səlahəddin Əyyubinin metodundan istifadə etmək lazımdır: İslam dünyasında əxlaqi, elmi, imani canlanma yaratmaq və eyni zamanda da müsəlmanların siyasi birliyini təmin etmək.